525.Az

Ermənistanda hökumət-parlament qarşıdurması


 

Ermənistanda hökumət-parlament qarşıdurması<b style="color:red"></b>

Ermənistanda hakimiyyət daxili gərginlik artmaqdadır. Artıq qarşıdurma parlament- hökumət müstəvisinə keçib. Xüsusilə Ermənistan parlamentinin spikeri Alen Simonyanla bağlı narazılıq pik həddindədir. Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanla Simonyan arasında fikir ayrılıqlarının dərinləşdiyini yazır. Hakim fraksiyada da spikerin əleyhinə olan qruplar mövcuddur. Qeyd olunur ki, Simonyanın hərəkətləri hökumətdən narazılıqları daha da artırır. Onunla bağlı sonuncu hadisə isə daha kəskin reaksiyalara səbəb olub. Belə ki, bir neçə gün əvvəl İrəvanın mərkəzində insanların ciddi ittihamları ilə üzləşən Simonyan, onu satqın adlandıran vətəndaşın üzünə tüpürüb. Simonyanın cangüdənləri Karen Mkrtçyan adlı şəxsin qollarından tutub, nalayiq sözlərlə təhqir edib və üzünə tüpürüb. Bu hadisə hakimiyyətə qarşı çoxsaylı yeni ittihamlara səbəb olub. Hesab olunur ki, hakimiyyət bu cür addımlarla ünvanına belə sözlərin deyilməsinin qarşısını almaq istəyir.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hadisəyə daha sərt reaksiya verərək Simonyanı istefaya çağırıb. Baş verəni iyrənc hadisə adlandıran Ter-Petrosyan bildirib ki, Simonyan hətta bunu izahatlarında fəxrlə təsdiqləyir. Onun sözlərinə görə, istefa beynəlxalq ictimaiyyət qarşısında xalqın şərəfini bərpa etməyin yeganə yoludur. Ermənistan parlamenti və hakim fraksiya öz avtoritetini qorumaq üçün bu addımı atmağa borcludur.

Ter-Petrosyan əlavə edib ki, tüpürmək sözü dövlət xadiminin leksikonunda kök salmaqla yanaşı, konkret hərəkətə çevrilirsə, bu, artıq "dövlətin sonu"dur. Satqın sözünə gəlincə, sabiq dövlət başçısı buna təhqiramiz cavab verməməyə çağırıb. Onun fikrincə, bu, "şəxsi təhqir deyil, sırf siyasi qiymətdir" və buna vulqar çıxış və ya tüpürcəklə deyil, "düzgün və əsaslı" cavab verilməlidir.

Məlumata görə, artıq hakim fraksiyada Simonyan əleyhinə proses başlayıb. "Hraparak" qəzeti yazır ki, hakim "Mülki müqavilə" partiyasının kollegiyasında parlamentin spikerinin vəzifədən geri çağırılması açıq şəkildə müzakirə edilməsə də, artıq daxildə bir qrup onun əleyhinə işə başlayıb.

Xüsusilə Ter-Perosyan dövrünün simalarından biri olan Vigen Xaçatryan, həmçinin, parlamentin komitə sədri Andranik Koçaryan mövzunu müzakirə etməyə çağırıb.

O da vurğulanır ki, Alen Simonyanın inqilabdan sonra "Mülki müqavilə" partiyasına gətirdiyi və fraksiyanın rəhbəri Hayk Koncoryan Alen Simonyana qarşı prosesi öz üzərinə götürüb və onu inkişaf etdirməyə çalışır. "Mülki müqavilə"dəki mənbə bildirib ki, Koncoyan parlamentin spikeri olmağa iddia edir.

Hüquq müdafiəçiləri də Simonyanın davranışının araşdırılmasını tələb ediblər. Erməni hüquq-müdafiə təşkilatları İrəvanın mərkəzindəki münaqişədən sonra parlament spikeri Alen Simonyanın məsuliyyətə cəlb edilməsi üçün parlamentin etika komissiyasının çağırılmasını tələb ediblər. 11 hüquq və ictimai təşkilatın bəyanatında vurğulanıb ki, hakim partiyanın lideri Nikol Paşinyanın zorakılığın yolverilməzliyi ilə bağlı mövqeyinə baxmayaraq, hakim qüvvənin deputatları keçmiş rejimin qəddar ənənələrini davam etdirirlər.

"Vətəndaşı təhqir edən Simonyan hadisədən sonra nəinki baş verənlərə görə təəssüfləndiyini bildirdi, həm də öz əməlinə haqq qazandıran bəyanat verdi. Spikerin bu cür davranışını qətiyyətlə pisləyərək, parlament çoxluğundan etika komissiyasının yaradılmasını, insidentin araşdırılmasını və Alen Simonyanın məsuliyyətə cəlb edilməsi məsələsinin nəzərdən keçirilməsini tələb edirik".

Bəyanat müəllifləri əlavə ediblər ki, hüquq-mühafizə orqanları xüsusən cinayət qanunvericiliyindəki xuliqanlıqla bağlı maddə əsas götürülməklə hadisəyə hüquqi qiymət verməlidirlər.

Xatırladaq ki, bir neçə gün əvvəl Simonyanın "Mülki müqavilə" partiyasının iclasını yarımçıq tərk etməsi də, məsələnin ciddiliyindən xəbər verir. İclasa sədrlik edən baş nazir Nikol Paşinyan isə Simonyanın təxminən 15 dəqiqə sonra ərazini tərk edib.

Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan da etiraf edir ki, parlamentin spikeri Alen Simonyanla bağlı insident dərin problemlərdən xəbər verir və burada iş görülməlidir. O, jurnalistlərə deyib ki, belə hadisələr heç bir ölkəyə şərəf gətirmir və bu cür halların təkrarlanmaması üçün lazım olan hər şey edilməlidir: "Bu kimi hadisələr ölkəmizin sosial həmrəylik baxımından çoxsaylı problemlərini ortaya qoyur. Hər kəs tolerantlıq nümayiş etdirməlidir".

Erməni nazirin açıqlaması bir daha vəziyyətin ciddiliyindən, siyasi gərginliyin dərinliyindən xəbər verir. Hökumətlə parlament, o cümlədən, fraksiyalar arasındakı qarşıdurma getdikcə gücləndirməkdədir. Bir neçə gün əvvəl parlamentdəki "Hayastan" fraksiyasının deputatı Mher Saakyanla "Mülki müqavilə"nin deputatı Vladimir Vardanyan arasında baş verən dava bu gərginliyin sadəcə bir göstəricisidir. Münaqişə zamanı Saakyan həmkarı  Vardanyana xəsarət yetirdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onu da qeyd edək ki, bu günlərdə Britaniyanın "Legatum Prosperity Index"nin (Legatum Rifah İndeksi-red.) dərc olunmuş və ölkələrin builki rifah göstəricilərinə istinad edən araşdırmasında Ermənistanın bütün parametrlər, o cümlədən, siyasi hesabatlılıq, hökumətin səmərəliliyində, insan haqları və azadlıqları üzrə gerilədiyi, əvvəlki dövrlə müqayisədə bu il vəziyyətin daha da pisləşdiyi qeyd olunub. Vurğulanıb ki, şəxsi azadlıqlar və idarəetmə sahəsindəki vəziyyət fəlakətli şəkildə pisləşib. Ölkə işgəncələrdən istifadə üzrə - 120-ci, siyasi həbslər üzrə - 78-ci, mətbuat azadlığı üzrə - 109-cu, icra hakimiyyətləri indeksi üzrə - 102-ci, institusional etimadda, 129, polisə inamsızlıqda 120, hüquq-mühafizə sisteminə və məhkəmələrə inamda 150-ci yerdədir, siyasi terrora görə isə dünyada 91-ci yerdədir. Milli hökumətə etimad indeksində isə Ermənistan 167 ölkə arasında 146-cı yerdədir. Bu hesabatda da əksini tapdığı kimi, Ermənistan bu gün siyasi həbsxanaya çevrilməkdədir. Paşinyan hökuməti artıq neçə ildir ki, öz rəqiblərinə, hakimiyyətdə olmuş sabiq fiqurlara qarşı həbs siyasəti aparır. Amma eyni zamanda öz rəhbərlik etdiyi hakimiyyətin daxilində yaşanan gərginlik, fikir ayrılıqları, parçalanma baş nazir üçün yaxşı heç nə vəd etmir. Simonyan getsə belə, bu, Paşinyanı xilas etməyəcək.

 

 





07.04.2023    çap et  çap et