525.Az

Üzeyir bəy keçsin günahımızdan…


 

Üzeyir bəy keçsin günahımızdan…<b style="color:red"></b>

Aparıcı olduğum verilişin formatına uyğun olaraq, efirə müxtəlif yaşdan, janrdan olan ifaçı qonaqlar dəvət edirik, sənətdən, yaradıcılıqdan danışırıq.

Əvvəllər tanımadığım bir neçə müğənnini də aparıcı olduğum müddətdə tanımışam.

Bəlkə hansısa nüanslarda 7 illik piano təhsilim də bu mövzuda danışmağıma kömək edir, ən azından, mövzuya giriş-çıxış etməyimə, danışdığımdan həm də xəbərdar olmağıma əsaslar verir. Yəni, musiqidən danışıramsa, ən azından, notdan, laddan, qammadan, tonallıqdan başım çıxır. Bəlkə də, buna görə, not tanımayanlara "populyar" deməyə dilim dönmür. Başqa bir ad tapıb deyə bilirəm elələrinə.

Bu, ayrı dərd…

Aydın məsələdir ki, özəl telekanaldır, proqramlar, qonaqlar, əsasən, tamaşaçı zövqünə, istəyinə görə seçilir, tənzimlənir. Biz bu tamaşaçı zövqünə uyğunlaşma ilə tamaşaçı zövqünün formalaşdırılması arasındakı dərin və keçilməz körpüdə necə tər tökürük.

Musiqi Akademiyasını və ya Milli Konservatoriyanı bitirmiş, musiqi təhsilinə yiyələnmiş biri ilə sənətdən qızıl xırdaladığımız anda efirin nömrəsinə bir mesaj gəlir:

"Üzeyir Mehdizadəni efirinizə dəvət edin, onu görmək istəyirik".

Zövqünün yanlış istiqamətdə formalaşmasının günahını mavi ekranın "belinə atan" tamaşaçı tələb edir ki, "iç səsinə cavab verən" ifaçını görsün.

Günahkar verilişdirsə, günaha sövq edən tamaşaçıdır.

Mesajı gözucu oxuya-oxuya anlayırsan ki, o tamaşaçı bu saniyə efirimizdə Üzeyir Mehdizadəni görmədiyi üçün kanalı dəyişdi.

Qonşu kanalların biri Üzeyir Mehdizadəyə görə bizdən incik düşmüş bir tamaşaçını qazandı.

Həə, biz söhbəti davam etdiririk. Blyuzun muğamla sintezindən danışırıq, Qərb musiqisinin milli musiqimizlə ahəngindən danışır, nə dərəcədə, hansı janrlarda uğurlu olduğunu analiz edirik.

Bu əsnada, qonşu kanalda Üzeyir Mehdizadənin “YouTube” kanalının baxış sayı 1 milyardı keçən İlk Azərbaycan kanalı olması barədə xəbər oxunur və xüsusi şadyanalıqla ifaçının mahnılarından, dünyaya səs salmasından danışılır.

Bəlkə də, həmin anda hansısa qız sevincindən özünü saxlaya bilməyib, televizorun ekranını qucaqlayır, öpür.

Üzeyir Mehdizadə bizim də verilişimizdə qonağımız olub, şəxsi qərəzliyim filan yoxdur ona. Çox da mədəni, abırlı insandır. Fikrim də onun mahnılarını sənətdən kənar, özünü də zövqsüz adlandırmaq deyil. Demək istədiyim odur ki, o bir milyard baxış sizin-bizim gözünmzdür, Üzeyir Mehdizadənin yox! Əgər bayağı musiqi deyib Tofiq Quliyev, Qara Qarayev, Rauf Hacıyev, Emin Sabitoğlu axtarışına çıxmısınızda, bu yolda qarşınızı kəsən Üzeyir Mehdizadələr deyil!

Üzeyirlə başladı Azərbaycan musiqisi, Üzeyirlə bitdi, dedilər bir ara!  Elə özümüz də öz dediyimizi təkzib edirik: bu gün bir milyard baxış toplayan musiqi bitmiş sayıla bilməz, sadəcə, yeni eraya başlayır.

Üzeyir Hacıbəyliyə pərəstiş edən nəsil yenə də var, sadəcə, "baxışlar"a xidmət edən musiqisevərlərlə mübarizə aparmır. Onlar baxışın, trendin, Tik-tok-un at oynatdığı meydanda özünə yer tapa bilməyib, çəkilib bir kənara, heç bəlkə soruşsan, bu dövrə aid də bilmir özünü. Zövqü, tərzi, ruhu, xoşladıqları ötən əsrə aid olan biri bu əsrdə yaşamış sayılmır ki! O öz dünyasında "Koroğlu"sunu dinləyir sakitcə. Sakit gecələrdə Emin Sabitoğlu ilə "dərdləşir". Şənlənmək istəyəndə Tofiq Quliyevlə "söhbətləşir". Qəmlənəndə Elza İbrahimova ilə "su səpir ürəyinə".

Hələ də musiqinin dərinliyini qulağı yox, ruhu ilə ölçə bilən az sayda insan var. Amma aid olmadığı əsr, bu əsrin "yükü" yorğun salıb onu. Onların nə Tik-tok-da atılıb düşməyə, atlanmağa həvəsi var, nə Yutub səhifələrində trend axtarışına marağı. Beləcə, çox az sayda zövq sahibi kütlənin fırtınasına qarışıb yoxa çıxmağa boyun əyib.

Beləliklə, böyük bir zövqsüzlük dalğası "kütlə zövqünü" formalaşdırır, tək-tük zövqlü isə bu axın qarşısında acizdir, sakitcə opera dinləyir. Onlara olsa-olsa kitab oxuyanda fon musiqisi lazım ola bilər. Kütlə isə sevəndə Üzeyirlə sevir, ayrılanda Üzeyirlə ayrılır.Üzeyir onun tənha günlərinin "qaranlıq otağı"dır, sevgilisinə məktub aparan ağ göyərçinidir, xəyanət edən yarıdır, ayrılıq yeli əsdirən əğyardır, qara sonluqlu sevgi hekayəsidir Üzeyir onun. Həyatının bütün mərhələlərində, məhəbbətinin hər künc-bucağında Üzeyirin səsi, nəfəsi, çığırtısı-bağırtısı, ağlaşı, qarğışı var. Üzeyiri dinləyə bilmək zövq yox, xarakter məsələsidir. Və onu dinləyəndə onu təkcə sevən yox, onu hiss edən, onunla "yaşayan"lardır. Sadəcə təəssüf doğuran fakt odur ki, o azlıq da "kütlə zövqü" anlayışının içində itib-batır, yekunda milli musiqi mədəniyyətimizi formalaşdıran bəxtsizlərə milyard baxış əvəzinə, milyard kərə haqsızlıq olur.

Bu boyda əməklərinə rəğmən o "baxışlar"dan onların payına düşən cəmi-cümü 100-200 adam ola, ya da yox. Dediyim odur ki, göz də bizimdir, baxış da. Günahı onda, bunda axtarmayaq. Günah bizdədir. Kütlə də bizik, zövq də bizik, tələb də, tələbat da özümüzük. Yaranan, yazılan, ifa olunan hər musiqi bizik, içimizdir, düşündüklərimizdir. Bunu bəyəniriksə, elə bundan ibarətik. Dinlədiyimiz də öz səsimizdir. Elə edək ki, öz səsimizə qulaqlarımız kar olmasın. Öz baxışımızdan gözümüz tutulmasın."Sevgili canan"ımıza "Mamo mio porto-morto" ilə xəyanət etməyək.

Üzeyir bəy keçsin günahımızdan…

 





07.04.2023    çap et  çap et