525.Az

Ölümcül həqiqətləri anlatmaq  - Qulu Məhərrəmli yazır


 

BAHƏDDİN HƏZİNİN EYNİADLI KİTABI HAQQINDA QEYDLƏR

Ölümcül həqiqətləri anlatmaq  - <b style="color:red"> Qulu Məhərrəmli yazır</b>

Bu məmləkətin yazı-pozu əhli arasında az-az qələm sahibi tapılar ki, özünə, sözünə, məsləkinə, peşə kodeksinə və yaradıcılıq prinsiplərinə sona kimi sadiq qalsın, tutduğu yolu büdrəmədən getsin. Düzü-düz, əyrini-əyri yazmaq, qələmin müqəddəs vəzifəsinə sadiq qalmaq həmişə çətin olub.

Mətbuatda, qəzetdə çalışıb kölgədə qalan, heç nə ilə fərqlənməyən  adamların işi asandır, onlar görünmürlər və heç kimə də lazıım deyillər. Dərd gün işığında görünən və söz sahibi olan  adamlarındır, çünki onların dalğa yaradan hər addımına min göz baxır. Əlinizdəki bu kitabın - "Ölümcül həqiqətlər"in müəllifi daim göz qabağında olan həmin parlaq qələm və məslək adamlarından biri, parlaq şəxsiyyəti və cazibədar imzası ilə cəmiyyətdə böyük nüfuz qazanmış yazıçı-publisist Bahəddin Həzidir.

Adətən, filosoflar mütləq və nisbi həqiqətdən danışırlar. Bahəddin Həzi isə  kitabında (Bakı, Qanun, 2022) bu kateqoriya üçün yeni bir pəncərə açaraq öldürücü həqiqətlərdən söhbət açır.

Onun adı və imzası ölkənin müstəqilliyi uğrunda kükrəmiş xalq hərəkatı dalğasından qopub gəlir. Bu imzanın təqdim etdiyi ilk yazılar sovet sisteminin kifsəmiş mənəvi mühitindən bir ulduz parıltısı ilə seçilərək böyük auditoriyanın diqqətini cəlb edirdi. Azadlıq havasından, azad düşüncədən qaynaqlanan bu analitik yazılar, sərt təhlillər doğruları ideologiya pərdələri altında gizlədən sovet publisistikasından fərqli olaraq həqiqətə köklənmişdi. Bu yazılara zamanın nəfəsi, dövrün çağırış və çırpıntıları, adi insan yaşantılarından tutmuş milli tale ilə iç-içə olmaq hissi  hakim idi.  Bir də Bahəddinin narahat qələmindən çıxan bu yazılarda XX əsrin əvvəlində milli kimlik və oyanış harayı üzərində köklənmiş milli publisistlərimizin ürək döyüntüləri duyulurdu. İndi bu kitabda toplanmış yazıları gözdən keçirdikcə mən, sanki  yenə heç ritmini dəyişməmiş həmin döyüntüləri eşidirəm.

Zamanın ağrı-acıları hopmuş bu yazıları Bahəddin Həziyə diktə edən təkcə onun istedadı, ictimai duyumu, milli məsləki və ürəyinin diktəsi deyildi, həm də sevdiyi qəzetçilk işinin, publisist missiyasının romantikası idi. Düzdür, bir az keçəndən sonra Bahəddin bəy deyəcəkdi ki, sevdiyim iş "bir yerdən sonra, sanki romantikasını itirdi. "Sərt" analitikadan bədii publisistikaya meyllənməyim də bəlkə bundandır; o itirilmiş, ya da, nə bilim, bəlkə əlimizdən alınmış, əlimizdən düşüb sınmış yaradıcılıq romantikasını qaytarmağa çalışıram yəqin. Sadəlövhcəsinə!"

Amma yox, kitabda mövzusu,  aktuallığı, müəllif yanaşması ilə yenə də maraq doğuran materiallar, zamanla polemika ruhunu saxlamış o yazılar göstərir ki, müəllifin hüceyrələrinə hopmuş həmin yaradıcılıq romantikası yerində və enerjisini saxlamaqdadır.  

Qəzet və sayt yazıları tarixin saniyə əqrəbləri kimi günün nəbzinin necə döyündüyünü göstərir. Bu yazılar kitaba çevrildikdə isə zamanın yaddaşı və hekayətçisi rolunu oynayır. Nə yaxşı ki Bahəddin bəy orda-burda səpələnmiş yazılarını kitab şəklinə salaraq zamanın publisistik fotosunu çəkməkdə, yaddaşı bərpa etməkdə, üstündən zaman keçmiş hadisələrin görünməyən çalarlarını, ümumən mahiyyəti qavramaqda  bizlərə yardımçı olur.

Kitabda son illərdə müəllifin publisist, jurnalist, yazıçı kimi qələmə aldığı  xatirə-povest, məqalələr, esselər, gerçək hadisə və şəxslərin həyatı haqqında  yazılmış bədii-sənədli hekayələr yer alıb. Xatirə-povestin xüsusən diqqətini cəlb edəcəyinə əminəm, çünki əsər bir növ bioqrafik səciyyə daşıyır. Əsərdə ölümcül-ölümsüz həqiqətlərdən və bir məslək və qələm adamının bu həqiqətlərə münasibətindən, ən başlıcası, müəllifin qarşılaşdığı acı məhrumiyyətlərdən,  hətta ölüm təhlükələrindən söz açılır.

Bahəddin Həzinin bədii yazıları da, publisistikası da istedad və həqiqətlə  yoğrulub. Nədən yazırsa, gerçəyi görür, həqiqətə sadiq qalır, çünki qələmin müqəddəs vəzifəsinin həqiqəti yazmaq olduğunu gözəl bilir. Ona görə də heç vaxt həqiqətə arxa çevirmir, həmişə haqqın yanında olur. Belə adamlar üçün hansısa gücün cazibəsi, zalımın süfrəsi anlayışı yoxdur, onların yeri məzlumların və həqiqətin yanındadır. Bu isə isə istedad məsələsi deyil, vicdan və insan xarakteri məsələsidir. Bahəddin bəy təkcə parlaq istedad daşıyıcısı deyil, həm də mənəviyyatlı və vicdanlı qələm adamıdır. Vicdana, əxlaqa, mənəviyyata söykənməyən istedad qumdan tikilmiş ev kimidir, iz qoymadan dağılır.

Bir tərəfdən məşğul olduğu sahənin gündəlik dramatizmi, digər tərəfdən yaşadığımız dövrün dramatik hadisələri, tez-tez dəyişən gərgin situasiyalar Bahəddin bəyi tez müdrikləşdirib. Onun həyat qənaətlərinin bir hikmət halına gələrək yazılarına hopması isə təəccüblü deyil. Kitabdakı yazıları oxuyarkən siz bu hikmətlərlə rastlaşacaqsız. Bəzilərinə diqqət edək:

"Bəşəriyyət sevməyə daha çox vaxt ayırsaydı, ərzaq qıtlığından və silah bolluğundan eyni vaxtda bu qədər əziyyət çəkməzdi"

"Qürur - təkcə sevdiyinin qarısında əyiləndə sınmır".

"Vətəni dəlicəsinə sevmək olar, ancaq ona ağılla xidmət etmək mümkündür. Vətən də dövlətin simasında adekvat qarşılıq verəsidir. Vətən sevgisi də qarşılıqlı olanda sevgidir, qarşılığı olmayanda mütləq tərəflərdən biri əzab çəkir..."

"Yaradıcılıq tənha xoşbəxtliyin (və tənha bədbəxtliyin) olayıdır..."

"Əlində qələm olana dəyər verin! Çünki o, bir dəyərdir. Allahın da əlində qələm var".

"Həqiqətə münasibət yaradıcı məsləyin özülüdür"

"İlahinin hər kəsdə bir cür şəkli var və bu şəkillərin hamısında Allah çox gözəl düşüb"

"Böyük ədəbiyatın, yüksək sənətin hədəfində çox hallarda heç zamanla yarışmaq yoxdur. İllərin müşahidələri, hətta bəlkə də əsrlərin hikmətləri üstündə qurulur. Ancaq media, hətta publisistikası ilə belə yenə də günün şəklidir; "gündəm ədəbiyyatı"dır. Ona görə də mediada, efirdə sərgilənən məddahlıq, yaltaqlıq antitelləri çox qısa zamanda milli qan-damar sistemimizə sorulur, bu zəhər çox sürətlə ictimai orqanizmə yayılır və ağır-ağrılı fəsadlar verir".

Belə fikirlərə kitabı oxuduqca çox rast gələcəksiniz. Bu fikirlərin oxucularda dərin təəssüratlar yaradacağına əminəm, çünki özündə dərin mənalar daşıyan həmin qiymətli fikirlər hansısa kitablardan iqtibas olunmur, müəllifin dərin həyati müşahidələrinin və qənaətlərinin nəticəsi kimi meydana çıxır. Bu baxımdan kitabdakı portretlər qalereyası da ciddi maraq doğurur. B.Həzi həm cəmiyyətdə, həm də şəxsi və yaradıcılıq taleyində özəl yeri və izi olan şəxsiyyətlərin portret cizgilərini cızmaqla təkcə kollektiv portret yaratmır, həm də kitabın "Yaşıl köynəkli oğlan" bölməsində  təqdim etdiyi maraqlı yazılarla bizləri müasirlərimizin dərin qatdakı fikir və düşüncələri ilə tanış edir. Kitabdakı "İtirilmiş paradiqmalar" və "Mərhəmət ətri" adları altında toplanmış publisistik və bədii yazılarda isə müəllif  bizləri bir göy qübbəsi altına toplamış zamanın fərqli mənzərəsini verir.

İnsanın könül yarpaqlarını tərpədə bilən hər hansı əsər, istər şeir olsun, istər nəsr, yaxud publisistika, fərq etməz, musiqi kimi bəlli ovqata bağlıdır; insan ruhunun ehtiyaclarına köklənə bilir. Belədə insan düşdüyü situasiyanın bütün çalarlarını görüb duya bilir. B.Həzinin "Ölümcül həqiqətlər" kitabı oxuculara məhz həmin duyğularə yaşatmaq üşün yazılmışdır və həm də bu cəhətinə görə çox qiymətlidir.

 





31.03.2023    çap et  çap et