525.Az

"Aprel qalibiyyəti Ermənistan ordusunun darmadağınının əsasını qoydu" - Aprel qaziləri


 

"Aprel qalibiyyəti Ermənistan ordusunun darmadağınının əsasını qoydu" <b style="color:red"> - Aprel qaziləri</b>

"Aprel döyüşləri 44 günlük müharibənin, Ermənistan ordusunun darmadağınının əsasını qoydu. Həmin döyüşlər Ermənistan ordusu barədə yayılan və havadarları tərəfindən təbliğ edilən mifi də dağıtdı".

525.az xəbər verir ki, bu fikirləri "Report"a müsahibəsində Azərbaycan Ordusunun mayoru Aqşin Qasımov deyib.

Onun sözlərinə görə, erməni silahlılarının 2016-cı ilin aprelin 2-də törətdikləri təxribatlar daha genişmiqyaslı oldu:

"Bir hərbçi olaraq həmin günü çoxdan gözləyirdim. Çünki hər dəfə xidmətimiz dövründə işğal altında olan torpaqlarımızı uzaqdan görəndə ürəyim parçalanırdı. Aprelin 2-də düşmənin genişmiqyaslı təxribatının qarşısını almaq əmri verildi. Döyüş tapşırığını üç istiqamətdən kiçik bir qüvvə ilə yerinə yetirdik. Buna hər birimiz özümüz qədər əmin idik. Düşmənin illərdir qurub yaratdığı müdafiə səddini cəmi bir neçə dəqiqəyə yardıq. Amma onlar elə zənn edirdilər ki, həmin səddi yarmaq bizim üçün çətin olacaq. Artıq Lələ Təpə yüksəkliyini və ermənilərin bir neçə postunu ələ keçirdik. Bu döyüşlərdə mənə əziz olan Azərbaycanın Milli Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid polkovnik-leytenantı Murad Mirzəyev və giziri Pəncəli Teymurovun şəhid olması xəbərinə çox kədərləndim. Lakin məhz bu igidlərin sayəsində şanlı qalibiyyətin ilk təməli qoyuldu".

Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı mənsubu Mahir Məmmədov (ad-soyad şərtidir - red) da Aprel döyüşlərinin iştirakçısı olub. O bildirib ki, Azərbaycan Ordusu aktiv döyüşlərə aprelin 2-dən Tapqaraqoyunlu-Talış istiqamətindən başlayıb:

"Əsas məqsədimiz Talış yüksəkliyini azad edib, oradan keçən ən önəmli yollara nəzarət etmək idi. Biz aprelin 3-dən Tapqaraqoyunluda yerləşən çay istiqamətindən XTQ ilə birgə Talış yüksəkliyinə irəlilədik. Hücum zamanı ermənilərin böyük müdafiə xəttini tez bir zamanda yarmış olduq. Ermənilərin müdafiə səddini yardıqdan sonra artıq biz düşmənin 3-4 km-nə dərinliyinə qədər irəlilədik. Aprelin 4-ü bir neçə önəmli yüksəkliyi ələ keçirdik və daha sonra orada mühafizəyə başladıq. Elə yerlər yox idi ki, orda istehkam maneələri olmasın. Bu amil bizə çox çətinliklər yaratdı. Döyüş yoldaşım miçman Rusif Ağayev döyüşlərdə qəhrəmancasına şəhid oldu, Yaşar Ağayev isə ağır yaralandı".

Hərbi Hava Qüvvələrinin mayoru Bəhmən Eybaliyevin fikrincə isə Aprel döyüşləri hərbçilərin döyüşə hazırlıq vəziyyətinin yoxlanılması üçün baş məşq də sayıla bilər. O deyib ki, həmin günlərdə Azərbaycan Ordusunun arsenalinda olan müasir texnikalar tətbiq olunub:

"Prezident İlham Əliyevin hadisələrdən əvvəl ərazi bütövlüyünün bərpası ilə bağlı verdiyi bəyanatları bu döyüşlərlə təsdiqləndi. Ermənistanın bütün sahələrdə gücsüzlüyü və döyüş qabiliyyətinin çox zəif olduğu dünyaya məlum oldu".

Müdafiə Nazirliyinin mayoru Ramiz Abdullayev isə söyləyib ki, Aprel döyüşləri Azərbaycan xalqının və ordusunun Qarabağın işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi.

 





01.04.2023    çap et  çap et