525.Az

Anna Akopyanın müharibə etirafları...


 

PAŞİNYANIN HƏYAT YOLDAŞI DEYİR Kİ, 44 GÜNLÜK MÜHARİBƏ ZAMANI ERMƏNİSTAN ORDUSUNDAKI FƏRARİ SAYI 11 MİN NƏFƏR OLUB

Anna Akopyanın müharibə etirafları...<b style="color:red"></b>

İkinci Qarabağ müharibəsi Ermənistan ordusu haqqında illərlə yaradılmış mifləri darmadağın etdi. Məlum oldu ki, "güclü, yenilməz ordu" kimi fikirlər sadəcə boş söz yığını imiş. Bunu elə 2016-cı ilin dördgünlük aprel döyüşləri sübut etdi. Ümumiyyətlə, reallıq budur ki, Ermənistanda mütəşəkkil, nizami ordu heç vaxt olmayıb. Ordu deyilən sadəcə silahlı dəstələrdən ibarət olub. Müharibə günlərində Ermənistanda cinayətkar rejimlərə rəhbərlik etmiş Serj Sarkisyan, Robert Koçaryan, müdafiə naziri olmuş Seyran Ohanyan və digərləri silahlı dəstələr yaradaraq döyüş meydanına göndərirdilər. Elə müharibənin gedişində məlum oldu ki, orduda fərarilik baş alıb gedir. Bir neçə gün əvvəl Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan da bunu etiraf etdi. Onun etirafı bir gerçəkliyi də üzə çıxardı - fərarilərin sayı indiyədək açıqlanan rəqəmdən daha çox imiş. Akopyan etiraf edib ki, 2020-ci ildə 44 günlük müharibədə Ermənistan ordusunda 11 min nəfərdən çox fərari olub.

 "44 günlük müharibə zamanı 11 min fərarimiz var idi. 11 min hərbçi, könüllü, zabit...", - Akopyan qeyd edib.

O bildirib ki, həqiqəti gizlətmək lazım deyil: "Bu gün mən reallığın nədən ibarət olduğunu deməliyəm. Reallıq budur ki, 44 günlük müharibə zamanı bizdə 11 min fərari var idi. Məhz fərarilər. Onları başqa cür adlandıra bilmərəm. Söhbətin nədən getdiyini başa düşürsünüz? 11 minin nə demək olduğunu təsəvvür edə bilərsiniz? Müharibə zamanı ali baş komandan könüllüləri vətənin müdafiəsinə çağıranda, bu çağırış yerinə yetirilmədi. Mən bir qadın olaraq dəstə yaradaraq göstərmək istədim ki, ehtiyac o dərəcədədir ki, qadınlar da müharibədə iştirak edirlər, amma buna da gözlənilən reaksiya olmadı. Bu barədə danışmaq lazımdır. Reallığı gizlətməməliyik".

Onuin sözlərinə görə, hazırda İrəvanda məhkəmə işləri gedir və burada təqsirləndirilən şəxslər ordu zabitləri, müharibə zamanı düşmənə (Azərbaycana - red.) məlumat ötürən əsgərlərdir: "Bu xəyanətdir. Xəyanət - sənə əmanət olunan sərhədi tərk etməkdir. Biz 44 günlük müharibəyə nəzər salmalı, hərəkətlərimizi təhlil etməli və utanmadan qorxduğumuzu etiraf etməliyik. Hər kəs qəhrəman olmaq məcburiyyətində deyil. Amma bunu gizlətmək ayıbdır".

Ermənistanın reallığı bundan ibarətdir. Reallığı da özləri etiraf edirlər. Azərbaycana gəlincə, Vətən müharibəsində Ermənistandan fərqli olaraq Azərbaycanda bir nəfər belə fərari olmadı. Könüllü olaraq döyüşə getmək istəyənləri sayı minlərlə idi. Çünki bizim insanımız öz torpağı uğrunda döyüşürdü, başqasının torpağında deyil, öz vətənini işğaldan azad etmək üçün silaha sarılmışdı.

Azərbaycan Prezidenti  İlham Əliyevin Vətən müharibəsi dövründə xalqa müraciətlərdə bu məqama toxunaraq deyib:  "Bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər - 10 mindən çox fərari olub. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi. Xocalı qatilləri, kəndlərimizi yandıran, insanlarımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla bilməz. Onların ordusu oğrulardan ibarətdir. Son iki il ərzində nə qədər oğru erməni generalı həbs edildi?! Tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar. Onların "qəhrəmanları" qorxaqdırlar, onların rəhbərləri cinayətkardırlar".

Qeyd etdiyimiz kimi, bütün bu reallıqlar fonunda 44 günlük Vətən müharibəsi dövründə bir nəfər də olsun, Azərbaycan əsgəri, hərbçisi fərarilik etmədi. Dövlət başçısı müharibə dövründə xalqa etdiyi müraciətlərində Azərbaycan əsgərinin sonadək döyüşdüyünü və fərariliklə bağlı heç bir faktın qeydə alınmadığını vurğulayıb.

Prezidentdən sitat: "Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz döyüş meydanına qayıdaq, öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi. Bu qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik".

Ermənistanda reallıq dəyişməyib. Bu ölkədə yaxşı başa düşürlər ki, Azərbaycan Ordusu ilə döyüşəcək, üz-üzə gələcək silahlı qüvvələrə malik deyillər. Ona görə də revanşist qüvvələr müharibə ritorikasından bəhs edərkən İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyəti, ondan sonrakı mərhələdə Azərbaycan Ordusunun məhz qarşı tərəfin təxribatlarına cavab olaraq keçirdiyi bir sıra əməliyyatları mütləq yada salmalıdırlar. Elə sonuncu -Ermənistandan Qarabağa qanunsuz silah-sursat, canlı qüvvə daşıyan torpaq yollarının nəzarətə götürülməsi  əməliyyatını yada salmaq kifayət edir. Ordumuz heç bir itki vermədən bu əməliyyatı uğurla həyata keçirdi. Nəticədə, Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürüldü. Ermənistanda anlamalıdırlar ki, hərbi ritorika, revanşist çağırışlar ilk növbədə özlərinin əleyhinə işləyir. Çünki üçüncü müharibə olarsa, fərarilərin sayı 11 min deyil, daha böyük rəqəm olacaq.

 

 

 





04.04.2023    çap et  çap et