525.Az

Böyük Zəfərə doğru uğurlu addım - Aprel döyüşləri


 

Böyük Zəfərə doğru uğurlu addım - Aprel döyüşləri<b style="color:red"></b>

44 günlük Vətən müharibəsi Azərbaycanın 200 ildən sonrakı ilk tarixi qələbəsi olsa da, bu Böyük Zəfərin mühüm bir təməl daşının da hələ dörd il ondan öncə - 2016-cı ilin aprelində atıldığını cəsarətlə söyləmək olar. Cəmi 4 gün çəkən Aprel döyüşləri ilə dünyanın gözlərinə çəkilmiş yalan pərdəsi aralandı, azərbaycanlıların və ermənilərin savaş qabiliyyəti haqqında mif dağılmağa başladı. Xalqımızın qələbəyə, sevincə təşnə ürəyinə düz 23 ildən sonra su səpildi.

Müzəffər ordumuzun parlaq tarixi qələbələrindən olan "Aprel döyüşləri"ndən yeddi il ötür. 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında atəşkəs ciddi şəkildə pozuldu, gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Nəticədə dinc sakinlərdən 2 nəfər həlak oldu, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi və Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatına keçdi.

Azərbaycan tərəfi 2 aprel 2016-cı ildə beynəlxalq qurumların təkidli müraciətləri və dövlətimizin sülhsevər siyasətinin nəticəsi olaraq düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini saat 15:00-dan birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul etsə də, bundan istifadə edən düşmən həmin ərazilərə əlavə qüvvə yığaraq döyüşləri davam etdirdi. Dördgünlük döyüşlər zamanı Azərbaycan tərəfi iki dəfə döyüşləri dayandırmaq qərarı qəbul etdi. Ancaq qarşı tərəf öz xain əməlindən və azğınlığından əl çəkməyərək itirilmiş mövqelərini geri qaytarmaq məqsədi ilə vəziyyəti gərginləşdirməyə davam edirdi. Nəticədə Aprel döyüşləri ayın 5-i saat 12:00-a qədər davam etdi. Həmin saatdan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı.

Dörd gün davam edən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyində nəzarəti ələ keçirdi. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Həmçinin, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Lakin bu hələ son deyildi. Azğın düşmən məğlubiyyəti ilə barışmaq fikrindən çox uzaq idi. Ona görə də verdiyi sözə, imzaladığı razılaşma sənədinə zidd olaraq aprelin 5-i saat 12:10-dan başlayaraq aprelin 6-sı saat 12:56-dək sutka ərzində Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqelərini Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlarla atəşə tutdu. Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susduruldu.

Təəssüf ki, heç bir müharibə, heç bir döyüş itkisiz ötüşmür. Şanlı qələbə ilə tariximizə həkk olan Aprel döyüşlərində də xalqımızın 88 qəhrəman oğlu bu vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan tərəfindən isə 320 döyüşçü məhv edilmiş, 500-dən artıq hərbi qulluqçu yaralanmışdı.

2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Silahlı Qüvvələrimizin 3 üzvü Azərbaycanın Milli Qəhrəmanı adına, 7 üzvü "Azərbaycan Bayrağı" ordeninə, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, 19 üzvü "Vətən uğrunda" medalına layiq görüldü. 43 hərbçimiz "İgidliyə görə" medalı, 45 nəfər "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Bizim orduda 2 zabitimiz general-mayor ali hərbi rütbəsi ilə mükafatlandırılarkən aprelin 29-da Ermənistanda üç yüksək rütbəli hərbçi və müdafiə sahəsinin rəsmiləri "Dördgünlük müharibədə uğursuzluğa, biabırçı məğlubiyyətə görə" işdən qovuldu.

Aprel qələbəsi 23 il torpaq həsrətiylə yanan qəlblərə təskinlik olarkən, həmçinin, özümüzə, ordumuza, gücümüzə olan inamımızı yenilədi, öləzimiş ümidlərimizi canlandırdı. Azərbaycan rəhbərliyi təkcə xalqımıza deyil, bütün dünyaya dövlətimizin işğal edilmiş ərazilərini hərb yolu ilə azad etmək gücünə sahib olduğu mesajını verdi. Artıq heç kimin Qarabağa qovuşacağımızla bağlı zərrə tərəddüdü yox idi. Bütün xalq Ali Baş Komandanın bircə sözünə müntəzir şəkildə o möhtəşəm günün gəlməsini gözləyirdi. Nəhayət, o gün düz dörd ildən sonra gəlib çıxdı və Müzəffər Ali Baş Komandanın əmri ilə rəşadətli Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. Ancaq bu dəfə daha qərarlı və daha böyük inamla. Onun çıxdığı yol dörd il öncədən döşənməyə başlamışdı və Aprel qələbəsi kimi möhkəm zəminə malik idi. Odur ki, onu bu yoldan kimsə döndərə bilməzdi. Və bu qətiyyət, bu qərarlılıq düz 44 gün ərzində hər birimizin, xüsusən də Ali Baş Komandan öndə olmaqla, ordumuzun döyüş ruhunda bir saniyə belə səngimədi, öləzimədi. Nəticədə 30 illik həsrət sona çatdı, Azərbaycan xalqı əzəli-əbədi torpaqlarına, gözəl Qarabağa qovuşdu.

Vətən müharibəmizdə iştirak edən hərbi qulluqçularımızın, döyüşçülərimizin bir çoxu dörd il öncə Aprel döyüşlərinin iştirakçısı idi. Onların özlərinin də dedikləri kimi, bu Vətən müharibəsinə həm də "yarımçıq qalmış işlərini tamamlamaq" missiyası kimi də yanaşırdılar. Aprel qələbəsi ilə ailəsinə, xalqımıza böyük sevinc bəxş edən oğullarımız Vətən müharibəsində neçə-neçə kəndlərin, rayonların alınmasında iştirak edərək şəhidlik məqamına ucaldılar. Onlar bu dünyada qələbə gününü görməsələr də, inanırıq ki, uca məqamlarında bu şanlı tarixi hadisənin sevincini, fəxarətini Aprel döyüşlərində şəhid olmuş silah yoldaşları ilə birlikdə hiss etdilər.

 

 





04.04.2023    çap et  çap et