525.Az

“Qardaşına dedi ki, qapıya bayraq gətirəcəklər, onları çox yaxşı qarşılayın!”


 

“Qardaşına dedi ki, qapıya bayraq gətirəcəklər, onları çox yaxşı qarşılayın!”<b style="color:red"></b>

Bu gün əziz xatirəsini yad edəcəyim növbəti Vətən müharibəsi şəhidi Elnur Elsevər oğlu Zeynalovdur.

Elnur Zeynalov 1994-cü il iyul ayının 28-də Naxçıvan şəhərində anadan olub. Məmməd Cəfər Cəfərov adına 14 saylı orta məktəbdə təhsil alıb. 2008-ci ildə Naxçıvan şəhər Heydər Əliyev adına hərbi liseyə daxil olub. 2011-ci ildə həmin liseyi bitirib. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) daxil olub. 2015-ci ildə akademiyanın xüsusi təyinatlı ixtisasını bitirib. 2015-ci ildən 2020-ci ilədək Ağstafa rayonu “N” saylı hərbi hissədə tağım komandiri kimi fəaliyyət göstərib.

2018-ci ildə baş leytenant rütbəsi alıb, həmin ili xüsusi təyinatlı kursuna yazılıb və kursu müvəffəqiyyətlə bitirib. Bu illər ərzində bir çox kursları, əsasən, snayper, antiteror, amfibiya, sualtı dalğıc kəşfiyyat kurslarını bitirib. 2020-ci ilin may ayından Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı hissəsində xidmətə başlayıb (dəniz pişikləri). 2020-ci il sentyabrın 27-dən döyüşlərdə iştirak edib. Subay idi.
Şəhidin anası Abuzərova Məlahət xanım deyir ki, Elnur demək olar körpə vaxtından çox istiqanlı idi. Bir gün işdən gələndə gördüm barmağını yaralayıb:

“Gətirdi mənə taxta parçasını göstərib dedi ki, ana, mən bu silahla erməniləri öldürəcəyəm. Körpə idi, 4 yaşı vardı, amma onun içindəki vətənpərvərlik hissi dərya qədər dərin idi. Uşaqlıdan atası onlara hərbi dərsləri göstərərdi, addımlamağı, hərbi salam verməyi çox xoşlayırdı. Atasını çox istəyirdi. Qardaşına, mənə çox bağlı idi.
Qəbul imtahanını verdi, keçəndən sonra dedi ki, mən hərbiyə gedəcəyəm. Balam subay idi. O, müharibədən, çətin kurslardan keçib. Deyirdi, ana, narahat olma hər şey çox yaxşdır. Elnur həmişə deyərdi heç bir çətinlik yoxdur. Bir gün Elnur qardaşına dedi ki, qapıya bayraq gətirəcəklər onları çox yaxşı qarşılayın. Deyirdi, ana, mən səni şəhid anası edəcəyəm!
Bir az qapalı uşaq idi, ancaq çox arzuları vardı. Bilmirdik nələr baş verəcək. Ard- arda zəng edirdim. Deyirdim, ay oğul, səndən çox narahatıq. Dur, gəl, yanımızda ol. Cavabı o idi ki, ana, mən xalqımı, millətmi çox sevirəm, gələ bilmərəm! Həmişə deyirdi, ana, bir işimiz var, həll olunsun yanvardan sonra gələcəyəm.
31 oktyabr şəhid olduğu gün günorta 1-ə işləmiş Elnurdan zəng gəldi. Dedi, ana, haradasan? Dedim iməclikdən gəlirəm. Dedim, Elnur, səsin bir qəribə gəlir. Cavabladı ki, heç nəyim yoxdur. Dedi 5 dəqiqədən sonra sənə zəng edəcəyəm. Amma etmədi, son sözünün nə olacağını bilmədik. Səhəri gün 4-ə işləmiş onun şəhidlik xəbəri gəldi. Çöldə mürəbbə bişirirdim, bacım oğlu yığdı ki, Elnurla heç danışmısınız? Gördüm ki, o biri xalası oğlu da küçədə ağlayır, həmin vaxt da küçənin o biri başından təcili yardım maşını gəldi...” (Red. ağlayır).
 
Şəhidin atası Zeynalov Elsevər bəy deyir ki, evə elə gəlirdi ki, hiss etmirdik. Bir də baxırdıq ki, yanımızda dayanıb səssiz-səmirsiz, əsl xüsusi təyinatlı kimi:

"Heç vaxt darvazadan qapını açıb girməzdi evə, eləcə hasardan gizlicə tullanıb girərdi. Çox mərd oğul idi.
Mən uzun illər gecə-gündüz işləmişəm. Türkiyədə işləyirdim. İnanın, illər boyu ehtiyacdan ailəmdən uzaqda qalmışam ki, onların gələcəyi, həyatı yaxşı olsun. Heç uşaqlarla çox vaxt keçirə bilmirdim. Çox səliqəli, təmiz, diqqətli idi Elnur. Bakıdan gələn zabit dostları deyirdi ki, bizim də təmiz olmağımıza çox diqqət edirdi. O ütüsünə, təmizliyinə çox diqqət edirdi. Heç kəsə verməzdi geyimlərini ütüləsin, hamısını böyük həvəslə özü edərdi.

Hərbçi yoldaşları deyir kimsə bikef olanda əsgərləro göndərirdi ki, soruşun o uşaq niyə bikefdir? Həmin günü axşamı bizi çağırıb deyərdi ki, işin axır nöqtəsi budur ki, biz kimin nə problemi varsa, onun yanında olmalıyıq. Son tikəsinə kimi paylaşan, canyandıran, mərhəmətli idi balam. Qubadlı işğaldan azad ediləndən sonra dedi ki, mənim şəklimi gördünüz? Qubadlının alınmasına görə məruzə ediləndə, 3-cü mənəm.
Allah şəhidlərmizə rəhmət eləsin, dövlətimizi, bayrağımızı uca eləsin! Həyatdır, hər birimiz üçün ölüm haqdır, lakin şəhid olub dövlət, millət uğrunda ölmək ən ali  zirvədir. Millətimizin başı sağ olsun! Allah dövlətimizin başçısı cənab İlham Əliyevi var eləsin!”
 
Şəhidin qardaşı Zeynalov Ruslan Elsevər oğlu deyir ki, ailəmizin ən böyük arzusu şəhid qardaşımın adının anamın işlədiyi, bizim getdiyimiz bağçaya verilməsidir.

Azərbaycan Ordusunun baş leytenantı olan Elnur Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonu , Xocavənd rayonu, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Zeynalov oktyabrın 31-də Xocavənd Rayonu Qızılqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Naxçıvan şəhərində dəfn olunub.
 
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamlarına əsasən, “Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə", Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə", “Qubadlının azad olunmasına görə" medalları və “Qarabağ" ordeni ilə təltif edilib.

Ruhun şad olsun, şəhid qardaşım!


 

 





04.04.2023    çap et  çap et