525.Az

Şəhid atası: "Bağır  şəhid olanda, 3 gün özümdə olmamışam"


 

Şəhid atası: "Bağır  şəhid olanda, 3 gün özümdə olmamışam"<b style="color:red"></b>

Bu gün haqqında söz açacağım qəhrəmanımız Vətən müharibəsinin növbəti şəhidi Bağır Əsəd oğlu Ələkbərovdur.

Bağır Ələkbərov 1995-ci il fevralın 10-da Naxçıvan şəhərində anadan olub. 2001–2004-ci illərdə  Naxçıvan şəhəri 705 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2012-ci illərdə isə Culfa rayonunda 3 nömrəli məktəbdə oxuyub. 

Bağır Ələkbərov 2013–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti dövründə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb və hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı Xüsusi təyinatlı hərbi hissəsində "gizir" hərbi rütbəsində snayper olaraq davam edib. Xidmətdə olduğu illərdə xarici dövlətlərdə olan təlimlərə göndərilib.
O, 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan MR ərazisində baş verən hərbi əməliyyatlarda savaşıb. Günnüt əməliyyatı adlandırılan hərbi əməliyyatların nəticəsində Günnüt, "Ağbulaq" strateji nöqtəsi, Qızılqaya və Qaraqaya dağları Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bağır Ələkbərov hərbi əməliyyatlar zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarında olub və döyüş tapşırığını yerinə yetirib.
Şəhidin atası Ələkbərov Əsəd bəy deyir ki, 1990-ci illərdə Sədərək döyüşlərində könüllü iştirak edib: "1992-ci ildə Azərbaycan Ordusu yarananda mənə gizir rütbəsi verdilər. Azərbaycan Ordusunda 22 il xidmət etmişəm. 10 il  Naxçıvanda, daha sonra Culfa rayonunda xidmət etmişəm. Hal-hazırda pensiya alıram.

2020-ci il 11 oktyabrda Bağırgil Naxçıvandan çıxmışdılar, dedi ki, biz gedirik Qarabağa. Dedim bəs niyə bizimlə görüşmədin? Dedi, Qarabağ, torpaq çağırır, ata! Gəlməsəm, haqqınızı halal edin!

Bir neçə gün danışmadıq, çox narahat idim. Sonra yığdı ki, ata, narahat olma, Füzulini, Xocavəndi almışıq, Hadruda giririk, Xankəndi ayağımızın altında qalıb. 15 oktyabrda səhər 08:26 -da mənimlə danışdı ki, axşam gedəcəyik. Axşam çağı oldu zəng gəlmədi, gecəni səhərə kimi gözlədim. Özüm də hərbçi olmuşam, bilirəm müharibə nədir. Özümə yer tapa bilmirəm. İcra hakimiyyətindən gəlib evimizin yanından keçirdilər, amma mənə heç nə demirdilər. Mənə zəng elədilər ki, böyük qardaşının nömrəsin ver. Böyük qardaşım dedi ki, gəl icra nümayəndəliyinin qabağına. Ora 3 dəqiqəlik yoldu, amma həmin anda elə bildim kilometrlərlə yol getdim. Getdim, gördüm bütün komissarlıq, icra nümayəndəsi oradadır. Onda bildim ki, Bağır  şəhid olub, 3 gün özümdə olmamışam. O xəbərdən sonrası kimlər gəldi, getdi heç özüm də bilmirəm... 

Allah şəhidlərimizə rəhmət eləsin! Hər biri mənim üçün əzizdir. Bütün şəhidlərimiz mənim üçün eynidir, hamısı ilə qürur duyuram. Bağır balamla necə qürur duyuramsa, onlarla da elə qürur duyuram. Kaş bizim vaxtımızda torpaqları biz azad edib, şəhid olardıq,  bizim balalarımız şəhid olmazdı..."

Şəhidin anası Ələkbərova Ələviyyə xanım qızı deyir ki, iki oğul övladımız var:  "Böyük övladımız Ayxan  və Bağır. Şəhid balamın iki oğul övladı var. Böyük oğlu Əsəd 2018-ci ildə Naxçıvan şəhərində anadan olub. Bağçaya gedir. Arzusu polis olmaqdır. Kiçik övladı Tunar 2021-ci ildə, Bağır şəhid olandan sonra dünyaya gəlib. Ad günlərində 1 gün fərq var. 
Bağır uşaqlıdan atası kimi hərbçi olmaq istəyərdi, çox yaxşı övlad idi. Çox mehriban idi. Dostu,tanışı çox sevirdi. Çox gözəl övlad idi. Qardaşını da çox sevirdi. Həmişə deyirdi, ana, mən sənin həm qızınam, həm oğlunam. Türkiyəyə təlimlərə gedərdi, gələndə hədiyyələr alardı hamıya.  Ən böyük arzumuz oğlumun adının əbədiləşdirilməsidir..."

Azərbaycan Ordusunun giziri olan Bağır Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tehran Mənsimov tərəfindən idarə olunan qrupun heyətində olub. Bağır Ələkbərov Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 15 yaşayış məntəqəsinin işğaldan azad edilməsində savaşıb. Bağır Ələkbərov oktyabrın 15-də Hadrut döyüşləri zamanı şəhid olub. Naxçıvan şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Bağır Ələkbərov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və  Vətənə xidmətə görə 3-cü dərəcəli ordenlə təltif edilib. Ölümündən əvvəl «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı ilə təltif edilib.

Ruhun şad olsun, qəhrəman qardaşım!

 





08.04.2023    çap et  çap et