525.Az

Aqil Abbasın “Dolu” romanı və Qarabağ hadisələri


 

Aqil Abbasın “Dolu” romanı və Qarabağ hadisələri<b style="color:red"></b>

XIX əsrdə Türkmənçay, Gülüstan müqavilələri əsa­sında İranla çar Rusiyası arasında bölünmüş, sovet döv­ründə hissə-hissə qonşulara paylanmış Vətən torpaq­ları əsrlər boyu bu xalqın dərd yükünə çevrilərək bədii əsərlərimizdə də öz kədərli notları ilə səslənmişdir. Bu baxımdan yazıçı Aqil Abbasın “Dolu” romanı Qarabağ hadisələrinə həsr edilmiş ən son və ən dəyərli əsərlərdəndir. Yazıçının oxuculara təqdim et­diyi bu əsər müasir həyatımızla, xalqımızın başına gələn faciələrlə bağlı çox aktual bir mövzuya həsr edilmişdir.

Məlum Qarabağ hadisələri, torpaqlarımı­zın işğalı, qəhrəman oğullarımızın fədakarlığı, o dövrdəki səriştəsiz rəhbərlərin satqınlığı, vətən uğrunda canını qurban verərək şərəfli döyüş yolu keçmiş qəhrəman­larımıza qarşı biganəlik və Ağdam şəhərinin işğalı əsərin əsas mövzusunu təşkil edir. Əsərin “Dolu” adlandırılması təsadüfi deyil. Müəllif əsərin əvvəlində təbiətin dolu yağdırmaq möcüzə­sini elə ustalıqla təsvir etmişdir ki, sanki oxucu özü bu ecazkar səhnəni seyr edir, dolu yağan zaman onun səsi­nin yaratdığı ahəngdar musiqini duyur.

Əsərin əvvəlində verilmiş bu gözəl təbiət təsviri ilə yazıçı vətənimizin ən gözəl guşəsi olan Qarabağ torpağı­nın, onun mərkəzi olan Ağdam şəhərinin gələcək taleyinə işarə edir, oxucu qəlbini riqqətə gətirən bu maraqlı ha­disələri daha çox sətiraltı mənalarla açıqlamağa çalışır.

Görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayev “Tarix - yaxından və uzaqdan” adlı əsərində yazırdı: “Bütövlü­yün, vəhdətin izini, bəlkə də sərhədlərdən silmək olar, amma yaddaşdan, sümükdən, qandan yox: odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət” ədə­biyyatını yaradan müqəddəs Vətən məhəbbəti Azərbay­can ədəbiyyatını səciyyələndirən əsas mövzulardan biri olmuşdur”. Bu baxımdan müasir nəsrimizdə bu mövzu­da yaranmış, son illərin boşluğunu doldurmaq baxımın­dan “Dolu” romanı böyük əhəmiyyət kəsb edir.

Dünən təbiətin yağdırdığı doludan, onun yaratdığı gözəllikdən zövq alan insanlar bu gün şəhərin üstünə yağan Doludan canlarını qurtarmaq üçün: “Yenə gecə yarıdan keçmişdi. Bu şəhəri Dolu necə vurmuşdusa... Maşını olanlar çolma-çocuğunu maşına doldurub şəhər­dən çıxarmağa çalışırdı. Maşını olmayanlar isə yenə ço­lma-çocuğunu evin dərin yerinə çəkib ümidlərini onları çoxdan yaddan çıxarmış Tanrıya bağlayaraq xəcalətlərindən domuşmuş, balalarının qorxudan bərəlmiş göz­lərinə də baxmağa ürək eləmirdilər”.

Əsərin əvvəlində verilmiş bu müqayisəli sətirləri oxuyan oxucu söhbətin hansı “doludan” getdiyini dərhal başa düşür.

Əsərdə verilmiş obrazların çoxu öz adları ilə deyil, xalq, camaat arasında öz qabiliyyətlərinə görə aldıqları adlarla verilmişdir. Yazıçı bədii-obrazlı cümlələrlə həmin obrazların daxili aləmini açmağa, bu xalq qəhrəmanları­nı, Vətən, torpaq uğrunda canlarını əsirgəməyən bu vətən oğullarını gözdən salmaq üçün onların haqqında böhtan və iftira yayan, öz vəzifələrini, yığdıqları pulları saxlamaq üçün hər cür alçaqlıqlara gedən At Belində olan adam­ların xalqımızın düşməni olduğunu, ermənilərə kömək göstərdiklərini açmağa müvəffəq olmuşdur.

Əsərdə Drakon, Pələng, Komandir, Rəis, Eldar Ba­ğırov, Şükür Rzayev, Katib, Pələngin anası müsbət obraz kimi diqqəti cəlb edir. Əslində bu adamlar xalqın içərisin­də dərin hörmət və məhəbbət qazanmış, şəhəri düşmən­dən qorumaq üçün öz canlarını belə əsirgəməmişlər. Drakonun şəxsi keyfiyyətlərini bədii çalarlarla ob­razlı şəkildə qələmə alan yazıçı bu müsbət keyfiyyətləri açıqlamaqla onu tanımayanların və oxucuların qəlbində bu vətən oğluna qarşı böyük məhəbbət hissi aşılamışdır.

Əsərin ən müsbət və dəyərli cəhətlərindən biri də insanların haqqında maraqlı adamlar tərəfindən məqsədli şəkildə xalq içərisinə yayılmış böhtan və yalanlara son qo­yub onları həyatda olduğu kimi oxuculara çatdırmaq idi.

Əsərdə təqdim olunan Drakon belə insanların ümu­miləşmiş obrazı kimi diqqəti cəlb edir. Əgər belə qəhrə­manlar ixtiyar sahibi olsa idilər, onların ordusu, cəbhəsi, cəbhəxanası olsa idi, əlbəttə, ermənilər onlara heç vaxt güc gələ bilməzdilər.

Bəli, bu həmin Drakondur ki, bu gün vətənin dar günündə də öz şəxsi keyfiyyətləri ilə hamıya nümunə göstərir, “Dünyanın ən varlı şəhəri”ni erməni və rus millətçilərindən müdafiə etmək üçün mübarizə apa­rır, öz əqidə yoldaşları ilə şəhəri müdafiəyə qalxır. Bu müqəddəs işdə onun ən yaxın silahdaşı “Pələng” ləqəbi ilə tanınan dostu idi.

Ağır bir kəşfiyyata və döyüşə yollanan Drakon az sonra arxadan kiminsə gəldiyini hiss edir. Dönüb baxanda Pələngi görür. Ən çətin məqamda dostunu tək buraxmayan Pələng hamıya örnək ola biləcək bir qəhrə­manlıq nümayiş etdirir.

Pələng erməni “BMP”sini vurduqdan sonra Dra­konu nişan almış ermənini görür və bir anın içərisində özünü nişan alınmış Drakonun qarşısına atır və güllə ona dəyir. Dostuna görə özünü güllə qabağına verən Pələn­gin bu qəhrəmanlığı, Drakonun çox çətinliklə Pələngi ordan uzaqlaşdırması və nəhayət, Pələngin ölümünün yaxınlaşdığını görən Drakonun bulağa gedib papağının içində ona su gətirməsini, Pələngin son vəsiyyətlərini müəllif elə dramatik və obrazlı şəkildə qələmə almışdır ki, əsəri oxuyan hər bir oxucunu bu ana yetişəndə qəhər boğur və hər kəsdə bir daha düşmənə qarşı nifrət və vətənpərvərlik hissləri qabarıq şəkildə büruzə verir.

Hər iki gəncin - Pələngin və Drakonun bu əməliy­yatda faciəli şəkildə həlak olması bizi kədərləndirsə də, onların keçdiyi şərəfli yol, şərəfli ölüm bir daha onu göstərir ki, Vətənin belə qəhrəman oğulları var, Vətən həmişə belə qəhrəmanlarla fəxr etmiş və yenə də fəxr edir. Vətən yolunda şəhid olmuş bütün qəhrəmanları­mızın, şəhidlərimizin ümumiləşdirilmiş obrazı olan bu gənclər dostluq və vətənpərvərlik simvolu kimi gənc­lərimizə əsl örnəkdir. Yazıçı üslubunun ahəngi, obrazlı cümlələr əsər boyu bir-birini izləməklə bir daha romanın bədii dəyərini artırır.

Mən burda müəllifin üslubundan, dilinin sadəliyindən söz açmaq fikrində deyiləm. Amma yazıçının hadisələri düzgün qiymətləndirmək bacarığını və onu özünəməx­sus şəkilə salmaq məharətini xüsusi qeyd etmək istə­yirəm. Müəllif demək olar ki, Qarabağ müharibəsinədək və müharibə dövründə gedən bütün siyasi oyunları mər­hələ-mərhələ izləmiş, ölkəni müharibəyə doğru aparan siyasi səbəbləri araşdırmış, müharibənin doğurduğu bütün faciələri, acınacaqlı həyat tərzini bütün çılpaqlığı ilə açıqlamış, həm də dərin bir vətəndaşlıq hissi, ürək ağrısı ilə öz dərdini, o cümlədən, hamımızın dərdini bu əsərdə məharətlə ümumiləşdirə bilmişdir.

Əsəri mövzu, konflikt, süjet və kompozisiya, obrazlar aləmi baxımından təhlil etdikdə isə deyə bilərəm ki, bu əsər müasir nəsrimizin ən yeni tapıntısıdır. Hadisələrə qiymət vermək, ona yanaşmaq tərzi, obraz­ların daxili aləmini açıqlamaq, müəyyən yer - şəhər və kənd adlarının obrazlaşdırılması, klassik ədəbi ənənələri yaşatmaq və bu günümüzün nəsrinə gətirmək baxımın­dan A.Abbasın “Dolu” romanı yeni bir ədəbi hadisə kimi son illər nəsrimizdə yaranmış boşluğa son qoymuşdur. Bəli, bu gün hörmətli yazıçımız Aqil Abbasın “Dolu” ro­manı nəsr sahəsində yeni bir tapıntı, yeni bir orijinal qu­ruluşa malik əsər kimi diqqət mərkəzindədir.

Əsərdə verilmiş Ana obrazı, yəni Pələngin anası, bü­tün şəhid vermiş, oğullarını itirmiş Analarımızın ümu­miləşdirilmiş obrazıdır.

Pələng və Drakondan başqa, əsərdə təqdim olunmuş Rəis, Komandir, Eldar Bağırov, Qatır Məmməd, Allah­verdi Bağırov, Şirin Mirzəyev müsbət obraz kimi diqqəti cəlb edir. Hadisələrin qızğın və gərgin dövründə bu insanların qəhrəmanlığı, vətənpərvərliyi haqqında çox eşitmişik. Bu gün həmin insanları bədii əsərə gətirmək, onların haqqında deyilmiş yalanlara və şayiələrə son qoymaq, onları tarixin yaddaşına salmaq baxımın­dan olduqca böyük əhəmiyyəti var.

 





06.04.2023    çap et  çap et