525.Az

Şəhid Mürsəlin təbəssümü - Alpay Azər yazır


 

Şəhid Mürsəlin təbəssümü - <b style="color:red"> Alpay Azər yazır</b>

2020-ci il oktyabrın 24-ü axşamüstü bibimoğlu Eynur mobil telefonuma zəng edib hüznlü səslə "Mürsəl, deyəsən, şəhid olub" deyəndə, ürək döyüntülərimlə beynimdəki uğultu bir-birinə qarışdı. Bibim nəvəsi Mürsəl 44 günlük müharibə başlayanda, səfərbərliyə çağırılmışdı. Namazlarımda hər gün müharibənin qələbəmizlə bitməsini, onun sağ-salamat evə dönməsini arzu etsəm də, həyəcan öz yerindəydi. Eyni zamanda fikirləşirdim, mən bu qədər həyəcanlıyamsa, gör, ata-anası nələr keçirir. Soyuq başsa deyirdi: bu, müharibədir, hər an hər şey ola bilər.

Qısa tərəddüddən (Deyim? Necə deyim?) sonra xəbəri evdəkilərə deyəndə, hamı əvvəlcə şok vəziyyətinə düşdü, sonra ağladıq. Axşama yaxın artıq hüzr yerində olan bibimoğlu Eynura zəng etdim: "Biz indi gələk, yoxsa sabah?" - "İndi məsləhət deyil". - "Telefonu Kamilə ver". Kamil Mürsəlin atası, həm də mərhum atamın bibisioğludur. Doluxsuna-doluxsuna nəsə dedim, o isə ağlaya-ağlaya "Belim qırıldı" dedi, mən yenə nəsə dedim, telefonu ondan aldılar. Sözüm ağzımda qalsa da, anladım ki, düz edib danışığımıza son qoydular. Sonralar düşünəcəm ki, doğmasını itirən adama həddindən artıq təskinlik vermək yersizdir. Həmin vaxt zəng etməyə axı nə ehtiyac var idi, onsuz da sabah ora gedəcəkdik. Telefonu Eynur götürüb dedi ki, Hacı, (Sərhəd qoşunlarının istefada olan polkovniki, Kamilin xalasıoğlu) Bərdəyə - şəhidin nəşinə baxmağa gedib, son ümid ona qalıb ki, bəlkə, kimləsə səhv sala bilərlər. Sonralar həmin müharibədə bəzən belə halların baş verdiyi məlum oldu. Axşam namazında Allaha yalvardım, səhv olsun, hərçənd, məndə əminlik varıydı ki, şəhid olan Mürsəldir. Onu da fikirləşirdim, belə düşünməklə başqa bir ailədə ağlaşmaya, dərdə səbəb oluram. Nəhayət, Eynur zəng edib dedi ki, Hacı Bərdədən zəng etdi, şəhid olan Mürsəliymiş...

lll

Həyatda adama adi gələn elə anlar olur, skleroz olmasa, onlar ömrümüzün sonuna qədər yadımızda qalır. 1995-ci ilin isti iyul günlərindən biri idi, tələbəydim, Sankt-Peterburqdan Bakıya yay tətilinə gəlmişdim. Adətən, hər tətildə rəhmətlik Məçi (Məhluqə) nənəmi gedib görürdüm, arada nənəmgillə qonşu olan Sevil bibimgilə baş çəkirdim. Bürkülü bir gün, axşamüstü yenə bibimgildəydim. Bibimin yoldaşı rəhmətlik Telman əmiylə televizora baxa-baxa nə barədəsə söhbət edirdik, Mürsəlsə şirin yuxudaydı. Birdən onun üzünə təbəssüm qondu, babasıyla mən eyni anda ona baxdıq, Mürsəlin üzündəki təbəssüm bir az da böyüdü, gözlərini yarı açıb nəsə deyib güldü, Telman əmiylə bir-birimizə baxıb güldük. Düzdür, adamlar bütün yaşlarında yuxuda gülürlər. Mürsəlin xoşbəxtliklə məsumluğun cəm olduğu təbəssümündə isə sanki "dünyada pislik deyilən şey yoxdur, bütün insanlar safdır" yazılmışdı.

lll

Dəfn günü Dədə Qorqud qəbiristanlığında atam əsa ilə izdihamı yara-yara Mürsəlin nəşinin qoyulduğu Azərbaycan bayrağına bükülmüş mafəyə tərəf tələsirdi. Tutub saxlamaq istəyəndə əliylə əlimi geri itələdi. Qəfil beş-on il öncə 90-cı illərin Qarabağ müharibəsiylə bağlı atamın mənə dediyi bu sözlər yadıma düşdü: "Bizim qohumlardan o müharibədə şəhid olan olmadı". O zaman atamın bu etirafına görə qıcıq olmamışdım. Elə indi də mafəyə tərəf gedən atamı qınamırdım, sadəcə, fikirləşirdim, görən, dediyi o sözlər atamın yadına düşür?

Kamil oğlunun üçündə dərindən köks ötürüb dedi: "Oğlum doğulanda elə bilirdim, daha müharibə olmayacaq. Ümidliydim ki, məsələ sülh yoluyla həll olunar". Kamil o günlərdə bəzən kədərinə güc gələ bilirdi, bəzənsə yox. Şəhidin anası, bibimqızı Lalə ağrı-acını içindən keçirsə də, təmkinin gücünə toparlanırdı, demək olar, bütün hüzrlərdə mən onda təmkinin emosiyaya qalib gəldiyinə şahid oldum.

Mürsəllə Vətən müharibəsində iştirak etmiş onun taqım komandiri Rüfət Mustafayev deyir: "Onunla müharibədə o qədər doğmalaşmışdım ki, şəhid olanda, elə bildim, öz övladımı itirdim. Ölümündən bir gün əvvəl avtobusla gedəndə bizdən bir az aralı yola mina atdılar, sağ qalmağımıza şükür etdik, yaralanan da olmadı".

Döyüş yoldaşı Rza Poladlı cəbhə marşrutunu belə təsvir edir: "Sentyabrın sonu rabitə taqımımızı Perəküşkül bazasında təlimə apardılar. Sonrakı günlər Horadizdə, Cəbrayılın işğaldan azad olmuş Daşkəsən kəndində olduq. Nəhayət, oktyabrın 23-də Kürdlər kəndinə gəlib çıxdıq. Piyada getdiyimiz yollarda suyumuz qurtaranda, palçıqlı suyu şüşələrə doldurub, içinə xlor atıb içirdik. Biz Kürdlər kəndində olanda, atışma-filan yox idi deyə, elə bilirdik, mina atmazlar". - "Bəs Kürdlərə çatmamış sizə mina atanda, bomba səsləri eşidəndə qorxu hissi olurdu sizdə?" - soruşuram. "Əlbəttə, qorxunun heç olmaması mümkün deyil. Amma Mürsəl o hissi gizlədə bilirdi, gülürdü, dostlarıyla zarafat edirdi".

Yaxın dostu Tural Qarayev: "Mürsəllə tanışlığımız 888 saylı hərbi hissədə oldu. Səfərbər olunanlar ora toplanmışdı. İlk gündən onunla söhbətimiz alındı. Onların qrupuna daxil olanda heç kimi tanımırdım. Mürsəl özü də orda olmağına baxmayaraq, yaxın münasibətdə olduğu dostu yoxuydu. Gündən-günə dostluğumuz möhkəmlənirdi, hələ cəbhə bölgəsinə yollanmamışdıq. Demək olar ki, qardaş kimi yaxın olmuşduq. Həmin gün ilk istirahət günümüzüydü, artıq nahaq etmişdik. Təhlükənin nə olduğu ağlımıza gəlmirdi, Mürsəl həmişəki kimi yanımda idi. Həmin gün ailəmizlə danışmışdıq. Anidən partlayış oldu. Düşmən tərəfdən minaatanlardan atəş açıldı. Hər kəs qaçmağa başladı. Onlar qaçanda ikinci dəfə minaatanlardan atdılar, mən göyə qalxıb sürətlə yerə çırpıldım. Gözümü açanda qışqırıq səsləri eşidirdim. Mən Mürsəlin, Fərhadın, Rövşənin yerdə cansız vəziyyətdə uzandığını gördüm. Mürsəl məndən on-on beş metr aralıdaydı, tərpənə bilmirdim, onun adını qışqıra-qışqıra ağlayırdım, elə bilirdim yaralanıb. Məni və İsmayılı xərəklə ordan çıxartdılar. Onun şəhid olduğunu xəstəxanaya çatanda bildim. Allah şahiddir ki, özümçün heç nə istəmirdim, ancaq onun adını qışqırırdım, həkimlər məni sakitləşdirməyə çalışırdı. Bu, həyatda ilk ən böyük itkim idi. Mənim doqquz aylıq bir oğlan övladım var, adını Mürsəl qoymuşam. Evimizdə daha bir qəhrəman Mürsəl böyüyür".

Mürsəlin nəşini Bərdədə görən Hacı deyir, üzündə gərgin bir təbəssüm vardı. "Ağlaya-ağlaya onu bağrıma basdım, sonra gördüm, gözləri yumuldu, təbəssüm hələ də üzündə qalmışdı," - əlavə edir.

Bilmirəm, "Torpağın üzü soyuqdur" məsəli nə dərəcədə düzgündür, çünki insan qəbiristanlığa gedəndə, əlini vurduğu torpaq, məzar daşı qəlbində  əvvəlki istiliyini saxlamasa da, tam soyumur. Amma şəhid qəbirləri heç vaxt soyumur, məncə, çünki orda yaranan qürur atmosferinin verdiyi istilik daimi olur.

lll

Mürsəl uşaqlığında yuxuda gülümsədi, yetkinlik yaşında təbəssüm üzündən əskik olmadı. Nəhayət, şəhidlik zirvəsinə ucalanda belə, təbəssümünü bu dünyaya qoyub o biri aləmə köçdü. Elə bilirəm, o dünyada da, Qiyamət günü Allah qarşısında 70 yaxını üçün şəfaət istəyəndə də, təbəssümüylə, nurlu simasıyla ətrafını işıqlandıracaq.

 





07.04.2023    çap et  çap et