Təhsil İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində M.Hadi adına 10 nömrəli tam orta məktəbdə reallaşdırılan “Məktəblilərin poeziya klubu” layihəsi başa çatıb. Layihəyə cəlb olunan şagirdlərin nəşr olunan kitabının təqdimatı keçirilib.
525.az xəbər verir ki, Gəncə-Daşkəsən Regional İdarəsinin əməkdaşları, Gəncə Regional təhsil İdarəsinə tabe olan məktəblərin müəllim və rəhbər heyyəti, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsi üzrə əməkdaşları, layihəyə cəlb olunmuş şagirdlər və digər qonaqlar layihənin bağlanışında və kitab təqdimatında iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəb direktoru Arzu Əliyeva layihənin gedişatına istinad edərək uğurla tamamlanmasını xüsusi vurğulayıb. O, layihənin xüsusi istedadlı şagirdlərin üzə çıxarılmasında əvəzsiz rol oynadığını qeyd edib. Arzu Əliyeva layihə rəhbəri Günay Ələkbərzadəni təbrik edib.
Daha sonra, layihə rəhbəri Günay Ələkbərzadə layihənin ümumi gedişatından danışıb. Layihənin əhatə ediyi müddət ərzində təlimlərin təşkilindən, layihəyə cəlb olunan şagirdlərlə yazıçı və bir sıra sənət adamları arasında keçirilən ədəbi-bədii görüşlərdən, layihə iştirakçıları ilə AYB-nin Gəncə bölməsi arasında yaradılan əməkdaşlıqdan, layihə ilə bağlı informasiyaların mütəmadi olaraq KİV-də və Təhsildə İnkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin rəsmi səhifəsində yayımlanmasından (30-dan çox informasiya) bəhs edib. O, layihə üzrə şagirdlərin yazı nümunələrindən ibarət nəşr olunan "Nizami yurdunun qönçələri" adlı kitabın nəşri ilə layihənin artıq yekunlaşdığını bildirib.
Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin üzvü Eltun Türkel Təhsildə İnkişaf və İnnovasiyalar üzrə təşkil olunan "Məktəblilərin poeziya klubu" layihəsinin yeni yazar şagirdlərin kəşf olunmasının onların gələcək yaradıcı inkişafında oynadığı roldan bəhs edib.
AYB-nin üzvü, Prezident təqaüdçüsü Elməddin Nicata da layihəylə bağlı öz təəssüratlarını bölüşərək, şagirdlərin inkişafında oynadığı xüsusi roldan bəhs edib.
Tədbirdə iştirak edən Gəncə-Daşkəsən regional idarəsinin əməkdaşlarından metodist Vüsalə xanım da layihə ilə bağlı öz fikirlərini qeyd edərək məktəb direktorunun layihə rəhbəri Günay Ələkbərzadəyə verdiyi dəstəyi xüsusilə vurğulayıb və ona gələcək işlərində müvəddəqiyyətlər arzulayıb.
27 nömrəli məktəb liseyin müəllimi "Qabaqcıl təhsil işçisi", "Əməkdar müəllim" Nazim Həsənov da çıxış edərək layihənin ədəbiyyata olan töhfəsimi qeyd edib və yaradıcı şagirdlərin inkişafına verdiyi təkanı vurğulayıb.
Bundan başqa, tədbirdə iştirak edən məktəb direktorlarından bir neçəsi, eyni zamanda layihədə iştirak edən bir neçə şagird də çıxış edərək öz fikirlərini səsləndiriblər.
Layihə iştirakçılarına sertifikatlar və onların şeir, hekayə və esselərini əks etdirən kitablar təqdim olunub.
Tədbirin sonunda layihəyə cəlb olunan şagirdlər öz şeirlərini səsləndirib və bu layihənin onların həyatında yeni bir səhifə açdığını vurğulayıblar.

Havar Şəfiyeva
çap et