525.Az

Urmiyadan gələn məktublar - Məmməd Oruc yazır


 

Urmiyadan gələn məktublar - <b style="color:red"> Məmməd Oruc yazır</b>

Beyləqanda, Araz qırağında, Birinci Şahsevən kəndində mənim digər doğmalarımla yanaşı, 87 yaşında bir dayım da yaşayır - Əziz Abdullayev. Beyləqana yolum düşəndə çalışıram ki, ona mütləq baş çəkim. Əlbəttə, yaşına, bu elatın bir çox ahılları kimi, son illər tənha yaşamasına görə yox, insanlığına görə.

Şükür, ayaqları yer, əlləri bağ qayçısı tutur, qulaqları eşidir, gözləri görür, ağlı kəsir və biz ayda-ildə bir dəfə görüşəndə daha çox ötən günlərdən danışırıq. Bəli, ötən günlərdən və bir də dayımın Urmiya vilayəti ilə bağlı xatirələrindən... O, Urmiyadan, Urmiyadakı bacısı uşaqlarından, bacısı nəvələrindən danışanda elə bil cana gəlir.

Mən, doqquz-on yaşlarımda olanda, ilk dəfə anamın dilindən eşidəndə ki, Arazın o tayında, adına Urmiya deyilən vilayətdə bacısı - yəni mənim xalam yaşayır, əsla təəccüblənmədim. Çünki bilirdim: onlarca köklü şahsevənlinin Arazın o tayındakı Üçüncü Şahsevən kəndində bacısı, qardaşı, yaxın, ya uzaq bir simsarı yaşamaqdadır. Onu da bilirdim ki, göz mənzilindəki o insan məskənlərindən - köylərdən xəbər tutmaq mümkün deyil. Urmiyanın harada yerləşdiyini isə mən artıq xəritədən bilirdim; bilirdim ki, adına Urmiya deyilən vilayət bizim əzəli yurdumuza - Vedibasar mahalına daha yaxındı.

Yadımdadır, mən onuncu sinifdə oxuyanda, Arazın o tayından ilk məktub əslən Şuşadan olan dülgər Həsənə Təbrizdə yaşayan bacısından gəlmişdi. Bir neçə şəkil də göndərmişdilər və o şəkillər kənddə əl-əl gəzirdi. Həsən kişinin mənimlə bir sinifdə oxuyan oğlu Fəxrəddin o şəklləri məktəbə də gətirmişdi... Bəs dünyada nə baş vermişdi, görəsən? Necə olmuşdu ki, dülgər Həsənin Təbrizdə ərdə olan bacısı qardaşını soraqlaşıb tapa bilmişdi?

Əlbəttə, kim istəməzdi ki, Arazın o tayındakı doğmalarından xəbər tutsun?! Həmçinin də mənim anam. Amma onun da böyük qardaşı Əzizdən başqa kimə ərki çatardı ki? Anamın dayım Əzizə verdiyi tapşırıq da yadımdadır, aldığı cavab da.

- Bacımız - Qızlar Urmiyada, Seyidlər məhləsində Seyid Həsənin gəlinidir. Onu soraqlaşıb tapmalısan!

- Mən partiyaya keçəndə yazmışam ki, xaricdə heç bir qohumum yoxdur... Ona görə də...

...Amma sən demə, mənim Əziz dayım belə bir cavabla anamı susmağa məcbur eləsə də, partbiletinin fərqinə varmadan, müxtəlif distansiyalara yazıb, vaxtilə Urmiyada qalmış bacısını axtarırmış...

Bəs o üç qardaşın, dörd bacının böyük bacısı, yəni mənim xalam, adına Urmiya deyilən qərib məmləkətdə niyə qalmışdı? Əslində, bu yazını qələmə almağa da məni bu müşkül vadar elədi.

Qərbi azərbaycanlıların öz ellərindən 1987-91-ci illərdəki deportasiyaları haqqında kifayət qədər tədqiqat aparılıb və artıq Qərbi Azərbaycan icması tərəfindən yüksək səviyyədə Qayıdış Konsepsiyası da hazırlanıb. 1948-51-ci illər deportasiyalarının da yazılı izləri az deyil. Həm də bu, yaxın tarixdi, hətta sovet qəzetlərinə istinad etməklə, hadisələri araşdırmaq olur. Amma Qərbi azərbaycanlıların 1918-20-ci illərə təsadüf edən deportasiyaları, demək olar ki, araşdırılmayıb.

Universitetin birinci kursunda oxuyarkən yataqxana yoldaşım Oqtay Məmmədov məni Göyçay şəhərindəki evlərinə qonaq aparmışdı. Ailənin ləhcəsi məni təəccübləndirəndə və mən ürəyimdən keçən sualı dilimə gətirəndə, məlum oldu ki, mənim göyçaylı dostumun ailəsi 1918-20-ci illlərdə Dərələyəzdən Şirvana köş edənlərdəndi və Göyçayda belə ailələr yüzlərcədir.

1969-cu ildən "Azərbaycan gəncləri" qəzetində müxbir kimi fəaliyyətə başlamağımla əlaqədar, demək olar ki, qısa bir zaman kəsiyində Azərbaycanın bütün rayonlarını gəzdim və Oğuzda, Qəbələdə, Ağdamda, Ağcabədidə, daha çox Gəncədə, Tərtərdə, Göygöldə belə ailələrə - 1918-20-ci illərdə Qərbi Azərbaycandan qovulanlara rast gəldim. Hətta hərdən başqa cür düşünənlərə də rast gəlirdim: "Onlar özləri köçüblər... könüllü..." Amma sual cavabı qabaqlayır: "Kim öz yurdundan-yuvasından, isti ocağından könüllü köçər?"

1920-ci ilin yazında Cənibi Qafazda "vasitəçilik" missiyasını yerinə yetirən Amerika generalı Heskel məsələni Vedibasar bəyləri qarşısında konkret qoyur: "Ya daşnak Ermənistanının bayrağı altına keçməlisiniz, ya da İrana mühacirət etməlisiniz". Abbasqulu bəyin başçılıq elədiyi Vedibasar bəyləri ikinci yolu seçir.

Bu barədə böyük folklorşünas alim Əziz Ələkbərlinin "Abbasqulu bəy Şadlinski" kitabında ətraflı yazıldığından, təfərrüata varmaq istəmirəm.

Bu minvalla, Vedibasardan başlanan mühacirət köçünün bir ucu Urmiyaya, Xoya çatanda, bir ucu hələ Marağada imiş. Hər kənddə beş-on ailəni yerləşdirirmişlər, daha doğrusu, hər insan məskənində beş-on ailəyə sığınacaq verirmişlər. Mənim ana babam Məhərrəm Qərib oğluna da Urmiyada - Seyidlər məhləsində sığınacaq verən olur və çox keçmir ki, ev yiyəsi elə bu sığınacaqda da onun qapısını elçi kimi döyür. Bu da mənim böyük xalamın ömürlük Urmiyada qalması ilə nəticələnir. Vedililərin bu amansız mühacirəti cəmi ilyarım sürsə də, yaraları hələ də qaysaq bağlamayıb. Və kim bilir, nə qədər geri qayıtmaq imkanı olmayan vedibasarlı Marağada, Urmiyada, Xoyda qalıb.

Əziz dayım Urmiyadakı bacısı uşaqlarından cavab məktubları almağa başlayanda, bacı həsrətilə yaşayan anam dünyasını dəyişmişdi artıq.

1991-ci ilin axırlarında Əziz dayım bacısının bu dünyadan köçdüyünü bilsə də, Urmiyaya səfər eləyib bacısı uşaqlarını, bacısı nəvələrini tapdı. Və çox keçmədi ki, onlar da Qaradizdə Arazı keçib Şahsevən kəndinə gəldilər... Mən bu təntənələrə qatıla bilməsəm də, videokasetlərdə xalam uşaqlarını görə bildim.

Son illər hər dəfə dayım Əzizlə görüşəndə mənə yalnız Urmiya xatirələrini danışır. Sanki, həyatında bundan başqa yaddaqalan bir hadisə olmayıb.

Dünyanın işləri elə gətirdi ki, mart ayının ortalarında yenə dayımın açıq qapısından keçdim. Həmişə olduğu kimi son dərəcə sevindi. Amma sən demə, bu sevincin bir başqa səbəbi də varmış: elə həmin gün Urmiyadan məktub alıbmış. Latın hürufatı ilə yazılmış bu məktubun bir haşiyəsini Əziz dayım eynəyini dəyişəndən sonra özü oxudu:

- Mediadan öyrəndix ki, Qərbi Azərbaycan icması Sizi Vediyə köçütmax istəyir. Gözünüz aydın. Amma bizi də unutmayın. Məhərrəm babanın mülkündə bizim nənəmizin də payı var...

Və sözünün ardını gətirdi ki, görür

sən də mənnnən necə zarafat eləyirlər?

- Zarafat niyə? Demək istəyirlər ki, hər şeydən xəbərimiz var.

- Olsun, olsun, indi başqa zəmanədi.

Sonra isə dayım bəlkə də hər görüşəndə mənə danışdığı hadisəni yenə nağıllamağa başladı:

- Dadaşım xəstə imiş. Birdən var səsilə qışqırır: "Qızlar!" Dadaşımın sonradan ailə qurduğu qadının da adı "Qızlar" imiş. Və Qızlar dərhal hay verir:

- Mən yanındayam da, ay Məhərrəm, nə istəyirsən? Dadaşım:

- Mən Urmiyada qalan Qızları çağırıram, - deyir və keçinir.

Əziz dayımın bu hadisəni mənə dönə-dönə danışmasının səbəbini araşdıranda, bu qənaətə gəlirəm ki, o, məni bu hadisəni yazmağa həvəsləndirir, sanki hiss eləyir ki, bu hadisə yazılmaqdan ötrü ölür...

 





03.04.2023    çap et  çap et