525.Az

Banklar real sektoru necə dəstəkləyə bilər?


 

Banklar real sektoru necə dəstəkləyə bilər?<b style="color:red"></b>

Bankların real sektoru maliyyələşdirməsi məsələsi yenidən gündəmə gəlib.

İqtisadçı ekspert Samir Əliyev “Media forum” saytına deyib ki, qısa zamanda bankların real sektora üz tutmasını gözləmək sadəlövhlük olardı: “Nə qədər ki real sektorda yüksək risklər var, kredit təşkilatları həmin sahəyə pul yönəltməkdə maraqlı olmayacaq. Hökumətin narahatlığı başadüşüləndir. Azərbaycanda istehlak kreditlərinin payı durmadan artır. 2005-ci ildə istehlak kreditinin ümumi kredit qoyuluşunda payı 27 faiz olduğu halda indi bu rəqəm 41 faizə yüksəlib. 2014-cü ilin 5 ayında kredit qoyuluşunda müşahidə edilən 1,2 milyard manatlıq artımın 0,5 milyard manatı istehlak kreditlərinin payına düşür. Azərbaycan kimi ölkələrdə isə istehlak kreditlərinin indiki sürətlə artımı iqtisadiyyat üçün təhlükə yaradır. Çünki əhali borclanmaya gedir, istehlak kreditləri yerli yox, xarici istehsalı stimullaşdırır. Məsələn, Almaniya, Fransa, Yaponiya, Cənubi Koreya və hətta Rusiya kimi ölkələrdə istehlak kreditləri əsasən yerli istehsalın dəstəklənməsinə yönəldilir. Həmin ölkələrdə istehsalı dəstəkləmək üçün istehlak krediti vasitəsilə tələbat yaradılır. Azərbaycanda situasiya fərqlidir. Əhali götürdüyü istehlak krediti ilə alman avtomobili, Cənubi Koreya telefonu, Fransa məişət texnikası, yapon televizoru və sair alır. Yerli sahibkarlar isə istehsal üçün pul tapa bilmirlər. Ya da şərtlər o qədər ağır olur ki, sahibkar kredit götürməkdə maraqlı olmur.

Kredit ölkədə iqtisadi inkişafı şərtləndirən amillərdəndir. Zəruri həcmdə kreditin olmaması iqtisadi aktivliyi azaldır və ölkə iqtisadiyyatında tənəzzül yaradır. Onsuz da yüksək olmayan kredit qoyuluşunun 40 faizinin istehlaka, 15 faizinin ticarət və xidmət sektoruna yönəldilməsi real sektora yönəldilən vəsaitin nə qədər az olduğunu göstərir”.

Samir Əliyev hesab edir ki, inzibati tədbirlər də bir səmərə verməyəcək: “Əksinə, inzibati metodlar bank sektoruna zərbə vura bilər. Ona görə də stimullaşdırıcı tədbirlər barədə düşünmək lazımdır. Əgər bank real sektoru birbaşa maliyyələşdirməkdə maraqlı deyilsə, o zaman dolayı maliyyələşdirməklə stimullaşdırmaq olar. Real sektoru dolayı maliyyələşdirməyin yolu yerli malların alınması üçün bankların kreditlər verməsidir.

Ölkədə az-çox inkişaf edən sahələrdən biri də mebel sənayesidir. Bu sahəyə istehlak krediti verməklə həm əhalinin mebel tələbatını ödəmək, həm də mebel istehsalını dəstəkləmək olar. Sumqayıt Texnologiyalar Parkını götürək. Parkda avadanlıqlar istehsal edilir, gələcəkdə onların çeşidi artırılacaq. Belə olan halda həmin məhsulların, məsələn, günəş kollektorunun kreditlə alışı nəyə görə təmin edilməsin? Bəzi banklar “indi al, pulunu hissə-hissə ödə” prinsipi ilə işləyən kredit kartları verir. Həmin kartlar vasitəsilə yerli geyim mallarının alışını təmin etmək olar. Artıq adları əcnəbi dildə olan yerli brendlər formalaşır, onları dəstəkləmək lazımdır.

Real sektorun maliyyələşdirilməsi vacib olduğundan bu məsələ gündəmdə saxlanmalıdır. Bununla bağlı açıqlamalarımızda təkliflərimizi vermişik. Ancaq ilkin dövrdə hökumət yerli istehsalı dəstəkləyən istehlak kreditləşməsinin stimullaşdırılması barədə düşünməlidir. İstehlak kreditləşməsinin ağırlığı xarici mallardan yerli mallara keçməlidir. Banklarla şirkətlər arasında bu sahədə əməkdaşlıq başlanmalıdır”.

 





16.07.2014    çap et  çap et