525.Az

Litva jurnalistinin 1990-cı il Naxçıvan müsahibəsi


 

YAXIN TARİXİMİZƏ UZAQDAN BAXIŞ

Litva jurnalistinin 1990-cı il Naxçıvan müsahibəsi<b style="color:red"></b>

Litvanın siyasi və jurnalistika elitasında Qarabağ münaqişəsinə, Ermənistan-Azərbaycan və Türkiyə-Ermənistan münasibətlərindəki bir sıra mühüm tarixi, dini, etnokulturoloji və geosiyasi faktorlara münasibət həmişə birmənalı olmayıb. Bununla bağlı indi də bu ölkənin ictimai diskursunda hələ XIX əsrin sonlarından başlayaraq formalaşdırılmış bir sıra köhnə stereotiplər mövcuddur.

Hərçənd Litvada ən yeni tarixin ilkin mərhələlərindən başlayaraq Azərbaycan xalqının haqq səsinə səs verən və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən Litva ziyalıları dəstəsi də vardır. Ən müxtəlif peşə sabibləri olan bu ziyalılar sırasında jurnalistlər, tarixçilər, siyasi icmalçılar, media ekspertləri və politoloqlar mühüm yer tutur.

1988-ci ildən etibarən Litva mediasında Qarabağ probleminə və Ermənistan-Azərbaycan münaqişəsinə obyektiv qiymət verilən yüzlərlə məqalə işıq üzü görüb (hərçənd bunların da bəzilərində mübahisə doğuran bir çox məqamlar diqqət çəkir). Ən fərqli janrlarda yazılan bu publikasiyaların müəllifləri arasında 50-dən artıq tanınmış litvalı qələm sahibi vardır. Bu gün tam bir əminliklə konstatasiya edə bilərik ki, müasir Litva-Azərbaycan ictimai-siyasi, kulturoloji və publisistik əlaqələrinin başlıca qolunu Qarabağ münaqişəsi mövzulu əsərlər və tərcümələr təşkil edir.

Həmin yazılarıdan birinin Litva dilindən tərcüməsini oxuculara təqdim edirəm.

 

Naxçıvan müsahibəsi

 

Linas ÇESNULYAVİÇYUS
Litva jurnalisti, Vilnüs

 

İki həftə ərzində litvalı jurnalist həmkarım Ritas Stasyalis ilə birgə Zaqafqaziya respublikalarını -  Ermənistan, Gürcüstan və Azərbaycanı səyahət etdik. Çox şeylər gördük və ən çox bizi bu ölkələrdəki təzadlı həyat səhnələri təəccübləndirdi: Tbilisidə gündəlik həyat qayğıları ilə yaşayan insanlar, kafe və restoranların yanında topalaşan gənclər - Qazaxda isə dəmiryol vağzalında yığılmış və sözün əsl mənasında qana susamış kütlə. Yerevanda axşamlar parlaq işıqlandırılan küçələr, çıraqban meydanlar - Stepanakertdə (Xankəndində - M.H.) isə az qala hər yüz metrdən bir zirehli hərbi maşınlar qoyulmuş yollar...

Bununla belə, Naxçıvan şəhəri bizə daha fərqli göründü: - bom-boş və çox çirkli küçələr, tək-tük yoldan keçən və soruşanda sənə həvəslə yol göstərən insanlar... Yol kəsişmələrində nə hərbi maşınlar, nə də silahlı patrullar görünmürdü. Sanki burda sülh və sakitlik hökm sürürdü.

Lakin Naxçıvanda özümüzü çox narahat hiss edirdik. Yeri gəlmişkən, sonradan aydın oldu ki, bu muxtar respublikanın bir çox sakinləri də özlərini eynilə bu cür hiss edirlər. Bu narahatlıq hər bir anda  fövqəladə vəziyyətin elan edilib komendant saatının tətbiq olunması gözləntisi (onlar bu "sevinci" indiyədək dəfələrlə yaşayıblar və bundan açıqca qorxurlar) və gerçəkdə hər zaman başlana bilən ermənilərin hücum təhlükəsi (ən azından onlara belə görünür) ilə bağlı idi. Bu insanlar üçün sülh və əmin-amanlıq, ahəngdar və müntəzəm iş rejimi, normal tədarük və təchizat kimi məhfumlar az qala unudulmuş anlayışlara çevrilib.

Biz burada üzünmüddətli blokadanın - bu bölgənin təcrid olunmasını zatən belə adlandırmaq daha düzgün olardı - nəticələrini elə ilk axşam öz üzərimizdə hiss etdik: Naxçıvanın ən yaxşı qonaq evi sayılan "Təbriz" hotelində küçədə olduğu kimi soyuq idi. Yuyunmağın yolunu isə yalnız hotelin növbətçisindən burdakı kranlara su verilmə saatlarını öyrəndikdən sonra tapa bildik. 

1. “Təbriz“ hotelinin rekonstruksiyadan qabaqkı görüntüsü.. 2. Litva jurnalisti Ritas Stasyalis.

Şənbə günü - İran İslam İnqilabının 11-ci ildönümü ərəfəsində, axşamdan xeyli keçmiş hotelin otaqların birində qabaqcadan hazırlanmamış - improvizasiya edilmiş mətbuat konfransı düzənləndi. Konfransa xeyli adam qatılmışdı, söhbətlər uzun çəkdi və çoxlu mövzulara toxunduq. Bütün həmsöhbətlərimin məlumatlı və səriştəli olması heç bir şübhə doğurmamasına baxmayaraq, oxucuları xəbərdar edirəm ki, hər bir halda onlar Azərbaycan tərəfinin insanlarıdır və öz fikirləri ilə bu Respublikanın mövqeyini təmsil edirlər. Bəzi hadisələri və durumları onlar bizdən və ya ermənilərdən fərqli dəyərləndirirlər. İstərdim ki, düzgün anlayasınız - onlar yalan danışmırlar, sadəcə olaraq onlara belə görünür. Suallarımızı bu jurnalistlər cavablandırdılar:

Azərbaycan jurnalistləri Qahirə Hüseynova və Namiq Cəlilov. 

Azərbaycan-Ermənistan münaqişəsinin və indiki son dərəcə gərgin vəziyyətin səbəbi, daha dəqiq desək, başlanğıc nöqtəsi Dağlıq Qarabağ məsələsidir...

Namiq Cəlilov. Bu torpaq bizimdir. Və Dağlıq Qarabağın verilməsindən, dəyişdirilməsindən və ya digər oxşar bir addımın atılmasından heç bir söhbət gedə bilməz. Ermənilər Dağlıq Qarabağa yönəlik iddialarını xalqların öz müqəddəratını təyinetmə hüququ ilə əsaslandırırlar. Biz belə bir hüququn olmasını bilirik və onu qəbul edirik. Amma onlardan soruşmaq istəyirik: Məgər Ermənistan ərazisində yaşayan 200 min azərbaycanlı da elə həmin təyini-müqəddərat hüququnu tələb etmirmi?! Cavabında onlar bildirirlər ki, bu gün Ermənistanda bircə nəfər də olsun azərbaycanlı yoxdur...

Ermənistandakı hadisələr eynilə Dağlıq Qarabağda, Stepanakertdə baş verdi. Hərbçilər adamın evinə gəlib deyirlər ki, biz sizin təhlükəsizliyiniz üçün artıq qarant verə bilmirik. Deyin görək, həmin adam özünü necə hiss etməli və hansı addımı atmalıdır?! İnsanlar oraları tərk etdilər. Doğrudur, onlardan təxminən 15 min nəfəri bu günədək Şuşada və ətraf kəndlərdə çamadanlarının üstündə oturublar və ümid edirlər ki, tezliklə evlərinə qayıda biləcəklər.

Fəridə Abdullayeva. Bəs nə üçün o torpaq Dağlıq Qarabağ adlanır? O bölgə Araz çayına qədər (İran sərhəddinə kimi - L.Ç.) uzanan yuxarı və aşağı Qarabağ ərazilərinin tərkib hissəsidir. Qarabağda həmişə indi azərbaycanlılar adlanan millətlər yaşayıblar. Və nəhayət, belə bir faktı qeyd etmək istərdim ki, 10 il öncə ermənilərin Dağlıq Qarabağa gəlməsinin 150 illik tarixi anıldı. O zaman bu tarixi əbədiləşdirmək üçün bir abidə ucaldıldı. Abidəni ermənilərin özləri qoymuşdular. Bu gün həmin abidə dağıdılmışdır.

- Sizcə, azərbaycanlılar bu fəlakəti önləmək üçün nəyi etməməli idilər?

Bahadır İmamquliyev. SSRİ Nazirlər Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında Qərar qəbul edərkən və bunların həyata keçirilməsi üçün 500 milyon rubl pul vəsaiti ayırarkən, dərhal paralel olaraq Ermənistanda yaşayan azərbaycanlılarla da bağlı analoji Qərar qəbul etməli və mütləq onlara da eyni miqdarda pul ayrılmalı idi. Niyə? Axı öz-özlüyündə aydındır ki, Nazirlər Soveti belə bir birtərəfli Qərarı verməklə Ermənistanda yaşayan azərbaycanlıların hüquqlarını məhdudlaşdırdı. Bu Qərar azərbaycanlıları Ermənistandan qovmaq üçün atılan ilk addım oldu. Onlar hüquqları artıq Konstitusiya ilə qorunmurdu. Mən elə onda bilirdim və hamıya deyirdim ki, Ermənistanda sanki bir rezervat statusuna malik olan, hətta elektrik enerjisi və sadə bir dükanı olmayan Azərbaycan kəndləri vardır. Bu məsələ Ermənistan Hökuməti tərəfindən həll edilməli idi. Ancaq Hökumət heç nə etmədi. Və Azərbaycan Hökuməti də bunun üçün heç barmağını da tərpətmədi və heç bir söz demədi. 

Öncə qaçqınlar Ermənistandan kütləvi şəkildə axışıb gəlmirdilər, tək-tük hallarda oranı tərk edirdilər. Hökumət isə onların niyə qaçdıqlarının səbəbini aydınlaşdırmaq, hansısa təsirli tədbirləri görüb onların axınını kəsmək, ya da ən azından dayandırmaq yerinə, qaçqınları harada yerləşdirmək, necə yedizdirmək və hardan onlara iş tapmaq barədə düşünürdü. Halbuki ildırım sürəti ilə qaçqınların tərk etdikləri rayonlara getmək və dərhal danışıqlara başlamaq lazım idi. Mən özüm o vaxt Ermənistanın Masis rayonunda idim. Poqromların keçirildiyi və azərbaycanlıların öldürüldüyü Qafana getdim. Burda rayon partiya komitəsinin birinci katibi ilə görüşüb danışdım. Ondan azərbaycanlıların təhlükəsizliyi üçün qarant verməyi xahiş etdim.  O, buna söz verdi və artıq iki saatdan sonra azərbaycanlıların gizləndikləri dəmiryol stansiyasında mühafizə qoyulmuşdu. Odur ki, biz hamımız hadisə yerlərinə az getdik, az danışıqlar apardıq və az tələblər irəli sürdük.

Zənnimcə, ən pisi odur ki, Azərbaycan Hökuməti ekstremal şəraitdə tamamilə özünü itirdi və artıq nə edəcəyini bilmədən kömək üçün Moskvaya müraciət etdi. Hətta bunu da onlar xeyli gec etdilər. Hökumət yetkililəri hələ də vəziyyəti xilas etmək üçün nə isə etməyə çalışan insanların əllərindən tutub bunu etməyə qoymurdular, onları hədələyir və şantaj edirdilər. Hökumət vəziyyəti normallaşdıra bilərdi və bunu etməli idi.

Azərbaycan jurnalistləri Fəridə Abdullayeva və Bahadır İmamquliyev.

- İndi Azərbaycanda vəziyyəti normallaşdırmaq üçün əsas maneə nədən ibarətdir?

Namiq Cəlilov. Ölkədə son on illər ərzində nisbi bir sakitlik - durğunluq hökm sürürdü. İnsanlar ətalətli bir hala düşmüşdülər və tamamilə unutmuşdular ki, bu və ya digər bir məsələnin həllində özləri bilavasitə iştirak edə bilərlər. Bundan əlavə, əhalinin əksəriyyəti zatən inanırdı ki, Moskva elə bir mərkəz və elə bir hakimiyyət pilləsidir ki, hər zaman bizə kömək edəcək. O durğunluq illərində insanlar onlara verilən vədlərə elə qapılmışdılar və zahiri əmin-amanlıq o qədər dərin bir kök salmışdı ki, indiki bu hadisələr başlananda və qəti tədbirlər görmək lazım gələndə, insanlar bir-birlərini sakitləşdirib deyirdilər: "Tələsməyin, bir az gözləyin, hər şey öz-özünə qaydasına düşəcək..."

Azərbaycan SSR KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov hakimiyyətə gəldiyi ilk gündən olduqca qeyri-populyar bir rəhbər oldu. Nümunə üçün belə bir biabırçı faktı təqdim etmək olar: O, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi haqqında Qanunu rusca oxuyub...

Qahirə Hüseynova. Yəqin ki, əsas problemimiz Moskvanın bizə təyin etdiyi rəhbərlərdir. Bu təcrübə ləğv olunmayana qədər çətin ki, nə isə lazımi istiqamətdə irəliləsin.

Bahadır İmamquliyev. Ermənistandakı evlərini atıb qaçan insanlar haqqında mütləq danışmaq lazımdır. Son iki il ərzində onları Ermənistandan bir neçə dəfə qovublar. Təsəvvür edin ki, mən bir yerazam (burda qaçqın Yerevan azərbaycanlıları belə adlanır. - L.Ç.). Məni bir il ərzində üç dəfə qovublar. Həyat yoldaşım və uşaqlarım var. Mən onları təmin etməli və qayğılarına qalmalıyam. Hökumət isə mənə deyir: sizin qayğınıza biz qalacağıq. Təsəvvür edək ki, Sov. İKP-nin Ermənistan və Azərbaycan Mərkəzi Komitələri razılığa gəldilər, Ermənistan və Azərbaycan Xalq cəbhələri də razılaşdılar. Ancaq mən onlara inanmıram - mən yüz faiz əmin deyiləm. Çünki o torpaqlardan artıq üç dəfə qovulmuşam. Torpağımı, ev-eşiyimi, mal-qaramı və ata-anamın məzarlarını itirmişəm. Mən qayıdanda artıq qəbiristanlıq yox idi. Məscidimi də itirmişəm - namaz qılacağım yerim yoxdur, hər şey dağıdılıb, yerlə-yeksən edilib. Ermənistanda artıq xalqımı nişan verib xatırladan bir şey qalmayıb. Və kim mənə zəmanət verə bilər ki, orada sakit və xoşbəxt bir həyat sürəcəyəm?!

 - Vəziyyətdən hər hansı bir çıxış yolu görürsünüzmü?

Qahirə Hüseynova. Təkcə bir çıxış yolu ola bilər - sadəcə olaraq qarşı tərəfi anlamağa çalışmaq və razılaşmaya gəlmək lazımdır...

- Razılaşmaya necə gələ bilərsiniz ki? Axı Dağlıq Qarabağ məsələsində hər iki tərəf güzəştə getməyəcək.

Qahirə Hüseynova. Bilmirəm. Dağlıq Qarabağ əsrlər boyu Azərbaycana məxsus olub...

- Bəzən bu münaqişənin ərazi iddialarına görə yox, gerçəkdən dini zəmində başlandığıını iddia edən səslər eşidilir.

Fəridə Abdullayeva. Mən qəti şəkildə təsdiq edirəm ki, bu, - yalandır. Zənnimizcə, rəsmi Moskva və digər qüvvələr bizim demokratik hərəkata mürtəce millətçilik və İslami hərəkat donunu geyindirmək istəyirlər. Onlar Azərbaycanda demokratik qüvvələrin varlığını qəbul etmək istəmirlər. 

- Sizin İrana baxışınız necədir?

Qahirə Hüseynova. Öncə mən Sizin sualınızı dəqiqləşdirmək istərdim: İrana yox, Güney Azərbaycana. Xalqımızı iki yerə bölüblər. İnsanlar Arazın o biri üzündə yaşayan qohumları ilə görüş günlərinin təyin edilməsini istəyirlər, heç bir ünsiyyət qurmağın mümkün olmadığı uzun illər boyu yaxınlarının başına nələrin gəldiyini bilmək istəyirlər. Və başqa heç nə.

Vilnüs - Naxçıvan, "Təbriz" hoteli, 10 fevral 1990-cı il.

Fotolar Linas Çesnulyaviçyusundur. 

Vilnüs, "Respublika" qəzeti, 24 mart 1990-cı il. № 63.

Müsahibəni Litva dilindən Mahir Həmzəyev tərcümə edib.

 





31.03.2023    çap et  çap et