525.Az

Yenidən qurulan Laçın...


 

Yenidən qurulan Laçın...<b style="color:red"></b>

Hazırda Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində, o cümlədən, Laçında bərpa-quruculuq, tikinti işləri sürətlə davam etdirilir. Görülən bütün işlər bilavasitə Prezident İlham Əliyevin nəzarəti altındadır. Dövlət başçısı azad olunmuş ərazilərə, eyni zamanda Laçına mütamadi səfərləri zamanı görülmüş işlərlə yerindəcə tanış olur, öz tapşırıqlarını və tövsiyələrini verir. Bu gün artıq azad olunmuş ərazilərimizdə məskunlaşma başlayıb. Ağalı və Talış kəndlərinin ardınca, növbəti məskunlaşma nöqtəsi məhz Laçın olacaq. Bu barədə müjdəni dövlət başçısı Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunan Məsim Məmmədovu qəbul edərkən verib.

Prezident bildirib ki, birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur.

Sitat: "Yaxın gələcəkdə - bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdirəcəyik... Bununla paralel olaraq, Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start vermişik. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Zabux kəndinin sakinləri üçün tamamilə yeni kənd salınır".

Laçın rayonu 28 il Ermənistanın işğalı altında olub, bu müddət ərzində digər ərazilərimiz kimi, Laçının da demək olar ki, bütün infrastrukturu məhv edilib, ətraf mühitə böyük ziyan vurulub. Dövlət başçısının qeyd etdiyi kimi, bütövlükdə meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur.

Qeyd edək ki, müstəqilliyin ilk illərində ölkədəki qeyri-sabit siyasi, ağır iqtisadi vəziyyət, hakimiyyətin səriştəsizliyi strateji əhəmiyyət kəsb edən rayonlarımızın, o cümlədən, Şuşa və Laçının Ermənistan tərəfindən işğalı ilə nəticələndi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi böyük Zəfər Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Həmin il 10 noyabrda imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu döyüşsüz işğaldan azad edildi. Dövlət başçısı bu tarixi hadisə münasibətilə xalqa müraciətində bildirdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir: "Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq".

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir, ərazisi 1800 kvadratkilometrdir. Rayon zəngin təbiətə, tarixi abidələrə, yeraltı sərvətlərə malikdir. İşğaldan əvvəl rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayıb. İndi Laçın rayonunun əhalisi 80 min nəfərdən çoxdur.

Prezident xüsusi nümayəndəsini qəbul edən zaman bildirib ki, Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq: "İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Vaxtilə "Qarabağ Ermənistandır" deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir".

Bundan sonra isə dövlət başçısının dediyi kimi, qarşıda duran əsas vəzifələr Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılmasıdır. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir. Heç vaxt tarixdə olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıb. Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. Məlum olduğu kimi, həmin bölgədə heç vaxt hava limanı olmayıb. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Mühüm əhəmiyyətə malik olan hava limanı gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində istismara veriləcək. Həmçinin, Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verilib, bir çox tunellər inşa edilir. Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq və bununla da Göygöl rayonundan da Şərqi Zəngəzura yol açılır və eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.

Şübhəsiz ki, yenidən qurulan və böyük potensiala malik olan Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rolu olacaq.

 

 





31.03.2023    çap et  çap et