525.Az

Şair İbrahim İlyaslının 60 illik yubileyi qeyd olundu


 

Şair İbrahim İlyaslının 60 illik yubileyi qeyd olundu<b style="color:red"></b>

Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Milli Məclisin Mədəniyyət Komitəsinin və Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyi Poeziya seksiyasının rəhbəri, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun direktoru şair İbrahim İlyaslının 60 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, millət vəkili Müşviq Məmmədli, Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, xarici ölkələrdən gələn qonaqlar, şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələri və oxucular iştirak ediblər.

Aparıcı "Alaş" Beynəlxalq Ədəbiyyat mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı tədbiri giriş sözü ilə açaraq iştirakçıların alqışları ilə yubilyarı səhnəyə dəvət edib.

Sumqayıt şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov yubilyarı, qonaqları və tədbir iştirakçılarını şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun adından salamlayaraq İbrahim İlyaslının şəhərin mədəni həyatında fəal iştirakından danışıb və onun bu günlərdə icra başçısı tərəfindən qəbul edilərək Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırıldığını qeyd edib.

Yubiley gecəsinin ilk musiqi töhfəsi - "Sumqayıt" Milli Kamera ansanblının ifasında şairin "Sumqayıt" şeirinə bəstəkar Zərif Kərimovanın bəstələdiyi mahnı ansamblın bədii rəhbəri Şərqiyyə Mustafayevanın dirijorluğu ilə səhnədə yer alıb və alqışlarla qarşılanıb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Milli Məclisin deputatı Müşviq Məmmədli şairi 60 illik yubileyi münasibəti ilə təbrik ediblər. İbrahim İlyaslının həyat və yaradıcılığından ətraflı söz açaraq onu çağdaş poeziyamızın öndə gedən nümayəndələrindən biri, uzun zamandır ki, ümumtürk ədəbiyyatına öz töhfələrini verən bir tərcüməçi olaraq dəyərləndiriblər və ona xatirə hədiyyəsi təqdim ediblər.

Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli AYB-nin "Fəxri diplom"unu yubilyara təqdim edib və onun AYB Poeziya seksiyasının rəhbəri olaraq səmərəli fəaliyyətindən söz açıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev 60 illik yubileyi münasibəti ilə İbrahim İlyaslının adına yazılan ünvanı tədbir iştirakçılarının diqqətinə çatdırıb, onu Regional idarənin Fəxri Fərmanı ilə təltif edib.

Tatarıstan Yazıçılar Birliyinin sədri, Tatarıstan Dövlət Sovetinin deputatı Rıkail Zəydullin çıxış edərək, İbrahim İlyaslının Azərbaycanla Tatarıstan arasında ədəbi əlaqələrin inkişafındakı xidmətindən danışıb və ona TYB-nin "Təşəkkür Məktubu"nu təqdim edib.

Çuvaşıstan Respublikası Peşəkar Yazıçılar İttifaqının sədr müavini, şair Marina Karyagina özünün Azərbaycan sevdasından və burada ədəbiyyatın rolunundan danışıb. Çuvaşıstan-Azərbaycan ədəbi əlaqələrinin inkişafında İbrahim İlyaslının xidmətlərini  yüksək dəyərləndirib, onu 60 illik yubileyi münasibəti ilə təbrik edərək, Yazıçılar İttifaqının mükafatını təqdim edib.

Tədbirdə çıxış edən "Kərkük Kültür Dərnəyi"nin başkanı, dr. Şəmsəddin Kuzəçi İbrahim İlyaslını İraq-Türkmən mədəniyyətinə göstərdiyi xidmətlərinə görə və 60 illik yubileyi münasibəti ilə dərnəyin "Fəxri diplomu" ilə təltif edib.

Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri, şair Nurlan Kalıbekov İttifaqın "Altın qələm" mükafatı laureatı İbrahim İlyaslının Qırğızıstan-Azərbaycan ədəbi əlaqələrindəki xidmətlərindən danışıb, Çingiz Aytmatovun "Hekayələr" kitabını, eləcə də gənc qırğız şairlərini  yüksək səviyyədə tərcümə etdiyini xatırladıb və şairi yubileyi münasibəti ilə təbrik edib.

Rusiya Federasiyasının Arxangelsk vilayətində Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov çıxış edərək, yubilyarı təbrik edib və ona xatirə hədiyyəsi təqdim edib.

"Qazax" Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov çıxış edərək, şairin yaradıcılığından və ictimai fəaliyyətindən söz açıb və İbrahim İlyaslını Birliyin təsis etdiyi "Səməd Vurğun" diplomu ilə təltif edib. Diplomu yubilyara Səməd Vurğunun nəticəsi, S.Vurğunun Ev muzeyinin direktoru Vurğun Vəkilov təqdim edib.

Prezidentin fərdi təqaüdçüsü, əməkdar müəllim, şair Ofelya Babayeva İbrahim İlyaslının Sumqayıtda ədəbi mühitin formalaşmasında və inkişafındakı xidmətlərindən söz açıb, onu 60 illik yubileyi münasibəti ilə şəhər ictimaiyyəti adından təbrik edib.

Yubiley gecəsində filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzər şairin yaradıcılığı barədə geniş məruzə ilə çıxış edib.

Sonra Dünya Gənc Türk Yazarları Birliyinin başqanı, şair İntiqam Yaşar çıxış edərək, şairi 60 illik yubileyi münasibəti ilə təbrik edib və onu DGTYB-nin "25 illik Yubiley Medalı" ilə təltif edib. Gənc şair Elvin Əlizadə ədəbi gənclik adından çıxış edərək, İbrahim İlyaslını gənclər adından təbrik edib.

Yubiley tədbirində aşıqlardan İlham Aslanbəyli, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı və Roman Azaflı, müğənni Meydan Əsgərov, bədii qiraətçilər Xəzər Süleymanlı, Müşfiqə Baladdinqızı və Bəyazid Bəylərov çıxış ediblər.

Tədbir zamanı "Dəli Kür" qəzetinin İbrahim İlyaslının 60 illik yubileyinə həsr olunmuş Xüsusi Buraxılışı da tədbir iştirakçılarına təqdim edilib.

Tədbirin sonunda çıxış edən İbrahim İlyaslı tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə dərin təşəkkür və minnətdarlığını bildirib və "Zəfər marşı" şeirini səsləndirib.

 

Yubiley təbrikləri

 

Əzizim, İbrahim!

Sizi şərəfli 60 illik yubileyiniz münasibətilə təbrik edir, ailə, övlad sevinci, yeni yaradıcılıq uğurları arzulayıram. Siz böyük və yaradıcı ailədən çıxdığınıza görə yüksək tərbiyə görmüş ziyalılarımızdansınız. Uzun müddətdir ki, Poeziya Evinin rəhbəri kimi fəaliyyət göstərirsiniz. Sumqayıt ədəbi mühitinin, eləcə də Sumqayıt şəhər rəhbərliyinin nüfuzunu qazanmısınız.  Sonuncu Yazıçılar Qurultayında müasir Azərbaycan poeziyasından geniş hesabatla məruzə etmək sizə tapşırılmışdır. Bu sizin yaradıcılığınızda, şəxsi həyatınızda bir sənətkar kimi, məncə, bütöv bir mərhələdir. Sənə ədəbi yaradıcılıqda, ictimai işlərində bundan sonra da uğurlar arzulayıram.

Nəriman HƏSƏNZADƏ

AYB Ağsaqqallar Şurasının sədri, Xalq şairi

 

Estoniya Tartu Universiteti Türk Dili Mərkəzindən

Əziz qardaşım İbrahim İlyaslı

Səni - çağdaş Azərbaycan Poeziyasının görkəmli nümayəndəsini 60 yaşın - yubileyin münasibəti ilə ən səmimi duyğularımla təbrik edir, tədbir iştirakçılarını ürəkdən salamlayıram.

Sən, Vaqifin şirin dilini urvatda saxlamağı bacaran, Yunus Əmrədən üzü bəri sözün ürfan qatlarına enə bilən nadir şairlərimizdənsən. İnanıram ki, indiyə qədər olduğu kimi, bundan sonra da dili sözə, əli saza yatan ustadlarımızın yolunu büdrəmədən davam etdirərək, Türk Dünyasının söz mülkündə öz layiqli yerini tutacaqsan. Bu yolda sənə tükənməz enerji, bol yaradıcılıq uğurları arzulayıram.

Sayqı və sevgilərimlə,

Xaqani Qayıblı

06 aprel 2023-cü il, Tartu şəhəri

 

Yubilyara və yubiley tədbiri iştirakçılarına

35 yaşlı İbrahimin 25 yaşlı ilk şeirlər kitabını 60 yaşı ilə görüşə göndərirəm.

Çox istərdim ki, yubiley gecəndə özüm iştirak edim, mən də orda olacaq xoşbəxtlərdən biri olum. Qismət deyilmiş, vətəndən uzaqdayam, müalicə olunuram. Amma təskinlik verəcək bir məqam var, şeirlər kitabın mənimlədir. Bu da bir qismətdir. Mən hər dəfə səfərə çıxanda özümlə seir kitabları götürürəm. Bu dəfə sənin və dördüncü Məmmədin - Məmməd İlqarın "Məni bəxtimə tapşırma " kitabını götürmüşəm. Nə yaxşı, deməli mən yubiley gecəndə orda olmasam da, səninlə olacağam. Orda olsaydım, daha dəyərli olardı. Mən də sözün, sazın sehrinə düşərdim, İbrahim sevənləri dinləyərdim, İbrahim dünyasında qonaq olardım. Hələ icazə versəydin, mən də ürəyimi açardım. Deyərdim ki, ay İbrahim, 25 il  bundan əvvəl deyirdin ki, "kimə nə, kiməm, nəçiyəm". Görəsən, indi nə deyərdin, bəlkə deməzdin, deyərdin ki, oxucularım desə, yaxşıdır. Onda mən deyim, minlərlə oxucundan biri kimi. Şairsən, əsl şair. Qələmi ilə ürəklərə yol tapan, orda özünəməxsus yeri olan, sevilən, sevən şairsən.

Məqsədim bu kiçik yazıda, İbrahim, sənin yaradıcılığın, poeziya dünyan, tərcüməçilik fəaliyyətin haqda danışmaq deyil. Yəqin ki, bütün bunlar yubiley axşamının əsas mövzusu olacaq. İnşallah, qayıdaram və o günün video yazısı ilə tanış olaram, dərdləşərik. İndi icazə ver, sənə bir-iki arzumu bildirim, ürək sözlərimi deyim. Şeirlərinin böyük əksəriyyəti qələmlə yazılmış, rəngli böyük tablodur. Bu mübaliğəsiz belədir! Mən yalnız sənin iki şeirinlə sənə arzumu çatdırmaq istəyirəm. Bu şeirləri tam əminəm ki, oxucularının çoxu əzbər bilir. Mən də. "Sizin də məhləyə yağış yağırmı, Sular söyləşirmi navalçalarda" misraları ilə başlayan şeir bu misralara  qurtarır: "Sizin də məhləyə yağış yağırmı, sular sevişirmi navalçalarda?" Arzum budur ki, oxucuların bax elə beləcə sənin şeirlərinlə əvvəlcə söyləşsinlər, daha sonra bu şeirlərlə sevişsinlər. Bir də "Necəsən" şeirindəki sualların yerinə oxucuların sənə 70 illik yubileyində belə sual versinlər: "Şeirlərin çox ətirli, cavan qalıb. Özün yetmişə çatmısan. Necəsən, şair, necəsən?" Bu arzumla səni bağrıma basıram, yeni zirvələr diləyirəm!

Yubiley iştirakçılarını salamlayır, onlara sonsuz hörmət və məhəbbətimi çatdırıram!

Şakir Abuşov,

Sumqayıt şəhər İcra Hakimiyyətinin sabiq başçısı

 





12.04.2023    çap et  çap et