525.Az

Böyük şəxsiyyət, görkəmli dövlət xadimi - Heydər Əliyev-100


 

Böyük şəxsiyyət, görkəmli dövlət xadimi - <b style="color:red"> Heydər Əliyev-100</b>

Bu il Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Bu möhtəşəm yubliley münasibəti ilə 2003-cü il ölkəmizdə "Heydər Əliyev ili" elan edilib.

Zəmanəmizin böyük dövlət xadimi, müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin əbədi xatirəsi hər birimizin qəlbində daima yaşayır.

Heydər Əliyev fəaliyyəti dövründə daima Azərbaycanı siyasi-iqtisadi və mədəni inkişaf yolu ilə gələcəyə doğru inamla apardı, ölkəmizin hərtərəfli tərəqqisi, xalqımızın güzəranının yaxşılaşdırılması, demokratik, hüquqi, dünyəvi, unitar dövlət, qüdrətli ordu  quruculuğu, gənc respublikamızın beynəlxalq aləmdə tanıdılması yolunda misilsiz xidmətlər göstərdi, saysız-hesabsız böyük uğurlara imza atdı.

1993-cü ilin iyun ayında ölkəmiz artıq vətəndaş müharibəsi həddinə çatmışdı. Azərbaycan hakimiyyət böhranı ilə üz-üzə idi. Azərbaycanın müstəqilliyini istəməyən xarici güclərin dəstək verdiyi silahlı birləşmələr və onların müdafiəsinə qalxan bəzi siyasi qurumlar hakimiyyətin zəifliyindən istifadə edib ölkəni xaosa sürükləyirdilər. Belə bir çətin şəraitdə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev anti-Azərbaycan qüvvələrin planlarını alt-üst edərək ölkəni böyük bir uçurumdan qorudu, müstəqil Azərbaycanın idarəçilik sükanı arxasına keçərək sabitliyin, sosial-iqtisadi inkişafın və tərəqqinin qarantına çevrildi. Məhz Ümummilli liderin apardığı ardıcıl və uzaqgörən siyasətin nəticəsidir ki, bu gün onun yaratdığı müasir və müstəqil Azərbaycan dünyanın ən qabaqcıl və inkişaf edən ölkələrindən biridir.

Bütün Azərbaycan xalqı kimi Ulu öndərimizi biz ağdamlılar da unutmur, əziz xatirəsini daima qəlbimizdə yaşadırıq. Yaxşı yadımdadır, bütün regionlarımızın inkişafını diqqət mərkəzində saxlayan Ulu öndərimiz bir neçə dəfə - 1973, 1974, 1981 və 1982-ci illərdə Ağdam rayonuna gəlmiş, 1998-ci ilin oktyabr  ayında - prezident seçkiləri ərəfəsində seçicilərlə görüşmək məqsədilə Ağdam rayonunun Quzanlı qəsəbəsində olmuşdu.

Ulu öndər hələ Sovet İttifaqı dövründə respublikamızın rəhbəri kimi rayonumuzda olarkən şəhərimizi və kəndlərimizi gəzərək zəhmətkeşlərlə görüşmüş, onlarla səmimi söhbət etmişdi. Mən rayon partiya komitəsində məsul vəzifədə çalışdığım və Ağdamda çıxan rayon qəzetinin redaktoru olduğum illərdə Ulu öndərimizin keçirdiyi iclas və plenumlarda, fəallar yığıncaqlarında, zona müşavirələrində mütəmadi olaraq iştirak etmişəm. Hər görüşdə onun vətənini, xalqını nə dərəcədə sevdiyinin, insanlara necə diqqət və qayğı ilə yanaşdığının, unikal yaddaşa və dərin biliyə malik olduğunun şahidi olmuşam. 1977-ci ildə Azərbaycan KP MK-da təcrübədə və 1986-cı ildə Moskvada SSRİ  jurnalistlərinin qurultayında olarkən Ulu öndərimizlə təmasda olduğum anlar mənim üçün heç vaxt  unudulmayacaq tarixə çevrilib.

Ulu öndər 1973-cü ildə Ağdamda səfərdə olarkən demişdi: "Mən arzu edirəm ki, Ağdam gündən-günə çiçəklənsin. Həm şəhər, həm də kəndlər dastanlarda, şeirlərdə olduğu kimi, Azərbaycanın gözəl bağ-bağatlı guşəsi olsun". Heydər Əliyev rayonun K.Marks adına, Kirov adına, Telman adına kolxozlarında pambıqçılarla və mexanizatorlarla görüşmüş, onların əmək şəraiti və güzaranı ilə maraqlanmışdı. Dahi rəhbər Telman adına kolxozda Sosialist Əməyi Qəhrəmanı Sürayya Kərimovanın kompleks tarla düşərgəsində böyük şadyanalıqla qarşılanmışdı.

1981-ci ilin iyul ayının 10-da respublika rəhbərinin Ağdam rayonuna növbəti səfəri də əsl bayrama çevrilmişdi. O, səfərə rayonun ən iri üzümçülük təsərrüfatı olan H.Hacıyev adına sovxozdan başlamışdı. Sovxozun üzümçülük briqadiri, "Oktyabr bayrağı", "Qırmızı əmək bayrağı" ordenli, Respublika Dövlət Mükafatı laureatı Əkbər Abdullayevlə etdiyi səmimi söhbəti indinin özündə də xatirimdədir. Sonra o, kənd ağsaqqalları ilə görüşüb xatirə şəkli çəkdirmişdi.

H.Hacıyev adına sovxozdan üzümçülüyün intensiv şəkildə inkişaf etdirildiyi Djerjinski adına sovxoza gələn Heydər Əliyev Əkbər Quliyevin başçılıq etdiyi komsomolçu-gənclər briqadasının üzümçüləri tərəfindən böyük məhəbbətlə qarşılanmışdı. Hər tərəfdə əsl bayram sevinci hökm sürürdü. Heydər Əliyev sovxozun iqtisadiyyatı, keçmişi, bu günü, sosial problemləri, fəhlələrin məişət şəraiti ilə maraqlanmış, sonda üzümçü qızların xahişi ilə onlarla xatirə şəkli çəkdirmişdi.

O gün dahi rəhbərimiz 6 dəfə ümumittifaq sosializm yarışının qalibi olmuş, adı  Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin  şərəf kitabına yazılmış Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasovanın başçılıq etdiyi Lenin adına təsərrüfatın pambıqçıları, taxılçıları və mexanizatorları tərəfindən də yüksək əhval-ruhiyyə ilə qarşılanmışdı. Burada pambıqçılıq və taxılçılıqda bir beşillikdə iki beşillik plan, qalan sahələrdə isə beşilliyi üç ildə yerinə yetirmək barədə dövlət başçımıza söz verilmişdi. Heydər Əliyev hər hektardan 60 sentner pambıq, 80 sentner taxıl istehsal edən B.Heydərovun briqadasında taxıl biçininə baxmış, kombaynçılarla səmimi söhbətlər etmiş və demişdi: "Sizin təcrübənizi təkcə rayonda deyil, respublikada da geniş yaymaq lazımdır".

Sonra Ağdam şəhərinə gələn respublika rəhbəri "Əmək şöhrəti" memorialının qırmızı lentini kəsmiş, əmək və müharibə veteranları ilə səmimi söhmət etmişdi. Onlar firavan həyat üçün dahi rəhbərimizə minnətdarlıqlarını bildirmişdilər. Heydər Əliyev çıxışında demişdi: "Bu gün "Əmək şöhrəti" memorialının açılışı böyük ictimai-siyasi hadisədir. Bildiyiniz kimi, əmək insanın ən şərəfli vəzifəsidir. Fərəhli haldır ki, Ağdamda əməyi sevir və zəhmət adamlarını qiymətləndirirlər".

Heydər Əliyev Xındırıstan kəndində də böyük təmtaraqla qarşılanmışdı. Kolxozun Mədəniyyət sarayında respublika partiya-təsərrüfat fəalları yığıncağını keçirtmişdi. Yığıncaqda nazirlər, ətraf rayonların rəhbərləri çıxış edib, gördükləri işlər barədə məlumat vermişdilər.

Ümummilli liderin Ağdama, ağdamlılara diqqət və qayğısı o, xalqın təkidli tələbə ilə ikinci dəfə hakimiyyətə qayıtdığı illərdə də davam etmişdi.  Dahi rəhbər 1996-cı il avqust ayının 2-də Ağdam şəhəri və onun ətraf  kəndlərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin üçüncü ildönümü ilə əlaqədar Ağdam rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmişdi. Bu görüşdə mən də iştirak etmişdim. Ümummilli lider görüşdə Ağdam və onun insanları haqqında demişdi: "Ağdam şəhəri Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir. Respublikamızın həyatında Ağdam rayonu həm iqtisadi, elmi potensialına, həm də insanların fədakarlığına görə həmişə çox mühüm rol oynamışdır... 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan təcavüz - ilk atışmalar, ilk qığılcım, təcavüzün ilk addımları məhz Ağdama tərəf yönəldilmişdir. Bu da təbiidir, çünki Dağlıq Qarabağa gedən yolların hamısı Ağdamdan keçir. Eyni zamanda, Dağlıq Qarabağda yaşayan ermənilər Ağdamın nə olduğunu yaxşı bilirdilər. Ağdamın tarixini də, keçmişini də, Ağdamın insanlarının nə qədər dəyanətli, nə qədər cəsarətli olduqlarını da yaxşı bilirdilər. Ermənistan təcavüzünün qarşısının alınması üçün Ağdam, şübhəsiz ki, çox əhəmiyyətli bir nöqtə idi. Ağdam qorunmalı idi, Ağdam saxlanılmalı idi, Ağdam müdafiə olunmalı idi. Ağdamın işğalı yolverilməz idi... Ağdam rayonu o vaxtdan indiyədək Ermənistanın hərbi təcavüzünə qarşı aparılan mübarizədə ön cərgədə olmuşdur. Ağdam vuruşmuşdur, böyük itkilər vermişdir".

Heydər Əliyev 1998-ci ildə Ağdamın Quzanlı qəsəbəsində seçicilərlə görüşündə yenə də ağdamlıların fədakarlığını yüksək qiymətləndirmiş, "Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz!" - demişdi. 

Ümumimilli lider Ağdamın işğalı ilə bağlı məsələyə 1998-ci ildə Milli Məclisdəki çıxışı zamanı da toxunmuşdi: "Beş ildir ki, bu əhali ağır şəraitdə yaşayır. Ağdam 1993-cü il 23 iyulda əldən getməyib. Ağdam 6 ay ondan əvvəl də boş idi. Amma orada dözüb qalan cəsarətli, qeyrətli adamların hesabına Ağdam o günə kimi işğal oluna bilməyib. Ağır şərtlər altında yaşayan ağdamlılar böyük hörmətə layiqdirlər". Heydər Əliyev bildirib ki, ayrı- ayrı mafioz qruplar haqqında deyilən sözlər Ağdam və Qarabağ əhalisinə aid ola bilməz: "Mən dedim və bir daha təkrar edirəm, Ağdam Azərbaycanın ən gözəl guşəsidir. İnsanların əsrlər boyu yaşadığı qüdrətli bir yerdir. Ağdam bizim hamımız üçün əziz və müqəddəs şəhər və rayondur. Mən Bərdə və Ağcabədidə qaçqın düşmüş insanlarla görüşdüm. Onların nə qədər daxili mənəvi zənginliyə malik olduqlarını hiss etdim. Bir daha onların qarşısında baş əyirəm".

Azərbaycanın inkişaf tarixinin təxminən son yarım əsrlik dönəminə diqqətlə nəzər salsaq, gələcəyə istiqamətlənmiş, dayanıqlı inkişafı təmin edən və cəmiyyətin hər bir üzvünün rifahına xidmət göstərən müdrik və uzaqgörən siyasətin nəticələrini görə bilərik. Bütün bunlar Ulu öndər Heydər Əliyevin Vətən üçün sonsuz xidmətləri hesabına başa gəlib. O, öncə vətənpərvər, Vətənini sevən bir insan, sonra isə böyük dövlət xadimi idi. Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" fikri bu gün kiçikdən böyüyə hər bir azərbaycanlının dilində əzbərə çevrilib. İstər Vətəndə, istərsə də qürbətdə yaşayan bütün dünya azərbaycanlıları da qürur duyur, fəxr edir ki, onun Azərbaycan kimi Vətəni, Heydər Əliyev kimi soydaşı, Ümummilli lideri var. Biz - hər birimiz onun əmanəti olan müstəqil, güclü, qüdrətli Azərbaycanın vətəndaşlarıyıq. Bizim borcumuz onun ərmağan etdiyi dövləti qoruyub saxlamaq və gənc nəslə ötürməkdir. Ulu öndərin yaratdığı müstəqil Azərbaycan dövləti, əslində, onun 1969-cu ildə başladığı siyasətin məntiqi davamıdır. Bu yol bütün dünya azərbaycanlılarının vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdiyi yoldur.

Azərbaycanın, təməli dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan iqtisadi, siyasi, sosial və mədəni inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uğurlu inkişaf modelinə uyğun olaraq Azərbaycanın dünyanın qabaqcıl, aparıcı dövlətləri sırasında tutduğu mövqe hər il daha da möhkəmlənir. Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanı dinlərarası, mədəniyyətlərarası dialoq mərkəzi, iqtisadi forumların, siyasi konfransların, idman oyunlarının keçirildiyi qabaqcıl ölkə kimi tanıyır və tanımaqdadır. 

2003-2023-cü illərdə möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkəmizdə möhtəşəm tarixi nailiyyətlər qazanılıb. Dövlətimiz qüdrətli dövlətlər sırasına daxil olub, ölkəmizin siması başdan-başa dəyişilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdi: "Mən Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm".  Öz sözünə sadiq qalan ölkə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində  - İkinci Qarabağ müharibəsində cəsur, igid, məğlubedilməz, rəşadətli ordumuz və mübariz xalqımız  Prezidentimizin ətrafında "Dəmir yumruq" kimi sıx birləşərək 44 gün ərzində düşməni darmadağın etdi, diz çökdürdü, ağ bayraq qaldırmağa, kapitulyasiya aktına imza atmağa məcbur etdi. Şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan bayrağı ucalır. Bu gün biz qalib xalqın övladları olmağımızla fəxr edirik.

Azərbaycan tarixində heç bir vaxt belə qələbə, belə parlaq zəfər əldə olunmayıb. Dövlətimizn  başçısı, Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə "Dəmir yumruq" əməliyyatı Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılıb. Bakıda keçirilən Zəfər paradı dünyaya səs salıb. Azərbaycan Ordusu dünya hərb tarixinə elə bir döyüş yeniliyi gətirmişdi ki, bu barədə xarici ölkələrin qərargahlarında, hərbi təhsil və hərbi-tədqiqat müəssissələrində, hərb tarixi dərsliklərində indən belə çox yazılacaq, tədqiqatlar aparılacaq, ordumuzun cəsarətindən, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığından, Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik məharətindən çox danışılacaq.

Qarabağın azad olunması Ulu öndər Heydər Əliyevin ən böyük arzusu idi. O, ermənilərin niyyətini puça çıxartmaq üçün Dağlıq Qarabağla bağlı xüsusi siyasət yürüdürdü. İndi, o, həyatda olsaydı Azərbaycanın bugünkü uğurları ilə fəxr edərdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu öndərimizin ictimai-siyasi fəaliyyətinə işıq salaraq demişdi: "Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsir etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı".

Müasir Azərbaycanın bütövlüyü, müstəqilliyi, xalqın bu günü və xoşbəxt gələcəyi naminə ömrünü şam kimi əridən, milyonların qəlbində əbədiyyət qazanmış müdrik şəxsiyyət, böyük azərbaycanlı Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı ölkəmizin hər yerində olduğu kimi Nərimanov və Ağdam rayon icra hakimiyyətləri, Nərimanov rayon Ağsaqqallar Şurası tərəfindən də silsilə tədbirlər keçirilir. Bu tədbirlərdə Ulu öndərin şərəfli ömür yoluna nəzər salınır, onun əməlləri Vətənə və xalqa xidmət nümunəsi kimi xüsusi qeyd olunur.

 

 

 





05.04.2023    çap et  çap et