525.Az

"Suriyadakı fəaliyyətini artırmaqla İran öz gücünü nümayiş etdirməyə çalışır"


 

"Suriyadakı fəaliyyətini artırmaqla İran öz gücünü nümayiş etdirməyə çalışır"<b style="color:red"></b>

İranın regionda daha da aktivləşməsi - son bir ildə Azərbaycana qarşı törətdiyi təxribatlar, Rusiyaya hərbi yardımları, İsraildəki terror hadisələri, habelə Suriyada baş verən son hadisə, yəni ABŞ hərbi bazalarına edilən hücumlar Tehranın qonşu ölkələrdə özünün mütləq hegemonluğunu qurmağa çalışdığını bir daha sübut edir.

Ortadoğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan "525"ə açıqlamasında İranın artan təxribatları, habelə Suriyadakı böyüyən hərbi aktivliyini belə izah edir: "İranın Suriyadakı hərəkətliliyi həm də İsrailə bir mesajdır. İsrail bir müddət əvvəl İranın Suriyadakı mövqelərini darmadağın etmişdi. Ona görə də İran ayaqda olduğunu Suriyada fəaliyyətini daha da artırmaqla nümayiş etdirməyə çalışır. Digər tərəfdən, Suriyada ABŞ-ın fəallığının artmasına qarşı da bu addımları atır. Bu yaxınlarda ABŞ rəsmiləri bəyan etdilər ki, Suriya və İraqdan çıxmayacaqlar və İranın Suriyada aktivliyini artırması buna cavab ola bilər".

İranın bundan sonra daha təhlükəli addımlar ata biləcəyini də istisna etmək olmaz. Bu isə terrordur. Məlumdur ki, İranın demək olar ki, bir çox ölkələrdə, hətta Avropada və xüsusəndə regionda terror hadisələri törətmək imkanı var. Tehranın terrora əl atması riski varmı və bu, baş verərsə, region üçün hansı təhlükələrə yol aça bilər? Sədrəddin Soltan qeyd edib ki, İran terror fəaliyyətinə əl atarsa, bu, İran rejiminin aparıcı qüvvələrinə də təsir göstərə bilər: "İran hakimiyyətinin terroru dəstəklədiyinə və yaxud terrorçuluğu maliyyələşdirdiyinə dair dünya dövlətləri öz münasibətlərini bildiriblər. Məsələn, ABŞ, Böyük Britaniya, Avropa İttifaqı ölkələri bu və ya digər şəkildə İran rejiminin terrorla əlaqəsi olduğunu bildirib. İsrail, Almaniya, ABŞ, Böyük Britaniya rəsmiləri İranın regiondakı pozuculuq fəaliyyətini dəfələrlə dilə gətiriblər və bu fəaliyyət daima tənqid olunub. Düşünürəm ki, dövlətlər üçün terror uğurlu alət deyil. Hələ heç bir dövlət terrordan istifadə etməklə uğur qazanmayıb. Çünki bu cinayətin iki başı var, nəticə etibarilə sonradan həmin o cinayət bumeranq kimi ölkənin özünə də təsir göstərir. İran hakimiyyəti perspektivdə terror fəaliyyətinə üstünlük verərsə, onun bu əməllərinin ölkə daxilində rejimin aparıcılarına qarşı da tətbiq olunması ehtimalı var. Yada salaq ki, 1980-ci ildə inqilabın ilk ilində İranda baş verən terror nəticəsində ölkənin o dövrki yüksək vəzifəli rəhbərləri ölmüşdü və ölkənin indiki ali rəhbəri Ayətullah Seyid Əli Xamenei yaralanmışdı. Bunlar terrorun nəticəsi idi. Ehtimal etmək olar ki, İranın perspektivdə terrorla bağlı fəaliyyətini gücləndirməsi yeni sanksiyalar və məhdudlaşdırıcı aktlarla üzləşə bilər".

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə "525"ə açıqlamasında İranın terrora əl atacağı ehtimalını istisna etməyib: "İran adətən, hədəf seçdiyi ölkələrə qarşı proksi müharibələrdən istifadə edir, yəni bu müharibəni başqa ölkələr və ya qüvvələr vasitəsilə aparır. Məsələn, İsraili hədəf götürürsə, oraya "Həmas" və "Hizbullah"ın əli ilə zərbələr endirir, həmin qruplara maliyyə ayırıb, silah-sursat verir. Suriyada da fəaliyyətini bu cür davam etdirir, eləcə də digər ölkələrdə.

Azərbaycanda da belə hallar az olmayıb. Məsələn, terror hadisələri olub və bunun izi İrana gedib çıxıb. Yəni İranın bu cür fəaliyyətləri mövcuddur. Ona görə də biz son dərəcə ehtiyatlı olmalıyıq. İrana bağlı Azərbaycanda fəaliyyət göstərən xəfiyyələrə, beşinci kolonlara qarşı mübarizə davam etməlidir ki, Azərbaycan vətəndaşları başqa ölkələrin əlində alətə çevrilməsin".

Fərid SANÇAR

 

 

 





04.04.2023    çap et  çap et