|
|
|
|
Bədii ədəbiyyat janr biçimindən və mövzu seçimindən asılı olmayaraq saf hisslər və müqəddəs duyğular ümmanıdır. Çağdaşlığın və poetikliyin ruhunu yeniləyən bəşəri dəyərlər və mənəvi meyarlar tarixi gerçəklik məcrasında bədii həqiqətlərin diriliyinin və duruluğunun donorudur.
O qara, məşum günlərdən - daşnak-bolşevik muzdlu qatillərinin 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada Azərbaycan türklərinə qarşı törətdikləri və misli görünməmiş qəddarlıqla həyata keçirdikləri kütləvi qırğınlardan və bu faciəli hadisələrə həsr edilmiş ilk bədii nümunələrin qələmə alınmasından 105 il keçsə də, o əsərlərdə bu gün də sözün haqqa güvənci, emosionallığı, təravəti, kəsəri güclü, magik enerjisi tükənməzdir.
İstinad olunan əsərləri vizual nəzərdən keçirdikdə müşahidə olunur ki, "Mart hadiseyi-ələmiyyəsi"ndən sonra isti-isti yazılmış şeir, hekayə, esse, dram əsərləri və s. bədii nümunələrin müəllifləri soyqırımı aksiyasının şahidləri və ya zərərdidələri olmuşdur.
Tanınmış ədiblərdən Cəfər Cabbarlı ailəsi ilə erməni barbarlarının hücumuna məruz qalmış, döyüşlər evlərindən bir az yuxarı hissədə, "Ceyran bağçası" deyilən ərazidə getdiyindən qadınları, uşaqları və qocaları "qar anbarı" adlanan sığınacaqda gizlətmişdi. Bir gün sonra isə daha təhlükəsiz yerə - Xızıya aparmaq məqsədilə ailə üzvlərini və qonşuları şəhərdən çıxardarkən qayalığa çatmamış güllə yağışına düşmüş, nəticədə qonşuları Məşədi Əbdülkərim kişi ağır yaralanmış, ailə üzvləri təsadüf nəticəsində ölüm kabusundan xilas olmuşlar.
Cəfər Cabbarlının yaradıcılığında 1918-ci ilin mart soyqırımı xüsusi yer tutur. O, əsasən Çəmbərəkənd qəbiristanlığında (indiki Şəhidlər Xiyabanında) dəfn olunan mart soyqırımı qurbanlarının xatirəsini anmaq üçün, xalqın qatillərə qarşı haqq səsini ucaltmaq, etirazını bildirmək məqsədilə "Dur, ey xar olan millət" sərlövhəli şeir yazmışdır. Əsasən gənclər bu mərsiyəni qətliam qurbanlarının yeddisində və qırxında küçələrdə, məhəllələrdə xorla səsləndirərək günahsız həlak olmuş insanlar üçün göz yaşı tökməyə, əslində isə xalqı məkrli, maskalı düşmənə qarşı səfərbərliyə, müqavimətə, mübarizəyə çağırırdılar.
Gülzari - vətən soldu,
Millət xari-zar oldu,
Hamı payimal oldu,
Dur, ey xar olan millət.
C.Cabbarlının eyni mövzuya həsr etdiyi, uzun illər nəşrlərdən kənarda qalan, ilk dəfə bu yazının müəllifi tərəfindən 6 mart 1991-ci ildə "Novruz" qəzetində (№10) çap etdirilən digər dəyərli sənət əsəri "Əhməd və Qumru" hekayəsidir. Əsərin mövzusu Şamaxı şəhərindən olan iki gəncin - Əhməd və Qumrunun saf və ülvi məhəbbətindən, böyük arzularından, bir-birilərinə layiq yüksək mənəvi keyfiyyətlərindən, mart faciəsinin günahsız insanlara gətirdiyi acılardan, müsibətlərdən, fəlakətlərdən bəhs edir. C.Cabbarlı, valideynləri erməni qatillər tərəfindən qətlə yetirilmiş, evləri dağıdılmış Əhməd və Qumrunu "Böyük pəncərələri qara kömürlərə dönmüş, altun divarları matəmlərə bürünmüş", "əti tökülmüş baş skeletinə bənzəyən möhtəşəm" İsmailiyyə binasının önündə dilənçi vəziyyətində qarşılaşdırır. Faciə və məhrumiyyətlərin məngənəsində tanınmaz hala düşmüş, "Yaralıyam, şikəstəm, Şamaxı əsiriyəm", - yalvarışlarından bir-birini çətinliklə tanıyan iki sevgili görüşlərinə sevinsələr də, birbirini qucaqlamırlar, daha doğrusu, qucaqlaya bilmirlər. Çünki erməni barbarları onların qollarını kəsmişdi. Hekayə vəhşiliyə, barbarlığa, qəddarlığa qarşı oxucu qəzəbini, nifrətini ovxarlamaqla yanaşı, haqqa, ədalətə rəğbət hissi aşılayır.
Yazıçı, ədəbiyyatşünas, publisist Mirzə Bala Məhəmmədzadə 1918-ci il mart faciəsini ilk dəfə öz adı ilə - qətliam - yəni ümumin qətli, soyqırımı adlandırmış, əsl caniləri, qatilləri xalqa nişan vermişdir. O, "Mart" adlı publisistik məqaləsində çox sərt formada, açıq olaraq yazırda: "31 mart 1918-ci sənə. Bu gün... Bakımızda qanlar axıdılmış, evlər talanmış, atababalarımız şəhid düşmüş, ana-bacılarımız əsir edilmiş. Bu gün Bakı əhli kəndi yurdunda qətli-amə, əsarətə və məhkumiyyətə qalmışdır. Bu gün Bakının ətrafında axan neft çeşmələri qan çeşmələrinə mübəddəl olmuşdur. Bu gün Bakı sahilini yuyan Quzğun dəniz qan dənizinə çevrilmişdir. Bu gün şaumyanlar, suxartsyevlər... oyanmış türk mənliyini... öldürmək üçün daşnak qüvvələrinə müraciətən unudulmayacaq qanlı günlər vücudə gətirmişdilər". Mirzə Bala Məhəmmədzadənin 23 iyul 1918-ci ildə Tiflisdə işıq üzü görən "Gənclər yurdu" jurnalında çap etdirdiyi "Əksinqilabçılar" maraqlı süjet xəttinə və ibrətamiz məzmuna malik, mart qətliamına, genosidinə həsr edilmiş ilk hekayədir. Beş qismdən ibarət olan "Əksinqilabçılar" hekayəsinin qəhrəmanı Moskva Darülfünununda oxuyan, bolşevik əqidəli "Azərbaycan türkü Hüseyn bəydir. Hüseyn bəyin fikrincə, hürriyyət, istiqlal istəyən" Azərbaycan, Türkistan, Tatarıstan, Krım türk gəncləri doğrudan da əksinqilabçılardır. Müəllif Hüseyn bəy haqqında tam təsəvvür yaratmaq üçün şahidi olduğu Bakı qətli-amından dəhşətli bir mənzərəni təsvir edir: "Bakı həyəcanlı günlər keçirirdi. Şəhər od içində yanırdı. Pulemyot, top, tüfəng, qurşun səsilə paroxodların bombardmanı, cəmaətin qışqırığı, çoluq-çocuğun, qadın-qızların ah-fəryadı məhşəri andırırdı. Ölən, yanan, qaçan, çığıran, dağıdan, kəsən, kəsilən bir-birinə qarışmışdı".
Qandondurucu, tükürpərdici bu dəhşətli mənzərədən təəssüf hissi keçirməyən "Hüseyn bəy" milli qırğının günahsız qurbanlarına xəcalət çəkmədən "əksinqilabçılar" deyir.
Milliyyətini, mədəniyyətini danan, dininə, dilinə ikrah hissi ilə yanaşan, valideynlərini bəyənməyən, milli təəssübkeşlikdən uzaq, manqurtlaşmış "obrazovannı" tipini Mirzə Bala "Hüseyn bəy"in simasında çox böyük məharətlə yaratmışdır.
Yığcam hekayələr ustası, görkəmli publisist Seyid Hüseyn Mart soyqırımı günlərində Bakıda başına gələn hadisələri qələmə alaraq sənədli hekayə nümunələri yaratmışdır. Onun "İstiqlal" (1335, 4 şübat) qəzetində çap etdirdiyi "İsmailiyyə" əsərində yazırdı: "Mart hadisəsi zamanında İsmailliyə binasından çox da uzaqda olmayan bir məhəllədə erməni əsgərləri tərəfindən mühasirə edilmişdim. Ələ keçməmək üçün həmən yaşadığım evin bulunduğu məhlənin alt qatında, zirzəmisində gizlənmişdim. Pulemyotların dırıltısını, topların gurultusunu eşidirdim. Dışarıda nələr vaqe olduğunu hiss ediyor, xəyalımda bir çox fəci mənzərələr tərsim eyləyirdim".
Erməni əsgərlərinin dinc, günahsız əhali arasında kütləvi qırğınlar törətməsini lənətləyən, qınayan yazıçı gözəlliyi, möhtəşəmliyi ilə seyrçiləri heyran edən İsmailiyyə binasının barbarcasına yandırılmasına, məhv edilməsinə inanmır. O, İsmailiyyəni sevə-sevə oxşayır, sevdirə-sevdirə təsvir edir. Mühasirədən sonra bu ecazkar abidənin qarşısında dayandıqda isə heyrət və təəssüflə fikirini belə tamamlayır: "...İsmailiyyə" - o milli əməllərimizin doğulduğu yer! O möhtəşəm bina, o Azərbaycan fikrini, Azərbaycan hürriyyət və istiqlaliyyətini, məfkurəsini bir ana kimi bəsləyib tərbiyə verən mərkəz! O gözəl və sevimli bina xəyanət nəticəsi olaraq bir qəhrəman kimi məğlub edilmişdi... Bəli, "İsmailiyyə" yandırılmışdı..."
Seyid Hüseyin essevari hekayəsində "İsmailiyyə" binasının gözəlliyi ilə orada həyata keçirilən əməllərin gözəlliyini müqayisə edir. Üstünlüyü isə bu iki gözəlliyin vəhdətində, tandemində görür və ona qıyanları qınayır...
Seyid Hüseyin eyni mövzuya həsr etdiyi və "Azərbaycan" qəzetinin 1919-cu il 20, 25 və 26 avqust tarixli sayında "Həzin bir xatirə" adlı əsəri də tarixi "İsmailiyyə" binasına həsr edilmiş, ədib xeyirlə şər, sivillə barbar, qurucu ilə yıxıcı arasındakı dərin uçurumu, ziddiyyəti və fərqi inandırıcı, təbii təqdim etməyi bacarmışdır.
Dövrünün tanınmış şairi, nasiri və müəllimi Hacı Səlim Səyyah Qasımzadə (1869-1933) Qasımzadənin ən yaxın qohumları və dostları 1918-ci il mart soyqırımının qurbanı olmuşdur. Şairin soyqırımı qurbanlarının bir illiyinə həsr etdiyi və "Bəsirət" qəzetində çap olunan on üç bəndlik "Mart ayı" adlı müxəmməsində məhz erməni cəlladlarının Azərbaycan türklərinə, müsəlmanlara qarşı insanlıqdan uzaq, qəddarlıqla həyata keçirdikləri vəhşilikləri hüznlü, ağrılı duyğularla təsvir etmişdir.
...Bu günün misli keçən il,
Allahım gözdən iraq,
Ermənilər əlldə bomba,
süngü, xəncərlər, bıçaq,
Kəsdilər evlərdə minlərcə gəlin,
arvad, uşaq,
Südəmərlər nizə nükündə
çalardı əl-ayaq,
Halə, yalvarmaq bu qövmə
hərgiz etməzdi əsər.
Böyük Azərbaycan şairi Məhəmməd Hadinin "Şühadeyi hürriyyətimizin ərvahinə ithaf" şeiri də Mart soyqırımının birinci ildönümündə "Azərbaycan" qəzetinin 1919-cu il 31 mart tarixli sayında dərc edilmişdir.
İstinad edilən bədii nümunələrlə tarixi faktları, rəsmi materialları və sənədləri müqayisə və təhlil etdikdə müşahidə olunur ki, bədii əsərlər həyat həqiqətlərini daha inandırıcı, qabarıq və təsirli təqdim edir.