Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinə təxminən bir ay vaxt qalır. Qardaş ölkədə keçiriləcək bu seçkilərin Azərbaycan cəmiyyətinin də diqqət mərkəzində olması təbiidir. Tarix boyunca Türkiyə hər zaman Azərbaycana dəstək verməyə çalışan və bunu çox zaman bacaran bir ölkə olub. Lakin Türkiyənin Azərbaycana dəstəyinin ən pik həddi hazırki AKP hökumətinin, xüsusən də Türkiyə Prezidenti Tayyib Ərdoğanın sayəsində baş tuta bilib. Azərbaycan cəmiyyətinin bu seçkiləri diqqətlə izləməsinin əsas səbəbi də məhz budur.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan "525"ə açıqlamasında bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı həm də strateji hadisədir və bunu kimsə dəyişə bilməz: "Kamal Kılıçdaroğlunun müşavirlərindən biri, Türkiyənin Azərbaycanda səfiri olmuş Ünal Çeviköz ölkəsinin Ermənistan siyasətini tənqid edirdi, ümid edirdi ki, Türkiyə Azərbaycandan asılı olmayaraq Ermənistanla münasibətləri normallaşdırmalı və sərhədləri açmalıdır. Bu o deməkdir ki, Kamal Kılıçdaroğlunun blokunda, partiyasında bu cür düşünənlər var. Məsələn, Xalqların Demokratik Partiyası (HDP) ermənilərlə, separatçılarla görüşlər keçirib və dəfələrlə bu istiqamətdə səfərlər ediblər. Hətta onların nümayəndələrindən biri, erməni əsilli Qaro Paylan dəfələrlə Ermənistana səfər edib və yaxud HDP partiyasının nümayəndələri erməniləri qəbul ediblər. Eləcə də Ermənistandan olan nümayəndələr İraqın şimalında olan muxtar qurumla əlaqədə olublar, hətta perspektivdə Ərbildə Ermənistanın konsulluğunun açılması kimi məsələlərə münasibət bildiriblər. Amma unutmayaq ki, Türkiyə oturuşmuş, sistemli bir dövlətdir və bu dövlətin Azərbaycana münasibətinin dəyişməsi, yəni tutaq ki, Şuşa Bəyannaməsinin ləğv edilməsi kimi bir məsələ, Orta Asiya Türk Respublikaları ilə münasibətlərin dəyişməsi kimi məsələlər fikrimcə, strateji hadisədir və bunu Kamal Kılıçdaroğlu və ya digərləri dəyişə bilməz. Digər tərəfdən, Kılıçdaroğlunun təmsil olunduğu "Millət İttifaqı" blokunda Davudoğlu, Əli Babacan, Meral Akşener bu strategiyanı müdafiə edən siyasətçilərdilər.
Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasındakı bütün layihələr istər siyasi-iqtisadi, istərsə də mədəni istiqamətdə olan bütün layihələr Türkiyənin önəmini artıran strateji hadisələrdir. Bunu Türkiyədə yalnız Türkiyənin düşməni olan siyasi qüvvələr dəyişməyə çalışarlar".
Bəs ümumiyyətlə, Türkiyədə müxalifətin qalib gəlməsi ehtimalı varmı? S.Soltanın qeyd etdiyinə görə, Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri o ölkənin həyatında çox ciddi hadisələrə səbəb ola bilər: "Kamal Kılıçdaroğlunun namizədliyini irəli sürən blok ölkə konstitusiyasının dəyişdirilməsinə çalışır. Yəni, ölkədə parlament idarəetmə üsulunun yenidən bərpa olunmasını istəyir və bunu özünün əsas hədəflərindən biri hesab edir. Hazırki Prezident Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi blok isə başladıqları işin davamına çalışırlar, yəni, Türkiyə iqtisadiyyatının güclənməsi, yeni layihələr, yeni əlaqələr və s. Bu məsələlərin Türkiyənin xarici siyasətinə də təsir edə biləcəyi istisna olunmur".
Digər bir məqam isə müxalifətin qalib gələcəyi təqdirdə Türkiyə-Ermənistan münasibətlərinin indi olduğu səviyyədə qalıb-qalmayacağıdır: "Hesab edirəm ki, müxalif blokda olan bir sıra qüvvələr buna cəhd göstərə bilərlər. Lakin bunun baş verməsi elə də asan olmaz. Türkiyə Ermənistanla bağlı məsələdə təkcə Azərbaycana görə bu addımları atmır, çünki Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası var. Ermənistan saxta soyqırım ideyasını dünyaya təbliğ edib, qəbul etdirməklə Türkiyədən böyük təzminatlar istəyir. Perspektivdə Türkiyədə hakimiyyətə gələn qüvvə hansı blok olur-olsun, strateji məsələlərdə dəyişiklik olmayacaq".
Fərid SANÇAR
çap et