525.Az

BDU-da professor Nəsiman Yaqublunun kitablarının təqdimatı


 

BDU-da professor Nəsiman Yaqublunun kitablarının təqdimatı<b style="color:red"></b>

Bakı Dövlət Universitetində tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun “Şuşa ziyalıları: unudulmuş irs” və “Azərbaycan mətbuatı: gizli nəşrlər” kitablarının təqdimatı keçirilib.

525.az xəbər verir ki, tədbirin təşkilatçıları BDU-nun jurnalistika fakültəsi və Azərbaycan Mətbuat Şurası olub.

Tədbiri Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev açıb. Sonra kitabların müəllifi N.Yaqublu tariximizdə öyrənilməmiş çoxlu sayda sahələrin və mövzuların olduğunu qeyd edib. O bildirib ki, sovet rejimi dövründə qadağan edilmiş mövzular müstəqillik dövrümüzdə araşdırılmalı və oxuculara çatdırılmalıdır. Müəllif xüsusən mühacirətdə yaşamış Şuşa ziyalılarının irsi ilə bağlı ciddi problemlərin olduğunu, Əhməd bəy Ağaoğlunun, Ceyhun bəy Hacıbəylinin, Hüseyn Baykaranın, Hilal Münşinin, Abay Mirzənin çoxlu sayda əsərlərinin toplanılmasının və nəşrinin  vacibliyini vurğulayıb.

Müəllif digər kitabı olan “Azərbaycan mətbuatı: gizli nəşrlər”in nəinki mətbuat tariximizin, eləcə də XX əsr tariximizin öyrənilməsi sahəsində ciddi və ilk addım olduğunu qeyd edib. Bu kitabda 60-dan çox qəzet, jurnal və kitablar haqqında məlumatlar verilib. Bu nəşr nümunələri həm çar Rusiyası dövründə, həm də sovet rejimi dövründə qadağan edilmişdi. Bu nümunələrin əksəriyyəti şəxsi adamlardan toplanılıb və arxivlərimizdə yoxdur. Bu nəşr nümunələri “samizdat” adı ilə də təqdim edilmişdir.

Müəllif qeyd edib ki, bir zamanlar qadağan edilən, topladığı bu maraqlı sənədləri, qəzet və jurnalları, nəşr nümunələrini Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində öz adına yaratdığı xüsusi fonda təqdim edəcək ki, digər araşdırmaçılar da o sənədlərdən istifadə edə bilsinlər.

Kitabların təqdimatı ilə bağlı keçirilən tədbirdə tanınmış alimlərimiz və mətbuat xadimlərimiz, tələbələr iştirak etmişlər. Onlardan BDU-nun professorları - Qulu Məhərrəmli, Cahangir Məmmədli, siyasi elmlər doktoru Sabir Məmmədli, filologiya elmləri doktoru Abid Tahirli, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, tanınmış alim və şair, professor Vüqar Əhməd, tarix elmləri üzrə fəlsəfə doktoru Boran Əziz, Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov,  AZƏRTAC-ın əməkdaşı, Almaniyanın Lütenberq kitabxanasının Azərbaycan təmsilçisi Namiq Əzizov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Umud Rəhimoğlu, Azər Həsrət, Müşfiq Ələsgərli, Yunus Oğuz, Yadigar Məmmədli, Jurnalistika fakültəsinin kafedra müdirləri Aynurə Nəsirova, Xatirə Hüseynova çıxış edərək N.Yaqublunun araşdırmalarının və nəşr edilən kitablarının əhəmiyyətliliyini xüsusi qeyd ediblər.

 





12.04.2023    çap et  çap et