"Ərdoğan seçilməyəcəyi təqdirdə bizim üçün hər hansı bir dəyişikliyin olması nəzərdən keçirilmir, çünki biz toplumlar, millətlər olaraq, türk dünyasını təşkil edən əsas dövlətlər olaraq canımızla, qanımızla bir-birimizə bağlıyıq".
Bunu politoloq İlyas Hüseynov Türkiyədəki seçkilərlə bağlı “525”ə açıqlamasında bildirib:
“Qeyd etmək lazımdır ki, 14 mayda Türkiyədə mühüm prezident və parlament seçkiləri keçiriləcək. Türkiyə Cümhuriyyətinin 100 illiyi ərəfəsində bu seçkilərin keçirilməsi mühüm tarixi əhəmiyyət kəsb edir, çünki Ərdoğanın Türkiyənin gələcəyi ilə bağlı mühüm planları var və düşünürəm ki, Ərdoğan seçilməzsə bu planlar yarımçıq qalar. Türkiyə mühüm sınaqlardan məhz Ərdoğanın hakimiyyəti dövründə uğurla çıxıb. Regional dövlətdən super dövlətə çevrilmək, müdafiə sənayesi sahəsində inqilabi dəyişikliklər etmək, elektrik avtomobilinin istehsalı, PUA-lar və Hava Hücumundan Müdafiə sistemləri sahəsində çox böyük nəaliyyətlərin əldə olunması bütün Türk dünyasını sevindirən bir məqamdır. Azərbaycan Türkiyə ilə dost, qardaş və Şuşa Bəyannaməsinə görə hərbi müttəfiqdir. Türk Dövlətləri Təşkilatı da mühüm bir irəliləyiş əldə edib və türk dilli dövlətlərin əməkdaşlıq şurasından Türk Dövlətləri Təşkilatına qədər mühüm bir inkişaf mərhələsi keçib. Düşünürəm ki, Rəcəb Tayyib Ərdoğan mayda keçiriləcək seçkilərdə qətiyyətlə qalib gələcək. Hazırda dörd namizədin mübarizə aparacağı təsdiqlənib. Ərdoğanın ən əsas rəqibi CHP lideri Kamal Kılıçdaroğlunun olması gözlənilir, çünki Məhərrəm İncə və Sinan Oğan daha çox bu mübarizədən kənarda yarışacaqlar, amma istənilən halda onların da seçkilərdə toplayacağı səs faizi çox önəmlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, Kılıçdaroğlu ilə Ərdoğan bir çox seçkilərdə mübarizə aparıblar və demək olar ki, bütün seçkilərin qalibi, Türkiyənin hazırki lideri AKP sədri Rəcəb Tayyib Ərdoğan olmub”, - deyə politoloq bildirib.
"Ərdoğanın seçilməyəcəyi təqdirdə bunun Azərbaycana nə kimi təsirləri ola bilər?" sualına isə İlyas Hüseynov: “Düşünürəm ki, Ərdoğanın seçilməsi gözlənilir, lakin Ərdoğan seçilməyəcəyi təqdirdə də hər hansı bir dəyişikliyin olması da nəzərdən keçirilmir, çünki biz toplumlar, millətlər, türk dünyasını təşkil edən əsas dövlətlər olaraq canımızla, qanımızla bir-birimizə bağlıyıq. Türkiyədə baş verən zəlzələdə Azərbaycan xalqının Türkiyəyə etdiyi yardım səmimiyyət hisləri, qardaşlıq bağlarından doğan bir yardımlaşma, həmrəylik idi. Bütün dünyaya bu iki dövlətin həqiqətən də bir millət olmasının ismarıcı idi. Bu gün dünyada baş verən müharibələrdə, kataklizmlərdə, dünya iqtisadiyyatına təsir edə bilən hadisələrdə qardaş dövlətlərin bir-birinə qarşı silah qaldırıb, qan tökdüyünü görürük. Azərbaycan-Türkiyə birliyi isə bütün dünya üçün bir nümunədir və düşünmürəm ki, burada hakimiyyətlər hər hansısa mühüm bir parçanı təşkil edərək cəmiyyətlərin yaxınlaşmasında bir elementdir. Hakimiyyətlər yürütdükləri praqmatik siyasətlə, dövlətlərin yaxınlaşmasına töhfə veriblər, amma dünən də Azərbaycanın yanında olan Türkiyə idi, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət Türkiyə idi və Azərbaycanda tarixin müxtəlif dönəmlərində Türkiyənin yanında olub necə ki, Çanaqqala savaşında azərbaycanlılar şəhid olublar. Ona görə də bu münasibətlərin tarixi kökləri və çox işıqlı gələcəyi vardır”, - deyə cavab verib.
Fərid SANÇAR
çap et