525.Az

Beynəlxalq Uşaq Kitabı Günü münasibəti ilə tədbir keçirilib


 

Beynəlxalq Uşaq Kitabı Günü münasibəti ilə tədbir keçirilib<b style="color:red"></b>

2 aprel tarixində Respublika Uşaq Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Günü münasibəti ilə Azərbaycan uşaq yazıçısı, şair, tərcüməçi, publisist  Sevinc Nuruqızı ilə oxucuların görüşü keçirilib.

525.az xəbər verir ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdir.

Tədbirdə həmçinin Yunanıstan Beynəlxalq Uşaq Kitabı Şurası (İBBY) idarə heyətinin  üzvü xanım Mariya Delaki də iştirak edib.

Tədbri giriş sözü ilə açan kitabxananın direktoru gənc nəslin milli-mənəvi dəyərlərə bağlı olaraq böyüməsində uşaq ədəbiyyatı sahəsində çalışan ədiblərimizin böyük rolundan, uşaqların şəxsiyyət kimi formalaşmasında uşaq ədəbiyyatının önəmindən bəhs edərək onları 2 Aprel - Beynəlxalq Uşaq Kitabı Günü münasibəti ilə təbrik edib.

Tədbirdə Sevinc Nuruqızı iştirak edən məktəblilərə yeni nəşr olunmuş  “Duman pəriləri ŞU-ŞA” kitabının əsas qəhrəmanları haqqında məlumat verməklə yanaşı yaradıcılığında uşaqlar üçün yazdığı nağıl, hekayə və şeirləri haqqında ətraflı danışıb. Məktəblilər Sevinc Nuruqızının “Pıçıltı”  kitabındakı hekayələrdən ibarət kompazisiya ilə çıxış edib. Onlar  hekayə ilə bağlı  çəkdikləri rəsmlərini nümayiş etdirib.

Dillər Universitetinin yunan kafedrasının müəllimi, Yunanıstan Beynəlxalq Uşaq Kitabı Şurası (İBBY) idarə heyətinin  üzvü xanım Mariya Delaki uşaqlara yunan uşaq ədəbiyyatından “Paltar sancaqları” nağılını azərbaycan dilinə tərcümə ilə oxuyaraq  şagirdlərin marağına səbəb olan sualları cavablandırıb.

Tədbirin sonunda məktəblilərin iştirakı ilə kitaba, mütaliəyə, maarifləndirici yarışlara marağının artırılması,  intellektual və yaradıcı inkişafına təkan verilməsi məqsədilə Sevinc Nuruqızının  əsərlərinə aid  Breyn Rinq oyunu  keçirilib. Qalib  komandaya Sevinc Nuruqızının “Pıçıltı”   kitabı hədiyyə edilib.

Tədbirin keçirilməsində məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaqdır.

Qeyd edək ki, 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Qans Xristian Andersenin dünyaya gəldiyi gün - aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu əlamətdar günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etməkdir.

 





04.04.2023    çap et  çap et