525.Az

"Əlim qələm tutdu, tale yar oldu..." - Sabir Rüstəmxanlı yazır


 

"Əlim qələm tutdu, tale yar oldu..." - <b style="color:red"> Sabir Rüstəmxanlı yazır</b>

Heç kimə maddi və mənəvi borcum yoxdur. On yeddi yaşımdan, yəni kənddən çıxandan, evimizdə şərt kəsmişdim ki, məndən narahat olmasınlar, özüm-özümü dolandıracağam. Beləliklə, tələbəliklə yanaşı, bir fəhlə həyatı yaşadım, qarşıma çıxan bütün müşgülləri, çətinlikləri özüm həll etdim. Üstümdə xırda zəhmətləri olan yaşlı yazıçı və alimlərimiz həyatdan köçüb gediblər. Amma onlara da borclu qalmamışdım, onlar haqqında da sözümü demişdim. Lakin həyat yolumun müəyyənləşməsində xidməti olan tək bir adam var ki, özümü ona borclu sayıram. O, aprelin 1-də 87 yaşı tamam olacaq şair, tədqiqatçı-alim Ayaz Vəfalıdır.

Onunla tanışlığımız 1967-ci ilin may ayından başlanır. 4-cü kurs tələbəsi idim, "Ədəbiyyat və incəsənət" qəzetində boş yer olduğunu deyən bir dostumun məsləhəti ilə qəzetin baş redaktoru Hüseyn Abbaszadənin qəbuluna getdim və qəzetdə işləmək istədiyimi bildirdim. O, hələ yaxından tanımadığım, adını ancaq mətbuatdan duyduğum Ayaz Vəfalını çağırdı və dedi: "Başqa iki nəfər də müraciət edib. Bunların üçünə də məqalə ver, qoy redaktə etsinlər. Hansının işini bəyənsən, onu işə götürərik".

Ayaz Vəfalı iki nəfərlə yanaşı, mənə də iri bir məqalə verdi. Hansısa kitab haqqında 24 səhifəlik resenziya idi. Yazını oxudum və artıq saydığım bütün parçaları ixtisar elədim, təhlilləri dəqiqləşdirdim, cümlələri düzəltdim. 5-6 səhifəlik normal bir rəy qaldı. İşimiz bitəndən sonra Ayaz Vəfalı yazıların 3-nü də gözdən keçirib, bizi Hüseyn Abbaszadənin otağına apardı. Baş redaktor yazılara diqqətlə baxandan sonra o biri iki yazını kənara qoyub mənim oxuduğum yazını əlində qaldırıb "sən burda bir şey qoymamısan ki!" - dedi. Mən "Onu yalnız bu şəkildə qəzetə vermək olar" dedim. Hüseyn müəllim gülümsədi və Avazın rəyini soruşdu, Ayaz Vəfalı "Hüseyn müəllim, bu iki nəfər də savadlıdır, qələmləri var, amma bu oğlanın başı var" - dedi.

Bu sözlə mənim həyatımın yeni bir mərhələsi başladı. Hüseyn Abbaszadənin "sabahdan işə çıx!" sözləri mənim üçün bayram idi.

Bu vaxt universitetdə müəllimim olmuş Bəxtiyar Vahabzadə içəri girdi. Mənim nəyə gəldiyimlə maraqlanandan sonra, baş redaktora dedi: "Hüseyn, mənim çox tələbəm olub, amma beləsi olmayıb. İşə qəbul elə, peşman olmazsan".

Beləliklə, 1967-ci ilin may ayının 13-də mən Ayaz Vəfalının başçılıq etdiyi Tənqid və ədəbiyyatşünaslıq şöbəsində kiçik ədəbi işçi kimi fəaliyyətə başladım. Həmin gün Nərimanov mühafizə idarəsindəki qarovulçuluq işimə çıxmadım, heç sonuncu maaşımı almağa da getmədim, çünki mən artıq böyük nüfuzu olan "Ədəbiyyat və İncəsənət" qəzetinin işçisi idim. "Bu gün get, sabah gəl!" sözlərini eşitmədən, çək-çevirə salınmadan, rüşvət və minnət tələb edilmədən, atamın hansı vəzifə sahibi olması soruşulmadan, "Sən hələ tələbəsən, dərsə getməlisən" deyilmədən, SV tələb edilmədən... İndikilərin qulağına qurğuşun...

Qəzetdə şeirlərimdən öncə kitablar haqqında rəylərim, ədəbi proses haqqında xəbərlərim və yazılarım çap olundu.

Universitetdə yaxşı oxuyan tələbələrdən biri idim. Bir il sonra universiteti fərqlənmə diplomu ilə bitirəcəkdim. Amma mənim ən böyük universitetim "Ədəbiyyat və incəsənət" qəzeti oldu. Burda Sabir Əhmədli, Qabil, Emin Mahmudov, Adil Babayev, Məmməd Əkbər, Gündüz Abbasov, Rasim Səfərov, İsrail Mustafayev kimi görkəmli şair və yazıçılar, qəzet işini mükəmməl bilən mütəxəssislər işləyirdi.

"Ədəbiyyat və incəsənət" qəzeti ənənəvi olaraq milli mədəniyyətin ən ciddi təbliğatçısı olmuşdur. Amma ən maraqlı tərəfi qəzetdəki saf mənəvi mühit idi və bu mühit, məncə, indiyə qədər davam edir. Redaksiya heyəti səmimi bir ailəyə bənzəyirdi. Bəzən işdən sonra kollektivin böyük bir hissəsi əvvəlcədən müəyyənləşmiş "ənənəvi" yerlərdə oturur və redaksiyadakı söhbətlər yemək süfrəsi ətrafında davam etdirilirdi. Bu barədə maraqlı xatirələr var, bəzilərini də yazmışam. Ancaq Ayaz Vəfalı bu məclislərə qatılmazdı. Özünə xas, saf bir təbəssümlə təkliflərdən imtina edərdi. İş qurtarsa da, saatlarla oturub qəzetinin ən ağır şöbəsinin materiallarını redaktə edərdi. Öz dediyi kimi, "iynəylə gor qazar",  gələn yazıları təmizləyərdi. Bəzən bu təmizləmə işi müəlliflərin mövqeyinə ifrat dərəcədə müdaxiləyə çevrilirdi. Mən buna qarşıydım. Amma sonralar mən həmin şöbənin müdiri olanda gördüm ki, ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində səliqəli, fikrini aydın ifadə edə bilən müəlliflər barmaqla sayılacaq qədər azdır. Bu mənada Ayaz Vəfalının mövqeyi doğru idi. O, kələ-kötür dildə yazılmış, fikri aydın olmayan heç bir yazının qəzet səhifələrinə yol tapmasına icazə vermirdi. Öz səliqəli xətti ilə yazıları qəzetin ümumi səviyyəsinə və mövqeyinə uyğun bir vəziyyətə gətirməyənə qədər yazıb-pozurdu. Təcrübəsi maraqlı idi və mən onun yanında hiss olunmadan redaktə işinin, dil üzərində əsməyin nə demək olduğunu öyrəndim və bu sahədə indiyə qədər də iddialıyam. Dilə həssaslıqla yanaşmağı, hər bir nöqtənin, vergülün yerində olmasını, dil pintiliyinin yolverizməzliyini o zaman öyrəndim. Ayaz Vəfalı, eyni zamanda, tənqidi yazılarda obyektliviyin, ədəb-ərkanın qorunmasının tərəfdarı idi. Bəzən bir yazı onun masasının üstündə günlərlə qalırdı. Bu, məni əsəbləşdirirdi, amma sonra görürdüm ki, belə yubanmalar səbəbsiz deyil. Həm qəzetin nüfuzunun, həm də müəlliflərin qorunmasına xidmət edir. İndi də onun təmkini ilə mənim üsyankarlığımın bir arada necə yola getdiklərinin səbəbini bilmirəm. Amma biz dostlaşdıq və hətta sonralar mən Ayaz bəyin oğlunun kirvəsi oldum.

Ayaz Vəfalı ədəbiyyata şair kimi gəlmişdi. "Yarım əsrlik yol" adlı iri həcmli, məqalələrinin, şeir və poemalarının, tərcümələrinin toplandığı kitabın ilk səhifəsində öz insan və sənətkar mövqeyini yığcam bir şəkildə belə ifadə edir.

 

Əlim qələm tutdu,

tale yar oldu,

Müəllimim neçə sənətkar oldu.

Xeyir-dua verdi böyüklər mənə,

Hərəsi bir cürə səbəbkar oldu.

 

Bu misralarda Ayaz Vəfalının öz ədəbi taleyinə və həyatından gəlib keçmiş insanlara, qolundan yapışmış ağsaqqalara olan səmimi bağlılığı əksini tapmışdır. Qəzetdəki birgə fəaliyyətimiz dövründə mən onun mütavazi həyat tərzinə, məclislərdən, dəbdəbəli təriflərdən uzaq qaçmasına baxmayaraq çox böyük çevrəsinin olduğunun, ədəbiyyatımızın demək olar ki, bütün ağsaqqaları ilə çox mehriban ünsiyyətinin şahidi oldum.

Onlardan biri, Xalq yazıçısı, akademik Mirzə İbrahimov Ayaz Vəfalı haqqında yazırdı. "O, gözümdə həmişə sakit, mülayim, xeyirxah, təmkinli görkəmi ilə canlanır... O, yavaş-yavaş, tələsmədən, səliqə ilə külüng çalan, hər hansı bir binanın özülünü hazırlayan, o, bina üçün hamar və tarazlı daşlar yonan, sonra da onu qaydasıyla tikməyə başlayan bənnanı xatırladır". Bu sətrlər Ayaz Vəfalının şair, ədəbiyyatşünas, qəzetçi xarakterini çox dəqiqliyi ilə səciyyələndirir.

Mirzə İbrahimovun da qeyd etdiyi kimi, Ayaz bəy son dərəcə təvazökar bir insandır. Heç vaxt öz zəhmətini, kitablarını, gördüyü işləri, elədiyi yaxşılıqları gözə soxmamışdır.

"Ədəbiyyat və incəsənət" qəzeti doğrudan da bir məktəb idi.

Bir müddət qəzetin baş redaktoru olmuş Məmməd Cəfər sonralar fəxrlə yazırdı: "Məndən soruşsaydılar ki, "Haranı qurtarıbsan?", bitirdiyim məktəbləri sayandan sonra deyərdim: Bir də Ədəbiyyat qəzeti məktəbini qurtarmışam".

Əslində bir çox qələm sahibləri kimi, Ayaz Vəfalı da, mən də bu məktəbin məzunlarıyıq.

"Yarım əsrlik yol" kitabı Ayaz Vəfalının ədəbi həyatının bir güzgüsüdür. Bu güzgü onun mövzu dairəsinin bütün genişliyini, müxtəlif janrlarda uğurlu fəaliyyətini əks etdirir.

Görkəmli şair və alim qardaşımız "qələm və qan qardaşlığı" ilə bağlı olduğumuz xalqların ədəbiyyatını da daim araşdırmış, təbliğ və təhlil etmişdir, "Yarım əsrlik yol" kitabı onun həm də tərcüməçilik məharətinin, çətin həyat yolunun əks sədası olan son dərəcə təsirli şeirlərinin dəyərini göstərir. Məncə, Ayaz Vəfalı poetik yaradıcılığının bir hissəsini qəzetçiliyə, Füzuli irsinin araşdırılmasına, Əlişir Nəvainin "Leyli və Məcnun" poemasının dilimizə çevrilməsinə qurban vermişdir. Çünki toplu halında oxunan şeirləri Ayaz Vəfalının poeziyaya necə güclü bir ilhamla, dağ çeşmələri kimi saf bir dillə, müharibə dövrünün uşaqlarına məxsus geniş ictimai təfəkkürlə gəldiyini aydın göstərir.

 

Eşit, ana, eşit, Vətən -

Eşidin məni.

Sizin üçün götürmüşəm

Bu bir kəlməni.

 

Mən o yükü daşıyaram

Qüdrətim olsa.

Ömrü belə yaşayaram

Möhlətim olsa.

 

Baxarsınız, görərsiniz -

Düz deyərsiniz;

Vəfalıyam, vəfasızam - 

Siz deyərsiniz.

 

Ayaz Vəfalı ömrü boyu ana dilinə, ədəbiyyata, haqqa, ədalətə, milli ideallarımıza Vəfalı oldu...

Ayaz Vəfalının atası İkinci Dünya müharibəsindən qayıtmamışdır. Bu ağrı ömrü boyu onun ürəyini tərk etməmişdir. Bəlkə, buna görə müharibə mövzusunda yazılmış əsərlərə xüsusi həssaslıqla yanaşırdı. Məsələn, rus şairi Konstantin Simorovun məşhur "Gözlə məni" şerini Azərbaycan dilinə bir neçə şairimiz çevirmişdir. Məncə, Ayaz Vəfalının tərcüməsi daha mükəmməl və orijinala daha yaxındır:

 

Gözlə məni, gələcəyəm,

Gözlə məni, yar.

Gözlə məni, səpəndə qəm

Narın yağışlar.

Gözlə məni qışın qarı

Evlər yıxanda.

Gözlə məni başqaları

Dönük çıxanda.

Məktubumdan ərını sən

Üzəndə gözlə.

Hamı... hamı gözləməkdən

Bezəndə gözlə.

 

Ayaz Vəfalının ədəbi taleyində Füzuli irsinin və Kərkük ədəbiyyatının araşdırılması və Füzulinin özbək sələfi Əlişir Nəvainin əsərlərinin tərcüməsi özəl yer tutur. O, türk dünyasını və bu dünyanın bədii irsini həmişə bütöv görmüş və bütöv təhlil etmiş və tanıtmağa çalışmışdır : kırımlı, tatarıstanlı, özbəkistanlı, kərküklü, azərbaycanlı...

Ömrünü ədəbiyyatımızın inkişafı və təbliğinə həsr etmiş görkəmli elm-mədəniyyət xadimini, vəfalı şair-alim dostumuzu ürəkdən təbrik edir, ona cansağlığı arzulayıram.

 

 





01.04.2023    çap et  çap et