44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra regionda sülh və barışın, təhlükəsizliyin bərqərar olması üçün yeni imkanlar yarandı. Azərbaycan müharibədən dərhal sonra bu imkanların reallığa çevrilməsi üçün öz istəyini, iradəsini ortaya qoydu. 30 ilə yaxın torpaqlarımızı işğalda saxlayan və bu müddət ərzində həmin ərzilərdə misli görünməmiş vəhşiliklər, vandallıq həyata keçirən Ermənistana sülh sazişi təklif etdi.
Prezident İlham Əliyev bununla bağlı deyib: "Biz müharibədən dərhal sonra onlara sülh təklif etdik. Bu da dünya hərb tarixində bəlkə də nadir hallardan biridir ki, 30 il ərzində torpağımız işğal altında olsun, insanlarımız əzab-əziyyət içində yaşasın, tarixi-dini abidələrimiz dağıdılsın, şəhərlərimiz dağıdılsın, milyondan çox mina döşənsin, buna baxmayaraq, biz sülh təklif etdik. Ancaq yenə də görürük ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır".
Ermənistan öz addımları, davranışları ilə sülhdən, barışdan uzaq olduğunu göstərməkdədir. Fransanın və terrorçu İranın diktəsi ilə hərəkət edən Ermənistan müstəqil dövlət olaraq öz qərarlarını qəbul edə bilmir, öz dövlətinin deyil, həmin qüvvələrin maraqlarından çıxış edir. İrəvan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərin icrasından boyun qaçırır. Sənədin digər bəndləri ilə yanaşı, özünün qanunsuz silahlı dəstələrini də Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində saxlamaqda davam edir. Eyni zamanda, Bakının dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, həmin qanunsuz birləşmənin silah-sursatla, digər hərbi təyinatlı vasitələrlə, eyni zamanda canlı qüvvə ilə təchizatını həyata keçirirdi. Bu, daha əvvəl Laçın yolu üzərindən reallaşdırılırdı. Daha sonra həmin ərazidə azərbaycanlı ekofəalların davamlı aksiyası qanunsuz daşınmaların qarşısını aldı. Bundan sonra isə qarşı tərəf digər alternativ torpaq yollardan istifadəyə başladı. Azərbaycanın Müdafiə Nazirliyinin ötən həftə yaydığı bəyanatda qeyd olunub ki, Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan, həmçinin, qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur. Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib. Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.
Müdafiə Nazirliyinin martın 30-da yaydığı məlumatda isə vurğulanıb ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.
Ordumuzun həyata keçirdiyi bu son əməliyyat mühüm əhəmiyyət kəsb edir. Birincisi, əməliyyat Azərbaycan Ordusu tərəfindən yüksək peşəkarlıqla həyata keçirilib. Uğurlu əməliyyat nəticəsində qeyd etdiyimiz kimi, bir neçə yaşayış məntəqəsi, strateji yollar nəzarətə götürülüb. Hətta erməni mediası belə bu əməliyyatın Azərbaycan Ordusu tərəfindən yüksək peşəkarlıqla reallaşdırıldığını etiraf edir. Məlumdur ki, Ermənistan separatçıları bu yolla silah-sursatla, canlı qüvvə ilə təmin edirdi. Əməliyyatdan sonra Xankəndi-Laçın yoluna nəzarət imkanları genişlənib. Bu yol boyunca bütün ərazilər artıq Azərbaycan Ordusunun qəti nəzarəti altındadır.
Azərbaycan Prezidenti İlham Əliyev Laçına səfəri zamanı, eləcə də bu günlərdə Laçın üzrə xüsusi nümayəndəni qəbul edərkən bildirib ki, Azərbaycan öz məqsədlərinə çatacaq və bu işdə ona heç kim mane ola bilməz. Azərbaycan torpaqlarına gizli silah daşınması və digər qeyri-qanuni fəaliyyətlərə son qoyulacaq. Bu son əməliyyatla faktiki olaraq Prezidentin fikirləri öz təsdiqini tapmış oldu.
Sitat: "Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik. Onları məğlub etmişik və bir daha bütün dünyaya göstərmişik ki, biz istədiyimizə nail oluruq və olacağıq".
Bu gün hadisələrin gedişi bir daha Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılmasının zəruriliyini göstərir. Yəqin ki, növbəti addım məhz bu olacaq.
çap et