525.Az

Böyük soyun sorağında: Qabulzadələrin tanınmış simaları


 

Böyük soyun sorağında: Qabulzadələrin tanınmış simaları<b style="color:red"></b>

Abdurrəhman QABULZADƏ

 

1977-ci ilin noyabrında Zaqatala şəhərində ezamiyyətdə olarkən mərhum Sədi dayımdan nəslin tarixini soruşdum. O, mənə atası Abdulla əfəndinin əli ilə yazılmış, nəslin ilk 6 nümayəndəsinin adlarını oxudu və VII, VIII və IX nəsil nümayəndələrini də diktə etdi.              

Sənəddə yazılmışdı: "Şirvandan - Qobustandan gəlibdir Qaxa Şeyx Bünyad, oğludur Məhəmməd, oğludur Hacı Pirməhəmməd, oğludur Molla Qabul, ogludur Molla Xəlil, oğlanlarıdır: Qabul, Hacı Musa və Hacı Baba Əfəndi". Nəslin soykökünü (şəcərəsini) tərtib edərkən məhz bu sənədi əsas götürmüşəm. X, XI nəsilləri böyük bacım Zinyət xanımla birlikdə, XII və XIII nəsilləri özüm tərtib eləmişəm. XI nəsil daxil olmaqla soykökünün nümayəndələri əsasən, İkinci Dünya mühariəsi dövrü daxil olmaqla Zaqatala dairəsinin Qax kəndində yaşamış və fəaliyyət göstərmişlər.  Müharibədən sonra keçmiş SSRİ-nin bəzi respublikalarında (əsasən, Rusiya, Ukrayna, Gürcüstan və Orta Asiya respublikalarında) Türkiyədə yaşamış və işləmişlər. Yaşayış yerlərindən və vaxtından asılı olmayaraq bu nəslin nümayəndələri olan alimənsəb ruhanilər, ziyali şəxsiyyətlər, dəyərli peşə sahibləri, hərbçilər, elm adamları Azərbaycanın ictimai-siyasi, elmi və mədəni həyatında dərin izlər buraxmışlar. 2007-ci ilin oktyabrında Azərbaycan Cümhuriyyəti tarixinin (1918-1920) araşdırıcısı, professor Ədalət Tahirzadə ilə mənim evimdə görüşdük. Qardaşım və yaxın qohumlarımın iştirakı ilə nəslimizin nümayəndələri haqqında ətraflı məlumat mübadiləsi apardıq. Sonda Ədalət müəllim soyun nümayəndələri haqqında yetərincə məlumatın olduğunu nəzərə alaraq onları sənədləşdirməyi mənə məsləhət gördü.

Mənim topladığım materiallar əsasən, nəslin yaşlı nümayəndələrinin məlumatlarından, "Şəlalə" (Qax rayonu), "Zaqatala" (Zaqatala rayonu), "Azərbaycan", "Panorama", "Liqa" qəzetlərindəki, "Azərbaycan qadını", "Hesabat" jurnallarındakı yazılardan ibarət idi. Bunlardan əlavə, Ədalət Tahirzadənin "525-ci qəzet"in səhifələrində Qabulzadə Abdulla əfəndi İbrahim oğlu (20 mart, 3, 10 aprel 2010) və Qabulzadə Baba bəy Abdulla əfəndi oğlu (22, 29 oktyabr, 5 noyabr 2011) haqqında geniş məqalələri çıxıb. Bütün bu materiallar əsasında mənim 2012-ci ildə "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" toplusunda Azərbaycan və rus dillərində 60 səhifəlik məqaləm nəşr olundu. Bu məqalədə, əsasən, Qabulzadə/Qabulov soyadı daşıyanlar qeyd olunub. Bu səbəbdən də nəslin bir çox görkəmli qadın alimləri, çox dəyərli peşə və vəzifə sahibləri bu yazıya düşməyib. Bu çatışmazlığı aradan qaldırmaq məqsədilə araşdırmaları Milli Kitabxanamızda, respublika və Gürcüstan arxivlərində, Gürcüstan Milli Kitabxanasında davam etdirdim.

Gürcüstan Mərkəzi Tarix Arxivindəki (bundan sonra: GMTA) 24 avqust 1877-ci ildə Bakı Xəzinə Odasından (Palatasından) Tiflisə - Qafqaz Canişininin Baş İdarəsinə göndərilmiş 8596 saylı sənəddə yazılıb: "1873-cü ilin kameral təsvirində Zaqatala dairəsi Qax-Mugal kəndinin yeddi: 94, 95, 96, 97, 98, 99 və 100 №-li Qabulov ailələri bəy nəsli qismində qeyd olunlub". Həmin sənədin başqa bir hissəsində isə yazılıb: "Qax kəndində yaşayan Qabulovlar soyadı Zaqatala Silki-Torpaq Komissiyasının 4 iyun 1874-cü il tarixli jurnalı qərarı ilə bəy kimi tanınıb".

2014-cü ilin 21 oktyabrında Gürcüstan arxivindən çox dəyərli bir sənəd də əldə etdim (GMTA, fond 254, siyahı 3, iş 1902). Orada Qax kəndində yaşayan 11 Qabulov ailəsinin siyahısı verilib. Siyahıda nəslin ailə başçılarının (kişilərin) və onların qardaş və oğullarının 01.01.1886-cı il tarixindəki yaşları göstərilib (hər ailədə qadınların sayı rəqəmlə qeyd olunub. VII və VIII nəsil kişi nümayəndələrinin doğum tarixlərini bu sənədə əsaslanaraq hesablamışam).

Qabulzadələr/Qabulovlar, yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın ictimai-siyasi-mədəni həyatında həmişə fəallıq göstəriblər. Burada onlardan yalnız bir neçəsi haqqında qısa məlumat verəcəyəm.

lll

Abdulla əfəndi İbrahim (Hacı Baba) əfəndi oğlu Qabulzadə (1853-1943) XX yüzil Azərbaycan tarixində şərəfli iz qoymuş görkəmli Azərbaycan aydınlarının qabaqcıl nümayəndəsidir. O, maarifsevər din alimi, Zaqatala Dairəsi Qax bölgəsinin qazısı, şəriət məhkəməsinin hakimi təyin edilmişdi.

Abdulla əfəndi 1902-ci ildə öz vəsaiti ilə Qaxda məscid nəzdində ilk məktəb açmışdı. O, 16.01.1919-16.10.1919-cu il tarixlərində Azərbaycan Cumhuriyyəti Parlamentində Zaqatala Dairəsini təmsil etmiş görkəmli şəxsiyyətdir.

1918-ci ildə Azərbaycan xalqını məhv olmaqdan xilas etmiş Nuru paşanın komandanlıgı altında Türk ordusunu Abdulla əfəndi Qaxda təntənə ilə qarşılamış və el arasındakı bütün nüfuzunu işə salaraq əhalini orduya yardımçı olmaga səfərbər etmişdi.

Sözün həqiqi mənasında hərtərəfli alim olan Abdulla əfəndini dəfələrlə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinə dərs deməyə dəvət etmişlər. Ailə vəziyyətindəki problemlər və sağlamlıgı üzündən bu dəvətləri qəbul edə bilməyib.

1942-ci ildə "NKVD" onu Qaxdakı evindən aparıb, 2-3 gün saxlayaraq dindirib. Həm əməllərində hökumətə qarşı bir fəaliyyət tapılmadığına, həm də yaşının çoxluguna görə həbsdə saxlamayıblar. Ancaq ona elə bir mənəvi zərbə vurublar ki, bu hətta güllədən də betər olub - onu apararkən evindəki dəyəri heç nə ilə ölçülə bilməyəcək son dərəcə qiymətli kitabxanasını: yüzlərcə qədim əlyazmanı, Türkiyə, Ərəbistan və Rusiyada basılmış tibb, riyaziyyat, kimya, ilahiyyatşünaslıq və başqa elm sahələrinə aid olduqca dəyərli kitablarını "NKVD"nin həyətində 2 gün ərzində yandırmışlar. Bu itkidən özünə gəlməyə bilməyən Abdulla əfəndi 1943-cü ilin yayında Haqq dünyasına qovuşub. Onun mənəvi irsini 3-ü elmlər doktoru və 4-ü elmlər namizədi olan 2 nəvəsi və 5 nəticəsi davam etdirmiş və etdirməkdədir.

İslam bəy Hacı Pirməhəmməd bəy oğlu Qabulzadə (1879-1920) həyatını millətinin maariflənməsinə həsr etmiş, Azərbaycanın azadlıq və müstəqilliyi, səadəti uğrunda şəhid olmuş aydınımızdır. O, 1905-ci ilin avqust ayında öz vəsaiti hesabına Qaxda ikisinifli məktəb açıb və bəzi dərslərini özünün yazdığı dərsliklərdən keçib (bu dərsliklərdən ölkənin başqa məktəblərində də istifadə olunub). Onun "Qəvaidi-lisani-türki" (1902) dərsliyindən Azərbaycan məktəblərində türk dili müəllimləri, "Rəhbəri-hesab"(1910) dərsliyindən isə riyaziyyat müəllimləri uzun illər yararlanıblar.

Azərbaycan ictimai-siyasi tarixində mühüm yer tutmuş, 1907-ci ildə Dağıstan vilayəti və Zaqatala dairəsindən Rusiya III Dövlət Dumasına deputat seçilmiş İbrahim bəy Heydərovun (1879, Dərbənd-1949, Ankara) Dumadakı çıxışlarından birinin mətni 1912-ci ildə Bakıda türkcə nəşr edilib. 16 səhifəlik məruzənin xeyli hissəsi Qax məktəbinin müəllimi İslam bəyin simasında çar hakimiyyətinin təhsildə müsəlmanlara qarşı necə mürtəce siyasət yürütdüyünün kəskin ifşasına həsr edilib.

Bir müddət sonra Bakıya köçmüş İslam bəy burada da müəllimliyini davam etdirib, 1914-cü ildə "Şəfa" cəmiyyətinin katibi seçilib.

1918-ci ilin fevralında Zaqafqaziya Seyminin üzvü seçilmiş İslam bəy Gürcüstanda uğradığı quldur basqınından sonra istefa verib, bu üzdən Azərbaycan Milli Şurasının üzvü və sonra Parlament üzvü ola bilməyib. Ancaq o, əqidəli müsavatçı idi. 2 dekabr 1919-cu ildə Musavat Partiyasının 2-ci qurultayı keçirilərkən qurultayın katibi seçilib. İlk qurultayın materialları ermənilər "İsmailiyyə"ni yandırarkən məhv edilsə də o, katib kimi qərarın mətnini qoruyub saxlayıb. Onun bu məlumatı 2-ci qurultayda böyük rəğbətlə qarşılanıb. Yaxından dostluq etdiyi Məhəmmədəmin Rəsulzadə deyirdi ki, görkəmli maarifçi İslam bəy Qabulzadə kimi insanlardan nümunə götürmək gərəkdir.

1920-ci ildə Şəkidə qızlar məktəbi açılır. Məktəbin müdirəsi Badisəba xanım (Firudun bəy Köçərlinin həyat yoldaşı) İslam bəyə müraciət edir. İslam bəy belə qərara gəlir ki, nümunə üçün öz qohumlarından iki qızı məktəbə göndərsin. Onlardan biri Abdurrahman bəyin qızı Gülarə, digəri isə qardaşı Abdulla əfəndinin qızı Salihə idi.

Kommunistlərin 1920-ci ildə güllələdiyi ilk azadlıq fədailərindən biri də məhz İslam bəy olub. Bu gün onun adına Qax şəhərində küçə var. 

Həmzət bəy Həbibulla bəy oğlu Qabulov-Şirvanlı (1884-1912) ilk təhsilini Qaxda aldıqdan sonra Stavropol gimnaziyasında, daha sonra isə Kiyev hərbi məktəbində oxuyub. Bir müddət Tiflisdə dövlət qulluğunda çalışdıqdan sonra 1908-ci ildən "Zakavkazye" qəzetində "müsəlman şöbəsi"nin müdiri işləyib. Onun sayəsində bu qəzetdə Azərbaycan ədəbiyyatı haqqında çoxlu dəyərli yazılar çıxıb. M.F.Axundzadənin rusca ilk tərcümeyi-halı məhz Həmzət bəyin əli ilə bu qəzetdə işıq üzü görüb. Onun "Zakavkazye", "Molla Nəsrəddin", "Bakinskiy den", "Məktəb" kimi qəzet və jurnallardakı çoxlu məqalələri millətimizin ozamankı ən vacib problemlərinə toxunub. Bu böyük jurnalist və ictimai xadim Tiflisdə hədsiz yoxsulluq və xəstəlik içərisində yaşayaraq çox gənc yaşında dünyasını dəyişib.

Həmzət bəyin 1908-1911-ci illərdə "Zakavkazye" qəzetində 40-dan çox, 1909-1910-cu illərdə "Molla Nəsrəddin" məcmuəsində "Sofi Zənbil" gizli imzası altında 15-dən artıq məqaləsi çıxıb. "Molla Nəsrəddin"dəkiləri bir yerə yığaraq "525-ci qəzet"in oxucularına təqdim etmişik (1, 2, 3 may 2018).

Biz onun publisistik irsini toplayaraq 2019-cu ildə ayrıca kitab şəklində nəşr etdirmişik (Həmzət bəy Qabulov-Şırvanlı. Seçilmiş məqalələri. Bakı, 2019).

Baba bəy Abdulla əfəndi oğlu Qabulzadə (1893-1937) XX yüzildə Azərbaycan ictimai-siyasi həyatında önəmli rol oynamış ziyalılarımızdandır. "Əhrar" partiyasının üzvü olan Baba bəy Azərbaycanın qurtuluşu və müstəqilliyi uğrunda fəal mücahiddir. O, Azərbaycan Cümhuriyyəti (1918-1920) Parlamentinin üzvü idi. Atası Abdulla əfəndi deputatlıqdan istefa verdikdə onun yeri boş qalmayıb. Parlament sədri 25 dekabr 1919-cu il tarixli iclasda bildirib: "Zaqataladan sabiq nümayəndə Abdulla Qəbulov əvəzinə Baba bəy Qəbulov intixar edilmişdir (seçilmişdir)".

Sovet rejimi Azərbaycanın bütün azadlıqsevər oğulları kimi Baba bəyə də aman vermədi və 1937-ci ildə o da güllələnərək şəhid edildi.

Xalidə Məhəmməd bəy qızı Hasilova (1920-1996) ibtidai və orta məktəblərin Birinci Azərbaycan qurultayının nümayəndəsi kimi "Şərq qadını" jurnalının 1938-ci il 1-ci nömrəsində "Kəndimizin mədəni cəhətcə daha da yüksəlməsinə çalışacağam" adlı məqaləsi ilə publisistik fəaliyyətə başlamışdı.

O, 1943-1944-cü illərdə Zaqatala şəhər orta məktəbində müəllim, 1948-1952-ci illərdə "Uşaqgəncnəşr"in redaktoru, 1952-1953-cü illərdə "Azərbaycan qadını" jurnalının ədəbi işçisi olmuş, 1966-1972-ci illərdə "Göyərçin" jurnalının baş redaktoru, 1972-ci ildən ömrünün sonunadək "Azərbaycan qadını" jurnalının baş redaktoru vəzifələrində işləmişdi. İlk mətbu əsəri 1950-ci ildə işıq üzü görmüş Xalidə xanımın 20-dən çox kitabı çap edilmişdi.

Tərcüməçiliklə də məşğul olmuş X.Hasilova V.Korelenko, N.Tixonov, İ.P.Soto, Ə.Nesin və başqalarından tərcümələr etmişdi.

O, "Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi" fəxri adına layiq görülmüşdü. Eyni zamanda, Sovet Qadınlar Komitəsi Rəyasət Heyətinin, Azərbaycan KP MK yanında Qadınlar Şurası Rəyasət Heyətinin, Azərbaycan Yazıçılar İttifaqı plenumunun üzvü idi, Bakı Şəhər Sovetinin deputatı, Qadınların Əməyi və Analığı Mühafizə Komissiyasının sədri seçilmişdi. Xarici Ölkələrlə Dostluq Cəmiyyəti nümayəndə heyətinin tərkibində Macarıstan, AFR, İsveçrə, İran və Yaponiyada səfərlərdə olmuşdu. İndi Qax şəhərində onun adına küçə var.

Hacı Tələt Həsən bəy oğlu Qabulov (04.02.1929) Azərbaycan tarına dünya şöhrəti qazandırıb. 1947-ci ildə "Qızılgül" ansamblını yaradıb. O, musiqi alətlərini həm təmir edən, həm də düzəldən mahir usta kimi şöhrətlənib. Evində kiçik bir emalatxana yaradıb. 1980-ci "Trud" qəzetində şəkli və haqqında yazı çıxdıqdan sonra məşhurlaşıb, SSRİ-nin çox yerindən sifarişlər gəlib. Onun düzəltdiyi tarlar Yaponiya, Almaniya, İtaliya muzeylərini bəzəyir. Yaratdığı sənət əsərlərini dünyanın 17 ölkəsinin kinematoqrafları lentə alıb. Yaponlar isə emalatxanasını və tarı hazırlamasını əks etdirən saat yarımlıq, 2 hissəli, rəngli film çəkiblər.

Lütfüllah Baba bəy oğlu Qabulov (1916-1981) müharibədən sonrakı illərdə respublikada atçılığın bərpa olunmasını və inkişafını təmin etmişdi. 1947-1955-ci illərdə Ağstafa atçılıq sovxozunda baş baytar həkimi, direktor əvəzi və direktor müavini işləmişdi.

1958-1961-ci illərdə qoyunların çiçək xəstəliyinə tutulmasına qarşı kütləvi vaksinləşdirmə aparılmasını təşkil etmiş və nəticədə respublikada qoyunçuluga böyük iqtisadi ziyan vuran heyvanların epizootiyası uğurla aradan qaldırılmışdı.

1961-1962-ci illərdə Azərbaycan SSR Baş Sovxozlar İdarəsinin Heyvandarlıq Sovxozları İdarəsinə Baş baytar həkimi-müavin təyin edilmişdi. 

L.Qabulov 6 dövlət mükafatı ilə: "Qırmızı Əmək Bayragı" və "Qırmızı Ulduz" ordenləri və 4 medalla təltif olunub. Kənd Təsərrüfatı Nazirliyi Elmi-Texniki və Problemlər Şurasının, Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu Elmi Şurasının və ASE kənd təsərrüfatı redaksiyasının üzvü idi.

Həsən Hüseyn bəy oğlu Qabulov (24.03.1932) Respublika Meşə Təsərrüfatı sisteminin mərkəzi aparatında 40 ildən artıq müddətdə yüksək səviyyəli mütəxəssis kimi tanınmışdı. 1978-1997-ci illərdə Azərbaycan Respublikasının Meşə Məcəlləsinin, həmçinin, Meşə təsərrüfatı üzrə Baş planın hazırlanmasının təşəbbüskarı və ictirakçısı olmuşdu. O, respublika dövri mətbuatındakı çıxışları ilə respublika meşə təsərrüfatında yaranmış real vəziyyəti təhlil etmiş, mövcud çatışmazlıqların aradan qaldırılması yollarını göstərmiş və o yolların həyata keçirilməsinin də fəal icraçılarından olmuşdu. 1962-1967-ci illərdə Yerüstü və Yeraltı Ehtiyat Mənbələri Komitəsində mühəndis və böyük mühəndis, 1967-ci ildə Meşə Quruluşu və Meşədən İstifadə şöbəsinin rəisi, 1987-ci ildə Meşə Mənbələrinin Hesaba Alınması və İstifadəsinin Təşkili İdarəsinin rəisi vəzifələrində işləyib.

Könül Abdurrəhman qızı Qabulzadə (17.11.1978) Bakıda 1995-ci ildə orta məktəbi bitirib və elə həmin il ADU-ya daxil olub. İnstitutun 4-cü kursunda ikən hüquqşünas İlham Rəhimovun "Cəzalandırma fəlsəfəsi və onun düzəldilmə problemləri" kitabını İngilis dilinə tərcümə edib. Həmin institutda 1999-cu ildə bakalavr, 2001-ci ildə magistr təhsilini tamamlayıb. 2002-ci ilin avqustunda ABŞ Dövlət Departamentinin "Maski" təqaüd proqramı çərçivəsində Kaliforniya ştatının Monterey şəhərindəki eyni adlı Universitetin magistraturasına qəbul olunub, 2004-cü oranı bitirib. 2009-2013-cü illərdə Küveyt məktəblərində, 2015-2016-cı illərdə Küveyt Açıq Ərəb Universitetində, 2016-2021-ci illərdə Küveytin Avstraliya Kollecində ingilis dili müəllimi vəzifəsində çalışıb. 2021-ci ildən indiyədək İsveçin Yöteborg şəhər məktəblərində İngilis dili tədris edir, eyni zamanda, Yöteborg Universitetinin Siyasi Kommunikasiya üzrə magistr proqramında təhsilini davam etdirir, türk, rus, ingilis, alman, ərəb və isveç dillərini bilir.

 





30.03.2023    çap et  çap et