İranın illərlə Azərbaycan əleyhinə apardığı fəaliyyətlərdən biri də casus şəbəkəsi yaratmaq və bu şəbəkəni getdikcə genişləndirərək öz çirkin niyyətlərini həyata keçirmək üçün istifadə etmək olub. Təəssüf ki, bu ölkənin xüsusi xidmət orqanları Azərbaycan vətəndaşlarını müxtəlif vasitələrlə, onların beyinlərini yumaqla, məzhəb ayrılığı yaratmağa çalışmaqla, bəzilərinin dini duyğularını, hisslərini istismar etməklə, hətta şantajla ələ ala bilib. Azərbaycan vətəndaşları İrana daha çox müalicə, təhsil almaq, ziyarət məqsədləri ilə gedirlər. Görünən odur ki, İran xüsusi xidmət orqanları bu məqamdan yararlana bilib.
Molla rejimi bütün çirkin niyyətlərində, həmçinin casus şəbəkələri yaradılmasında məhz din, islam amilindən istifadə edir. Amma məlumdur ki, İran Azərbaycana yanaşmada heç vaxt müsəlman həmrəyliyindən çıxış etməyib. Əksinə, qeyd etdiyimiz kimi, dini əlində bir vasitəyə çevirib. Əgər İran həqiqətən də müsəlman həmrəyliyindən çıxış etsəydi, 30 il ərzində Azərbaycan ərazilərinin işğalına göz yummaz, ermənilərin dini abidələrimizi dağıtmasına, məscidlərimizi təhqir etməsinə, donuz saxlamasına susmazdı. Axı, məscid İslam dininə məxsusdir, Allahın evi hesab olunur. İranın dini nədir bəs?
30 illik işğalı fürsət bilən İran ərazilərimizi Ermənistanla birgə talamaqla yanaşı, həm də özünün mənfur planları üçün casus şəbəkəsi yaratmaqla da məşğul olub. Planlar isə bu şəbəkələr vasitəsilə Azərbaycanda terror aktları həyata keçirmək, iğtişaşlar yaratmaqdan ibarət olub. Bu məqsədlə tez təsir altına düşə bilən insanlarımızı ələ alaraq, sonra onları öz dövlətimizə qarşı zəhərli silaha çevirib. Sonuncu hadisə - Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktının ilkin istintaqı da hadisənin məhz dediyimiz bu silahla törədildiyinə dair faktları üzə çıxardı. Terror aktına görə 6 nəfər haqqında həbs-qətimkan tədbiri seçilib. Məlum olub ki, istintaqa cəlb olunan şəxslər dəfələrlə İrana səfər ediblər. Onlardan biri İranda gizlənərək deputat Fazil Mustafaya onu terrorla öldürəcəyi barədə təhdid ünvanlamış Hüseynov Hüseyn Ramiz oğlunun qardaşı Hüseynov Həsən Ramiz oğludur. Həsən Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib. (Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə bir müddət əvvəl həbs edilib. Onun yaşadığı ünvandan hava məkanında obyektlərin hərəkət trayektoriyasını müşahidə edən, İrandan göndərilmiş xüsusi qurğu aşkar edilib).
Həsən və Hüseyn isə terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə İranda gizlənən İsgəndər Hüseynovun qardaşı oğullarıdır. Sadalanan faktlar bir daha İranın Azərbaycandakı təhlükəli planlarından xəbər verir. Bu planların məhvi üçün ilk növbədə casus şəbəkələri tam olaraq zərərsizləşdirilməlidir. Əlbəttə ki, bu istiqamətdə Azərbaycanın hüquq-mühafizə orqanları qətiyyətlə mübarizə aparır. Məhz bu fəaliyyətin nəticəsidir ki, xüsusi xidmət və hüquq-mühafizə orqanları tərəfindən indiyədək İranın ölkəmizdə həyata keçirmək istədiyi kəşfiyyat-pozuculuq, terror-diversiya hərəkətlərinin qarşısı dəfələrlə alınıb. Əks halda, bu terrorçu dövlət Azərbaycana böyük ziyan vura bilərdi. Təkcə ötən ilin noyabrında Azərbaycanda İranın iki böyük casus şəbəkəsi aşkarlanaraq, zərərsizləşdirilib. İranın xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycana qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində DTX tərəfindən aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu, Rəsulov Elnur Akif oğlu, Ağazadə Bəxtiyar Rafiq oğlu və digərlərindən ibarət böyük bir şəbəkə ifşa olundu. Araşdırmalar zamanı onların İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərdiyi üzə çıxıb. Bu il Daxili İşlər Nazirliyinin əməkdaşlarının həyata keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən dəstələr müəyyən edilərək saxlanılıb. Həm ötən il, həm bu ilin əvvəllərindən casus şəbəkələri ilə bağlı yayılmış rəsmi məlumatlardan aydın olur ki, İran rejimi Azərbaycanın əsas strateji obyektləri, hərbi imkanları və s. haqqında məlumatlar əldə etmək, gələcəkdə bu məlumatlar əsasında təxribatlar törətmək üçün planlar hazırlayırmış. İranın məlum terror fəaliyyətinin, casus şəbəkələrinin qarşısının alınması, vaxtında aşkarlanması dövlətimizin və xalqımızın təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. İranın əməlləri, ölkəmizdə qarışıqlıq yaratmaq üçün qurduğu planlar, casus şəbəkələri yaratması bu dövlətin Azərbaycan üçün nə dərəcədə təhlükəli olduğunu bir daha ortaya qoyur.
Özünü İslam Respublikası adlandıran İranın gerçək mahiyyəti bundan ibarətdir. Dünyada terroçu dövlət olaraq qəbul edilən İran rejiminin əməlində islam dinindən əsər-əlamət yoxdur.
Azərbaycan dövləti isə İrandan fərqli olaraq dünyada İslam, müsəlman həmrəyliyinin güclənməsinə, öz təklif və təşəbbüsləri ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə öz töhfələrini verməkdədir. Azərbaycan hər zaman ədaləti, beynəlxalq hüquq və normaları müdafiə edib, bu istiqamətdə səylərini göstərib. Terrora və onun bütün formalarına qarşı mübarizə aparıb. Molla rejimi isə bütün bunların əksini edir. Həqiqi İslama heç bir aidiyyəti olmayan İranın terrorçu rejimi dini pərdə altında çirkin, iyrənc fəaliyyətlə məşğuldur. Bu təhlükəni susdurmaq üçün şovinist rejimə qarşı qlobal miqyasda təsirli addımlar atılmalıdır.
çap et