|
|
|
|
Səbuhi Abbasov, jurnalist:
- Dənizkənarı Bulvar İdarəsi son illər parkı açıq bazara çevirib, ayrıca "respublika" yaradıblar. Parkın rəisi İlqar Mustafayev Bakının mirvarisini şəxsi obyekti kimi idarə edir. Xaricdən qonaqlarım gəlmişdi, bulvarda kollektiv foto çəkdirəndə 2 mühafizəçi yaxınlaşdı, fotonu silməyimizi kobud şəkildə tələb etdi. Təbii ki, sildik, ancaq qonaqlarda yaranan təəccübü, təəssüfü silməyi bacarmadım. Dəfələrlə müsahibə verən və ya alan dostların da bu səpkidə haqlı şikayətlərini gördüm. Bu, biabırçılıqdır, heç Şimali Koreyadakı parklarda belə qadağalar yoxdur. Bu adamın niyyəti nədir? Ölkəmizin müsbət imicini niyə bu formada "xərcləyir"? Anlamaq çətindir, ancaq buna son qoymaq, normal sistem yaratmaq lazımdır!
Sahib Məmmədov, siyasətçi:
- Əminliklə demək olar ki, Bulvar idarəsinin rəisi bulvara xəyali çəpər çəkib. O, artıq düşüncəsində bulvarı özününkiləşdirib. Səhər yuxudan duranda da fikirləşir ki, görəsən, bu gün məni çağırıb nazir təyin edəcəklərmi? Əvvəla yerli icra hakimiyyəti ola-ola niyə hər parkın, xiyabanın ayrıca administrasiyası olmalıdır? İkincisi, bu adamları hardan tapıb yığırlar? O şəxsin idarəsində bir nəfər də olsun savadlı insan yoxdurmu? Lap qohum-əqrəbası işləyir tutaq ki, orda. Ona savadı çatıb izah edən yoxdurmu ki, bulvar ictimai məkandır. Əsasnamədə yazılan isə kino filan çəkilişi üçündür: yəni tutaq ki, bulvarın bir hissəsinin bağlanması və orda sənədli, ya bədii filmin çəkilməsi və s. Bu nə deməkdir?
İlkin Bağırov, sosial şəbəkə istifadəçisi:
- Ağsaqqal taksi sürücüsü deyir ki, əvvəllər insanlarda bir-birinə inam-etibar var idi. Hamı tanıdı-tanımadı biri digərinə kömək etməyə çalışırdı, dəstək olurdu. Məsələn, maşının benzini qurtarıb yolda qalmısansa, sənə vedrə-şlanqı çıxarmaq bəs edirdi. Yoldan keçən maşınların sürücüləri dərhal gəlib hərə bir-iki litr benzin verirdi. Təkər partlayanda hətta "pokrışka"sını verənlər də var idi. İndiki kimi mobil telefon-filan yox idi ee... Sonra heç zəng də eləmirdi. Deyirdi ki, "remont" eləyəndən sonra imkan olsa, filan vaxtda gətirərsən filan adresə və ya verərsən filan yerdə, mən götürərəm. Heç kim də bir-birinə atmırdı.
İndi belə hal olanda çoxu yanından "vızzz" keçir. İnsanlarda bir-birinə hörmət azalıb...
Yadigar Sadıqlı, ictimai fəal:
- Dünyada ən gözəl sənət nümunələrindən biri hesab edilən "Şeyx Səfi" xalçası (ingilislər, farslar və başqaları Ərdəbil xalçası deyirlər).
Şah I Təhmasibin göstərişi ilə dörd il toxunduqdan sonra 1539-cu ildə Ərdəbildəki Şeyx Səfi məqbərəsi üçün tikildiyi təxmin olunur. Uzunluğu 10,51 metr, eni 5,34 metr, sahəsi isə 56,12 kv metrdir, bu da təxminən 26 milyon ilmə deməkdir. Üzərində insan və heyvan təsvirlərinin olmaması ibadət yeri üçün tikildiyini təsdiqləyir.
"Şeyx Səfi" ilə yanaşı, daha kiçik ölçülü başqa bir xalçanın olduğu söylənilir. XIX əsrin ortalarında onların hər ikisi köhnəldikdə, xalça ticarəti ilə məşğul olan "Zigler" şirkətinə satılır. Bundan sonra kiçik xalçadan istifadə olunaraq böyük xalça restavrasiya olunur və 1893-cü ildə, o zaman nəhəng məbləğ olan 2 000 funt-sterlinqə Britaniyanın V&A muzeyinə satılır.
Xalça 2006-cı ildən xüsusi pavilyonda saxlanılır. Rənglərinin solmaması üçün zəif işıqlandırılır. İşıq hər saat qısa müddətə güclənir ki, ziyarətçilər yaxşı görə bilsinlər.
"Şeyx Səfi" xalçasının xeyli kiçik reproduksiyaları olub. Hətta deyilənlərə görə, Hitlerin kabinetində də varmış. Belə nüsxələrdən biri Britaniya Baş nazirinin ofisindədir.
Azərbaycanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə xalçanın təkrar nüsxəsi yaradılıb və hazırda Azərbaycan Müasir İncəsənət Muzeyində nümayiş etdirilir. İranda da bir nüsxəsi yaradılıb və Ərdəbildə saxlanılır.
Restavrasiyadan sonra ölçüləri kiçilən ikinci xalça isə Los-Anceles dairəsinin incəsənət muzeyində saxlanılır.
Nigar Sabirqızı, jurnalist:
- Bu gün deputat Kamaləddin Qafarov MM-in komitə iclasında deyib ki, Azərbaycanda bəzi dərmanlar Türkiyədəkindən ucuzdur. Hər kəsin Azərbaycanda dərmanların Türkiyədən 3 dəfə baha satıldığını dediyi bir vaxtda cənab Qafarovun bu açıqlaması De Byazinin 0:5 hesablı məğlubiyyətdən sonra "Əla oynadıq" deməyinə bənzəyir. Doğrudan da, utanmasan oynamağa nə var ki?
Vilayət Quliyev, filologiya elmləri doktoru:
- Deməli, milli komandamız dünən də 5-0 uduzdu, İsveçə. Qürrələnməli məsələ deyil. Amma gərək olanı yazasan. Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 0:8 hesabı ilə məğlub olduq.
VİP lojada Polşanın müdafiə naziri V.Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub:
- Bu futboldur, - dedi. - Hər dəqiqə hər şey dəyişə bilər.
Dördüncü qol vurulanda isə:
- Futbol boş şeydir, - deyə ürək-dirək verdi. - Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan.
Sonrakı qollar vurulanda daha heç nə demədi. Deyəsən, o da oyuna görə xəcalət çəkirdi.
2007-ci ilin martın 24-də milli komandamız yenə Polşa ilə qarşılaşmalı oldu. Bundan əvvəl "ev matçını" Bakıda 0:3 hesabı ilə uduzmuşduq.
Üçüncü qarşılaşmanı da Varşavada 0:5 hesabı ilə uduzduq. Beləliklə, 3 oyunda 16 cavabsız top.
Komandanı Varşavaya gətirən çarter reyslə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil eyni komandaya üçüncü dəfə "quru hesabla" uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən - dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar.
Yanaşı oturduğumuz məşqçi Şahin Diniyev isə guya özünə haqq qazandırırmış kimi:
- Uduzacağımızı bilirdim. Amma day belə hesabla yox... - dedi.
Uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan...
Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir...
Xaqani Səfəroğlu, jurnalist:
- Qarabağla Ermənistanın və digər ölkələrin hava əlaqələrinə Bakı nəzarət etməlidir. Bunun üçün Azərbaycan rəsmi nümayəndə heyəti sülhməramlıların yerləşdiyi Xocalıdakı hava limanına baxış keçirilməlidir. Bu prosesi həyata keçirmək Azərbaycan Dövlət Mülki Aviasiya Xidmətinin səlahiyyətindədir.
Xarici dövlətlərin təyyarələrinin Azərbaycanın mülki aviasiya hava limanlarına uçuş üçün icazələri yalnız Dövlət Mülki Aviasiya Xidməti verir.
Dövlət Xidmətinin həmçinin mülki aviasiya subyektlərini fəaliyyətinin təftiş etmək səlahiyyəti var. Qarabağ Azərbaycanın ərazisidir və orada ölkəmizin qanunları işləyir.
İradə Tuncay, Əməkdar jurnalist:
- Heç uşaq evində olmusuz? Xalq diliynən desək, detdomda? Mən gəncliyimdə TV-dən çəkilişə getmişəm... Sonra ürəyim tab gətirmədi deyə heç ayağımı qoymadım... Ora gələn hər yeni insana atası-anası kimi baxır o balacalar... Gələnlərdən soruşurlar - kimin dalınca gəlmisən? Onların fantaziyalarında hardasa ataları var - igid, güclü, varlı... Bir gün mütləq gələcək onun dalınca.. Belə böyüyürlər...
İki yüz il əvvəl müharibə olub və bizi bioloji valideynlərimizdən ayırıblar. Övladlığa götürüblər. Yaxşı, pis, bir qarın ac, bir qarın tox yekəlmişik. Amma böyümək bilmirik... Hardansa gələcək güclü ata fantaziyası yaşayır. Nə bioloji valideyni, nə də ögey atanı bəyənmirik... Bizə dəxli olmayanların ətəyindən öpüb - sən mənim atamsan deyirik . Onlar da ətəyin dartır... Fantaziyalar bitsin artıq... Yetimin də Allahı var ..
Mir Səməd, bloger:
- Gənc "Dərviş band" qrupu ilə artıq ixtiyar Niyaməddin Musaveyin birgə mahnı ifa etməsi, həmin mahnının sözləri ilə necə də həmahəngdir, simvolikdir.
Vaxt vardı, dünya Niyaməddinin idi, şöhrətinin şəfəqləri altında qızınan, çox populyar!
Dövr keçdi, indi bu cavanlar dəbdədir, sevilirlər, məşhur mahnını özlərinə xas ifa etməyə güc və cəsarət tapırlar.
Dünya indi onlarındır!
Vaxt gələcək, yeni qruplar, yeni ifaçılar yaranacaq. Dünya onların olacaq!
Və həyatın tərifini, boyük şairimiz Məmməd Arazın "dünya mənim, dünya sənin, dünya heç kimin" sözlərinə bəstələnmiş mahnıdan gözəl ifadə etmək mümkün deyil!
Asif Nərimanlı, jurnalist:
- İran mediası Fazil Mustafaya qarşı terror hücumunu "o, qatı şiə düşmənidir" qeydi ilə təqdim edir. Məqsəd dindarlar arasında bu hücuma "legitimlik" qazandırmaqdır.
İranda "azərbaycanlılar"dan ibarət yaradılan və Azərbaycana qarşı informasiya və silahlı hücumlarda əsas iştirakçı olan "Hüseniyyun" qruplaşmasının terror aktı ilə bağlı bəyanatı da diqqət çəkir. Qruplaşma məsuliyyəti üzərinə götürmür, lakin qeyd edir ki, "Sionistlər və onların Azərbaycanda olan icraçı qüvvələri bilməlidirlər ki, heç bir müsəlman ölkəsində onların təhlükəsizliyinə zəmanət verilməyib və onlar mütləq müsəlmanlardan ağır şillə yeyəcəklər".
Bu terror hücumunda İran izi ön plandadır. Və "İranın və onların din adı altında ixrac etdiyi siyasətə qarşı çıxanlar cəzalandırılacaq", "təhlükəsizlikdə deyilsiniz" mesajı verilir.