525.Az

"Bilməsək dil əlacımız yoxdur..."


 

XARİCİ DİLLƏRİ BƏRBAD TƏDRİS ETMƏKLƏ ŞAGİRDLƏRİ VƏ VALİDEYNLƏRİ NAÇAR BURAXAN ORTA MƏKTƏBLƏRİMİZ

"Bilməsək dil əlacımız yoxdur..."<b style="color:red"></b>

Azərbaycan təhsilində ən böyük problemlərdən biri şagirdlərin və tələbələrin xarici dil biliyinin zəif olmasıdır. Hazırda orta ümumtəhsil məktəblərində birinci xarici dil kimi 90-95 faiz ingilis dili tədris edilir. İkinci xarici dil olaraq fransız, alman dilləri tədris olunan məktəblərimizə də rast gəlinir. İllər öncə orta məktəblərdə xarici dil kimi ingilis dilinin tədrisinə beşinci sinifdən başlanırdı. Bu gün məktəblərimizdə ingilis dili dərsləri birinci sinifdən başlayaraq tədris olunsa da, hansısa xüsusi keyfiyyət dəyişikliyi müşahidə etmək mümkün deyil.

Xarici dilin (dillərin) tədrisi üçün məktəbdə müvafiq pedaqoji kadr potensialının və maddi-tədris bazanın olması zəruri şərt sayılır. Bir neçə xarici dilin tədrisi nəzərdə tutulan məktəblərdə şagirdin hansı dili öyrənəcəyinə onun valideyni tərəfindən qərar verilir. Valideynlərin seçimi ilə bağlı zərurət yaranarsa, eyni sinifdə iki xarici dil qrupu təşkil oluna bilər. Bu halda bir neçə hal nəzərə alınmalıdır: sinfin nəzərdə tutulmuş qayda üzrə iki qrupa bölünməsi, bu qrupların bərabər şagird sayı, yaxud qismən az say fərqi ilə komplektləşdirilməsi, məktəbdə həmin xarici dillərin hər biri üzrə ən azı iki nəfər müəllimin olması və s. Bu xarici dillər 11 il müddətində şagirdlərimizə tədris olunur, amma onlar orta məktəbi həmin dilləri proqram daxilində yetərincə mənimsəməmiş şəkildə bitirirlər. Bunu nəzərə alan bir çox valideyn övladının xarici dilə yaxşı yiyələnməsi üçün onu ya repetitor yanına göndərir, ya da əlavə kurslara yazdırır.

Buraxılış imtahanı zamanı xarici dil fənnindən abituriyentlərə dinləmə və oxuyub anlama bacarığı tələb edən mətnlər təqdim olunur. Ancaq abituriyentlər bu mətnlərlə bağlı çətinlik çəkir. Bunun səbəbi isə orta məktəblərdə xarici dilin yaxşı səviyyədə tədris olunmamasıdır.

Təhsil eksperti Elşən Qafarovun dediyinə görə, bu gün əksər ümumtəhsil məktəblərində xarici dil fənninin tədrisi ilə bağlı metodik vəsaitlər, linqvistik aparatura və texnika demək olar ki, yox səviyyəsindədir: "Təhsil haqqında qanunun 19-cu, "Ümumi təhsil haqda qanun"un isə 13-cü maddəsində göstərilir ki, tam orta təhsil səviyyəsini bitirən hər kəs bir və ya bir neçə xarici dildə ünsiyyət qurmağı bacarmalıdır. Bu gün məktəblərdə xarici dil zəif tədris olunduğundan şagirdlərin çoxunun dil bilgisi, danışıq bacarığı yoxdur. Dili yaxşı bilənlər isə kurslara gedən şagirdlərdir. Təəssüf ki, bu gün ümumtəhsil məktəblərində xarici dilin tədrisi ilə bağlı ciddi problemlər var. 152 min müəllimin təqribən 30 mini xarici dil müəllimidir. Ancaq onların heç 10 faizi tədris etdiyi xarici dildə ünsiyyət qurmağı bacarmır. Bu səbəbdən də şagirdlər məcbur qalıb dil kurslarına üz tuturlar. Bu kurslar da kifayət qədər bahalıdır. Halbuki xarici dildə ünsiyyət saxlamaq, dil öyrənmək qabiliyyəti kurslarda deyil, məktəbdə formalaşmalıdır". Ekspert bildirib ki, bu gün şagirdlərin dil öyrənmək üçün kurslara üz tutmasının əsas səbəbi məktəblərdə xarici dilin zəif tədris olunmasıdır.

Təhsil eksperti Elçin Əfəndi deyir ki, orta ümumtəhsil məktəblərində ibtidai təhsil pilləsində ingilis dili öyrədilməyə başlanılır, amma nəticə etibarilə uşaq 11 il ingilis dilini keçməsinə baxmayaraq, məktəbi bitirəndə uğurlu nəticəsi olmur: "Bunun bir neçə səbəbi var. Birincisi, burada dərsin tədrisindən çox şey asılıdır. İkincisi, valideyn diqqəti, üçüncüsü isə formal qiymətləndirmə məsələsidir. Bu üç faktor təkcə xarici dil fənlərində deyil, digər fənlərdə də ümumi biliyin əldə olunmasına  mühüm töhfə verən amillərdir. Bu gün Azərbaycanda 1 milyon 600 min şagird təhsil alır və təbii ki, bu şagirdlərin hər birinin ümumi bilikləri qəbul etməsi, beyin tutumu eyni deyil. Amma nəzərə alsaq ki, hər şey başlanğıcdan öyrədilir, o zaman şagird bunu öyrənməyə borcludur. Bundan əlavə, əgər şagird müvafiq fənləri yaxşı bilmirsə, onun sinifdən sinifə adlaması doğru deyil. Bu, birbaşa oxumağa təhrikdir. Amma bizdə şagirdə qeyri-obyektiv qiymət yazaraq onu sinifdən sinifə adladırlar".

Ekspertin sözlərinə görə, yeganə çıxış yolu kimi ilk növbədə şagird sıxlığı minimallaşdırılmalıdır: "İkinci növbədə şagirdlərə qeyri-obyektiv qiymətlərin verilməsindən çəkinməliyik. Şagirdin biliyinə uyğun da qiymətləndirilmə aparılmalıdır. Üçüncü növbədə dərs məktəblərdə tədris olunmalıdır. Yoxsa məsələyə mən dərsi qismən keçim, sonra uşaq evdə yanıma hazırlığa gəlsin prinsipi ilə yanaşılmamalıdır. 11 ildə uşağın məktəbdə niyə xarici dil öyrənə bilməməsi sualının cavabı da elə burdadır".

Təhsil eksperti Kamran Əsədov deyir ki, orta ümumtəhsil məktəblərində xarici dilin tədrisi iki istiqamətdə - əsas və ikinci xarici dil olaraq keçirilir: "Əsas xarici dil birinci sinifdən, ikinci xarici dil isə beşinci sinifdən tədris olunur. Tədris planına dair qeydlərdə də göstərildiyi kimi, istər əsas, istərsə də xarici dili seçim hüququ valideynlərə verilir. Onlar müəyyən olunmuş dillər - ingilis, alman, fransız, rus, ərəb dilləri arasında seçim etməkdə azaddırlar. Mövcud qanunvericiliyə əsasən, hətta valideynlərin seçimindən asılı olaraq  zərurət yaranarsa, eyni sinifdə iki xarici dil qrupu da təşkil oluna bilər.  Ölkədə daha çox tədris olunan xarici dillərə gəlincə, xarici dillərin öyrənilməsi ilə bağlı ümumi bir tələbat var. Bu tələbat istəsək də, istəməsək də, cəmiyyətin özü tərəfindən formalaşır. Hər birimiz bilirik ki, beynəlxalq aləmə əsas çıxış dili ingilis dilidir. Bu baxımdan, ölkəmizdə xarici dillərin tədrisində əsas dil kimi ingilis dili çox böyük üstünlük təşkil edir. Təxmini hesablamalara görə, məktəblərimizdə birinci xarici dil kimi 90-95 faiz ingilis dili tədris olunur. Əsas xarici dil ingilis dili olan məktəblərdə isə ikinci xarici dilin daha çox rus dili olduğu müşahidə edilir. Təbii ki, ikinci xarici dil olaraq fransız, alman dilləri tədris olunan məktəblərimizə də rast gəlinir. Bundan başqa, əsas xarici dil fransız, alman dili olan məktəblərimiz də var. Lakin bu məktəblərin sayı çox azdır. Ərəb dili tədris olunan məktəblərimizə isə çox nadir hallarda rast gəlinir. Təqribən 15 il əvvəl orta məktəblərdə ingilis dili beşinci sinifdən başlayaraq tədris olunurdu. Bu sinifdən başlayaraq on birinci sinfə kimi tədris olunurdu. Dərsliklər hər il deyil, bir neçə il sonra dəyişilirdi. Lakin Azərbaycanın Avropaya inteqrasiyasından sonra Azərbaycanda da ingilis dilinə tələbat artdı. Hazırda istənilən  sahədə çalışan  şəxslər, tələbələr, şagirdlər bu dili öyrənməyə can atırlar".

K.Əsədov qeyd edib ki, dövlət orta məktəblərində ingilis dili bölmələri yoxdur və yaxın gələcəkdə də yaradılması nəzərdə tutulmur: "Bəzi özəl ümumtəhsil məktəblərində ingilis dili bölmələri fəaliyyət göstərir. Bütün dünyada insanlar ingilis dilini öyrənirlər. Rus bölməsinin fəaliyyəti sosial sifariş olduğu üçün vətəndaşların istəyi günü-gündən artır, fəaliyyət göstərir. Rus bölməsinin fəaliyyətinin dayandırılmamasının da səbəbləri var. Belə ki, rus bölməsində təlimin keyfiyyəti Azərbaycan bölməsindəkinə nisbətən yüksəkdir. Bu xüsusilə də ibtidai siniflərdə qabarıq müşahidə olunur. Azərbaycan bölməsində çatışmayan cəhətlərdən biri uşağın sosiallaşmasına, cəmiyyət üçün hazırlanmasına diqqət yetirilməməsidir. Onu da qeyd edim ki, rus bölmələrində də çalışan müəllimlərin 99 faizi azərbaycanlıdır. Lakin bu bölmədə çalışan Azərbaycan müəllimləri daim axtarışdadır, öz üzərində işləyir, valideynin tələbatını, sosial sifarişi mükəmməl şəkildə yerinə yetirir. Bizim valideynlər bunu dərk edir. Ona görə də uşaqlarını əlindən tutub ibtidai siniflərdə rus bölməsinə aparırlar. Hətta uşaq bağçasında da rus bölməsinə qoymağa üstünlük verirlər. Rus dili ilə yanaşı, bu gün ingilis dilinə böyük tələbat var. İngilis dilinin tədrisi ilə bağlı saatların sayı da orta məktəblərin tədris proqramında rus dili ilə müqayisədə üstünlük təşkil edir. Məktəblərdə şagirdlər arasındakı apardığımız sorğunun nəticələrinə əsasən, şagirdlər öyrənmək istədikləri xarici dil kimi ən çox ingilis dilini seçiblər. Amma ingilis dilinin Azərbaycan dilli məktəblərdə tədrisindəki zəiflik şagirdlərin bu dilə marağını azaldır. Hesab edirəm ki, ingilis dilində bölmələr yaratmaq üçün kadrlar lazımdır. Şagirdləri müxtəlif fənləri ingilis dilində tədris edə bilən müəllimlər hazırlaşdırmalıdır. Özəl məktəb tanıyıram ki, dərslərin tədrisi ingilis dilində olan ibtidai siniflər açılsa da, ora 4-5 fənni ingilis dilində tədris edə bilən müəllim tapılmadı. İngilis dilini bilən kadrların yetişdirilməsi vacibdir. İngilis dili dünyaya açılan pəncərədir. Bu dili bilməyən dünyada, Azərbaycanın daxilində də yaxşı karyera qurmaqda çətinlik çəkəcək. Düşünürəm ki, ingilis dilinin ibtidai siniflərdən bütöv bölüm kimi tədris olunmasına ehtiyac var və bu, Azərbaycanın kadr potensialının inkişafında mühüm rol oynaya bilər. Təhsil müəssisələrində, hətta lazım olan başqa dillərdə də bölmələr açılmalıdır". İngilis dili müəllimi Əfsanə Əliyevanın sözlərinə görə, xarici dili öyrənmək üçün ən vacib şərtlərdən biri real dil mühitinin olmasıdır. Müəllim sinifdə bu mühiti yaratmağı bacarmalıdır. Müəllim hazırlığı xarici dillərin öyrədilməsində ən vacib amillərdən biridir: "Etiraf etmək lazımdır ki, bu sahədə müəllimlərin səviyyəsi qənaətbəxş deyil. Müəllim tədris etdiyi dildə tam sərbəst danışa bilmirsə, kommunikasiya qura bilmirsə, həmin müəllimdən dərsi kommunikativ keçməyi necə tələb etmək olar? Xarici dili öyrənmək üçün ən vacib şərtlərdən biri real dil mühitinin olmasıdır. Azərbaycanda xarici dil tədris edən müəllim sinifdə bu mühiti yaratmağı bacarmalıdır. Müəllim xarici dil dərsində motiv yaratmalıdır. Dərs mühiti monoton olmamalı, bir metoddan istifadə olunmaqla keçirilməməlidir. Bu da sübut olunub ki, istənilən dərs prosesində şagirdin diqqəti 8-10 dəqiqədən sonra yayınır. Şagirdlərdə maraq oyatmaq məqsədilə bir neçə dəqiqədən sonra fəaliyyət növünü dəyişərək digərinə keçmək zəruridir".

Müəllim qeyd edib ki, regionlarda maddi-texniki bazanın zəifliyindən çox, dərsliklərlə bağlı problemlər daha çoxdur. İbtidai siniflərə həftədə bir saat ingilis dili dərsi keçirilir. Həmin dərsliklər bir-biri ilə əlaqəli deyil. Həftədə bir dəfə müəllimi görən uşağın qavramasında soyuqluq yaranır və qavrayışı zəifləyir: "Tədrisin ingilis dilində aparılmaması da maneələr yaradır. 9-cu sinif dərsliyi ilə 5-ci sinif dərsliyi arasında heç bir əlaqə yoxdur. 9-cu sinif dərsliyi 10-11-ci sinif səviyyəsindədir. Hazırda dərslərin dinləməsi (Listening) ilə bağlı problemlər var. Hər otaqda audio cihazlar yoxdur. I və II siniflər üçün İngiltərədə tədris edilən "Happy Campers" kitabı verilib. "Bizə aidiyyəti yoxdur" - deyə bir çox müəllimlər o dərslikdən imtina edir. İngilis dili dərsliklərində qrammatika bərbaddır. İngilis dilinin qrammatikasını, lüğət bazasını uşaq məktəbdə öyrənmirsə, məcbur olub repetitor yanına gedir, əlavə kitablardan dərs keçir. Şagird dərsdə başqa dərslikdən, hazırlıqda başqa dərslikdən öyrənir".

Sevinc QARAYEVA

 





03.04.2023    çap et  çap et