525.Az

Qafqazda ən böyük soyqırımı 


 

Qafqazda ən böyük soyqırımı <b style="color:red"></b>

Ramin Əlizadə 
AMEA Tarix İnstitutunun böyük elmi işçisi

 

Ermənilərin Qafqaza gəlmə etnik ünsür olduğunu sübut edən yüzlərlə mənbə mövcuddur. 1911-ci ildə rus tədqiqatçısı Nikolay Şavrov yazırdı ki, çar Rusiyası tərəfindən 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min nəfər, Osmanlı dövlətindən isə 84 min nəfər erməni köçürülüb. Onlar əsasən İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisindəməskunlaşdırıldı. N. Şavrov daha sonra qeyd edir ki, XX əsrin əvvəllərində Cənubi Qafqazda 1,3 milyon nəfər ermənidən bir milyonunu ruslar köçürüblər. Çar Rusiyasının erməniləri köçürməkdə əsas məqsədləri Qafqaz regionunda ən güclü etnik və siyasi amil olan türk-müsəlman əhalisinə qarşı xristian azlığını süni şəkildə artırmaq, əsrlər boyu Qafqazda dominant rol oynamış Azərbaycan türklərinin dövlətçilik ənənələrini ləğv etmək, regionu erməni gəlmə ünsürünün hesabına daim etnik münaqişələr fonunda uzunmüddətli təsir dairəsində saxlamaq və təbii resurslarını maksimum şəkildə mənimsəmək idi. Qafqazda ilk terror təşkilatları ermənilər tərəfindən yaradılıb. “Armenakan”, “Hnçak” və “Daşnaksütyun” kimi erməni terrorçu partiyalarının əsas məqsədi Şərqi Anadolu və Azərbaycan ərazisinin yerli sakinləri olan türk-müsəlman əhalisini soyqırımına məruz qoyaraq bu ərazilərdə qondarma Ermənistan dövləti yaratmaq idi. Qaraçı hay qəbiləsinin törəməsi olan ermənilər tarix boyu sahib olmadıqları vətən və dövlət anlayışlarını məhz Şərqi Anadoluda və Azərbaycan torpaqlarında reallaşdırmaq istəyirdilər.
Ermənilər Azərbaycan xalqına qarşı ilk kütləvi qırğınları 1905-1906-cı illərdə törətdilər. Həmin illərdə Azərbaycanın müxtəlif ərazilərində erməni silahlı dəstələri tərəfindən 200-dən artıq kənd və 8 şəhər dağıdıldı. Bu zaman onların İrəvan, Naxçıvan, Dərələyəz, Göyçə, Ağbaba, Şörəyel, Sürməli, Qarabağ, Zəngəzur, Gəncə, Qazax və Borçalıda törətdikləri soyqırımı tədbirləri nəticəsində 10 min nəfərdən çox dinc azərbaycanlı qətlə yetirildi. Bu kütləvi qırğınlar haqqında XX əsrin əvvəllərində əslən şuşalı olan tarixçi, rəssam və xəttat Mir Möhsün Nəvvab “Erməni-müslman davası”, tanınmış yazıçı M.S. Ordubadi isə “Qanlı illər” adlı kitablarında ətraflı məlumat veriblər.
1905-ci ilin mayında Bakı qubernatoru knyaz M. Nakaşidze “Daşnaksütyun” partiyasının 22 yaşlı üzvü Dro Kanayan tərəfindən qətlə yetirildi. Bu fakt erməni terrorunun təkcə azərbaycanlılara qarşı yox, digər millətlərin də nümayəndələrinə qarşı amansız olduğunu göstərir. 1914-cü ilin iyulunda Birinci Dünya müharibəsinin başlanması ilə Qafqaz regionunda hərbi-siyasi vəziyyət gərginləşdi. O zaman Qafqaz cəbhəsində ruslar Osmanlı ordusuna qarşı döyüşlərdə erməni terror təşkilatları ilə əlbir hərəkət edirdilər. 1917-ci ilin fevralında Rusiya imperiyasında inqilab nəticəsində Romanovlar sülaləsi devrildi. Həmin ildə“Oktyabr çevrilişi” nəticəsində bolşeviklər hakimiyyətə yiyələndilər. Noyabrın 2-də Bakı Sovetinin İcraiyyə Komitəsi şəhərdə ali hakimiyyət orqanı elan olundu və onun sədri Azərbaycan xalqının qəddar düşməni olan Stepan Şaumyan seçildi. S. Şaumyan 1917-ci il dekabrın 16-da Rusiya bolşeviklərinin rəhbəri V.İ. Lenin tərəfindən Qafqaz üzrə fövqəladə komissar təyin edildi. Bolşevik şineli geyinmiş bu erməni terrorçusu 1918-ci ilin mart-iyul aylarında minlərlə dinc azərbaycanlı əhalinin soyqırımına məruz qalması haqqında qərarlar vermişdir. S. Şaumyan Bakıda Qriqori Korqanovunrəhbərliyi ilə “Qırmızı ordu” adlandırılan 20 min nəfərlik ordu təşkil etdi. Mart soyqırımı ərəfəsində Bakıda qanunsuz şəkildə cəmləşmiş və S. Şaumyandan soyqırımı əmri gözləyən hərbi qüvvələrin tərkibinə nəzər salaq:

1) Birinci Dünya müharibəsində Osmanlı cəbhəsindən geri dönən 6 min nəfərlik çar ordusunun qalıqları. Bu hərbi qruplaşmanın əksəriyyəti Bakı Sovetinin tabeliyinə keçmişdir; 

2) “Daşnaksütyun” partiyasının təşkil etdiyi 4 min nəfərlik silahlı dəstə;

3) Birinci Dünya müharibəsinin əvvəlində – 1914-cü ilin avqustunda yaradılmış və “Vəhşi diviziya” adı ilə tanınan“Qafqaz yerli süvari diviziyası”nınbir neçə alayı.  

1918-ci ilin yanvarında Müsəlman Korpusunun komandanı general-mayor Əsəd bəy Talışinskinin Bakıda həbs edilməsi şəhərin dinc azərbaycanlı əhalisinin etirazına səbəb oldu. Mart ayında Bakıda siyasi vəziyyəti gərginləşdirən digər bir hadisə isə Bakı Sovetinə seçkilərdə azərbaycanlıların ən böyük milli partiyası olan “Müsavat” partiyasının böyük səs çoxluğu ilə qələbə qazanması idi. Martın 15-də S. Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti “Daşnaksütyun” partiyası ilə Azərbaycan xalqına qarşı soyqırımı təşkil etmək üçün birgə fəaliyyət göstərmək haqqında gizli saziş bağladı. Bundan sonra S. Şaumyan “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası ilə əlbir hərəkət edərək Bakıda və Azərbaycanı digər bölgələrində dinc əhaliyə qarşı soyqırımı həyata keçirmək üçün öz iyrənc planını işə saldı. Soyqırımına başlamaq üçün S. Şaumyana sadəcə bir bəhanə lazım idi. Bunun üçün də o, martın 29-da Bakı limanından “Evelina” gəmisi ilə Lənkərana getmək istəyən müsəlman əsgərlərini tərksilah etmək haqqında əmr verdi. Martın 30-da azərbaycanlı əhali əsgərlərin silahlarının geri qaytarılmasını tələb etdikdəerməni kilsəsinin yanında cəmləşmiş daşnak dəstələri saat 17:00-da ilk atəş açaraq dinc əhaliyə qarşı soyqırımına başladılar. Bununla da, S. Şaumyanın təxribat planı baş tutdu. Martın 31-də səhər açılan kimi toplar və pulemyotlarla silahlanmış bolşevik-daşnak qüvvələri şəhərin demək olar ki, bütün məhəllələrində azərbaycanlıları vəhşicəsinə qətlə yetirir, binaları yandırır və dağıdırdılar. Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyi yanında 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinədək fəaliyyət göstərən Fövqəladə Təhqiqat Komissiyasının aktlarından məlum olur ki, 1918-ci il martın 30-dan aprelin 2-dək 3 gün ərzində yalnız Bakı şəhərində 12 min nəfərdən çox azərbaycanlı öldürülmüşdü. Bütövlükdə isə Bakı quberniyasında sentyabrın 15-dək davam etmiş kütləvi qırğınlar nəticəsində 50 min nəfərdən çox dinc azərbaycanlı əhali qətlə yetirildi. Bakıda “Təzəpir məscidi”nin və “Şah məscidi”nin minarələri top atəşinə tutuldu, “İsgəndəriyyə” və “İslamiyyə” mehmanxanaları dağıdıldı, Tağıyev teatrı, “İsmailiyyə” binası, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırıldı. 

Bolşevik-daşnak hərbi birləşmələri Bakıdan başqa Azərbaycanı digər şəhərlərində də soyqırımını xüsusi amansızlıqla həyata keçirdilər. S. Şaumyan hələ martın 17-də Bakıdan 2 min nəfər silahlı dəstəni Şamaxı qəzasına göndərmişdi. Mart-aprel aylarında S. Lalayan və T. Əmiryanın terrorçu dəstələri Şamaxı qəzasının 58 kəndini viran edərək, 8 min nəfərdən çox dinc sakinini qətlə yetirmiş və Şamaxı Cümə məscidini yandırmışlar.“Azərbaycan” qəzetində Şamaxıya hücum edən düşmən ordusunun 4 min nəfər olduğu, onların isə yüzdə səksəninin erməni olması göstərilir. “Hümmət” qəzetində “Şamaxı əhvalı” adlı məqalədə Şamaxı şəhərinin bütünlüklə yandırıldığı qeyd edilib.

Mayın 1-də Qubaya hücum edən S. Hamazaspın başçılıq etdiyi 5 min nəfərlik daşnak dəstəsi S. Şaumyandan buradakı bütün müsəlmanları qətlə yetirmək, kəndləri viran qoymaq və bu hadisəni sünni və şiə əhalisi arasında münaqişə kimi qələmə vermək tapşırığı almışdı. Bu zaman daşnaklar Quba, Qusar və Xaçmaz ərazilərində 26 məscidə od vurub yandırdılar. Bütövlükdə isə Quba qəzasında 17 min nəfərə yaxın dinc azərbaycanlı əhalini qətlə yetirildi. Bakı, Şamaxı və Quba ilə yanaşı Lənkəran, Kürdəmir, Salyan, Göyçay, Naxçıvan, İrəvan, Göyçə, Vedi, Ağbaba, Şörəyel, Şərur- Dərələyəz və Zəngəzur qəzalarında da on minlərlə dinc azərbaycanlı əhalisi erməni daşnakları tərəfindən qətlə yetirildi. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində təkcə Zəngəzur qəzasında 115 kəndin viran edildiyi, 10 min nəfərdən çox dinc azərbaycanlı əhalinin qətlə yetirildiyi, onun isə 2200 nəfərinin uşaq olduğu qeyd edilib. Şərqi Anadoluda yerli türk-müsəlman əhalisinə qarşı qanlı əməlləri ilə tanınan erməni qulduru Andranik Ozanyan 1918-ci ilin mayından 1919-cu ilin martınadək Göyçədən Urmiya hövzəsinə və Zəngəzuradək böyük bir coğrafiyada 100 min nəfərdən artıq azərbaycanlı əhalini soyqırımına məruz qoydu. 1920-ci ilin martında “Nyu York Tayms” qəzetinin “Cari Tarix” bölməsinin 11 cildinin 2-ci sayında dərc edilmiş “Qafqazda yeni respublikalar” sərlövhəli məqalədə 1918-ci ilin martındaBakı şəhərində və ətraf bölgələrdə bilşeviklərin ermənilərlə birlikdə azərbaycanlılara qarşı milli qırğın törətməsindən bəhs edilir.

Beləliklə, 1918-ci il Mart soyqırımı erməni daşnaklarının Qafqazda törətdiyi ən qanlı hadisə kimi tarixə düşdü. 1918-ci il Mart soyqırımına ilk dəfə tarixi qiyməti Azərbaycan Respublikasının Prezidenti Ümummilli lider Heydər Əliyev verdi. Onun 1998-ci il 26 mart tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi qərarla 1918-ci ildə Qubada erməni silahlı dəstələri tərəfindən qətlə yetirilən şəhidlərin xatirəsinə Quba Soyqırımı Memorial Kompleksi yaradıldı. Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olan 1918-ci il Mart soyqırımı XX əsrin ən böyük faciələrindən biridir.

 

 

 


 
 

 





30.03.2023    çap et  çap et