525.Az

Əlisilahlı abituriyentlər


 

Əlisilahlı abituriyentlər<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-də yoxlama prosesi zamanı imtahana gələn bəzi abituriyentlərin üzərində kəsici-deşici vasitələr olunduğunu açıqladı. Bildirildi ki, qeyd olunan qayda pozuntuları protokollaşdırılıb və hazırda bunlarla bağlı araşdırma aparılır.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə əvvəllər imtahan zalına hansısa alətlər, bıçaq və qumbara keçirmək istəyənlər olduğunu bildirdi: "Biz kriminal xronikanı heç vaxt şişirtməmişik. Çünki hüquq-mühafizə orqanları prosesə nəzarət edir və belə hallar olanda aradan qaldırılır. Biz bəzi halları müzakirə edəndə, insanların həmin şəxslərə yazığı gəlir. Deyirlər, nə olar ki, özü getməyib qardaşı gedib, üzərində iki-üç telefon tapılıb".

Təhsil eksperti Nadir İsrafilov deyir ki, imtahalarda müxtəlif üsullara, vasitələrə əl atılması həmişə olub, sadəcə prosesin vasitə növləri dəyişib, bu hal daha ciddi və təhlükəli xarakter alıb. Bir müddət əvvəl universitetlərimizin sabiq rektorlarından birinin imtahanda tələbələrin hiyləyə əl atması ilə bağlı yayılan məlumatlara sərt reaksiyası yəqin çoxlarının yadından çıxmayıb: "Bir müddət əvvəl iki universitetimizdə Novruz bayramı tədbirində tələbələrin kriminal avtoritetə həsr olunmuş mahnını oxuyaraq oynamalarını görəndə, sosial şəbəkələrdə bir ağızdan bildirildi ki, belə mütəşəkkil hərəkət birdən-birə ortaya çıxa bilməz. Hətta bunu "Z nəslindən ZEK nəslinə keçid" kimi qiymətləndirənlər də oldu". İndi də imtahana gələn abituriyentlərin üzərində bıçaq, kəsici-deşici vasitələr fonunda abituriyentlərin "oğru dünyası"na meyl etdiyi barədə deyilənlər. Bir müddət əvvəl bəzi abituriyentlərin imtahanlara dualar, seyid şəkilləri ilə getməsi, indi isə təsbehlə gəlməsi və dini radikalizmin genişlənməsi ilə bağlı narahatçılığımız. Deyək ki, "şparqalka", bəlkə də, başadüşüləndir, məzunun ali məktəb tələbəsi olmaq, gələcəkdə özünə nəsə bir karyera qurmaq arzusundan irəli gələn bir haldır. Bəs indi imtahana gələn bəzi abituriyentlərin üzərində bıçaq, qumbara, kəsici-deşici vasitələrin, kimyəvi tərkibli zərərli maddələrin olması nə deməkdir? Bunun səbəblərini araşdıran və bu kimi xoşagəlməz halların qarşısını almaq üçün konkret təkliflər verən və əməli tədbirlər görən olubmu?"

Ekspertin dediyinə görə, kim təminat verə bilər ki, mənəvi dəyərlərimizin aşılanmasına yol aça biləcək bu kimi təhlükəli tendensiyalar sabah və ya birisigün də baş verməyəcək: "Razılaşaq ki, bütün inkişaf etmiş dövlətlərdə olduğu kimi, bizim ölkədə də keçirilən kütləvi imtahanlarda tətbiq olunan buraxılış rejiminin ciddi aparılması iştirakçıların narahat edilməsi deyil, əksinə, hər kəsin təhlükəsizliyinin təmin olunması və şəffaf imtahan mühitinin yaradılması məqsədi güdür".

DİM rəsmisinin açıqlamasını da nəzərə alaq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirakçıların və imtahan materiallarının təhlükəsizliyinin təmin edilməsi, həmçinin iştirakçılar üçün bərabər səviyyəli imtahan mühitinin yaradılması məqsədilə imtahan binalarına girişdə buraxılış rejimi tətbiq olunur: "Buraxılış rejimi zamanı imtahana zidd əlavə vasitələrin binaya keçirilməsinin qarşısının alınması üçün fiziki olaraq üstlərinin yoxlanılması həyata keçirilir. İmtahalarda kağız konspektlərdən istifadə etdilər, dinmədik, “şparqalka”lar telefonlarla əvəz olundu, dinmədik. Kreativ olan "şparqalka" nümunələri - yazılı ayaqqabılar, ağıllı eynək, ağıllı qələmlər, plastik su şüşəsinin etiketini yenidən dizayn edərək üzərinə xırda hərflərlə imtahan suallarının cavablarını yazılması, pozanın içinə və xətkeşin içinə şparqalka yerləşdirilməsi, digər texnoloji yeniliklər və daha nələr, nələr... Lakin vəzifə təkcə imtahan zamanı kimlərsə tərəfindən üzərində öncədən müxtəlif üsullarla mobil telefonların, ağıllı qurğuların və digər qadağan olunmuş vasitələrin binaya keçirilməsi halının müəyyən olunması və bu kimi vasitələrin imtahan prosesinə yol tapmasının qarşısının alınmasındanmı ibarətdir? Və ya yeniyetmə və gənclərimizin bu kimi əməllərinə məsuliyyəti təkcə DİM daşıyırmı?"

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, təhlükəsizlik nöqteyi-nəzərindən bu məsələ kifayət qədər ciddidir. İmtahana gələn abituriyentin cibində soyuq silah aşkarlanması xoş hal deyil. Bu, sadəcə, "abituriyentlər imtahana niyə kəsici-deşici vasitələr gətirir" məsələsi də deyil. Söhbət imtahan verən şagirddən yox, abituriyent adı ilə binaya daxil olmağa çalışan təxribatçılardan gedir.

E.Əfəndi qeyd edib ki, qəbul imtahanlarına bıçaq və qumbaranın keçirilməsi barədə xəbər cəmiyyətdə birmənalı qarşılanmasa da, həqiqətdir: "Bu kimi halların açıqlanmaması isə valideynlərdə və cəmiyyətdə təşviş yaratmamaq üçündür. İmtahanlarda kütləvilik çox olur. Son imtahanda 50400 nəfər abitruyent iştirak edirdi. Bu isə o deməkdir ki, bir imtahan binasında 800-900 uşaq imtahan verir. Ona görə də təxribatçılar üçün imtahan binaları əlverişli mühit olur. Məhz bu kimi təxribatların qarşısını almaq üçün də Dövlət İmtahan Mərkəzi müvafiq qurumlar ilə birgə işləyir. Xüsusi mühafizə və hüquq-mühafizə orqanları tərəfindən imtahan keçirilən binalarda yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir".  

Elçin Əfəndinin dediyinə görə, abituriyent ali və ya orta ixtisas təhsil müəssisəsinə qəbul olunmağı qarşısına məqsəd qoyubsa, onun üzərindən kitab-dəftər çıxmalıdır: "Bəzi abituriyentlərin üzərindən bıçaq, təsbeh və digər vasitələrin çıxması orta məktəblərdə təhsilin keyfiyyətinin aşağı olmasını göstərir".

Ekspertin fikrincə, bu hallarla bağlı orta təhsil müəssisələrində monitorinq aparılmalıdır: "Yaxşı olar ki, bununla bağlı müvafiq qurum monitorinqlər nəticəsində bu qəbildən olan şagirdləri, eləcə də digər şagirdlərin psixologiyasına təsir göstərəcək şəxsləri təhsil prosesindən kənarlaşdırsınlar. Belə olduğu təqdirdə biz imtahan verib ali məktəbə qəbul olmaq istəyənləri görə bilərik. "Oğru aləmi"nə meyl etmə halları müşahidə olunur. Yeniyetmələrin xurafatın, cəhalətin təsiri altına düşməsi, məktəblərdə bəzi yuxarı sinif şagirdlərinin narkotik vasitələrə meyl etməsi cəmiyyət üçün xoşagəlməz mənzərənin siqnalıdır".

Təhsil eksperti DİM sədri Məleykə Abbaszadənin bir müddət öncə bəzi abituriyentlərin imtahana gələrkən qumbara gətirməsi məsələsinə də toxunub: "Qumbara gətirilməsi halı son illərin məsələsi deyil, bir neçə il bundan öncə baş vermişdi. Amma bıçaq, kəsici-deşici alətlər və ya köçürmə ilə bağlı digər vasitələr demək olar ki, hər imtahanda gətirilir. Sadəcə Məleykə Abbaszadə açıqlama verdikdən sonra bəzi şəxslər buna inanmadıqlarını bildirirdilər. İndiyədək bu hallar müəyyən problemlər yaranmaması və cəmiyyət tərəfindən narazılıqlar olmaması üçün açıqlanmırdı. Qumbara məsələsindən sonra cəmiyyətin inamsızlığını görən Dövlət İmtahan Mərkəzi görüntüləri ictimaiyyətlə paylaşdı".

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, abituriyentlərin imtahana kəsici-deşici vasitələr keçirməsi təəccüb doğurur: "Biz zaman-zaman imtahanlara "şparqalkalar"ın və bu prosesdə istifadə edilə biləcək digər vasitələrin keçirilməsinin şahidi olmuşuq. Yəni bu kimi hallar olub. Amma məsələ burasındadır ki, təsbeh, kəsici-deşici alətlərdən imtahanda istifadə etmək mümkün deyil. Gənclər nədən bu alətlərlə imtahana gəlirlər? Bu, xeyli təəccüb yaradır. "Şparqalka"nın məqsədi məlumdur ki, imtahan zamanı köçürmək üçün edirlər. Bu, onu göstərir ki, gənclərimiz arasında ciddi iş aparmaq lazımdır. Hətta 5-ci, 6-cı sinif şagirdləri elektron siqaretlərdən istifadə edirlər. Təlim-tərbiyə işinə ciddi fikir verməliyik. Son vaxtlar gənclər arasında narkomaniyanın artması, kriminal şəxsləri özlərinə "kumir" seçmə halları çox yayğındır. Gənclərin kriminallaşması, narkotik istifadəçilərinin sayının artması təsadüfi deyil. Ailələr sürətlə dağılır. Təəssüf ki, ailə dəyərlərimizi yaşada bilmirik. İdeoloji iş üzərində davamlı çalışmalıyıq. Ailə institutu sıradan çıxmaqdadır. Kriminal avtoritetə bənzəmək, onların həyat tərzinin örnək seçilməsi təhlükəli haldır. Bu halların qarşısını almaq üçün kompleks işləmək, vətəndaş cəmiyyətinin rolunu artırmaq lazımdır".

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyir ki, şagirdlər belə hallara görə daşıdıqları məsuliyyətdən xəbərsizdirlər, ona görə də bu cür davranırlar: "Şagirdlərin üzərində kəsici-deşici alətlər gəzdirməsi, məktəbə belə alətlər gətirməsi qəbulolunmazdır. Eyni zamanda, çox təhlükəli haldır. Hesab edirəm ki, məktəblərdə təhlükəsizlik məsələləri hər zaman ön planda olmalıdır. Bu, təkcə paytaxt məktəblərində deyil, eyni zamanda, rayonlarda da diqqət mərkəzində saxlanılmalı məsələdir. Təbii ki, məktəblərdə yoxlama işlərinə nəzarət üçün dövlət və özəl mühafizə xidmətləri ilə müqavilə bağlayan məktəblər də var. Bunların heç biri olmadıqda belə, məktəbdə daxili rejim yaradıb inzibati işçilərdən bir nəfər təhkim etməklə məktəbin giriş-çıxışını nəzarətdə saxlamaq mümkündür. Əlbəttə, nəzarəti həyata keçirəcək şəxslər yoxlama işlərini həyata keçirməyi bacaran, qaydalara bələd olan işçilər arasından seçilməldir. Bu olmasa belə, həmin şəxslər lazımi kurslara göndərilməlidir. Onlar şagirdlərin, kənar şəxslərin məktəbə buraxılışı necə həyata keçirilməlidir, yoxlama-buraxılış zamanı şagirdlərlə davranış qaydaları hansılardır və s. bu kimi məsələlərdən xəbərdar olmalıdırlar".

Elmar Nurəliyev şagirdlərin qapıdan buraxılışı zamanı texniki yoxlama vasitələrindən istifadə olunmasını tövsiyə edir: "Üzərində kəsici-deşici alətlərlə keçməyə çalışanları müəyyən etmək üçün bəzi texniki avadanlıqlar var. Məsələn, bir çox yerdə istifadə olunan qapı detektorları bu baxımdan olduqca faydalıdır. Əgər şəxsin üzərində hər hansı bir yad əşya varsa, bu, detektorlar vasitəsilə aşkarlanır. Problemin həlli üçün texnologiyanın funksionallığından yararlanmaq tövsiyə olunur".

Ekspert valideynlərin və psixoloqların diqqətli olmağını da önə çəkib: "Ancaq hər şeydən əvvəl məsuliyyət valideynin üzərinə düşür. Hazırkı dövrdə baş verən hadisələri göz önünə gətirərək övladlarına ikiqat diqqət göstərməli, onlarla maraqlanmalıdırlar. Digər bir tərəfdən, məktəbdə psixoloqların rolu da olduqca əhəmiyyətlidir. Mütəmadi olaraq şagirdlərlə sözügedən məsələ ilə bağlı söhbətlər aparılmalı, görüşlər keçirilməldir. DİM imtahanına yoxlamaların həyata keçirilməsi zamanı aşkarlanan alətlər bir siqnaldır ki, bu məsələlərə daha çox diqqət yetirək. Valideynin övladına diqqət yetirməsi, məktəb girişindəki qapı detektoru ilə yoxlama, kamera-nəzarət sistemi, mühafizəçi, psixoloq kimi zəruri ehtiyaclar qarşılansa, demək olar ki, bu kimi halların qarşısı alınar".

Sevinc QARAYEVA

 





10.04.2023    çap et  çap et