525.Az

Aqil Abbas-70


 

Aqil Abbas-70<b style="color:red"></b>

Hörmətli Aqil müəllim!

Sizi - tanınmış yazıçını 70 illik yubileyiniz münasibətilə təbrik edirik.

Siz bədii yaradıcılığa ötən əsrin 70-ci illərində başlamısınız. İlk dəfə 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunan "Şirinlik" hekayəsilə oxucuların görüşünə gəlmisiniz. Ədəbi ictimaiyyətin maraqla qarşıladığı hekayələriniz müntəzəm olaraq mətbuata təqdim edilmişdir. 1983-cü ildə "Yazıçı" nəşriyyatının nəşr etdirdiyi "Evləri köndələn yar" kitabınızın da taleyi uğurlu olmuşdur. "Ən xoşbəxt adam", "Batmanqılınc", "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Qiyamət günü", "Qar üstündə qan çiçəyi", "Allahı qatil edənlər", "Saçın ucun hörməzlər", "Ən uzun dərdli hekayə", "Dolu" kimi kitablarınız sizə geniş oxucu auditoriyası qazandırmışdır. Əsərləriniz Türkiyədə, İranda işıq üzü görüb. "Dolu" romanınız respublika Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" mükafatına layiq görülmüş, bu əsər əsasında film çəkilmişdir. Film "Humay" mükafatı alıb.

Siz 1976-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib müəllim kimi əmək fəaliyyətinə başlamısınız. "Elm və həyat" jurnalında, "Sovet kəndi" qəzetində şöbə müdiri vəzifəsində işləmisiniz. 1990-cı ildə fəaliyyətə başlayan "Ədalət" qəzetinin baş redaktoru kimi fəaliyyətiniz xüsusi qeyd edilməlidir. Siz fəal ictimai xadimsiniz. 2005-ci ildən dörd çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmisiniz. Ədəbi və ictimai xidmətləriniz yüksək qiymətləndirilmiş, 1988-ci ildə respublikanın komsomol mükafatına, 1993-cü ildə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına, 1993-cü ildə "İlin jurnalisti" mükafatına, 2005-ci ildə "Əməkdar jurnalist" fəxri adına, 2012-ci ildə "Şöhrət" ordeninə, 2022-ci ildə Qarabağ mövzusunda əsərlərə görə Azərbaycan Yazıçılar Birliyinin İlyas Əfəndiyev mükafatına layiq görülmüsünüz.

Hörmətli Aqil müəllim!

Sizi bir daha yubileyiniz münasıbətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

 





01.04.2023    çap et  çap et