Ölkələrin kənd təsərrüfatı potensialının perspektivlərinin qiymətləndirilməsində meyvəçilik sahəsinin inkişaf göstəriciləri də əsas amillərdən sayılır. Bu baxımdan mülayim iqlimli Azərbaycan da meyvə diyarlarından sayılır. Ölkədə tropik növlər istisna olmaqla, demək olar ki, bütün meyvə bitkiləri becərilir.
Meyvəçiliyin davamlı strategiyasının təmini üçün ən əsas şərtlərdən biri bağların zərərverici orqanizmlərdən və becərməyə mənfi təsir edən digər amillərdən mühafizəsidir.
Gəncədə yerləşən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda "Azərbaycanın müxtəlif bölgələrində becərilən meyvə bitkilərinin zərərverici orqanizmləri ilə mübarizə işlərinin təkmilləşdirilməsi" mövzusunda elmi-praktik konfransda da bu haqda danışılıb. Elmi tədbir Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Konfransda Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov, Aqrar Xidmətlər Agentliyinin, yerlərdəki aqrar inkişaf mərkəzlərinin, elmi-tədqiqat institutlarının, təcrübə stansiyalarının, aqrar şirkətlərin nümayəndələri, bu sahədə çalışan tədqiqatçılar və bağçılıqla məşğul olan fermerlər iştirak ediblər.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov meyvəçilik sahəsinin Azərbaycanın aqrar iqtisadiyyatının mühüm tərkib hissəsini təşkil etdiyini, beynəlxalq təcrübədə eyni təbii və iqtisadi şəraitə malik olan müxtəlif ölkələrin kənd təsərrüfatında məhsuldarlığın aşağı, yaxud yüksək olması amilinin həmin ölkələrin aqrar siyasətinin effektivliyindən xəbər verən mühüm göstərici olduğunu vurğulayıb.
İ.Cəfərov Ümummilli lider Heydər Əliyevin aqrar sahənin gələcəyə yönəlmiş inkişaf modelinin qurulmasında böyük xidmətlərinin olduğunu, müasir dövrümüzdə onun layiqli davamçısı kimi ölkə başçisi İlham Əliyevin Azərbaycanın dayanıqlı kənd təsərrüfatı strategiyasını uğurla həyata keçirdiyini, həmçinin aqrar sahə ilə bağlı qəbul olunan dövlət proqramlarında meyvəçiliyin inkişaf etdirilməsinə də xüsusi diqqət yetirildiyini qeyd edib.
Tədbirdə ölkə üzrə meyvəçiliyin miqyasına dair göstəricilərə də nəzər salınıb. Bildirilib ki, 2021-ci ilin statistik məlumatlarına görə, Azərbaycanda 220 min hektara yaxın sahədə bağlar və giləmeyvələr becərilir, ölkənin torpaq iqlim şəraiti burada tumlu, çəyirdəkli, qərzəkli, subtropik və sitrus meyvələri becərməyə imkan verir. 2021-ci ildə təkcə alma bağları ölkəmizdə 31 min hektardan çox sahəni əhatə edib, bu bağlarda 308 min tondan çox alma məhsulu istehsal olunub, orta məhsuldarlıq hektardan 102,9 sentner təşkil edib.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov son dövrdə ölkədə aqrar sahənin digər istiqamətləri kimi, meyvəçiliyin inkişafı məqsədilə həyata keçirilən dəstək tədbirlərindən də danışıb.
"Yeni intensiv və superintensiv bağlara görə subsidiyaların artırılması, ixrac potensialı yüksək olan meyvə bağlarının salınmasına görə birdəfəlik əkin subsidiyasının verilməsi və digər stimullaşdırıcı tədbirlər fermer və sahibkarlarda bu sahəyə marağı artırıb. Nəticədə ölkədə salınan müasir bağların sahəsi ildən-ilə artır, bu isə məhsul istehsalının yüksəlişini təmin edir. Hər il demək olar ki, 200-300 hektar intensiv bağlar salınır. Meyvəçiliyin inkişafına marağın artmasının digər səbəbi bu sahənin gəlirlilik baxımından müqayisəli üstünlüyə malik olmasıdır", - deyə o, bildirib.
Tədbirin qonaqlarından olan professor Hatice Özaktan meyvə bitkilərinin bakterial xəstəliklər və onları ilə mübarizə üsullarından danışıb.
İnstitutun əməkdaşları meyvə bağları üçün xarakterik olan xəstəlik və zərərvericilər və onlara qarşı mübarizə tədbirləri mövzularında məruzələrlə çıxış ediblər.
Mütəxəssislər və fermerlər konfransda müzakirə olunan məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparıblar.
Zakir MURADOV
Gəncə
çap et