Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə ötən illər ərzində Türkiyə böyük inkişaf yolu keçib. Qardaş ölkə həm siyasi səhnədə, həm iqtisadi, həm hərbi və digər sahələrdə önəmli nailiyyətlər əldə edib. Məhz Prezident Ərdoğanın siyasəti, liderliyi sayəsində Türkiyə dünyanın qlobal gücləri arasında əsas oyunçulardan birinə çevrilməklə, çoxsaylı çağırışların öhdəsindən gəlməyi bacarır. Qardaş ölkənin müdafiə sənayesində uğurları, iqtisadi inkişafı sözsüz ki, burada mühüm rol oynamaqdadır. Türkiyə həm də ötən ildən başlayaraq texnologiya sahəsində yeni mərhələyə qədəm qoydu. Bursada açılan və "Togg" markalı mobil avtomobilin istehsalı ilə məşğul olan zavod ölkənin sənayesinin inkişafı üçün böyük perspektiv vəd edir. Həmin avtomobilin ilk nümunələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. Prezident İlham Əliyev "Togg" elektromobilinin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib.
Ermənistanın işğalçılıq siyasəti və davamlı təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində Türkiyənin istehsalı olan müdafiə sənayesi məhsullarının, o cümlədən, pilotsuz silahlı uçuş aparatlarının (SİHA) tətbiqi həm də qardaş ölkənin bu sahədə əldə etdiyi uğurların nümayişi idi. Məhz İkinci Qarabağ müharibəsində böyük şöhrət qazanan "Bayraktar TB2" PUA-larına daha sonra dünyada böyük maraq yarandı.
Türkiyə öz hərbi gücü, Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı baxımından NATO dövlətləri arasında ikinci yerdədir. Qardaş ölkə son 20 il ərzində həm siyasi, həm də iqtisadi baxımdan sürətli inkişaf yolu keçərək "Böyük İyirmilik"də (G20) mühüm yerə sahib olub. Dünya sənayesinin 80, ümummilli məhsulun 85, dünya ticarətinin isə 75 faizini təmsil edən "Böyük İyirmilik"də yer alması Türkiyənin əldə etdiyi ən mühüm nailiyyətlərdən biridir.
Türkiyənin hər bir uğur, güclənməsi qardaş ölkə qədər Azərbaycanı da sevindirir. Çünki Türkiyə-Azərbaycan münasibətləri dünyada bir örnəkdir və ikinci belə bir nümunə mövcud deyil. Azərbaycan və Türkiyə bütün məsələlərdə bir-birinə dəstək verir, beynəlxalq arenada vahid mövqe nümayiş etdirir. 2021-ci ilin 15 iyun tarixində iki dövlət arasında imzalanmış tarixi Şuşa Bəyannaməsi münasibətlərimizdə olduqca əhəmiyyətli bir addım oldu. Bu, bütün dünyaya Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını bir daha nümayiş etdirməklə yanaşı, tarixi və siyasi əhəmiyyətə malik müttəfiqlik haqqında hüquqi sənəddir. Burada hər iki ölkənin müdafiə sənayesi, milli təhlükəsizlik məsələləri, iqtisadi, siyasi, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potesialların birləşdirilməsi əksini tapıb. Eyni zamanda iki dövlətin münasibətlər türk dünyasının həmrəyliyində, güclənməsində mühüm rol oynayır. Çünki son illər türkdilli dövlətlərin münasibətlərində müşahidə olunan yaxınlıq məhz Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə baş verib.
Türkiyənin inkişafını, güclənməsini istəməyən qüvvələr xüsusilə seçki dönəmində müxtəlif vasitələri işə salıblar. Qərbdən gələn müəyyən basqılar göz önündədir, onlar gərgin mərhələyə qədəm siyasi gündəmdən maksimum yararlanmağa çalışırlar. Lakin bu qüvvələr öz istəklərinə nail ola bilməyəklər. Birincisi, indi qarşılarında güclü bir dövlət var və bu dövlətə təsir göstərmək o qədər də asan deyil. İkincisi, seçkilərə də müdaxilə cəhdləri də alınmayacaq. Ona görə ki, Türkiyə xalqı növbəti beş ildə kimi lideri görmək istəməsinə özü qərar verəcək.
Milli Məclisin deputatı Sevil Mikayılova deyib ki, Türkiyə artıq qlobal siyasətə təsir edən, münaqişələrin həllində mövqe ortaya qoyan dövlətə çevrilib. Bu gün Türkiyə öz regionunda, eyni zamanda, dünyada söz sahibi olan ölkələrdəndir. Türkiyə hərb sənayesində inqilabi uğurlara imza atıb. Bu gün Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları bütün dünyanın diqqət mərkəzindədir. Əlbəttə, Türkiyənin inkişafı çoxşaxəlidir, qardaş ölkənin iqtisadi inkişafının sürəti də diqqətçəkəndir. Türkiyə Statistika Təşkilatının məlumatına görə, ölkə iqtisadiyyatı 2021-ci ildə 11 faiz, ötən ilin son rübündə isə 9,1 faiz artıb. Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi uğurlu iqtisadi siyasət Türkiyənin bu inkişaf tempinə çatmasında müstəsna rol oynayıb".
Deputat deyib ki, son günlər Azərbaycan xalqı qardaş Türkiyənin daha bir uğuruna şahidlik etdi: "Türkiyədə avtomobil sənayesində yeni dövrün başlanğıcı qoyuldu. Artıq Türkiyə dünyada elektromobil istehsalçısına çevrilmək yolunda inamla irəliləyir. Türkiyədə yerli marka olan "Togg" elektromobilinin kütləvi istehsalına start verilib. Hər zaman qardaş Türkiyəyə dəstək olan, onun uğurlarına özününkü kimi sevinən Azərbaycan bu dəfə də qardaş Türkiyənin sevincinə şərik oldu. "Togg" elektromobilinin birincisi Prezident Rəcəb Tayyib Ərdoğana və xanımı Əminə Ərdoğana, ikincisi isə aprelin 4-də Prezident İlham Əliyevə təqdim olundu".
O vurğulayıb ki, bütün bu uğurlar qardaş Türkiyənin daha parlaq gələcəyinin təminatçısıdır: "Ekspertlər "Togg"un istehsalını Türkiyənin 60 illik xəyalının həyata keçirilməsi kimi qiymətləndirirlər. Artıq şahidi olduğumuz kimi, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə iqtisadi və siyasi arenada sürətlə inkişaf edir".
Hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, Türkiyə ilə Azərbaycan arasında həmişə yaxınlıq olub, amma heç zaman bu qədər davamlı, bu qədər strateji yaxınlıq olmayıb: "Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə Türkiyə yeni bir müstəviyə və səviyyəyə daxil olub. Həmçinin, Prezident İlham Əliyev də hakimiyyətə gəldiyi dövrdən bu günə qədər Azərbaycan-Türkiyə münasibətlərinin daha da yüksəlməsinə təşəbbüs göstərib. İki lider sayəsində iki ölkənin münasibətləri elə bir səviyyəyə çatıb ki, bu, hətta müttəfiqlik münasibətlərindən daha sıxdır. Bu qardaşlıq xalqlarımız üçün əsas yoldur".
O bildirib ki, Vətən müharibəsində Türkiyənin Azərbaycana həm diplomatik cəbhədə, həm də mənəvi dəstəyi Qələbəmizin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edib. Prezident Rəcəb Tayyib Ərdoğan dönəmində Türkiyə beynəlxalq və regional problemlərin həllində əsas söz sahibinə çevrilib. Türkiyə heç zaman belə müstəqil siyasət həyata keçirə bilməmişdi. Məhz Rəcəb Tayyib Ərdoğanın prezidentliyi dövründə Türkiyə qlobal aktora çevrildi. Azərbaycan-Türkiyə birliyi isə hər iki dövlətin qlobal müstəvidə söz sahibi olmasını şərtləndirir.
çap et