525.Az

Şəhid atası: “44 günlük Zəfər tarixinin ilk şəhidi Raqib Hüseynovdur”


 

Şəhid atası: “44 günlük Zəfər tarixinin ilk şəhidi Raqib Hüseynovdur”<b style="color:red"></b>


Bu gün haqqında söz açacağım qəhrəmanımız Vətən müharibəsinin növbəti şəhidi baş leytenantı Raqib Adil oğlu Hüseynovdur.

Raqib Hüseynov  1993-cü il iyunun 28-də Şahbuz rayonunun Mərəlik kəndində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi.

Raqib Hüseynov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2015-2017-ci illərdə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə, 2017-2020-ci illərdə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2020-ci ildən isə Naftalan şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.

Şəhidin anası Hüseynova Rəna xanım deyir ki, ailədə iki övladları var, qızı Ülviyyə və oğlu Raqib:

Raqib elə bir övlad idi ki, az yaşı vardı, elə bil ağsaqqal idi. Hər zaman deyərdi ki, mən hərbçi olacağam. O, hərbçiləri görəndə çox sevinərdi. Atası dedi, oğlum, hərb çətin sənətdir, gəl, bu yoldan qayıt. Dedi, mən hərbçi olub, Xocalının qisasın alacağam. Müəllimlərin hamısı balamdan çox razı idi. 3 il buranı oxudu, atası dedi ki, evin tək oğul övladısan. Dedi ki, baxıb mənə həmişə fəxr edəcəksən. Həmişə general Raqibin ata-anası olacaqsınız. O, sözündə durdu. Mənə elə bir ad verdi ki, valideynlərimin mənə verdiyi ad yaddan çıxdı. Raqib torpağını, millətini çox sevirdi. Raqib qərargah rəisi idi. Onun Vətən sevgisi, torpaq bağlılığı onu ön sıralarda getməyə sövq edirdi. Çox cəsur, mərd oğul idi. Aprel döyüşlərində Talış dağı istiqamətində sərhədi ilk yaran oğlum olub.

25 sentyabrda bacısının övladı olmuşdu, onu təbrik edirdi. Dedi, ana, qabaqda gedəcəyəm, səni də Şuşada qarşılayacağam. Çox istəyirdi Şuşanı görsün.

Raqibin əsgərləri deyir o bizə komandir deyil, ata, əmi, dayı olub, öz əsgərini müalicə etdirib sağaldıb, borcu olanın borcunu verib.
27 il yaşadı bir dəfə də olsun başımızı aşağı etmədi. Amma indi onun ruhu şaddır, torpaqlarımız alınıb. Şuşada Xocalının qisası alındı. İnşallah ki, bu qan- qada bir dəfəlik yox olar, əsgərlər ölməz, daha analar ağlamaz.
Naxçıvan şəhərində adına heç nə verməyiblər. Ən böyük arzumuz oğluma orta məktəblərdən birinə oğlumuzun adı verilsin. Cənab Prezidentimizə, xanımı Mehriban xanım Əliyevaya təşəkkür edirəm ki, balamı bircə onlar qiymətləndiriblər. Allah bütün şəhidlərmizə rəhmət eləsin, ruhları şad olsun! Biz şəhid ailələri istəyirik ki, şəhidlər unudulmasın, onların adları məktəblərə, küçələrə verilsin”.

Azərbaycan Ordusunun baş leytenantı olan Raqib Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Raqib Hüseynov sentyabrın 29-da Talış istiqamətində zamanı şəhid olub. Naxçıvan şəhərində dəfn olunub. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Raqib Hüseynov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ruhun şad olsun, igid qardaşım Raqib!


 
 
 

 





05.04.2023    çap et  çap et