525.Az

Tarixin ən qalmaqallı sarayında bir gün - Türkan Turan yazır


 

Tarixin ən qalmaqallı sarayında bir gün - <b style="color:red"> Türkan Turan yazır</b>

Zaman dəhşətli qavramdır. İl ili əvəzlədikcə, yaş üstünə yaş gəldikcə bunu aydın anlayırsan. Başa düşürsən ki, yaşamaqla ölmək göz qırpımı qədər bir-birinə yaxındır. Anlayırsan ki, hər dəqiqənin bir hökmü var. Dərk edirsən ki, hər kəs və hər şey müvəqqətidir. Dünya durduqca yaşayacağını sandığın insanların, göz bəbəyi kimi qorunan abidələrin, göy üzünə yaxın zirvələrin belə hər an yox ola biləcəyini öyrənirsən. Zənnimcə, ard-arda baş verən fəlakətlər, pandemiya, müharibələr, zəlzələlər, şahid olduğumuz kütləvi ölümlər bunu idrak etməyimizi daha da sürətləndirdi. Hal belə olunca intriqaların, kölgəli düşüncələrin, qaranlıq beyinlərin, fitnə-fəsadın nə qədər mənasız olduğunu, həyatın bunlara zaman ayıracaq qədər uzun olmadığını görürsən. Belə bir dünyada taxt-tac davaları, saray çəkişmələri, edamlar, sürgünlər, hakimiyyət üçün övladını öldürən sultanlar, şahzadələri zəhərləyən ögey analar, öz övladını taxta oturtmaq üçün dünyanı yox etməyə hazır olan hikkəli qadınlar, hərəmdə bütün gün bəzəkli-düzəkli şəkildə oturub padşahla keçirəcəyi gecəni xəyal edən, ancaq o gecənin gəlmədiyini seyr edərək illərini məhv edən cariyələrin yaşadıqlarının nə qədər mənasız olduğunu fikirləşirsən. Topqapı sarayına bu düşüncələrlə girdim, indi nə taxt-tac var, nə padşahlar, nə o qadınlar var, nə cariyələr. Çoxunun adı belə silinib gedib. Hamısını qoyaq bir kənara, heç imperatorluq da qalmayıb. Sadəcə saray, əşyaları, bağında ulu çinarlar, bəzi yerlərdə üzərində 3-4 cümləlik məlumatlar olan lövhələr qalıb. Düşünürsən dəyərmi, ya da dəyərdi bu qədər qan tökməyə?!

Topqapı möhtəşəm bir saraydır. Di gəl ki, dörd yüz illik tarixdə yaşanan qarmaqarışıqlıq sanki bir zülmət kimi sarayın canına hopub. Əsas qapının əzəməti qarşısında böyük həyəcan yaşayanda yox, içəri ilk addımını atdığın anda bu ağırlığı hiss edirsən. Ucsuz-bucaqsız saray, gəzirsən bitmək bilmir, oturursan maraq dinmir. Əsrarəngiz bir yerdir bura!

Ən parlaq və ən qaranlıq yer

İstanbul tarixinin ən qədim şahidlərindəndir. Bir dönəm cahana hökm edən Osmanlı padşahlarına ev sahibliyi edən Topqapı sarayı bir neçə əsrin əsrarəngiz, dəbdəbəli, bəzən qaranlıq, bəzən aydınlıq, nəhəng ölümləri, edamları, ən qorxulu intriqaları, xoş anları, minlərlə insanın xatirələrini yaşadan muzey statusundadır. Dünya tarixində yeni bir səhifə açan İstanbulun fəthindən sonra Fateh Sultan Mehmetin əmri ilə əsası qoyulan Topqapı sarayı 1478-ci ildən bəri böyük bir ərazidə bütün əzəməti ilə ucalır. Osmanlı İmperatorluğunun idarə mərkəzi olan Topqapı Sarayı tarixi boyunca dörd mindən çox önəmli şəxsiyyətin qonaq edildiyi yer olub. Kimlər gəlməyib ki, buraya? İmperatorlar, krallar, elçilər, tacirlər, din adamları, şairlər, yazıçılar və daha kimlər, kimlər...

Dünyanın dörd bir yanından gələn tarixin ən önəmli şəxsləri Osmanlı padşahlarının hüzuruna çıxmaq üçün Topqapı sarayında qarşılanıblar. Ərazisində köşklər, qış bağı, yay bağı, məscidlər, mədrəsələr olan saray, inşa edildiyi gündən Osmanlının beyin mərkəzinə çevrilmişdi və imperatorluğun işığı buradan bütün cahana yayılmışdı, bəzən də qaranlığı...

Şərqi Roma akropolu üzərindəki tarix

Fatih Sultan Mehmet İstanbulu fəth etdikdən bir müddət sonra, yəni 1460-cı illərdə elə onun göstərişi ilə inşasına başlanan saray 18 ildə, yəni 1478-ci ildə  tamamlanır. Mərmərə dənizi, İstanbul boğazı və Haliç arasındakı tarixi İstanbul yarımadasının ucundakı Sarayburnunda mövcud olan Şərqi Roma akropolu üzərindəki yeddi yüz min kvadratmetrlik bir ərazini əhatə edir. Dünyanın ən qədim və ən böyük sarayı olan Topqapının nəhəng ərazisi zaman içində bölünüb, hazırda dörd yüz min kvadratmetri əhatə edir. Buna baxmayaraq yenə də dünyanın ən böyük saray muzeyi statusunu qoruyub saxlayır. Burada  Osmanlı imperatorluğuna aid memarlıq abidələri, müxtəlif əşyalar və təxminən 300 min arxiv sənədi saxlanılır. "Bab-ı Hümayun", "Babüsselam" və "Babüssaade" adlı üç əsas qapısı olan Topqapı bağçalar və meydanlarla əhatələnib. Onlardan biri də hamımızın Nazım Hikmet şeirindən yaxşı tanıdığımız Gülhanə parkıdır. Saray bir-birinə giriş-çıxışı olan dörd həyətdən ibarətdir. Təkcə Hərəmin dörd yüz otağı var. Bu təbii ki, fantastik rəqəmdir.  Osmanlının ən canlı dönəmlərində belə burada minimum dörd min insan yaşayıb. Sarayın memarlığında köçəri türklərin ordugahlarından ilham alındığı da görülür.

Həzin son...

Fatih Sultan Mehmetdən başlayaraq otuz birinci padşah Sultan Abdulməcidə qədər dörd yüz illik müddətdə imperatorluğun idarə mərkəzi Topqapı olub. XIX əsrdə Sultan Abdulməcid Dolmabağça sarayını inşa etdirməsi ilə bir Topqapı dönəmi sona çatır. Bütün sülalə oraya köçür. Bu köçlə birlikdə saray tərkedilmiş hesab edilməyinə rəğmən önəmini həmişə qoruyub. Xüsusi günlər və ilin bəlli zamanlarında padşahlar buraya gəliblər. Sarayın tərk edilmə səbəbi padşaha qarşı sui-qəsdlərin, intriqaların, qaranlıq işlərin kontrol edilməyəcək həddə çatması olur. Qeyd edim ki, Osmanlı padşahları Topqapıdan sonra heç vaxt bu cür böyük saraylarda yaşamırlar. Hətta Abdulməcidin Dolmabağça sarayını tikdirib köçməsindən sonra hakimiyyətə gələn digər sultanlar özlərinə Bəylərbəyi, Ulduz, Çirağan kimi daha kiçik saraylar inşa etdirərək oralara köçüblər. Bu "köç"ə son nöqtəni isə Mustafa Kamal Atatürk qoyur. Cümhuriyyətə Ankaranı paytaxt seçir, uzun müddət İstanbula üz tutmur. Hətta bacardığı qədər bura gəlməməyə çalışır. Bu isə bir növ İstanbulu sevmədiyi anlamına gəlir. Ancaq təəssüf ki, son nəfəsini Dolmabağça sarayında verir.

Topqapıya Memar Sinan toxunuşu

Dünyanın ən böyük və ən qiymətli daşı olan 86 karatlıq Qaşıqçı Almazı da burada sərgilənməkdədir. Saray mətbəxtləri sərgisi isə sarayda ilk ziyarət edilən yerdir. Burada on min ədəddən ibarət yemək dəsti parçaları dünyada önəmli bir yerə sahibdir. Tarixi boyu bir çox hadisələrə şahid olan sarayın bir hissəsi 1574-cü ildə baş vermiş yanğın zamanı ciddi zərər görür. Buna görə də, Sultan II Səlimin əmri ilə tikilinin mətbəxt, hərəm və ərz otaqları o zamanın tanınmış şəxsiyyətlərindən olan Memar Sinan tərəfindən bərpa olunur.

Padşahların əsrarəngiz sirləri

Əslində Topqapı bir yazıya sığmayacaq qədər nəhəngdir. Ona görə də burada daha əvvəl yazılmayan, gözə görünməyən nüanslara toxunmaq istədim. Məsələn, diqqətdən kənar qalan bölmələrdən biri də əksər ziyarətçilərin qapısından dönüb qayıtdığı "tilsimli padşah köynəkləri və kaftanlar"  bölməsidir. Nəzarətçilər başı açıq girməyin qadağan olduğunu söylədi. Burada yaylıq xidməti yoxdur. Maraq güc gəldiyi üçün pencəyimi başıma bağlayıb içəri girmək məcburiyyətində qaldım. Məlumdur ki, sirr, gizlilik kəlməsi insanlara daha cazibədar gəlir. Görəsən, bu padşahların bir otağa sığdırılan sirləri nədir deyə düşündüm. Bir-birindən fərqli geyimlər var vitrinlərdə. Padşahların zirehli geyimləri altınadakı xüsusi köynəklər sərgilənir. Harvard Universitetinin belə izinə düşdüyü bu tilsimli köynəklərin sirrini açmağa nail ola bilmədikləri deyilir. Bəziləri üç ilə tamamlanıb. Hər birinin üzərində tilsimli şəkillər və xüsusi dualar var. Sarayda doxsana yaxın belə geyim mövcuddur. Bu geyimlər münəccim başının ulduzlara baxaraq müəyyənləşdirdiyi günlərin xüsusi saatlarında tikilməyə başlanırmış. Baş münəccim xalq arasında "Əşrəf saatı" olaraq bilinən bu vaxtı müəyyənləşdirdikdən sonra sarayın din damları geyimin üstünə yazılacaq olan tilsimlərə qərar verirmişlər. Bunlar daha çox dua və hələ də nə mənaya gəldiyi bəlli olmayan rəqəmlər və şəkillərdən ibarət olurdu. Bu şəkil və dualar padşahın geyiminə dönəmin ən məşhur, sayılıb-seçilən xəttatları tərəfindən işlənirdi.

Tilsimli geyimlər ümumilikdə üç önəmli səbəb üçün hazırlanırmış. Bunlardan biri və birincisi savaş tilsimi idi. Padşah savaşa gedərkən geyinməsi və qəzadan qorunması üçün hazırlanan geyimlər xüsusi dualarla işlənirmiş. Xəstəliklərə qarşı tilsimli geyimlər daha çox imiş. Bir də əhval-ruhiyyəni qorumaq və bəd nəzərdən qorunmaq üçün fərqli dua və şəkillərlə bəzənmiş geyimlər hazırlanırmış. Bu geyimlərin üstündəki şəkil və rəqəmlər də sirr olaraq qalır. Bəzi tarixçi alimlər hesab edir ki, bu sirr açılsa tibbin alternativi kimi bir çox xəstəliyin sağalmasında istifadə oluna bilər. Geyimlərin üstündə ümumilikdə 55 surə yazıldığı aşkarlanıb. Ən çox yazılan Fatihə surəsidir. Yasin xəstəliklərə qarşı və ölüm döşəyindəki padşahların geyimlərinə işlənirmiş. Fəth surəsi müharibəyə gedən padşahların geyimlərində mütləq şəkildə yer alırmış. Ayətəl Kürsi də bəlalardan qoruduğu üçün bu geyimlərin üzərində həmişə istifadə edilirmiş. Fələk və Nas surələri isə daha çox ruhi xəstəliklərdən qorunmaq üçün seçilirmiş. Bu geyimlərin üzərində dörd mələyin adı mütləq şəkildə qeyd edilir. Həmin mələklər Mikayıl, Əzrayıl, Cəbrayıl  və İsrafildir. Bəsmələ ayətlərdən uzaq, dördbucaq şəklində yazılıb. Əsmaul Hüsna bu geyimlərin vazkeçilməzi sayılır. Peyğəmbərlərdən isə Hz. Məhəmməd, Hz.Süleyman, Hz.Əlinin adlarının qeyd edildiyini görmək olur. Hətta bəzi geyimlərə Hz.Məhəmmədin ayaq izi belə işlənmişdi. Açığı bu faktı orada öyrəndim, sən demə, bizim başımızı həmin ayaq izinə görə məcburi şəkildə bağlatdırıblar. Eyni zamanda, peyğəmbərin Nübuvvət möhürü də bu geyimlərin üstündə yer aldığını görmək mümkündür. Xüsusi parçadan hazırlanan geyimlərə su vurmaq olmazmış. Çünki yuyulanda üzərindəki bütün dualar və işləmələr yox olurmuş. Demək olar ki, bütün padşahların Möhrü Süleymanlı bir geyimi olub. Bu geyim ulduz formasındadır. Padşahlar bunu bütün canlılara xitabən, heyvanların dilini başa düşmək üçün geyinirmişlər.

Cümhuriyyətin ilk muzeyi

Türkiyə Respublikası elan olunduqdan sonra Mustafa Kamal Atatürkün əmri ilə 1924-cü il aprelin 3-dən etibarən muzey kimi fəaliyyətə başlayan bu tarixi məkan "Cümhuriyyətin ilk muzeyi" adını qazanıb. Hər gün minlərlə insanın ziyarət etdiyi, İstanbulun ən çox turist qəbul edən muzeylərindən biridir. Nadir memarlıq üslubu və gözəlliyi ilə istər yerli, istərsə də xarici turistləri özünə cəlb edən saray 1985-ci ildə UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.

 





10.04.2023    çap et  çap et