525.Az

Media və efir canbazları - Sevda Sultanova yazır


 

İNSAN FACİƏSİNDƏN ŞOU DÜZƏLTMƏK

Media və efir canbazları - <b style="color:red"> Sevda Sultanova yazır</b>

"SOY production"un  yaradıcılarından biri, maraqlı, yenilikçi televiziya layihələrinin istehsalçısı, əməkdar mədəniyyət işçisi, prodüser Oqtay Əliyevin avtomobil qəzasında həyatını itirməsi xəbərinin mediada yayılma forması müxtəlif məzmunlu müzakirələrə yol açdı. Söhbət hər şeydən əvvəl bır sıra saytlarda, İnternet kanallarında mərhumun hadisə yerində cəsədinin təsvir olunduğu foto və videoların yerləşdirilməsindən gedir. Bunun ardınca, dəfn mərasimində Oqtay Əliyevin həyat yoldaşı, tanınmış aparıcı və aktrisa, Əməkdar artist Dilarə Əliyevanın fəryadı, şok keçirdiyi anların video və fotoları yayımlandı. Mən o tükürpədici kadrları izləyə bilmədim. Ümumiyyətlə, belə kadrları sakitcə izləmək mümkünsüzdür və doğmasını, əzizini itirən, xüsusən də gözlənilməz itkiylə üzləşən birinin ağrısı, göz yaşı, fəryadı son dərəcə intim, şəxsi duyğulardır. İtkinin sarsıntısından duyğularına və hərəkətlərinə nəzarət edə bilməyən adamın ictimai yerdə, fərqinə varmadan kədərini hayqıraraq ifadə etməsi təbiidir. Lakin onun faciəsini lentə alıb paylaşmaq nəinki peşə etikasından, ümumiyyətlə, etikadan, insanlıqdan kənardır və vicdan anlayışına zidd, insan ləyaqətinə hörmətsizlikdir...

Yaranmış vəziyyətin doğurduğu başqa bir sual isə budur: insanın cansız bədəninin, nəşinin məzara qoyulmasının detallı fotolarının, ailəsinin ağlamasının, fəryadının hansı informasiya yükü var və bunlar özlüyündə hansı məlumatı oxucuya ötürmək üçün zəruridir? 

Əlbəttə ki, heç bir. Aydındır ki, bu kontentlər ənənəvi və sosial medianın  sadəcə reytinq toplamasına xidmət eləyir... 

Acınacaqlı faktdır ki, bu gün bütün dünya mediasını məzmun, informasiyanın əhəmiyyət meyarı yox, reytinq idarə eləyir. Zorakı, kriminal hadisələrin təfərrüatları, tanınmş şəxslər arasında qalmaqallar, son dərəcə şəxsi məlumatların yayılması, seksual məzmun bütün dünyada mediaya reytinq gətirir.  

Srağagün internetdə qarşıma bir video çıxdı. "Space" telekanalında efirə gedən "Space Səhər" proqramında  muğam ifaçısı Nigar Şabanova media nümayəndələrinin ünvanına haqlı tənqidi fikirlər səsləndirirdı: "Cəmiyyətin zövqünün korlanmasında mətbuat və televiziya günahkardır. Mən xanəndə olanda, muğamlar oxuyanda instaqram-dakı səhifələr sənətimi dəyərləndirmirdilər. Azərbaycana muğam sahəsində birincilik gətirəndə bu xəbəri heç bir sayt işıqlandırmırdı. Amma Nigar Şabanovanın ailəsi dağıldı, bu zaman jurnalistlərin ağzını bağlaya bilmirdim".

İfaçının fikirləri verilişin aparıcısı Rövşanə Ağasəfqızını qıcıqlandırır və o, "sənətkarın şəxsi həyatı insanlar üçün maraqlıdır"  arqumenti ilə çıxış edir. Problem də elə bundadır. Televiziya da daxil olmaqla, ümumən medianın insanların şəxsi həyatını tamaşaçının maraq dairəsinə, fokusuna salmasının, xəbər kimi sırımasının nəticəsidir ki, bu gün biz bir sıra saytların, misalçün Oqtay Əliyevə, onun ailəsinə olan hörmətsiz davranışının şahidi oluruq.  

Azərbaycan mediasında tanınmış şəxslər arasındakı intriqaların ictimailəşdirilməsi, onların şəxsi həyatının müxtəlif məqamlarını gündəmə çevirmək tendensiyası daha çox, səhv etmirəmsə, ABA kanalının fəaliyyəti dönəminə təsadüf edirdi. Düzdür, bu faktı danmaq olmaz ki, ABA kanalında ciddi, keyfiyyətli verilişlər də vardı. Amma eyni zamanda,  müğənnilərin özəl həyatından, lüks yaşayış tərzindən proqramlar, şou dünyasından maqazin verilişlər ilk dəfə məhz bu kanalda yayımlanmağa başladı.

Yeri gəlmişkən, Oqtay Əliyevin rəhbərlik elədiyi şirkətin fəaliyyəti dövründə hazırlanan layihələr arasında keyfiyyətli nümunələr olsa da,  "Çal-çağır" məzmunca əsasən müğənnilərin, aktyorların qalmaqalları üzərində qurulmuşdu. Halbuki bundan əvvəl şirkətin sırf sənət xəbərlərindən ibarət "Həftə çal-çağırı" adlı vacib bir proqramı vardı. Sonradan sözügedən proqram digər şou xarakterli verilişlərə reytinqdə uduzduğundan, televiziya bazarında rəqabətə davam gətirmək üçün yüngül, əyləncəli süjetlərə üstünlük verməyə məcbur oldu. Müsahibələrindən birində Oqtay Əliyev reytinq faktoru ilə hesablaşdığını deyir, görkəmli sənətkarların iştirak etdiyi verilişlərin reytinq gətirmədiyini vurğulayırdı.

Yeri gəlmişkən, Oqtay Əliyevin vəfatı ilə bağlı sosial medianın sinizm manerasında hazırladığı xəbərlər, müxtəlif vaxtlarda ANS, ATV, Space-də çalışan, epataj, qalmaqallı şərhləri ilə reytinqə işləyən aparıcı Turan İbrahimovu da dillənməyə vadar elədi:  "Vəsiyyətimdir. Mən öləndə heç bir media orqanını nə evimin həyətində, nə evimin içində, nə də qəbrimin üstündə görmək istəmirəm. Doğmalarımın pərişan vəziyyətini çəkib yayanların isə, indidən Allah bəlasını versin. Haqqımı halal etmirəm!"

Yenə də xatırladım ki, bir sıra media orqanlarının peşə, insani dəyərləri nəzərə almadan oxucuya, tamaşaçıya təklif elədiyi kontentin meydana çıxmasında bundan şikayətlənən jurnalistlər də məsuliyyət daşıyırlar. Hər hansı hadisədə, situasiyada jurnalistin davranışı təkcə peşə etikasına yox, onun şəxsi keyfiyyətlərinə də söykənir.

Bir vaxtlar "El bizim, sirr bizim" verilişində aparıcının müğənni Maral Tahirqızını təhqir etməsi səhnəsi, qadının linçlənməsinə şəraitin yaradılması sosial şəbəkələrdə etirazlara səbəb olmuşdu. Maral Tahirqızı istedadlı müğənni deyil, amma bu fakt heç kəsə onun şəxsiyyətini alçaltmağa icazə vermir və verməməlidir. Üstəlik, Maral Tahirqızının populyarlaşmasında onun efirə çıxmasına izn verən telekanallar məsuliyyət daşıyır.

Mövzunun davamı kimi bir hadisəni də vurğulayım. Oqtay Əliyevin ölüm xəbərinin ATV kanalında yayımlanan "7 canlı" verilişinin aparıcısı Vüsalə Əlizadəyə birbaşa efirdə deyilməsi və onun xəbərə reaksiyası da polemikalara səbəb oldu. Həmin epizodu izlədim. Aparıcını qeyri-səmimilikdə qınayanlarla razılaşmaq çətindir. Hiss olunurdu ki, aparıcı qəza haqqında öncədən məlumatlı olmayıb, xəbəri elə canlı efirdən alıb. Burada qınanılası başqa məsələdir: verilişin redaktorlarının birbaşa efirdə Vüsalə Əlizadəyə məlumatı ötürməsi və kameranın aparıcının həmin andakı sarsıntısını, çaşqınlığını təqib edərək onun vəziyyətini sosial-psixoloji eksperimental şouya çevirmək cəhdidir. Halbuki xəbəri başqa formada da vermək olardı.

Oxuma və baxış sayı toplamaqdan ötrü hər vasitəyə əl atılması qlobal problemdir, bunun təkcə yerli mediamızla əlaqəsi yoxdur. Təsadüfi deyil ki, müasir dünya kinosunda medianın psixoloji terror rolunu oynaması ilə bağlı filmlər də çəkilir. Məsələn, britaniyalı rejissor Riçard Eyrin 2006-cı ildə ekranlaşdırdığı "Qalmaqallı gündəlik" filmində mövzu sırf media olmasa da, analoji problem müəyyən epizodları əhatə eləyir. Süjetə görə, müəllimə yeniyetmə şagirdi ilə eşq macərası yaşadığı üçün cəmiyyətin qınağına tuş gəlir, həbs cəzası alır. Bir epizodda media qadını əhatəyə alaraq, kameraları ona tuşlayır. Ağlını itirmək həddinə çatan, nə edəcəyini bilməyən qadın sarsıntıdan hayqırır, insan əzabına susayan media isə şou izləyirmiş kimi acgözlüklə bu səhnəni lentə alır...

Yaxud, dünya kinosuna "On iki qəzəbli kişi" kimi unikal film bəxş etmiş amerikalı rejissor Sidney Lumetin "Teleşəbəkə" adlı maraqlı bir ekran əsəri var. 1976-cı ildə ekranlaşdırılan film televiziyaya kəskin, amansız satiradır. Yaşlı aparıcı Billin proqramının reytinqi aşağı düşür və rəhbərlik onu işdən qovmaq istəyir. Qovulmamaq üçün Bill efirdə min bir oyundan çıxır, isterik hərəkətlərə əl atır. Lakin az sonra proqramın reytinqi yenə aşağı düşür. Televiziyanın prodüserlərindən biri, şöhrətpərəst Dayana proqramın reytinqini qaldırmaq üçün terrorçularla əlbir olub aparıcını canlı efirdə öldürtdürür. Rejissor mənəvi dəyərləri aşmaq hesabına, nə olur-olsun yüksək reytinq qazanmaq  istəyən televiziyanın məkrli, çirkin mahiyyətini göstərir.

Uzun müddət televiziyada çalışan və filmlərində bayağı televiziya şoularını, proqramları sərt ironiya ilə hədəfə alan Vudi Allen "Romaya sevgilər" komediyasında televiziyanın mahiyyətini orijinal ifa tərzi ilə məharətlə açıb göstərir.

Orta təbəqəni təmsil eləyən Leopaldo Pisanello günlərin birində adəti üzrə işə gedəndə onlarla kamera və fotoaparatın obyektivinə tuş gəlir.  Nə baş verdiyini anlamayan Pisanello gözünü açıb özünü bir televiziya proqramında görür. Beləcə, Pisanello bir günün içərisində məşhurlaşır, təbii ehtiyaclarını ödəməsindən tutmuş necə alt paltarları geyinməsinədək sarsaq sualları cavablandırır, ziyafətlərə dəvət alır, avtoqraf verir, kübar dairənin qadınları onunla eşq macərası yaşamaq üçün növbəyə düzülürlər.

Jurnalistlər ondan müsahibə alır:

- Sinyor Pisanello, xahiş edirəm bir fikir deyin.

- Necə? Nədən?

- Nədən istəyirsiz.

- Bu gün yağış yağacaq deyəsən.

- Eşitdinizmi, əziz tamaşaçılar, sinyor Pisanello deyir ki, yağış yağacaq.

Və beləcə, Allenin əldəqayırma idollar, dəyərlər istehsal edən televiziyanı karikaturalaşdırır.

Kann festivalının ikiqat mükafatçısı, isveçli Rubel Estlund isə  "Kvadrat" filmində dövrümüzün piar texnologiyasının fəndlərini tənqid eləyir. Müasir incəsənət muzeyində argentinalı müəllifin "Kvadrat" adlı installyasiyası sərgidə göstəriləcək. İdeyaya görə,  bərabərliyi, mərhəməti ifadə eləyən "Kvadrat"ın sərhədləri daxilində hər kəs eyni hüquqa malikdir.  Bu art obyekti təbliğ etməkdən, bütün medianın diqqətini çəkməkdən ötrü reklam agentləri "Kvadrat"ın mahiyyəti ilə ziddiyyət təşkil edən zorakı sosial çarx hazırlayır, balaca bir qızın yerləşdirildiyi "Kvadrat"  partladılır. İdeyanı təklif edən piar mütəxəssisi fikrini onunla əsaslandırır ki, "Kvadrat"ın içərisinə yoxsul qiyafətli uşağın qoyulması və onun xəsarət alması çoxlu baxış sayı yığacaq.

Zorakı məzmunlu sosial çarx çağdaş dünyamızda həm də medianın - sosial medianın öz məhsulunu satmaqdan ötrü hər vasitəyə əl atdığını göstərən uğurlu bədii həllidir. Sivil cəmiyyətdə nəinki medianı, tamaşaçını da mahiyyət yox, zahiri parıltı, performans maraqlandırır. Bütün hallarda isə bu trendi yaradan, tamaşaçını, oxucunu ona maraq göstərməyə təhrik eləyən mediadır. Qərb kulturoloqlarının diliylə desək, medianın istehsal elədiyi məhsullar oxucunu, tamaşaçını "mədəni mutasiya"ya məruz qoyur.

Və bizim reytinq naminə elədiklərimiz nə vaxtsa mütləq özümüzə qarşı yönəlir.

 

 





03.04.2023    çap et  çap et