Zəlimxan Yaqub dilimizin zənginliklərindən, tükənməz imkanlarından, gözəlliklərindən ustalıqla, məharətlə istifadə edərək sözdən abidələr yaradır. Onun şeirlərinin hər bəndi, hər sətri, hətta hər sözü yerindədir. Bu şeirlərdə təkcə qafiyə yox, bir nizam var, nizamla bərabər məna var və bunun nəticəsidir ki, onun şeirləri bu qədər güclüdür və həm də bu qədər oxunaqlı və yaddaqalandır.
Zəlimxan Yaqubun yaradıcılığının ən maraqlı və diqqətçəkən cəhətlərindən biri onun mövzularının müqəddəsliyində, qutsallığındadı,böyüklüyündədir.
Diqqət yetirin, şairin şeirlərinin mövzusu dünyaya göz açdığı evdir, eldir, obadır, kənddir, mahaldır, Dərbənddir, Göyçədir, Borçalıdır, Qarabağdır, Kərkükdür, Təbrizdir, Türk elləridir, Turandır.
Zəlimxan Yaqubun lirik qəhrəmanları Şah İsmayıldır, Aşıq Ələsgərdir, Yunis İmrədir, Heydər Əliyevdir və nəhayət Peyğəmbərdir.
Zəlimxan Yaqubun mövzularının hər biri böyük bir tədqiqatın obyektidir və onlara cild-cild kitablar yazılır və yazılacaqdır.
Mən bu yazıda şairin mövzularından biri haqqında söhbət açmaq istəyirəm.
Azərbaycanın dövlətçilik tarixinin qırx ildən çox bir dövrü Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Onun cismani yoxluğundan on bir ildən çox vaxt keçməsinə baxmayaraq, o xalqın qəlbində yaşayır və hələ uzun illər yaşayacaq, nə qədər ki, Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də var olacaqdır.
Ümummilli liderimiz öz fitri idarəçilik qabiliyyəti, qətiyyəti, cəsarəti, tükənməz enerjisi, müdrikliyi, fenomenal yaddaşı, misilsiz işgüzarlğı ilə öz adını Azərbaycan tarixinə əbədi həkk eləmiş nadir şəxsiyyətlərdəndir.
Heydər Əliyevin keşməkeşlərlə dolu, mənalı ömür yolu, xalq və Vətən qarşısında misilsiz xidmətləri, zəngin mənəvi irsi və dövlətçilik təcrübəsi gələcək nəsillərə örnəkdir.
Azərbaycan tarixinin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev bu tarix kitabına öz səhifəsini yazmamış olsun.
Qədirbilən xalqımız, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin nümayəndələri Ulu öndərimizin Azərbaycan dövlətçiliyinə, xalqına, adət-ənənəsinə göstərdiyi bu misilsiz xidmətləri unutmamış, onu öz yaradıcılıqlarında vəsf etmiş, şərəfinə abidələr ucaltmış, musiqilər, şeirlər, nəsr əsərləri, poemalar, publisistik yazılar, xatirələr və s. yazmışlar.
Heydər Əliyev fenomenini öz əsərlərində tərənnüm edən yaradıcı ziyalılarımızdan biri də Xalq şairi Zəlimxan Yaqubdur.
Zəlimxan Yaqub Ümummilli liderimiz Heydər Əliyevi tərənnüm edən çoxsaylı əsərlər yaratmşdır.Bu əsərlərin hamısı sairin ən sevimli nəğmələridir.
Təbii ki, bu əsərlərin zirvəsində "Böyük ömrün dastanı" və "Əbədiyyət dastanı" dayanır.
Əslində Zəlimxan Yaqub bu əsərləri yaratmaqla Ulu Öndərə yazılı bir abidə ucaltmışdır. Bu günümüzdə hələ çox zamanlar keçəcək, nəsillər Heydər Əliyev dahiliyini, böyüklüyünü, onun həyat yolunu, fəaliyyətini, istedadını həm də Zəlimxan Yaqubun dastanlarından öyrənəcəklər.
Təbii ki, Zəlimxan Yaqub bu iki möhtəşəm abidəni birdən-birə yaratmamışdır. Buna qədər şair uzun bir yol qət etmişdir.
1990-cı illərin əvvəlləri Azərbaycan ölüm-dirim savaşında, olum-ölüm sualı qarşısında idi. Belə bir zamanda xalqın bir ağsaqqala, başbilənə, böyüyə, rəhbərə son dərəcə ciddi bir ehtiyacı var idi. Hamı üzünü bir ünvana-Heydər Əliyevə tutmuşdu.
Bax onda Zəlimxan Yaqub "Allahım, mənə bir ağsaqqal yetir" şeirini yazdı:
Allahım, mənə bir ağsaqqal yetir,
Ona söylənəsi ağrım-acım var.
Oğul deyə-deyə sızlayan anam,
Qardaş deyə-deyə yanan bacın var.
Bəli, cəbhədə özbaşınalıq baş alıb gedir, başsızlıq üzündən oğlanlarımız havayı güllənin qurbanı olurdu. Azərbaycan parça-parça bölünmək təhlükəsi qarşısında idi.
Allahım, mənə bir ağsaqqal yetir,
İstər yerdən çıxart, özün bilərsən.
İstər göydən endir, özün bilərsən.
Məsləhət sənindir, özün bilərsən.
Belə bir dövrdə artıq bu millətə, bu xalqa, bu məmləkətə bəndə heç nə edə bilməzdi. İşimiz Allahın ümidinə qalmışdı və
şair:
Üzmüşəm əlimi yerdəkilərdən,
İlahi, göylərdən bir kişi göndər.
-deyərək haray çəkir.
Bax onda Zəlimxan Yaqub "Xalqın ehtiyacı var" poemasını yazdı. Bu poemada da hələ şair xalqın başbilənini, ağsaqqalını axtarırdı.
Elin dar ayağında, xalqın haqlı günündə, boğanaqlı günündə döyünən ürəklərə, düşüncəli başlara xalqın ehtiyacı var idi. Arxalı köpəklərin dişini qırmaq üçün, yalqızlara, təklərə kömək olmaq üçün ən güclü şəxsiyyətə, ən böyük sərkərdəyə xalqın ehtiyacı var idi.
O zamanlar ağsaqqalın sözünün oduna, közünə ehtiyac var idi, ağsaqqalın üzünün nuruna ehtiyac var idi və şair "Əgər yoxsa başçımız, əgər yoxsa başımız, onda bədən neyləsin" deyə hayqırırdı.
Bizə ağsaqqal gərək,
Yurdu yada verməsin.
Bizə ağsaqqal gərək,
Xalqı bada verməsin.
Biz döyüşə gedəndə,
O bizə səngər olsun.
Buyruğuna, əmrinə,
Ellər səfərbər olsun.
Güvəndiyi həqiqət,
Dayağı bəşər olsun.
Və nəhayət Böyük Yaradan eşitdi şairlərin səslərini, xalqın dualarını,insanların arzu və istəklərini. O zaman Tanrının möcüzəsiylə Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Gəlişiylə bir işıq, nur, ümid, nicat gətirdi.
Bax onda şair Zəlimxan Yaqub bu gəlişə şeir yox, dastan yazdı - "Qurtuluş dastanı".
Diqqət etsək görərik ki, Zəlimxan Yaqub Heydər Əliyevə həsr etdiyi əsərlərinin əksəriyyətini dastan formasında yaradıb və ədəbiyyat adamlarına sirr deyil ki, dastan folklor janrıdır. Bu heç də təsadüfi deyil. Çünki Zəlimxan Yaqubun dünyaya göz açdığı məkan - Borçalı mahalı Azərbaycanımızın folkloru ilə çox zəngin bir mahaldır və xalqın yaddaşında yaşayan folklor nümunələri şairin yaradıcılığına təsir etməyə bilməzdi. Zənnimcə Ulu Öndərimiz Heydər Əliyev haqqında yaratdığı əsərləri dastan formasında yazmaqda məqsəd Heydər Əliyev böyüklüyünü dastanlaşdırmaq, folklorlaşdırmaq, onu həm də şifahi xalq ədəbiyyatı nümunələri kimi xalqın yaddaşına köçürməkdir.
Yeri gəlmişkən, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı, ictimai və dövlət xadimi Elçinin Zəlimxan Yaqubun dastan yaradıcılığı haqqında fikirlərini oxucuların diqqətinə çatdırmaq istərdim... "Mən sənin dastanını ədəbiyyatımızda ciddi hadisə hesab edirəm və şübhə etmirəm ki, sənin açdığın bu cığır ədəbiyyatımızın güclü (və məxsusi) qollarından birinə, milli faktoruna çevriləcək".
"Sənin sənətkar qələmin dilimizin qadirliyini yalnız əyani şəkildə göstərmir, həm də bu qadirliyi sübut edir və içimizdəki həmin ağır "səksəkə" hissini dağıdır".
Və mən yenidən qayıdıram "Qurtuluş dastanı"na.
Zəlimxan Yaqub bu dastanı yazmadı, bu dastanı yaşadı. Məşhur "91"lər üzünü Naxçıvana - Heydər Əliyevə tutanda Zəlimxan Yaqub, Bakı "qanlar içində qaynaşanda", "şərləri, naxələfləri, millət tanıya bilməyəndə", "dizi heydən, əli göydən üzüləndə", "üzünü tutmağa, sözünü deməyə adam tapa bilməyəndə", "məmləkət min yerdən dağılanda", "hərə bir yana - biri Talışa, biri Muğana çəkəndə", "vəzifə üstündə "stol davası" gedəndə", məşhur "91"lər Naxçıvana üz tutanda Zəlimxan Yaqub "Heydər Əliyev" hayqıraraq üzünü xalqa tutdu:
Qorxur vəzifəbazlar
Bütün vəzifələrdən
yüksəklərdə dayanan,
Bir kişinin adından,
Gəlir o qüdrət, gəlir,
Dözüm, qətiyyət gəlir.
Adını eşidəndə millət qalxır ayağa,
Gözə işıq, cana od,
qəlbə cəsarət gəlir.
Və təsadüfi deyildi ki, dastan dilində yazılan bu əsər tez bir zamanda dillər əzbəri oldu və xalqın yaddaşına köçdü:
Qoy səsi guruldasın bu gün
altı qitədə,
Odur məndən ötəri ATƏT-də,
BMT-də!
Gəlib, o kişi gəlib!
Xalqın xeyrinə sarı,
çarxın gərdişi gəlib!
Millətinə, xalqına birləş deyir,
qalx deyir!
Öz haqqına güvənir,
haqq danışır, haqq deyir.
Əlli milyona çatmış
Azərbaycan Dünyası,
"Qurtuluş nəğməsi"ni
oxuyur bir himn kimi,
Bir səslə, bir avazla
"Heydər" deyir, "xalq" deyir.
Kiçik bir haşiyə: Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyan möhtəşəm sarayda növbəti dövlət tədbirinin bədii hissəsi gedirdi.
Ümummilli liderimiz həmişəki kimi öz yerində - Salonun mərkəzində əyləşərək öz əzəmətli baxışlarını səhnəyə tuşlamışdır.
Səhnədə Azərbaycan Respublikasının xalq artisti, bədii qiraət ustası Laləzar Mustafayeva insanın qəlbinə nüfuz edən səsilə şeir oxuyurdu:
Addımbaşı ölümlə çarpışan
şirim mənim,
Ölümsüzüm, ölməzim,
əbədi dirim mənim.
Gur ocaqlar yandıran ocağım,
pirim mənim.
Allah özü də təkdir, baxma,
meydanda təksən,
Sən qalib gələcəksən!
Sarayda tam sükut hökm sürür.
Saraya bir Laləzar xanımın aramla səslənən sirayətedici səsi,bir də hələlik salondakılara müəllifi bəlli olmayan şeirin poetikası və fəlsəfi mənası hakim kəsilmişdir.
Haqsızlığın içində boğulan
haqlar da var,
Səddi keçilməz olan ağır
sınaqlar da var.
Kürəyinə sancılan qanlı
bıçaqlar da var.
Əlindən, ayağından çəkən
alçaqlar da var,
Ağrıların, dərdlərin
olsa da dağlarla tən,
Sən qalib gələcəksən!
Cəmi beş bənddən ibarət olan şeirin təqdimatı bir andaca başa çatdı.
Şeirin son bəndi səsləndi:
Bir gecənin içində ağaran
saçın da var,
Suları qan axıdan Qarqar da var,
Xaçın da var,
Sızlayan Qarabağ da, inləyən
Laçın da var,
Min dəfə ağır olan çəkilməz
dərdlər də var,
İçimiz qurd kimi yeyən
namərdlər də var,
İstiqlalın yolunda zülm,
zillət də çəksən,
İstiqlala çatmağa xeyli
həsrət də çəksən,
Sən qalib gələcəksən!
Şairin qüdrəti və ifaçının ustalıqla ifası iclas salonunu ayağa qaldırmışdı.
İndi hamının diqqəti bir nöqtəyə - Heydər Əliyevin üzünə zillənmişdi.Sürəkli alqışlar davam edirdi...
(Ardı var)
Ramiz GÖYÜŞOV
çap et