“Türkiyənin Azərbaycana münasibəti onun dövlət siyasətidir və əslində hakimiyyətdə kimlərin olmasından asılı olmayaraq Türkiyə Azərbaycana daim qardaşı və strateji müttəfiqi kimi yanaşır".
Bunu politoloq Tural İsmayılov Türkiyədəki seçkilərlə bağlı “525”ə açıqlamasında bildirib:
"Əlbəttə ki, Ərdoğanın seçkilərdə qalib gəlməsi bizim üçün önəmlidir, çünki Cümhur İttifaqında təmsil olunan AKP və MHP daima Azərbaycana qarşı yüksək rəğbət hissi ilə yanaşan partiyalardır. Bu baxımdan Türkiyədəki seçkilərdə hazırki komandanın qalib gəlməsi bizim strateji maraqlarımız baxımından əhəmiyyətlidir, amma istənilən halda, hətta hakimiyyət dəyişikliyi olsa belə, bunun Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsirləri olacağını düşünmürəm, çünki Türkiyənin Azərbaycana olan yanaşması dövlət siyasətidir və siyasi komandaların, iqtidarların kimliyindən asılı olmayaraq burada statik bir xətt mövcuddur”, - deyə politoloq açıqlamasında bildirib.
"Türkiyədə iqtidar dəyişərsə bu Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına gətirib çıxara bilərmi?" sualına politoloq Tural İsmayılov: “Əlbəttə, buna cəhd edilə bilər, çünki biz daha əvvəl də belə cəhdlərin şahidi olmuşuq. Yəni ola bilər ki, Azərbaycanın maraqları nəzərə alınmadan hər hansı formada Ermənistanla danışıqlar aparılsın, amma istənilən halda dediyim kimi bu zəif ehtimaldır. Azərbaycanı nəzərə almadan bunu etmək böyük problemlərə səbəb olur ki, biz bunun daha əvvəl bir nümunəsini görmüşdük. Ona görə də hətta Türkiyədə hakimiyyət dəyişikliyi olarsa belə, Azərbaycanın maraqlarını nəzərə almadan Ermənistanla birbaşa əlaqələrin qurulması Türkiyənin strateji maraqlarına əsla uyğun gəlmir”, - cavabını verib.
Fərid SANÇAR
çap et