525.Az

"Yüksəliş" - ədalətli fərqlənməyə və davamlı inkişafa xidmət edən müsabiqə


 

"Yüksəliş" - ədalətli fərqlənməyə və davamlı inkişafa xidmət edən müsabiqə<b style="color:red"></b>

Azərbaycanda yeni nəsil idarəçilərin aşkara çıxarılması, perspektivli idarəçilərin dəstəklənməsi və təşviqi baxımından çox faydalı hesab edilən "Yüksəliş" müsabiqəsi, eyni zamanda, şəffaf mexanizmə əsaslanan sosial lift layihəsidir. Bu, istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə müsabiqədir. "Yüksəliş" iştirakçılara kadr ehtiyatının inkişafı proqramında iştirak etmək, ölkənin gələcəyini quracaq şəxslərdən biri olmaq imkanını qazandırır.  Ona görə də bu müsabiqə peşəkar təlimlər üçün qrant qazanmaq, idarəetmə bacarıqlarınızı hərtərəfli inkişaf etdirmək, əvəzolunmaz əlaqələr qurmaq, vahid komandanın üzvü olmaq üçün qaçırılmayacaq fürsətdir. "Yüksəliş" ilkin seçim mərhələlərindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüşmək, finalçılara şəxsi inkişaf planları əldə etmək, qaliblərə isə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıran müsabiqədir.

Məlum olduğu kimi, üçüncü "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi artıq başa çatıb. 17 fevraldan start götürən qeydiyyat prosesi 31 martda tamamlanıb. Bu müddətdə 13474 şəxs qeydiyyatdan keçib. Bununla da üçüncü "Yüksəliş" müsabiqəsinə qeydiyyat üçün müraciətin ötən illərlə müqayisədə daha çox olduğu qeydə alınıb. Qeydiyyatdan keçənlərin 10237-si kişi, 3237-si qadındır. Üçüncü müsabiqəyə qeydiyyat üçün müraciət edən 6268 namizəd öncəki müsabiqələrdə də iştirak edib.

Aydındır ki, "Yüksəliş" müsabiqələrinin əsas məramı dövlət idarəetməsinə peşəkarların cəlb olunmasıdır. "Yüksəliş"lə yüksələn gənclərdən biri də Elm və Təhsil Nazirliyi yanında Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin müdiri Nərgiz İsmayılovadır. O ikinci "Yüksəliş" müsabiqəsinin qalibi olub. N.İsmayılova 10 ildən artıq layihə idarəçiliyində çalışıb: "Layihə idarəetməsinin nə demək olduğunu mən ilk iş yerimdə öyrəndim. Bu İsveçrənin əczaçılıq şirkəti (Octapharma) idi. Mən şirkətin Azərbaycan ofisində ofis meneceri kimi çalışmağa başladım, o zaman tələbə idim, 4-cü kursda oxuyurdum. Sonra potensialımı görüb məni layihə koordinatoru etdilər. Daha sonra layihə meneceri oldum. Layihə koordinatoru kimi daha çox bizim klinikalarla, həkimlərlə işləyirdim. Şirkət həkimlərin peşəkar inkişafı, onların təlimlərə yönləndirilməsi, ixtisasartırılması kimi təşəbbüslərinə dəstək olurdu. Layihə meneceri olduqda isə Gürcüstan və Türkiyədə şirkətin fəaliyyətinin qurulması və tənzimlənməsi üzrə məsul şəxslərdən biri idim. Beynəlxalq şirkət olduğu üçün komanda üzvləri müxtəlif millətlərin nümayəndələri idi. Bu da müxtəlif millətlərdən, mentalitetlərdən olan komandanın idarə olunması kimi lazımlı təcrübəni qazanmağıma təsir etdi".

N.İsmayılovanın sözlərinə görə, "Yüksəliş" müsabiqəsində qalib gələnə qədər təhsil sahəsində çalışmayıb: "Müsabiqədə qalib gəldikdən sonra təqdim olunan anketdə 3 mentor  seçməli idik. Elm və təhsil naziri Emin Əmrullayevin idarəetməyə olan yanaşması, metodikası mənə çox maraqlı olduğundan seçimlərimdən biri o idi. Xoşbəxtlikdən 2 mentorumdan biri məhz cənab nazir təyin olundu.  Biz  Emin Əmrullayev ilə artıq həm "Yüksəliş", həm də Təhsilin İnkişafı Fondunda olmaqla bir neçə dəfə görüşmüşdük. Həmin görüşlərdə olduğu kimi, mentor görüşümüzdə də cənab nazir müzakirə olunan məsələlərə maraqlı yanaşma tərzi ilə diqqətimi çəkdi. Mən və Mustafa Hüseynov (digər qalib) nazirlə görüşdə mentor proqramından gözləntilərimizi, peşəkar həyatımızın növbəti mərhələsi üzrə planlarımızı, arzularımızı bölüşə bildik. E.Əmrullayev, eyni zamanda, çox praktik bir şəxs olduğundan mentorluq proqramına da xüsusi məsuliyyət və tələbkarlıqla yanaşır.  Buna görə də düşünürəm ki, mentorluq proqramının sonunda önəmli olan məsələlər üzrə lazımi istiqamətləri almış olacağıq. İlk görüşümüzdə bizim elm və təhsilin inkişafı ilə bağlı mövzularımız oldu. Nazir görüşdə təhsildəki cari problemlər, onların aradan qaldırılması üçün görülən işlər, yaxın 3-5, 10 ildə bizi gözləyən hədəflər barədə məlumat verdi, bizim də fikirlərimizi öyrəndi".

Nərgiz İsmayılova deyir ki, "Yüksəliş" çox unikal bir yarışmadır: "Müsabiqənin yarımfinal və final mərhələləri zamanı yaşadığımız anlar əvəzolunmazdır. Təsəvvür edin ki, yeni tanış olduğunuz müxtəlif xarakterli, idarəçilik tərzi olan komanda yoldaşlarınız ilə konsensusa gəlməklə çətin keysləri həll edirsiniz. Böyük şirkətlər bu tip məsələlərə həftələrlə, aylarla zaman ayırsa da, sizin bunun üçün maksimum 40-50 dəqiqə vaxtınız olur. "Yüksəliş"in digər önəmli məqamı iştirakçıların psixoloji portretinin çəkilməsi, idarəçilik tərzində olan müsbət tərəflər və çatışmazlıqların aşkar olunmasıdır. Bu, həqiqətən də hər zaman ələ düşən fürsət deyil. Müsabiqənin ilkin mərhələləri zamanı ümumi dünyagörüşü səviyyəsi testdən keçirilsə də növbəti mərhələlərdə qərarvermə, strateji düşünmə, komandada işləmə və kommunikasiya, yeniliklərin tətbiq olunması kimi təcrübə ilə formalaşan bacarıqlar yoxlanılır.  Qeyd etdiyim bacarıqların qazanılmasına isə bir çox faktor təsir edir: Mütaliə, təhlil, şəxsi keyfiyyətlərin kritik qiymətləndirilməsi, peşəkar mühitdə işləmə təcrübəsi və sair. "Yüksəliş"ə qarşıma hər hansı xüsusi məqsəd qoyub qatılmadım. Sadəcə, mənə bu müsabiqədə iştirak etmək və hansı mərhələyə qədər irəliləyə biləcəyimi sınamaq maraqlı idi. Müsabiqənin ilkin mərhələləri namizədlərin dünyagörüşü ilə bağlı idi. Azərbaycan tarixi, dünya tarixi, coğrafiya, mədəniyyət və sair üzrə suallar verildi. Yalnız müsabiqənin əyani mərhələsinə daxil olanda prosesin nə qədər ciddi olduğunu anladım. Əyani mərhələdə hər bir namizəd kompüter arxasında ona verilən sualları cavablandırmalı idi. 4 saat davam edən imtahanda sualları, onların dəyərliliyini görəndə anladım ki, bu, idarəçilik və qərarvermə ilə bağlı yarışmadır. Mənim müsabiqəyə həvəsim də məhz əyani mərhələdə yarandı. Bu mərhələdə yaxşı nəticə əldə edib yarımfinala keçdim. Bakı Ekspo Mərkəzində keçirilən bu mərhələyə 12299 iştirakçıdan 317 nəfər vəsiqə qazanmışdı. Onların arasında özümü görmək çox xoş idi. Onu da deyim ki, həm yarımfinala, həm də finala keçən namizədlər dünyagörüşü və intellektual səviyyələrinə görə fərqlənirdilər. Namizədlər dövlət, özəl, QHT, beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif ölkələrdə işləmiş şəxslər idi".

Nərgiz İsmayılovanın dediyinə görə, kifayət qədər təcrübəyə malik, bacarıqlı gənclərin yüksək vəzifələrdə təmsil olunması dövlət idarəetməsinə yeni baxışın, tərzin gətirilməsi, çevik və optimal qərarların verilməsi baxımından müsbət haldır. Digər tərəfdən mənə görə, ən gözəl hal həm də gənc liderin yanında daha təcrübəli, peşəkar sahəvi komanda üzvlərinin cəmləşməsidir. Hər bir sahədə, xüsusən də həyati vacib olan təhsil və səhiyyə sahələrində peşəkaların olması mütləqdir: "Düşünürəm ki, gənc rəhbər və daha təcrübəli peşəkar komanda tandemi daha uğurlu və dayanıqlı nəticələrə gətirib çıxarır".

O qeyd edib ki, "Yüksəliş"in verdiyi ən böyük mesajlardan biri bacarıqlı, potensial həmvətənlərimizin dəyərləndirildiyini bildirməkdir. Sosial statusundan, mövqeyindən asılı olmayaraq yalnız bilik, bacarıq və təcrübə qiymətləndirilir. Ən böyük mesajlardan biri odur ki, əgər bilikli, bacarıqlı, yetərli qədər də təcrübəlisənsə, rəhbər olaraq ədalətli qərarvermə potensialın varsa, sən mütləq qiymətləndirilirsən. "Yüksəliş" səni sırf peşəkar idarəçi, bir lider kimi qiymətləndirir: "Müsabiqənin digər mesajı isə odur ki, ədalət qalib gəlir. Qaliblər nə qazanır?  Nəinki qaliblər, mən deyərdim ki, həm də yarımfinala vəsiqə qazananlar birinci növbədə yaxşı dostluqlar, yaxşı münasibətlər qazanırlar.  Yaxşı dedikdə, mən peşəkarlarla ünsiyyəti nəzərdə tuturam. Mən eyni ideologiyanı paylaşdığım, bir çox təşəbbüsdə mənimlə birgə olacaq yeni dostlar qazandım. İkinci qazancımız, əlbəttə, qalib olaraq mentorlardır. Mentorlarım olaraq elm və təhsil naziri Emin Əmrullayev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə bir il ərzində əməkdaşlıq edəcəyəm. Onların dəstəyi ilə peşəkar bacarıqlarım, cari vəziyyət təhlil olunacaq, müvafiq tövsiyələr veriləcəkdir. Digər qazancımız isə 20 min manat məbləğində maddi mükafatdır. Mən o məbləğin bir hissəsini İngiltərə universitetlərindən birində magistratura təhsilimə sərf edəcəyəm. Müsabiqə zamanı namizədin psixoloji portreti də çəkilir. Biz müvafiq testlərdən keçdikdən sonra əldə etdiyimiz hesabatda temperament, qabiliyyət, xarakterimiz, işçi və rəhbər kimi xüsusiyyətlərimiz müsbət və mənfisi ilə birlikdə çox gözəl izahlar verildi".

Nərgiz İsmayılova vurğulayıb ki, qarşıya qoyulan hədəflərə nail olmaq üçün hər bir müəssisənin müəyyən  strategiyası olur. Hazırda çevik dəyişən dünyada bu strategiyalara yenidən baxış edilir, onlar 3-5 il toxunulmaz qalmır. Hər bir qurumun olduğu kimi, Elm və Təhsil Nazirliyinin də yaxın 10 -15 ildəki dövrü əhatə edən bir strategiyası var: təhsil sistemimizi harada görmək istəyirik. Bu barədə nazirimizin çox gözəl ideyaları var. Bu ideyaların reallaşdırılmasının ən optimal yolu onlara layihə kimi yanaşıb idarə etməkdir. Belə olduqda, dəyişən məqamlara, gələcək çətinliklərə, risklərə çevik münasibət göstərə bilirsən. Ona görə layihə idarəetməsi yanaşması bütün sahələrdə, eləcə də təhsildə aktualdır. Hazırda çox gözəl təşəbbüslər irəli sürülür. Məsələn, "Məktəblinin dostu" layihəsini xüsusi qeyd etmək istərdim. Bu layihə gənclərimizin uşaqlıq yaşlarından müstəqil fikirli fərd kimi formalaşması, öz hüquqlarını tanımaları, özlərini müdafiə etmələri baxımdan mesajlar verir. Digər önəmli layihələrdən "STEAM" və "Rəqəmsal bacarıqlar" da var. Bu layihələrin məqsədi uşaqlarımızın rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etməkdir".

Sevinc QARAYEVA

 





11.04.2023    çap et  çap et