525.Az

“Heydər Əliyev və Azərbaycanda türkologiyanın inkişafı” mövzulu elmi seminar


 

“Heydər Əliyev və Azərbaycanda türkologiyanın inkişafı” mövzulu elmi seminar<b style="color:red"></b>

BDU-nun Filologiya fakültəsi Türkologiya kafedrası nəzdində “Türkoloji araşdırmalar” ETL-də Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda türkologiyanın inkişafı” mövzusunda elmi seminar keçirilib.

525.az xəbər verir ki, tədbirdə Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədli, İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri professor Abbas Abbasov, “Dədə Qorqud” və “Türkoloji araşdırmalar” ETL-in, Alman və fransız dilləri kafedrasının əməkdaşları, Tələbə Elmi Cəmiyyətinin üzvləri iştirak ediblər.  

Seminarı giriş sözü ilə açan Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədli ümummilli lider Heydər Əliyevin Azərbaycan elminin və təhsilinin tərəqqisi, xüsusilə filologiyanın inkişafı istiqamətində atdığı tarixi addımlardan, elm, ədəbiyyat və mədəniyyət xadimlərinə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açıb, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının tarixi-mənəvi əhəmiyyətini vurğulayaraq bu yöndə təşkil olunan elmi tədbirlərin dahi şəxsiyyətin irsinin öyrənilməsinə böyük töhfə olduğunu diqqətə çatdırıb. Natiq bildirib ki, Heydər Əliyevin hakimiyyəti illərində ölkəmizin bütün sahələrində olduğu kimi, türkoloji düşüncənin inkişafı istiqamətində baş verən dirçəliş, türk xalqları ilə mənəvi-siyasi əlaqələrin qurulması böyük tarixi nailiyyətdir və Ulu Öndərin siyasi-ideoloji fəaliyyətində türk dünyası məsələlərinin araşdırılması humanitar elmlərin aktual problemlərindən biridir. 

“Türk xalqları arasında mənəvi və mədəni əlaqələrin qurulmasında Ulu öndər Heydər Əliyevin rolu” adlı məruzə ilə çıxış edən “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov türk dünyası ilə münasibətlərin daha da möhkəmləndirilməsində Heydər Əliyevin tarixi xidmətlərindən və bu sahədə əldə olunan uğurların türkologiyanın inkişafına olan təsirindən söz açıb. Məruzəçi qeyd edib ki, Azərbaycanda milli-ideoloji düşüncənin formalaşmasında, mənəvi dəyərlərimizin və dərin tarixi köklərimizin tədqiqi və təbliği işinə hələ sovet dövrünün ən mürəkkəb illərində xüsusi diqqət ayıran Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi bütün sahələrdə olduğu kimi, filologiyanın, o cümlədən türkoloji düşüncənin inkişafına ciddi təsir göstərib. Bu mühüm addımlardan biri kimi, Bakı Dövlət Universitetində Türkologiya kafedrası yaradılıb və türk xalqlarının dillərinin və ədəbiyyatlarının öyrənilməsinə ciddi təkan verilib. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, TÜRKSOY-un, Türk Yazarlar Birliyinin yaradılmasında Heydər Əliyevin müstəsna xidmətlərinə toxunan natiq bildirib ki, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500, “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Türk dünyasının böyük və tanınmış ədəbiyyat xadimlərindən olan Çingiz Aytmatov və Oljas Suleymenovun yaradıcılıqlarını izləyən Ulu Öndər onlarla dəfələrlə görüşüb, xidmətlərinə yüksək qiymət verib. 

“Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazovun “Heydər Əliyev və müasir Azərbaycan türkologiyasında əsas hədəflər” adlı məruzəsində XX əsrin əvvəllərindən başlayaraq ölkəmizin türkoloji düşüncənin əsas mərkəzlərindən birinə çevrilməsindən, Heydər Əliyevin hakimiyyəti illərində aparılan mühüm türkoloji tədqiqatlardan və müasir dövrdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin türk dünyasının mənəvi-siyasi birliyinin möhkəmləndirilməsi yönündə atdığı tarixi addımların türkologiyanın inkişafına təsirindən bəhs olunub. Azərbaycanın digər türk dövlətləri ilə elmi-mədəni əlaqələrinə toxunan məruzəçi bildirib ki, Ümummilli Liderin türk dünyası ilə bağlı strateji hədəfləri, türkdilli dövlətləri bir araya gətirən mötəbər kürsülərdəki çıxışları, bir çox mühüm əhəmiyyət daşıyan tədbirlərin Azərbaycanda həyata keçirilməsi ölkəmizdə türkoloji tədqiqatları məzmunca yeni keyfiyyət müstəvisinə qaldırıb və bu sahədə elmi əlaqələrin miqyası daha da genişlənib. Böyük tarixi Zəfərdən sonra respublikamızın türk dünyasında nüfuzunun daha da güclənməsi və bu coğrafiyada əsas söz sahiblərindən birinə çevrilməsi, cənab İlham Əliyevin mühüm beynəlxalq tədbirlərdə dünyanın müxtəlif ərazilərində yaşayan türk xalqlarının hüquqlarının və maddi-mədəni irsinin qorunması yönündəki çağırışları türkoloji araşdırmaların məzmunca yeniləşməsinə və aktual məsələlərin tədqiqinə geniş imkanlar yaradıb. Həmçinin məruzədə müasir dövrdə türkologiya sahəsində kadr hazırlğı istiqamətində diqqət çəkən və Azərbaycan dövlətinin mənafeyini layiqincə təmsil edən mütəxəssislərin yetişdirilməsinin vacibliyindən də söz açılıb. 

“Türkoloji araşdırmalar” ETL-in elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Suqra Rəhmanova “Azərbaycanda türkoloji dilçiliyin tarixi” adlı məruzəsində türkologiya sahəsində mühüm xidmətləri olan görkəmli azərbaycanlı alimlərin fəaliyyətindən, onların elmi yaradıcılığının dünya türkologiyasına təsirindən söz açıb. Məruzədə görkəmli türkoloqlar F.Zeynalov, Ə.Abdullayev, M.Şirəliyev, Y.Seyidov, A.Axundov, T.Hacıyev, S.Əlizadə, M.Qıpçaq, Ə.Rəcəbli və digər tanınmış alimlərin türkoloji dilçiliyə verdikləri əvəzsiz töhfələrdən danışılıb, hazırki dövrdə qabaqcıl və gənc tədqiqatçıların türkoloji dilçiliklə bağlı araşdırmaları təhlil olunub. 

Sonra məruzələr ətrafında çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb. 


 

 





31.03.2023    çap et  çap et