525.Az

Sahibini "yaşadan" nömrələr və profillər - Şahanə Müşfiq yazır


 

Sahibini "yaşadan" nömrələr və profillər - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

İnsanın ölümə doğru gedişi, əslində, doğulduğu gündən başlayır. Yəni biz - fanilər doğulduğumuz ilk andan etibarən üzü ölümə doğru gedirik. Kimimizdə bu yol daha uzun, kimimizdə daha qısa çəkir. Bəzilərimiz bu yolu sona qədər səbrlə gedərkən, bəzilərimiz öz istəyi, öz əli ilə yolu yarıda tərk etməyi seçir. Düzdür, belə deyirik, amma bəlkə elə onların da yolu ora qədərmiş?! Qısacası, bir gün doğulan bir gün mütləq gedir. Həyatın ən ümdə və yəqin ki, heç zaman pozulmayacaq qanunu, düzənidir bu...

Yaşadığımız texnologiya əsri isə ölümlərin də təsir gücünü dəyişib, fərqləndirib sanki. Xüsusən, tanıdığımız, gündəlik, ya da vaxtaşırı ünsiyyətdə olduğumuz insanların bir səhər artıq var olmadığını bilmək bizi nə qədər üzsə də, onların telefonumuzdakı nömrələri, sosial şəbəkəmizdəki hesabları qarşımıza çıxdıqca qəribə hisslər yaşadır.

Sanki texnologiya əsri bizə dünyasını dəyişən tanışlarımızı unutmamaq, zaman-zaman xatırlayıb yad etmək üçün imkanlar yaradır. Telefonumuzun nömrələr bölməsində adı, votsap, feysbuk, instaqram kimi sosial şəbəkələrdə rəsmləri, bir gün, bir ay, hətta ölümündən bircə saat qabaq etdiyi paylaşımlar, yaşayarkən keçirdiyi duyğu və düşüncələr hər biri yerindəcə qalır. Sahibi dünyasını dəyişmiş profillərə daxil olanda bir anlıq duruxursan. Çünki artıq var olmadığını bildiyin, hətta yas mərasimində belə iştirak etdiyin insan orada hələ "yaşayır", "danışır", "düşünür"...

Bəzən bu "canlılığın" sehrinə qapılıb ya hansısa paylaşımına, ya da mesaj qutusuna nəsə yazırsan, əlin sözünə baxmayıb nömrəsini yığır. Onda gerçəyin amansız alovu qarsır üzünü. Ya nömrəsinə zəng çatmır, ya da başqa biri cavab verir. Ya profilinin "yaşıl işığı" yanmır, mesajın havada asılı qalır, ya da ekranın o başından başqası "danışır" sənlə.

Bir gün votsap statuslarına baxarkən, tanıdığım, vaxtaşırı hal-əhval tutduğum bir xanımın "hekayə" bölməsində öz şəklini paylaşaraq "Allah rəhmət eləsin!" yazdığını gördüm. Canıma üşütmə düşdü. İnsan niyə öz şəklini paylaşıb rəhmət oxusun ki?! Gecə idi... Buna baxmayaraq, "onlayn" göstərən nömrəsinə yazdım: "Nə olub?" Xəttin o başındakı tanışım səs göndərdi. Səsi açanda bunun o yox, tanımadığım bir kişi səsi olduğunu gördüm. Həmin xanımın həyat yoldaşı imiş. Onun bir neçə gün öncə dünyasını dəyişdiyini, nömrəsini artıq özünün işlədəcəyini dedi. İnanmaq, alışmaq o qədər çətindir ki. Hələ də telefonumda həmin xanımın nömrəsi və adı qalır. Bəzən girib baxıram, "onlayn" göstərir. Bəzənsə "hekayə" bölməsində nələrsə paylaşır. Lakin bilirəm ki, bu o deyil...

Üç il öncə rəhmətə gedən əziz şairimiz Fərqanə Mehdiyevanın nömrəsi hələ də aktivdir. O gündən nömrəsini qızı Ülkər işlədir. Fərqanə xanımla keçmiş yazışmalarımız qalır. Sonra qızı Ülkərlə də elə həmin nömrə vasitəsiylə yazışdıq. Amma mən üç ildir telefonumdakı o adı dəyişmirəm, dəyişə bilmirəm. Nədənsə, bunu mərhumun xatirəsinə vəfasızlıq kimi qəbul edirəm.

Eləcə də feysbuk "dostluğumda" illər ərzində dünyasını dəyişmiş çox insan var ki, onları da "dostluqdan silməyə" əlim gəlmir. Mənim üçün o insanlar o nömrələr, profillər həyatımda olduğu müddətcə yaşayırlar.

Nə qəribə zamandır. Bir vaxtlar sahibinin yaratdığı, işlətdiyi nömrələr, profillər sonralar sahiblərini "yaşadırlar"... Özləri sahibsiz qalsalar da...

 





31.03.2023    çap et  çap et