525.Az

Həyat lövhələri - Əlisəfdər Hüseynov yazır


 

Həyat lövhələri - <b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

("Olmuş əhvalatlar" silsiləsindən)

 

ÜZÜK VƏ DÜZLÜK

 

Bu əhvalat ötən əsrin 80-ci  illərində baş vermişdi - təxminən 40 il bundan əvvəl.

...Dostumuz hövlnak çayxanaya girib əyləşdiyimiz masaya yaxınlaşdı, dərindən nəfəs alıb tərini silə-silə boş stulların birində əyləşdi. Hiss olunurdu ki, həyəcanlıdır. Rəngi ağarmış, gözləri hədəqəsindən çıxmışdı.

Uşaqlardan biri ona çay süzdü. Bir başqası soruşdu:

- Nə olub ay dost? Bu nə haldır? Nəsə baş verib?

Dostumuz siqaret çəkən olmasa da, stolun üstündəki qutudan bir siqaret götürüb odladı və səsi əsə-əsə başladı nə başladı:

- Qardaş, zibilə düşmüşdüm. Az qalmışdı milis məni tutsun. Birtəhər aradan çıxdım...

Kimsə dedi:

- Əşi, nə zibil? Sən hara, milis hara? Bir əməlli danış görək nə olub.

Dostumuz siqaretdən bir qüllab vurub söhbətinə davam elədi:

- Deməli, üç gün əvvəl axşamüstü girdim Pəhriz yeməkxanasına ki (bu yeməkxana, səhv etmirəmsə, "9 yanvar" bağı tərəfdə yerləşirdi - Ə.H.) bir pay noxud püremi yeyib çıxım gedim işimin-gücümün dalıycan. Əllərimi yumaq üçün arakəsmə arxasındakı əlüzyuyana yaxınlaşdım. Kranı təzəcə açmışdım ki, adına rakovina deyirlər, nə deyillər bilmirəm, bax onun üstündə par-par yanan bir üzük gördüm. Götürüb baxdım - qəşəng qadın üzüyü idi, qaşı da ki bərq vururdu. Çox bahalı üzüyə oxşayırdı. Bildim ki, pəhriz saxlayan  müştərilərdən kimsə əllərini yuyanda barmağından çıxmasın deyə çıxarıb bura qoyub, amma sonra götürməyi yaddan çıxarıb.

Həmin o xanımın hansı narahatlıqlar keçirəcəyini düşünəndə ürəyim ağrıdı. Üzüyü götürüb zala keçdim, kassanın arxasında əyləşmiş orta yaşlı rus qadına yaxınlaşıb dedim;

- Bacı, bu üzüyü bax indicə əlüzyuyan olan yerdə tapdım. Yəqin ki, sahibi onu axtaracaq, güman gələn yerlərə, o cümlədən, bura baş çəkəcək. Götürün bunu, gələndə verin ona. Savab iş görmüş olarsınız.

Qadın ovcumun içində bərq vuran üzüyə baxanda onun gözləri də yavaş-yavaş parıldamağa başladı və o parıltı pik həddinə çatıb üzüyün parıltısını kölgədə qoyanda onu əlimdən necə qapdısa, caynaqları az qaldı ovcumun dərisini də soyub üzüklə bir yerdə aparsın.

- Əlbəttə, vətəndaş, əlbəttə... Mütləq verərəm... Verməsəm, ayıb olar ki. Siz rahatca çıxıb gedin.

Nə isə, bir pay noxud püremi yeyib, kiminsə işinə yaradığıma görə  kefi kök, damağı çağ yeməkxananı tərk elədim.

Dostumuz kiçik fasilə verdi, çayından bir qurtum içib siqaretindən yenə də bir qullab vurandan sonra söhbətinə davam elədi:

- Bu gün, bir az bundan əvvəl yeməkxananın yanından keçirdim. Dedim, girim soruşum, görüm bu üzük məsələsi nə ilə qurtardı, sahibi gəlib apardımı üzüyü. Kassanın arxasında yenə həmin qadın əyləşmişdi. Ona yaxınlaşıb dedim;

- Bacı, salam. Üzüyün yiyəsi gəlib malını apardımı?

Qadın tutqun, bir az da şübhəli nəzərlərlə üzümə baxdı

- Nə üzük, nə mal, vətəndaş? Siz nə danışırsınız?

- Qızıl qadın üzüyü də, deyəsən, brilyant qaşı da vardı. Bax orda - əlüzyuyanda tapmışdım. Sizə verdim ki, sahibi gələndə çatdırın ona.

Qadın elə bil barıt çəlləyi imiş, bu üzük, brilyant sözləri də od oldu, alov oldu, qardaş.

- Vətəndaş, xahiş edirəm, danışığınıza hədd qoyasız. Nə üzük, nə brilyant? Bu nə sayıqlamadır günün günorta vaxtı? Başınız xarab olub, yoxsa mənimlə məzələnirsiniz? Bilirsiz bunun axırı nə ilə qurtara bilər?

Ağzımda artıq qupquru taxtaya dönmüş dilimi zorla tərpədib soruşdum:

- Nə ilə qurtara bilər ki?..

Qadın bu dəfə az qala hayqırdı:

- İndi görərsən! - sonra üzünü sağ tərəfə çevirib bir şivən saldı  ki, gəl görəsən - Tanya, Lyuda, tez milis çağırın bura. Narkotikdən məst olmuş axmağın biri girib içəri, şər atır mənə!

O tərəfdən dərhal reaksiya gəldi - kimsə içəri otaqdan çıxıb giriş qapısına tərəf getdi. Var gücümü toplayıb qadına bir-iki yağlı söz demək istədim, amma gördüm ki, nəinki dilim, artıq boğazım da quruyub, nə qədər əlləşsəm də, səsim çıxmayacaq. Gücüm ona çatdı ki, belə vəziyyətlərdə nə etmək lazım olduğu barədə atalar sözlərini yada saldım və "Asta qaçan namərddir" variantını seçib milis gələnə qədər birtəhər çıxdım aradan...

Dostumuz sözünü qurtarıb çox güman ki, qurumuş boğazını, dilini "yağlamaq" üçün  bir qurtuma stəkanı boşaltdı, sonra başımı qaldırıb qəribə nəzərlərlə ayrı-ayrılıqda hər birimizin üzünə baxdı və təbii ki, bu hekayənin əsas hissəsi, yəni finalı da bundan sonra başladı.

Amma mən finalı açıq saxlayıb bu hekayəni  tamamlamağı sizlərin öhdəsinə buraxıram, dostlar. Qoy hər kəs bu hekayənin düzgün hesab elədiyi finalını yazsın...

  

QALOŞ ƏHVALATI

(dodaqqaçıran bir fraqment)

 

Deməli, əhvalat vaqe olur 1975-ci ilin qış günlərinin birində Göyçay şəhər 3 nömrəli orta məktəbin 2-ci mərtəbəsində yerləşən "İngilis dili kabineti"ndə və onun qapısı açılan dəhlizdə.

Həmin gün  biz - 9a sinfinin ingilis dili fənnindən "Elmira müəllimənin qrupu"na düşən bir dəstə şagirdi kabinetdə əyləşib müəllimənin gəlib dərsi başlamasını gözləyirdik. Elmira müəllimə institutu bir neçə il əvvəl bitirmişdi, orta boylu dolu bədənli bir qız idi. Gülərüz, xoşxasiyyət olsa da, dərs başlayanda ciddiləşirdi və həmin o gülər üz, xoş xasiyyət  üzr istəyib 45 dəqiqəlik harasa çəkilib gedir, bizi tələbkar, sərt Elmira müəllimə ilə təkbətək buraxırdı.

Həmin gün çox yorğun, bir az da həvəssiz idik, beynimizdə ingilis dilindən verəcəyimiz cavablar əvəzinə evdə bizi gözləyən küftə, dolma... qazanlarının möhtəşəm obrazları sayrışırdı. Çünki biz 2-ci növbədə oxuyurduq və Elmira müəllimənin dərsi də tərs kimi axırıncı saata düşmüşdü. Üstəlik, çöldə hava yavaş-yavaş qaraldıqca bizim heç də uzun olmayan səbrimiz, hövsələmiz də daralırdı...

Nəhayət, Elmira müəllimə qapını açıb sinfə daxil oldu. Hamımız ayağa qalxıb salamlaşdıq.  Elmira müəllimə çöldən gəldiyinə görə içəridə havanın ağır olduğunu dərhal hiss edib qapının bir tayını açıq qoydu ki, jurnalı yazana kimi otaqda komfort hava şəraiti yaransın. Amma kaş bunu eləməyəydi!

İş burasındadır ki, dəhlizin yuxarı tərəfindəki başqa bir sinifdə səhv etmirəmsə, 6-cı sinif şagirdləri də eyni ilə bizim kimi hansısa müəllimi gözləyirdilər, amma bizdən fərqli olaraq onların müəllimi  gəlib çıxmaq bilmirdi. Buna görə də sinif qarğa bazarına dönmüşdü - ağız deyəni qulaq eşitmirdi...

Elmira müəllimə təzəcə üzünü turşudub çox güman ki, qapını örtmək tapşırığı vermək üçün başını yuxarı qaldırmışdı ki, kimsə açıq qapının qarşısından kölgə kimi keçib 6-cılara belə bir "xoş" xəbər çatdırdı ki, müəllimləri xəstə olduğu üçün işə çıxmayıb və təmiz vicdanla çıxıb gedə bilərlər. Belə məqamlarda nələrin baş verə biləcəyini özünüz təsəvvür edin. Bizim dəhlizdə isə konkret olaraq o baş verdi ki, qarğa bazarı bircə anın içərisində dönüb oldu quzğun bazarı -  bayaqkı qarmaqarışıq səslərin tonikası ikiqat artdı, gurultusu isə yalan olmasın ərşə bülənd oldu və böyük bir qara kölgənin o gurultunun müşayiəti ilə bizim qapısı açıq olan sinfimizin qarşısından 2 il əvvəl Göyçayı basıb yaman günə qoymuş sel kimi keçdiyi bir neçə saniyə ərzində Elmira müəllimin turşumuş üzünün cizgiləri daha da dərinləşib mükəmməl bir şəkil aldı, biz də gözlərimizi yumaraq heykəl kimi donub qaldıq.

Nəhayət, gurultu kəsildi və  dəhlizə çökmüş sakitliyin rahatlığında Elmira müəllimə elə "bismillah" edib dərsi başlamaq istəyirdi ki, bayaqkı quzğun bazarı - 6-cıların sinfi tərəfdən gələn səs boş dəhlizdə əks-səda verdi:

- Bıy, hanı ə, mənim

qaloşum? Hara yoxa çıxdı?!.

Sonra bu səsin yiyəsi bir ayağı üstə atlana-atlana  - biz uşaq olanda bu cür yeriməyə xıyın-xıyın getmək deyirdik - dəhlizə çıxdı və onun bu yerişlə bizim sinifə tərəf gələ-gələ mızıldamağından belə məlum oldu ki, bayaqkı müdhiş sel bu zavallının qaloşunun bir tayına qıymayıb, aparıb dəhlizin hansı küncünəsə atıb və qaloşun yiyəsi də indi yana-yana onu axtarır.

Səs də və təbii ki, həmin səsin sahibi də yavaş-yavaş bizim açıq qapıya yaxınlaşırdı və çox güman ki, sinifdə bizim əyləşməyimizdən xəbəri olmayan zavallı da qapıya çatanda dayandı, yorğunluğunu almaq, nəfəsini dərmək üçün (tək ayaqla tullana-tullana gəzmək sizə asan gəlməsin) əlləri ilə qapının bağlı tayına dayaqlandı və o anda da qaloşun bir tayının itkisinin yanğısı ona necə dov gəldisə, ucadan yanıqlı bir səslə az qala canavar kimi uladı (dana kimi böyürdü də demək olar):

- Mənim qaloşumu götürən, sənin...!!!

Mən onun dediyi sözü tapmaq üçün sizə ipucu verirəm - dostumuz qaloş oğrusunun ailəsinin, nəslinin ən görkəmli, nüfuzlu subyektinin adını çəkdi, özü də adi vurğuda, tonda yox, hecaları uzada-uzada. Hətta 1-ci hecanı o qədər uzatdı ki, bu sözdən sonra gələn o biri sözləri  deməyə nəfəsi çatmadı...

Biz gözlərimizi bərəldib Elmira müəllimənin üzümə baxanda gördük ki, o da gözlərini bərəldib bizə baxır. Bu lal oyun təxminən 3 saniyə çəkdi. Ardınca sinifdə elə bir gülüş gurultusu qopdu ki, pəncərələrin şüşələri də cingildəyib bizə qoşuldu.

Bu gülüş dostumuzu əməllicə diksindirdi, gözucu içəri baxıb Elmira müəlliməni görən kimi bayaqdan hirsindən qaralmış sifəti bircə anın içindəcə dönüb dəhlizdəki divarların rəngini aldı və qaloşunun bir tayının zibilinə keçən dostumuz o biri tayını da ayağından çıxarıb üzü pilləkən tərəfə təzəcə götürülmüşdü ki, Elmira müəllimənin üzünü qapıya yaxın yerdə əyləşmiş Ehtirama tutub "Tez onu bura gətir!" - deməsi ilə Ehtiramın yerindən sıçrayıb alıcı quş kimi dəhlizə cumması bir oldu. Təxmimən 30-40 saniyədən sonra Ehtiram "qaloş qurbanının" qolundan tutub içəri itələdi və Elmira müəllimə ayağa qalxıb bayaq açıq qoyduğu qapını axır ki, elə öz əlləri ilə örtdü və ardınca həmin o qış axşamı biz onun həm də sillə, qapaz, hətta arada yumruq vurmaq sahəsində də mükəmməl istedad sahibi olmasına şahidlik etdik...

Amma hər halda Elmira müəllimə peşəkar boksçu deyildi, ona görə də tez yoruldu və nəhayət, əl saxlayıb asta, amma əsəbi səslə dedi:

- İndi get. Get qaloşunun tayını adam kimi axtar!

Bayaqdan qollarını, əllərini üzünə, başına sipər edib müdafiə olunan dostumuz  etdiyi qələtin böyüklüyünü anladığına və həm də təbii ki, xəcalət çəkdiyinə görə həmin o sipərin altında suyu süzülə-süzülə kabineti tərk etdi... və  əhvalat da burada tamama yetdi.

Amma bu günə qədər də bilmirəm - zavallı ona bu qədər başağrısı olan qaloşunun tayını tapdı, ya yox...

 





31.03.2023    çap et  çap et