525.Az

Müstəqilliyimizə atılan güllə - Elçin Orucov yazır


 

Müstəqilliyimizə atılan güllə - <b style="color:red">Elçin Orucov yazır</b>

Sosioloq Elçin Orucov

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının millət vəkili Fazil Mustafaya sui-qəsd hadisəsi baş verib. Bu dəhşətli hadisə nəticəsində millət vəkili ona açılan odlu silahdan 2 ağır güllə yarası alıb və hazırda həkimlərimizin nəzarəti altındadır. Həyati təhlükəsi yoxdur. Bu günə açıqlanan məlumatlara əsasən Fazil bəyin səhhəti qənaətbəxşdir və keçirilən uğurlu tibbi əməliyyatlar nəticəsində özünü yaxşı hiss edir.

Bu qanlı hadisəylə bağlı cinayət işi başlanıb. Bu elə bir hadisədir ki, dövlətimizin buna münasibəti kəskin və birmənalı olmalıdır. Heç kəs dövlətimizi və dövlətçiliyimizi təhdid edə bilməz. Bunu edənlər isə ölkədə mövcud olan ən ağır cəzaya məhkum edilməlidirlər. Çünki bir millət vəkilinə atılan güllə, bir dövlət adamına və eyni zamanda da o dövlətə atılan güllədir. Polis və prokurorluq əməkdaşları tərəfindən hazırda zəruri istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir.  Azərbaycan hüquqi demokratik bir ölkədir və müvafiq orqanlar bu cinayəti törədənləri mütləq aşkar edəcək və onları layiqincə cəzalandıracaqlar. Bu bir terror aktıdir və əminik ki, xain terrorçular və bu terroru təşkil edənlər tez bir zamanda üzə çıxarılacaqlar və qanun qarşısında cavab verəcəklər.

Təbii ki, dövlət rəsmiləri və siyasi ekspertlər bu hadisəni ölkənin media məkanında yetərincə təhlil ediblər və bundan sonra da edəcəklər. Mən bir sosioloq olaraq bu və bu kimi hadisələrə münasibət bildirmək istəyirəm. Düşünürəm ki, belə terror hadisələrinə sosioloji müstəvidən də baxmaqda cəmiyyətimiz üçün bir fayda var. Sosioloji nöqteyi-nəzərin bir neçə səbəbi vardır. Əvvəla cəmiyyətdə baş verən bütün siyasi proseslərin təməlində bu və ya digər sosioloji faktorlar durur. Vətəndaş cəmiyyətində insanların siyasi yetkinliyi onların sosial davranışlarına bağlıdır. Klassik liberalizmin banisi, ingilis sosioloqu Herbert Spenserə görə, cəmiyyətdə fərdlərin siyasi davranışı onların sosial davranışlarının təzahürüdür. Digər tərəfdən isə müasir həyat tərzimizdə siyasi münasibətlər cəmiyyətdə fərdlərin məişət münasibətlərinə, madii, mənəvi, ideoloji, dini və digər baxışlarına təsir edir və bu münasibətlər daima təmas halındadır.  Cəmiyyət canlı sosial orqanizmdir və hər hansı neqativ yönlü impulslar vətəndaşların siyasi və ictimai həyatına təsir edir. Belə qorxu doğuran hadisələr cəmiyyətdə stabilliyi pozmaq niyyətini daşıyır və bu da şüuraltı qorxu hissini yükləyir. Dünyada baş verən bütün terror hadisələri cəmiyyətdə qorxu yaratmaq xarakteri daşıyır və bu kimi hədə-qorxular həmişə xarici qüvvələrin ölkənin siyasi, iqtisadi və beynəlxalq konyukturasına gizli mesajların ötürülməsinə yönəlir. 

Amma Azərbaycan dövləti bölgədə və dünyada düzgün və ədalətli siyasət aparır və bununla da həm cəmiyyət daxilində, həm də başqa ölkələrlə xarici münasibətlərində siyasi və iqtisadi stabilliyin qorunmasını təmin etmək üçün əlindən gələni edir. Buna baxmayaraq mənfur qonşularımız öz iyrənc əməllərindən və ədalətsiz siyasətlərindən əl çəkmirlər. Azərbaycan bu gün bölgədə söz sahibi olan güclü bir dövlətə çevrilib və istənilən müdaxiləyə adekvat cavab verməyə hazırdır. Heç bir qara qüvvə bizim müstəqilliyimizə mane ola bilməz.

Onu da qeyd edim ki, baş verən bu çirkin əməl bütün dövlət qurumlarımız tərəfindən və eyni zamanda mütərəqqi dövlətlər tərəfindən birmənalı olaraq terror aktı kimi səciyyələndirilib. Millət vəkilimizə qarşı törədilən bu hadisə nəticə etibarı olaraq cəmiyyətdə insanlarımız arasında xaos və güvənsizliyin yaranmasına hədəflənsə də, xalqımız bu sınaqdan keçərək daha da mətinləşəcək və bu da insanlarımızın mütəşəkkil şəkildə bir yumruq olaraq birləşməsinə səbəb olacaqdır. Azərbaycan bir dövlət olaraq çox çətin bir mübarizə yolu qət edərək öz müstəqilliyini qazanmışdır və belə xoşagəlməz hadisələr bizim müstəqilliyimizin bərqərar olmasına mane ola bilməz. Unutmayaq ki, bunun kimi çətin sınaqlarda biz daha mütəşəkkil şəkildə birləşməyi və düşmənlərimizə layiqli cavab verməyi bacaran bir xalqıq. Tarixə nəzər salsaq görərik ki, bir çox dovlət adamımıza qarşı belə sui-qəsdlər olmuşdur. Amma bu bizim suverenliyimizi və milli iradəmizi heç vaxt qıra bilməmişdir.

Fazil Mustafa yüksək vəzifəli bir dövlət məmurudur və eyni zamanda Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətini həyata keçirən və yüksək dövlət hakimiyyət orqanı olan Milli Məclisin 125 səlahiyyətli üzvündən biridir. Həmişə dövlətçilik və vətənpərvərlik ideyalarını təbliğ edən sağlam iqtisadi və siyasi baxışları ilə fərqlənib. 

Dövlətimiz tutduğu vəzifədən asılı olmayaraq bütün vətəndaşlarının həyatını qorumaq iqtidarındadır. Əfsuslar olsun ki, insanlıq çərçivəsindən kənara çıxmış qara qüvvələrin belə iyrənc addımları tək Azərbaycanda deyil, bütün ölkələrdə baş verir. Bu gün terror bütün sivil dünyanın ən böyük problemlərindən biridir. 

Millət vəkilimizə atılan güllə müstəqilliyimizin mövcudluğunu həzm edə bilməyən şər qüvvələrin planlarıdır. Yekdil bir cəmiyyət olaraq inanırıq ki, o saxta planlar tez bir zamanda güc strukturlarımız tərəfindən alt-üst ediləcək və bu da hamının bundan sonra daha da ayıq-sayıq olmasına səbəb olacaqdır.

Bu yazımda bir məqama da toxunmaq istəyirəm. Hərçənd ki, bu saata qədər bu kinli cinayəti icra edən və eyni zamanda insanlıq düşməni olan o cinayətkar hüquq mühafizə orqanlarımız tərəfindən hələ tapılmasa da, bütün şübhələr və ehtimallar İran İslam Respublikasının üzərinə düşür. Bu ehtimalı zərərçəkən millət vəkilimiz Fazil Mustafa da dilə gətirib. O öz siyasi fəaliyyəti çərçivəsində həmişə İranın Azərbaycan Respublikasına qarşı xoşagəlməz münasibətindən və düşmənçilik siyasətindən danışıb. Həmişə dövlətçilik və qonşularımızla dostluq münasibətləri qurmaq ideyalarından çıxış edib. İran İslam Respublikasında hökm sürən molla rejimi isə bu günə qədər Azərbaycan Respublikasının varlığını qəbul edə bilmir və iyrənc hərəkətləri ilə ölkəmizə bu və ya digər vasitələrlə müdaxilə edərək cəmiyyətdə vətəndaşlarımızı qıcıqlandırır. İran rəsmi dairələri eyni zamanda hər iki ölkədə yaşayan və güclü dini bağları olan milyonlarlarla insanı bir birinə düşmən olmağa vadar edir. Bu isə İslam dinində ən böyük günahlardan biridir – müsəlmanı müsəlmana düşmən etmək. Bu addımlar hər iki ölkədə olan vətəndaş cəmiyyətinin inkişafına və inteqrasiya etməsinə böyük zərbədir. Azərbaycan dövlətinin İrana qarşı normal qonşu münasibətlərinə dayanan dostluq siyasəti aparmasına baxmayaraq, İran həmişə öz məkirli planları ilə ölkəmizdə və bölgədə stabilliyi pozmağa çalışıb. Hörmətli millət vəkilimiz F.Mustafa heç vaxt çəkinmədən bu problemlər və onların həlli yolları haqda danışıb. Görünür İranın rəsmi dairələrində, millət vəkilimizin onların bu düşmənçilik siyasətininin Azərbaycan vətəndaşlarına açıqlanması xoşlarına gəlməyib. Amma Azərbaycan dövləti kimlərinsə xoşuna gəlib-gəlməməyinə görə yox, müasir dünyada öz sözünü deyə bilən güclü bir dövlət olmasına görə mövcuddur. 

Son olaraq onu demək istəyirəm ki, sosiologiya insan cəmiyyətini öyrənən bir elmdir. Amma insanlar bioloji varlıqlar olduqlarına görə, həm də təbiət qanunlarına tabedirlər. Geniş mənada təbiət də insan cəmiyyəti kimi öz müxtəlifliyinə görə bütöv bio-sistemidir. Faktiki olaraq təbiət insan cəmiyyətinin mövcudluğu üçün təbii şəraitin məcmusudur (yaşayış yeri, münasibətlər, kommunikativ əlaqələr və s.). Cəmiyyət kimi təbiət də inkişaf edən dinamik və mürəkkəb bir sistem kimi özünü xarakterizə edir. Amma buna baxmayaraq təbiətdə dəyişməyən münasibətlər də mövcuddur. İnsanlardan fərqli olaraq təbiətdə yaşayan heyvanlar, onlara yaradılışdan yüklənən davranış kodlarına uyğun olaraq bir birilərinə davranırlar. Məsələn, çaqqallar şirlərin əbədi düşmənləridir. Bu bioloji “qonşuluğu” dəyişmək mümkün deyil. Təbii ki, şirlərin yaxşı qonşuları da var. Amma bu hal şirlərlə çaqqalların əbədi düşmənçiliyinə təsir etmir. Biz ətrafımızı bürüyən mənfur və alçaq düşmənlərimiz haqda düşünəndə ən azından şirləri də yada salsaq yaxşı olardı. Demək ki, şirlərin də taleyinə çaqqal kimi bir “qonşu” yazılıb. Özü də nə az, nə çox, əbədi qonşu! Bəs şirlər nə etsin? Bunu qəbul edib yaşamağa və müstəqilliyimizi qorumağa davam etmək lazımdır. Çünki bir insan cəmiyyəti olaraq ən şərəfli yol budur. Allahın da yaratdığı varlıqları içində yeganə şüur verdiyi insandan istəyi odur ki, qonşusuna zərər vermədən yaşamağı və dost münasibətlərini qurmağı bacarsın.

Allah millət vəkilimiz Fazil Mustafaya şəfa versin! Allah Azərbaycanımızı həmişə var etsin! 

 





31.03.2023    çap et  çap et