Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar olaraq Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında Özbəkistanda "Şuşa günləri"nin rəsmi açılış mərasimi olub. Mərasim Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib. "Şuşa günləri" tədbirləri çərçivəsində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı qardaş ölkədə beynəlxalq konfranslar, kitab təqdimatı, foto və nəşrlərdən ibarət sərgi, Qarabağa aid milli geyimlərin moda nümayişi, bədii şeir kompozisiyaları və konsertlərin təşkili nəzərdə tutulub.
Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin önündə Ümummilli lider Heydər Əliyevin büstünün qarşısına, həmçinin, "Şəhidlər və Zəfər" abidə kompleksi önünə çələng və gül-çiçəklər qoyublar. Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində qonaqlara "Azad və çiçəklənən Şuşa" adlı foto və nəşr sərgisi təqdim edilib.
Mədəniyyət Mərkəzinin böyük konfrans zalında davam edən tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda ilk dəfə olaraq keçirilən "Şuşa Günləri" silsilə tədbirlərinin yalnız Azərbaycan mədəniyyəti üçün deyil, Özbəkistan mədəni-ictimai həyatı üçün də mühüm hadisə adlandırıb. O, Şuşanın Azərbaycan mədəniyyəti, musiqisi, poeziyasında müstəsna rolu haqqında danışaraq, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan mədəniyyətinin paytaxtının azad olunduğunu, Prezident İlham Əliyev tərəfindən şəhərin Azərbaycan mədəniyyətinin paytaxtı elan edildiyini və TURKSOY təşkilatının Şuşanın 2023-cü il üçün türk mədəniyyətinin paytaxtı elan olunması haqqında qərar verdiyini söyləyib. Diplomat bununla da Şuşanın yalnız Azərbaycanın deyil, bütün türk dünyasının mədəniyyət paytaxtına çevrildiyini vurğulayıb.

Sonra çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Şuşanın Şuşanın erməni işğalından azad olunmasını çox mühüm tarixi hadisə adlandıraraq, hazırda şəhərdə aparılan quruculuq işlərinin və keçirilən mühüm beynəlxalq tədbirlərin hər bir azərbaycanlıda qürur hissi yaratdığını bildirib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bu il yüzilliyi qeyd olunan türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzində "Şuşa günləri"nin açılış mərasiminin keçirilməsini böyük hadisə kimi dəyərləndirib. O, Şuşa şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar rəhbərlik etdiyi Fond tərəfindən dünyanın müxtəlif ölkələrində "Şuşa günləri"nin keçirilməsinin nəzərdə tutulduğunu, ilk tədbirin Bursada və bu ilin birinci tədbirin Özbəkistanda keçirildiyini vurğulayıb. O, Şuşanın Azərbaycan mədəniyyəti, ədəbiyyatına verdiyi töhfələrdən danışaraq, şəhərin musiqimizin, muğamımızın, poeziyamızın beşiyi olduğunu vurğulayaraq, onun zəngin mədəni irsinin bütün dünyaya çatdırılmasının vacibliyini qeyd edib. Fondun prezidenti Qarabağ xanlığının mərkəzi və qala şəhəri olan Şuşanın çoxsaylı Azərbaycan ədibləri, bəstəkarları və mütəfəkkirlərinin vətəni olduğunu və özünün çoxsaylı, unikal abidələri ilə məşhur olduğunu qeyd edib. "Şuşa günləri"nin keçirilməsini ortaq soykök, dəyərlərə, ənənələrə malik xalqlarımızın mədəniyyətinin qovuşması və Şuşanın onlar arasında bir əməkdaşlıq məkanına çevrilməsi, türk dünyasında yeni bir dövrün başlanması kimi dəyərləndirib.
Konfransda çıxış edən Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi ilə keçirilən "Şuşa günləri" tədbirlərini yüksək qiymətləndirib.
Türk dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Sureyya Er və digər iştirakçılar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığın vacibliyini vurğulayıblar.
Daha sonra tədbir iştirakçıları Xurşidbanu Natəvan haqqında sənədli filmi izləyiblər. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi ilə hazırlanmış sənədli filmdə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şairə Xurşidbanu Natəvanın həyatı və yaradıcılğına dair, həm sənədli, həm də bədii səhnələr yer alıb.
Mərasimdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən Özbəkistanda "Şuşa günləri" münasibətilə rəsmi qonaqlara və təşkilatçılara xatirə hədiyyələri təqdim edilib.
çap et