525.Az

Neçə qapı kilidli - Havar Şəfiyevadan poetik nümunələr


 

Neçə qapı kilidli - <b style="color:red"> Havar Şəfiyevadan poetik nümunələr</b>

Havar ŞƏFİYEVA

 

Neçə qapı kilidli,

neçə arzu itirdi

sənin getdiyin cığır.

Beynim Çernobıl şəhəri -

illərcə yığılanlar məmləkəti tərk edir,

                               qaçıb aradan çıxır.

Gedirsənsə yaxşı yol,

arada bir yad elə bu xaraba ölkəni,

daş dediyin ürəyim darıxanlar məskəni.

Bir kitab var rəfimdə -

baxıb-baxıb oxumadan qoyduğum,

sən də onun kimisən -

                     yaşamağa qorxduğum.

"Sarı sim"i  qırıldısa kamanın,

çalacağın sevdiyim avaz deyil.

Səmada göy qurşağı,

                pəncərəmdə gün doğub,

amma yaz o yaz deyil.

lll

Bilirsən də son vaxtlar

necə gəlir səhərim,

necə bitir gecələr,

necə olur şəhərim.

O dey, gəldi noyabr -

ah, mənim əkiztayım,

bağrıma qoy başını,

ah, mənim bəxtsiz ayım.

Xəzəl olmuş yarpaqlar,

düşür bir -bir gileyli.

Xəzəl olmuş ümidlər

eyni, onlar tək eyni.

Göy boydadır ümidlər,

yer yarılar, qorxuram.

Yeni suç, yeni günah

məni sarar, qorxuram.

İstəsəm unudaram,

amma necə? - de axır.

Yaddaşı da silərdim,

qana hopmusan axı,

qanı da yumaq olar,

hardasa lap dərində,

sümükdə, ilikdəsən.

Ya onu da çıxardım

ruhum tək bədəni də

sonra şikəst edəsən?

lll

Bir gecənin içində neçə arzu sökülür,

                          neçə xəyal toxunur.

Yorğun payız küləyi

gecələrin dərdinə yenə lay-lay oxuyur.

 

Bir bu azğın darıxmaq, bir də qaranlıq gecə

yada salar ötüb keçən günləri,

Siqaret tüstüsündə duman-duman yox olar

müqəddəs bildiklərim.

 

Topa-topa ulduzları, qərib baxan ayı da

                             göy üzündən qoparar.

Fikir səni burdan uzaq dünyaya,

tamam yad planetə çəkir aparar.

 

Minimalist  filmlər, cild-cild kitablar

                           daha hüzur gətirmir,

Ən sevdiyim mahnını

                        daha beynim götürmür.

 

Sükutun  dərin anı

     qələmini buraxma, tök dərdini kağıza.

Hər il gəlib  hüznlə məni boşluğa atan, 

              nə deyim....nə deyim bu payıza.

lll

O şəhər də mənim idi,

o dəniz də,

yaşadığın o küçə də.

Nə dəyişdi bir gecədə?

Biz, biz olsaq bu dərd bizi tapardımı?

Xəzərə baxıb pıçıldayan arzuları

qağayılar apardımı?

Səmaya bax,

pəmbə-pəmbə buludlar da siyah olur.

Göy düşsün başıma mənim,

Mən bilmirdim belə sevmək günah olur.

Qəza idin həyatımda

Ölmədim ki...

Qurban olum yaşamaq da belə olmur.

Yordu, yordu bu yol məni,

yenə yola sarılmışam.

Bəhanələr məndə qalsın,

səni deyib gəlmirəm ki,

o şəhərçün

o dənizçün

o küçəyçün darıxmışam.

 





07.04.2023    çap et  çap et