525.Az

İranın məntiqsiz notası 


 

MOLLA REJİMİ NƏYƏ ETİRAZ EDİR?

İranın məntiqsiz notası <b style="color:red"></b>

İran Azərbaycana qarşı təxribatlardan, açıq təhdidlərdən artıq terror əməllərinə keçib. Əslində İran və terror ifadəsi heç kimə təəccüblü gəlmir. Çünki bu ölkə çoxdandır ki, terroru dövlət siyasətinə çevirib.

İran rejimi düşünür ki, məhz terrorla qorxu yaradacaq, hansısa ölkələrin geri addım atmasına nail olacaq, bununla da öz maraqlarını təmin edə biləcək. Xarici ölkələrin səfirliklərinə hücum "təcrübəsi"ni, Yaxın Şərqdəki və digər nöqtələrdə əməllərini göz önünə gətirmək İranın terrorçu mahiyyətini tam şəkildə ortaya qoyur. Amma bu dəfə görünür, ünvanı səhv salıb. Çünki rejim Azərbaycanda qarışıqlıq yaratmağa, çirkin oyunlarını həyata keçirməyə nail ola bilməyəcək. Birincisi, Azərbaycan hansısa ölkənin siyasətinə, maraqlarına uyğun hərəkət etmir. Müstəqil dövlət olaraq öz siyasətini aparır və atılan addımlarda da ilk növbədə dövlətimizin, xalqımızın maraqları nəzərə alınır. İkincisi, Azərbaycan öz təhlükəsizliyini təmin edən güclü dayaqlara malik bir dövlətdir və kimlərinsə bu dayaqları silkələməsinə imkan verməyəcək. Hansısa təhdidlərlə, terror əməlləri ilə Azərbaycanı qorxutmaq, geriyə addım atmağa məcbur etmək mümkün deyil. Digər tərəfdən, İran Azərbaycana qarşı hər zaman düşmənçilik siyasəti aparıb, torpaqlarımızın işğalı müddətində bir dəfə də olsun müsəlman həmrəyliyindən çıxış edərək işğala qarşı çıxmayıb. Əksinə, ərazilərimizi Ermənistanla birgə talayıb, dağıdıb. İkinci Qarabağ müharibəsindən sonra isə Tehranın təhdidləri, düşmənçilik siyasəti açıq müstəviyə keçdi. Tehran Azərbaycanın qələbəsini həzm edə bilmədi və Ermənistanla normallaşma prosesinə mane olmağa çalışdı. Həmçinin, Zəngəzur dəhlizi, sərhədlərin müəyyən edilməsi və regionun inkişafı üçün digər məsələlərin əleyhinə bəyanatlar verdi. Daha sonra açıq təhdidlərə keçərək Azərbaycanla sərhəddə təlimlər keçirdi. Bütün bunlar azmış kimi yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu təşkil etdi. Terror aktı zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov qətlə yetirildi. Hücumun qarşısını alan səfirliyin iki əməkdaşı isə yaralandı. Nəhayət, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilən terror aktı. Artıq bu iş üzrə saxlanılanların hamısının İranla bağlantısı üzə çıxıb. Bu izin həm də İrana işləyən şəbəkənin digər üzvlərinin də aşkarlanmasına səbəb olacağı mümkündür. Eyni zamanda son aylarda baş vermiş bir sıra silahlı hücum və hadisələrin də izlərinin İrana aparacağı şübhə doğurmur.

Ancaq İran etdiyi əməlləri azmış kimi bir neçə gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Notada Azərbaycanın bəzi media qurumlarında İranla bağlı yazılara etiraz edilib və narahatlıq dilə gətirilib. Bir qədər də irəli gedərək Azərbaycan mətbuatında dərc olunan yazılara görə kompensasiya tələbi irəli sürüb. Bununla da necə deyərlər, abırsız simasını ortaya qoyub.

Notanın məzmununa keçməzdən əvvəl, onu vurğulayaq ki, beynəlxalq qaydalara görə, diplomatik notalar protokola uyğun olaraq həftənin iş günləri göndərilir. Amma İran diplomatik qaydalara "yenilik" gətirərək qeyri-iş günü XİN-ə etiraz notası təqdim edib. Görünür molla rejimi bu məsələdə də sivil qaydalardan kənarda qalıb.  Məsələ ilə əlaqədar eyni gündə İran səfiri Seyid Abbas Musəvi Azərbaycan XİN-ə çağırılıb. Bununla bağlı XİN-in açıqlamasında qeyd edilib ki,  İran səfirliyinin notası 3 aprel tarixində daxil olub: "İran tərəfinin notasında Azərbaycan mediası ilə bağlı qeyd olunanların obyektivliyi əks etdirmədiyi vurğulanaraq, İran tərəfinə cavab notası, eləcə də İran mediasında Azərbaycan əleyhinə yayılmış bir sıra məqalələrin siyahısı təqdim olunub. İranın ölkəmizdəki səfirinə bildirilib ki, İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət və hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumatlar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışları ölkələrimiz arasındakı münasibətlərə xələl gətirir və anlaşılmazlıqları daha da dərinləşdirir".

Görüş zamanı, İran mediasında Azərbaycan əleyhinə yalan və qərəzli məlumatların yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülməsinin zəruriliyi vurğulanıb. 

İran mediası illərdir ki, Azərbaycanla bağlı şər, böhtan tirajlayır, aşağılayıcı ifadələrdən istifadə edir, ölkəmizin rəsmi şəxslərini təhqir etməkdən, ərazi bütövlüyümüzə qarşı həqarətdən çəkinmir. Azərbaycan dövləti ifadəsini belə işlətmir, "Bakı respublikası" deyir. Bu ölkənin KİV-lərinin səfirliyimizə hücum edən terrorçu Yasin Hüseynzadədən dərhal sonra müsahibə alması dediklərimizə yalnız bir nümunədir. Eyni zamanda, SEPAH-la əlaqəli mediada da ölkəmizə qarşı açıq təhdidlər yer alır. Ona görə də İranın Azərbaycanın hansısa addımına etiraz etməsi, nota təqdim etməyə heç bir haqqı yoxdur. Əvvəlcə öz əməllərinə göz yetirməsi lazımdır. İran Azərbaycan mediasından nə gözləyir? İranın terror siyasətini, yoxsa region, beynəlxalq aləm üçün qorxulu virusa çevrilməsini, təhlükəsizliyə yaratdığı təhdidləri, Azərbaycana qarşı düşmənçilik siyasətini, terror əməllərini tərifləyəkmi? Yəni, molla rejimində məntiqlə düşünən, ağlı olan bir nəfər belə yoxdur? İstənilən halda, Azərbaycan-İran münasibətlərin bu nöqtəyə gəlməsində günahkar tərəf məhz İrandır. Hər şeyi İran başlayıb, düşmənçilik siyasətinə, terrora özü rəvac verib. Azərbaycan XİN-in bəyanatında vurğulandığı kimi, ölkələrimiz arasında münasibətlər dövründə yaranan anlaşılmazlıqlar daim İran tərəfinin birtərəfli davranış və addımlarından qaynaqlanır. Azərbaycan tərəfinin ardıcıl və xoş niyyətli addımlarına İran tərəfindən lazımi qarşılıq verilməyib. Tehranın siyasəti ucbatından həddindən artıq gərgin nöqtəyə dirənən münasibətlərin dəyişməsi üçün İran hərəkətə keçməlidir. Hansı addımları atmalı olduğunu isə özü yaxşı bilir. Rəsmi Bakı bu barədə dəfələrlə qarşı tərəfi xəbərdar edib.

 

 





05.04.2023    çap et  çap et