525.Az

Azad edilmiş Laçında əsaslı quruculuq: Böyük Qayıdışın astanasında


 

Azad edilmiş Laçında əsaslı quruculuq: Böyük Qayıdışın astanasında<b style="color:red"></b>

1992-ci ilin mayından erməni işğalı altında olan Laçın şəhəri Prezident İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq avqustun 26-da azad edildi. Artıq Azərbaycan addım-addım işğal olunmuş ərazilərə tam nəzarəti bərpa etməkdədir. Mərhələli şəkildə Ağdam və Kəlbəcərdən sonra Laçın şəhəri və onun kəndləri düşməndən təmizlənib. Bunun davamı olaraq bu ərazilərin əsl sakinlərinin 30 illik həsrətdən sonra bölgəyə köçürülməsi işləri sürətlə davam etdirilir. Aparılan quruculuq işlərindən sonra yerli əhalinin Laçın şəhəri də daxil olmaqla Zabux, Sus və digər kəndlərə köçürülməsi prosesinə başlanılacaq.

Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən biridir. Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var. Təbii ehtiyatları ilə fərqlənən rayonda emaledici sənayenin üzrə istehsalının təşkili mümkündür. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın, həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaq.

Qeyd edək ki, 1992-ci ildə Laçın rayonunu işğal ediləndən sonra 65 mindən çox sakini 30 il məcburi köçkün həyatı sürməyə məcbur olub. Hazırda rayonun əhalisinin sayı 80 mindən çoxdur. Laçın şəhərinin isə 1992-ci ildə 7 829 sakini olub. İşğaldan əvvəlki son siyahıyaalmaya əsasən, şəhərdə yaşayanların 99.1 faizi azərbaycanlılar idi. Hətta keçmiş SSRİ dövründə - 1970-ci il siyahıyaalınmasında bütövlükdə Laçın rayonunun cəmi əhalisi 63.162 nəfər olub. Burada azərbaycanlıların sayı 58.058 (95.6%), kürdlər 2.437, ermənilər cəmi 34 nəfər təşkil edib. Ermənistan işğalı nəticəsində Laçın rayonunda 13,8 min, o cümlədən, Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edilib. Bütövlükdə rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb. İşğaldan sonra ilkin qiymətləndirmələrə görə işğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dollar ziyan dəyib.

Ötən gün "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi də təyin edilib.

Prezidenti İlham Əliyev tərəfindən Laçın rayonunun Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Prezident bildirib ki, birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Yəni gətirdiyim bütün bu rəqəmləri nəzərə alaraq, hər kəs görə bilər ki, yaxın gələcəkdə - bu il və gələn il biz Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdirəcəyik. Onu da bildirməliyəm ki, Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur - su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır. Yəni bu, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək,- nəzərə alsaq ki, Laçının çox füsunkar təbiəti - meşələri, dağları, çayları var, bu, bir cənnət məkan olacaqdır. Bax, biz bu işləri görürük və bu, görülən işlərin, sadəcə, bir hissəsidir. Biz azad edilmiş bütün torpaqlarda indi genişmiqyaslı quruculuq işləri aparırıq və bu işləri öz hesabımıza görürük və görəcəyik. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri, demək olar ki, başa çatmaq üzrədir.  Laçın rayonunun tarixçəsi, əlbəttə ki, bir çox hallarda ibrət olmalıdır. Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri, demək olar ki, başa çatmaq üzrədir. Heç vaxt tarixdə olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıbdır. Beləliklə, bu gün biz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq və bu mövqelərdə özümüzü gücləndiririk, bu mövqelərdə qalacağıq. Əlbəttə ki, Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar".

Prezident İlham Əliyev qeyd edib ki, Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Əlbəttə ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək: "Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun, demək olar ki, bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Əfsuslar olsun ki, Ermənistan dövləti bu hərbi cinayətə görə hələ də məsuliyyətə cəlb edilməmişdir".

Prezident vurğulayıb ki, biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək: "Artıq iki ildən çoxdur ki, Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülüb. Bildiyiniz kimi, Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləşmişdik. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı. Biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək. Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verildi. Mən özüm Kəlbəcərdən Laçına maşınla getmişəm, məsafə o qədər uzun olmasa da, bu yol həddindən artıq çətin və təhlükəlidir, indiki yoldan istifadə etmək, demək olar ki, qeyri-mümkündür. Sovet vaxtında o bölgələrdə yaşamış insanlar da yaxşı xatırlayırlar ki, o yol çox çətin idi, bir çox hallarda bu, serpantin yoldur və çox təhlükəli idi. Ona görə biz bu yolu yenidən qururuq, bir çox tunellər inşa ediləcək. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, biz Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir".

Millət vəkili Əhliman Əmiraslanovun sözlərinə görə, bu gün dövlətimiz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olub. Biz mövqelərimizi gücləndiririk. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı mühüm addımlar atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar: "Laçın şəhərində işlər ötən ilin avqustin 26-dan sonra başlayıb. Ötən ilin sentyabrında dövlət başçısı İlham Əliyevin Laçın rayonuna səfəri Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. O da məlumdur ki, Laçın rayonu hərbi-siyasi yolla işğaldan azad edilib. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanata əsasən Laçın rayonu 1 dekabr tarixində boşaldıldı. Ondan sonra rayonun bərpa-quruculuq dövrü başlandı. Prezident İlham Əliyev qısa dövrdə görülən genişmiqyaslı işlərdən geniş bəhs edərək bildirdi ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur, 30-dan çox ictimai bina inşa edilir. Bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdiriləcək. İlham Əliyev Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən işğaldan azad edilən ərazilərimizdə tətbiq olunan yeni idarəetmə üsulunun nəticələrindən bəhs edərək belə bir əminliyi də ifadə etdi ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir. Bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur".

Millət vəkili Naqif Həmzəyev bildirib ki, 44 günlük Vətən müharibəsinin gedişində bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycanın nəzarətinə keçdi. Laçın şəhərinə 2022-ci ilin avqust aylarının sonlarında alternativ yol çəkildi və Azərbaycan da bu gün orada abadlıq, quruculuq işlərini həyata keçirir: "İlin sonunda da laçınlıların bir qisminin öz dədə-baba yurdlarına qayıtmaqları nəzərdə tutulur. Azərbaycan da Qarabağ və Şərqi Zəngəzur üzrə fərqli idarəetmə üsulu həyata keçirir. Bu yeni idarəetmə üsuluna uyğun olaraq cənab Prezidentin xüsusi nümayəndələri təyin edilir. Laçın rayonuna da xüsusi nümayəndənin təyin olunması bu idarəetmə formasının bir tərkib hissəsidir. Düşünürəm ki, Ağdamda, Qarabağda, Şuşada və Şərqi Zəngəzurda həyata keçirilən yeni idarəetmə üsulu Laçında da öz müsbət nəticələrini verəcək. Ötən müddət ərzində biz Qarabağda və Şərqi Zəngəzurda xüsusi ilə Şuşa şəhərində sürətli inkişafın şahidiyik. Laçına da xüsusi nümayəndənin təyin edilməsi də bu qəbildən hesab olunur. Biz qısa bir zamanda Laçının çiçəklənməsinin və inkişaf etməsinin şahidi olacağıq".

Sevinc QARAYEVA

 





31.03.2023    çap et  çap et