525.Az

Fironun tabutu 5 aylıq sərgi üçün Parisə aparılıb


 

Fironun tabutu 5 aylıq sərgi üçün Parisə aparılıb<b style="color:red"></b>

Qədim Misir fironu II Ramzesə məxsus tabut Parisdə 5 ay davam edəcək sərgi salonuna aparılıb.

525.az Misirin rəsmi xəbər agentliyi MENA-da yer alan xəbərə istinadən bildirir ki, Misirin Parisdəki səfiri Ala Yusif II Ramzesin tabutunun Parisə aparıldığını bildirib. Tabutun Misirin Parisdəki bir salonda təşkil etdiyi 5 ay davam edəcək bir sərgi salonuna qoyulduğunu deyən Yusif: “II Ramzes Qədim Misir tarixinin ən güclü və çox məşhur Fironu olaraq tanınır", - deyib. II Ramzesə məxsus tabutun 1976-cı ildə də sərgi üçün Parisə aparıldığını qeyd edən Yusif, bu tabutun yarım əsrdən sonra yenidən bu şəhərə göndərildiyini bildirib. 

Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada II Ramzesə məxsus taxta tabutun Parisdəki sərgi salonuna çatdığı və 5 ay davam edəcək sərginin aprelin 6-da açılacağı bildirilib. 

Sərginin “Ramzes və Fironların Qızılı” adı ilə açılacağı və burada Misirdən gələn 180 qızıl tarixi əsərin nümayiş olunacağı paylaşılıb. Misir Nazirlər Şurası yanvar ayında Parisdə nümayiş etdiriləcək əsərlər sırasına II Ramzesin tabutunun da daxil edilməsini təsdiqləmişdi. 

Qeyd edək ki, 20 yaşında taxta çıxan Ramzesin eradan əvvəl 1279-cu ildən 1213-cü ilə qədər hökm sürdüyü təxmin edilir. Yəhudilərin Misirdən İsrailə köç etməsinə səbəb olduğu düşünülən Ramzes, məşhur Əbu Simbel məbədi də daxil olmaqla bir çox saray və məbədlər inşa etdirib. 1881-ci ildə tapılan II Ramzesin tabutu paytaxt Qahirədə Misir Milli Muzeyində nümayiş etdirilir.

Malik Atilay

 





04.04.2023    çap et  çap et