525.Az

Nostradamusun görücülüyü və bu günümüz - (V yazı)


 

Nostradamusun görücülüyü və bu günümüz - <b style="color:red"> (V yazı)</b>

Nostradamus bir neçə katrendə Azərbaycandan söhbət açır. Onlardan biri də 26-lardan bəhs edən 7 k 2 katrenidir. Mişel Nostradamus dördlükdə bəyan edir:

Mars açıq olanda Arl müharibədən imtina edəcək.

Gecə vaxtı bütün əsgərlər qəfildən tutulacaqlar.

Qaralar və ağlar Hindistanda torpaqda gizlədilmişlər.

Satqını təmiz, pak adam qafiyəsində görəcəksiniz.

Tədqiqatçılar bu katren barədə ağlabatan bir söz deməyiblər.

Görünür, onlar 3-cü sətirdə yer alan "a L'inde" sözünün "İndiqo - göy rəng" mənasından əlavə, "ağac, bitki" və Hindistan mənalarında da işləndiyinə məhəl qoymadıqlarına görə katrenin şərhini verə bilməmişlər. Bununla belə, Y.Avdyayeva və L.Zdanoviçin klassik fransız dilində olan orijinaldan etdikləri tərcümə köməyə gəlir. Maraqlı burasındadır ki, Nostradamusun bir çox katrenlərinin şərhində bir ifadə, bir söz, bir hadisə kifayət etdiyi kimi, burada da belə bir söz 3-cü sətirdə gedən Hindistan sözüdür.

Lakin bu katrenin şərhinin açarı 3-cü sətir olsa da, başqa sətirlər də qəti qənaətə gəlməyə imkan verir.

1-ci sətirdə göstərilən Mars müharibə allahıdır.

1-ci sətirdən göründüyü kimi, Arl-Fransa öz müttəfiqi İngiltərə ilə Azərbaycana gəlib müharibə etməkdən imtina etmişdi. İngilis ordusu 1918-ci ilin 14-15 sentyabrında güclü türk ordusuna müqavimət göstərə bilməmiş, həbs etdikləri 26 Bakı Komissarlarını götürüb (2 sətir) dəniz vasitəsi ilə Türkmənistanın Krasnovodsk limanına yollanmışdılar. 26-lar ona görə həbs olunmuşdular ki, həmin ilin avqust ayının 4-də Bakıya girən ingilislərlə heç bir sazişə girməmişdilər.

V.İ.Lenin bu münasibətlə yazırdı: "İngilis-fransız imperialistləri ilə hər cür sazişdən qəti surətdə imtina etmək - bakılı yoldaşların atdığı ən düzgün addımdır..." (ASE, I cild, səh.561). İngilislərin 26 Bakı Komissarlarını özləri ilə aparması, bizcə, o məqsədi güdürdü ki, onları saziş bağlamağa məcbur edib, əlverişli şərait yaranan kimi, 26-larla birgə Bakıya qayıtsınlar. Odur ki, ingilislərin 26-ları Türkmənistanın Ağcaqum səhrasında güllələmələri inandırıcı deyildir. Onlar elə bir məqsəd güdsəydilər, 26-ları İngiltərənin ən inanılmış müstəmləkəsi olan Hindistana aparmaz, elə Bakıda güllələyərdilər.

Katrenin 3-cü sətrində 26-ların taleyi barədə qiymətli məlumat vardır: "Qaralar və ağlar Hindistanda torpaqda gizlədilmişlər".

XX əsrin sonlarına yaxın söz-söhbət gəzirdi ki, Hindistan Sovet dövlətinə müraciət edib ki, 26-lar Hindistanda - Parkda basdırılıblar. Onların qalıqlarını və muzeydə saxlanılan əşyalarını apara bilərlər. Lakin Stepan Şaumyanın oğlu L.Şaumyan və başqaları bu sirrin üstünün açılmasına mane oldular. Çünki bir çox xəyanətlər məlum olacaqdı.

Qaralar və ağlar Sovet dönəmində Bakının ən baxımlı küçələri adlarını daşıyan M.Əzizbəyov, S.Şaumyan, P.Caparidze, İ.Filatov, Y.Zevin ,Q.Korqanov, M.Vəzirov, M.Basin, M.Maligin, V.Poluxin, B.Avakyan, F.Solutsev, S.Osepyan və başqaları idi.

Yaxşı yadımdadır, Bakı Sovetində küçələrin adlarını qaydaya salmaq üzrə: Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Anar, Sabir Rüstəmxanlı və mənim iştirak etdiyim komissiyanın yığıncağında iki təkliflə çıxış etdim. Təklif etdim ki, yaşadığım Surey Osepyan küçəsinə Süleyman Rüstəmin və uzun müddət yaşadığı küçəyə Rəsul Rzanın adı verilsin. Hər iki təklifim yekdilliklə qəbul edildi.

Nə gizlədim, indi həmin küçələrdən keçəndə məmnunluq duyuram.

Mövzudan bir az uzaqlaşdığıma görə oxuculardan üzr istəyirəm. Xalq şairi Qabil demişkən, bu öz yerində.

Nostradamusun 4-cü sətirdə göstərdiyi "Satqını təmiz, pak adam qafiyəsində görəcəksiniz" A.Mikoyana işarədir.  26 Bakı komissarlarını onun satdığı Sovet dövründə də sirr deyildi. İ.Stalin dəfələrlə söhbətlərində buna işarə edərək A.Mikoyanı qorxutmuşdu. Maraqlı odur ki, ingilislərin saziş barədə təkliflərini rədd edən 26 Bakı komissarları ingilislər Bakıya girəndən (4 avqust) az sonra həbs olunmuşdular. Siyahıda 25 nəfər vardı. Bakı kommunasının fəal üzvü Anastas Mikoyanın adı siyahıda yox idi. A.Mikoyan öz yerinə siyahıya A.M.Amiryanın qardaşı, 26-lara dəxli olmayan T.M.Amiryanı əlavə etmişdi. 1918-ci ildə "İzvestiya Bakinskoqo Soveta" qəzetinin faktiki redaktoru olan, Bakı kommunasının müdafiəsində iştirak edən, 26-lardan biri olan Mikoyanın 26 Bakı komissarlarının siyahısını ingilislərə verməsi şübhə doğurmur. Guya Bakı komissarlarının həbs edilməsində, Bayıl həbsxanasında olarkən onlara gətirilən azuqəni bölüşdürmək üçün tutulmuş siyahının Krasnovodskda axtarış zamanı tapılması rol oynayıb. Məntiqsizliyin dərəcəsinə baxın!

Sovet İttifaqında ən yüksək vəzifələr tutan A.Mikoyan keçən əsrin 60-cı illərində Bakıya gəlmiş, tutduğu vəzifədən istifadə etmiş və Azərbaycan Dövlət Arxivindən ən mötəbər sənədləri, o cümlədən də 26 Bakı komissarları ilə əlaqədar sənədləri aparmışdı. Elə bu faktın özü çox mətləblərdən xəbər verir.

 "Bu günlərdə Ədalət" qəzetinin 11.03.2023 tarixli sayında "Jukov filmi, Putin və ermənilər" adlı maraqlı bir yazı oxudum. A.Mikoyanla bağlı olduğundan diqqətimi cəlb etdi:

"Rusiya kanallarının birində marşal Georgi Jukov haqqında çox maraqlı bir film göstərilirdi. Filmdə qəhrəmanlardan biri də Anastas Mikoyan idi. O, əvvəlcə Beriyanı Xruşşova satır, sonra Xruşşovu Brejnevə satır və Brejnevin bəxtindən onu satmağa Mikoyanın ömrü çatmır, 1978-ci ildə dünyasını dəyişir.

Ümumiyyətlə, tarixi vərəqləyəndə görürsən ki, Mikoyan Lenini Stalinə satıb, Stalini Beriyaya, Beriyanı Xruşşova, Xruşşovu da Brejnevə. Yəni bütün ömrü boyu dostlarını sata-sata gedib. Nostradamus A.Mikoyanı hamıdan əvvəl və yaxşı tanıyıb. Satqını təmiz, pak adam qafiyəsində görəcəksiniz.

Rusiya prezidenti Vladimir Putin mənim fikrimcə, tarixi yaxşı oxuyub, Anastas Mikoyanı da yaxşı tanıyıb. Yəni ermənilərin necə satqın olmağı haqqında məlumatlıdır. Və görür ki, bu gün də Ermənistan onu satmaqla məşğuldur, üzünü çevirib Qərbə. Və hətta Qərbin jandarmasını müşahidəçi sifəti ilə buraxıb Ermənistana.

Amma çox qəribədir ki, bütün bunları bilə-bilə Putin erməni əsilli Lavrova və erməni əsilli Mişustinə hələ də güvənir".

 

 





10.04.2023    çap et  çap et